YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizin iqtisadi potensialının artmasında qeyri-neft sektoru mühüm rol oynayır

Müsahibimiz Milli Məclisin deputatı Eldəniz Səlimov

- Eldəniz müəllim, məlum olduğu kimi Azərbaycan sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu faktor bu ilin ötən dövrünün göstəricilərində özünü necə ifadə edir?

- Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son 15 ildə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub. Bu baxımdan, 2018-ci ilin birinci yarısı da istisna təşkil etməyib. Prezident İlham Əliyevin 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən də qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir.

Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün halqalarını özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 45-ə çatdırmaq hədəflənib. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Bu ilin birinci yarısında isə kənd təsərrüfatı 7,6 faiz artıb. Bu sahədə artım dinamikası ildən ilə yüksəlir. Ona görə də, aqrar sahənin potensialından daha səmərəli istifadə etmək əsas hədəflərdən biridir.  
 

Ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişafına göstərilən dəstək tədbirləri öz müsbət nəticələrini verir. Bunu 2018-ci ilin arxada qalan 6 ayının göstəriciləri də təsdiqləyir. Cari ilin birinci yarısında respublikamızda neftdənkənar iqtisadiyyat üzrə daha yüksək göstəricilər əldə olunub.

- Qeyri-neft iqtisadiyyatında əldə olunan nəticələrə toxundunuz. Hazırda bu sektorun inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Hazırki şəraitdə hər bir ölkənin gücü, ümumi iqtisadi potensialı, qlobal miqyasdakı yeri bir sıra digər parametrlərlə yanaşı, eyni zamanda, sənaye inkişafı ilə ölçülür. Güclü sənaye potensialına malik olan ölkələr həm daxili tələbatlarını yerli istehsal hesabına ödəyərək maliyyə vəsaitlərini qoruyurlar, həm də xarici bazarlarda böyük həcmlərdə məhsullarla təmsil olunaraq özlərinə valyuta axınını təmin edirlər. Sənaye sektorunun inkişafının iqtisadi-siyasi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür. Belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğunun təmin olunmasında və beləliklə də, yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayırlar. 

Ölkədə qeyri-neft sənayesinin inkişafında son illərdə bütün respublika boyu yaradılan müasir infrastruktur fundamental amillərdən biri qismində çıxış edir. Sənaye inkişafını güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil. Son illərdə əsaslı dövlət vəsaiti qoyuluşu hesabına Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib ki, bunun da sayəsində respublikamızda sənaye quruculuğu üçün geniş perspektivlər açılıb.

Respublikamızda müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır.

Bütövlükdə, son 15 ildə respublikamızda sənaye istehsalı 2,7 dəfə artıb. Hazırda ölkənin qeyri-neft sənayesində buraxılan ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlarla ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksəkdir. Hazırda respublikamızda sənayenin qeyri-neft sektorunda bir sıra yeni irimiqyaslı layihələr həyata keçirilir. Şübhə yoxdur ki, yeni layihələr hesabına perspektivdə neftdənkənar sənaye sektorunda istehsal imkanları daha da artacaq.

- Sənaye parklarının yaradılması da ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır...

- Son illərdə respublikamızda Prezident İlham Əliyevin təşəbbüsünə əsasən sənaye parklarının və sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb.Ölkədə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması ilə Azərbaycanda sənayenin inkişafında keyfiyyətcə yeni mərhələnin açıldığını söyləmək mümkündür. Bu amil ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Sənaye məhəllələri və parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Bu dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirildiyi kimi, sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

- İqtisadi inkişaf yeni iş yerlərinin yaradılmasını da özündə edir. Ölkəmizdə yeni iş yerlərinin açılması dinamikası haqqında da fikirlərinizi bilmək istərdik...

- Yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin leytmotivini təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Son 15 ildə respublika üzrə 1,9 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.

Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların məşğulluq imkanlarının genişlənməsinə möhkəm hüquqi əsaslar yaradır.

Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir.

- Eldəniz müəllim, sizcə, görülən işlər perspektiv üçün nələr vəd edir?

- Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı xeyli  az olub. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 70 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub.
Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir.

Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir.
Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik.

Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir. Bu yolda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inamla irəliləyir.