MÜSAHİBƏLƏR
Azərbaycanda qadın hüquqlarının qorunması üzrə mükəmməl milli qanunvericilik bazası yaradılıb
- Aqiyə xanım, hər bir cəmiyyət üçün ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi xüsusi əhəmiyyətə malik məsələlər sırasında yer alır. Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?
- Müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir. Ailə milli-mənəvi dəyərlərin daşıyıcısı olmaqla yanaşı, cəmiyyətin sağlamlığı və inkişafını təmin edən mühüm institutlardan biridir. Milli dəyərlərin mühafizə edildiyi və intellektual inkişaf səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə ailə institutun qorunması istiqamətində ardıcıl, məqsədyönlü və sistemli işlər görülür. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiya və inteqrasiyasında psixoloji, ideoloji və sosioloji, müəyyən mənada dini təsirlərin, həmçinin kənar müdaxilənin olması əksər hallarda müxtəlif maneələrə səbəb olur. Bunlar isə xüsusilə də qloballaşma şəraitində bir çox problemlərə səbəb olur. Ona görə də bu məsələ ilə bağlı geniş maarifləndirmə, təbliğat işləri aparılmalıdır.
Azərbaycanda sağlam ailə institutunun qorunması, bu milli dəyərin gələcək nəsillərə ötürülməsi üçün maarifləndirici xarakterli təbliğat işləri davamlı olaraq aparılır. Cəmiyyətdə ailə institutunun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir. Ümumiyyətlə, Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət mühüm və milli dəyərlərimizə xas mental davranışlardandır. Bu, cəmiyyətin inkişafı ilə yanaşı, ailə institutunun sağlamlığının təmin olunması və qorunmasına mühüm töhfələr verir. Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün, vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələləri ilə bağlı mükəmməl qanunvericilik var. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilən “Azərbaycan: 2020” Gələcəyə Baxiş İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri, həmçinin Strateji Yol Xəritələri öləmizdə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların, uşaqların hüquqlarının müdafiəsi üçün davamlı və məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün normativ əsasları təkmilləşdirmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sira digər Dövlət Proqramları təsdiq edilib, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilib. Bütün bunlar indiki və gələcək nəsillərin sağlamlığına xidmət edən mütərəqqi addımlardır. Bunlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunlar qəbul edilib.
Bütövlükdə isə, ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bir ailənin öz qanun və qaydaları var. Ona görə də bu prosesdə cəmiyyət bütövlükdə fəal olmalıdır. Ümumiyyətlə, şəxsiyyətin formalaşmasında ailənin rolu həlledicidir. Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir. Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı - bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir.
Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqların hüquqları pozulub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 300 mindən çoxu uşaqlardır. Yəni bu gün 300 min uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır. Dünya ictimaiyyəti bu vəziyyətə münasibət bildirməli, uşaqların da doğma torpaqlarında yaşamaq hüququ bərpa edilməlidir.
Bütövlükdə, Azərbaycanda uğurlu ailə qadın və uşaq siyasəti həyata keçirilir. Bu siyasət ailə institununun mökəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nəticələrin əldə olunmasını şərtləndirir.
- Gender bərabərliyinin təmin olunması ilə bağlı görülən tədbirlər qadınların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu barədə nə deyə bilərsiniz?
- Qloballaşma prosesi fonunda qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Bu məsələ bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan, dünya ictimaiyyəti bu məsələyə həssas yanaşmalı, gender siyasətinin tənzimlənməsi və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün təşəbbüslər ortaya qoyulmalıdır.
Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da nümunə təşkil edir. Ölkəmizdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunlar qəbul olunub. Bəhs olunan məsələlər Azərbaycanın gender bərabərliyi ilə bağlı qanununda, eləcə də ölkənin siyasi həyatını tənzimləyən bir sıra digər qanunvericilik aktlarında öz əksini tapıb. Ölkəmizdə qadınların problemləri ilə məşğul olan komitə yaradılıb və neçə illərdir ki, uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və mükəmməl milli qanunvericilik bazası yaradılıb. Azərbaycanda kişi və qadınlar arasında qeyri-bərabərlik iqtisadi, sosial, eləcə də siyasi həyatın bütün sahələrində hüquqi nöqteyi-nəzərdən aradan qaldırılıb.
Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Hələ Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artıb. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 faiz, həkimlər 60 faiz, tələbələr 43 faiz, elmi işçilər 37 faiz təşkil edirdi. Bu dövr yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. Bu qərarların müəllifi yenə də Ulu öndər Heydər Əliyev olub. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam imzalanıb. Heydər Əliyevin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" 289 saylı Fərmanında qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi xüsusi olaraq qeyd edilməlidir. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanıb. Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilib. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.
Hazırda Ümummilli lider Heydər Əliyevin əsasını qoyuğu gender siyasəti uğurla davam etdirilir. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Həyata keçirilən məqsədyönlü işlər qadın hüquqlarının qorunmasını təmin etməklə yanaşı, qadınların ictimai fəallığının artırılmasına da töhfələr verir.
- Yeri gəlmişkən, cəmiyyətimizdə qadınların ictimai və siyasi fəallığının artırılmasına yönəlik tədbirlərin əhəmiyyəti barədə nə söyləmək olar?
- Ölkəmizdə qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində - ictimai, siyasi, mədəni, hüquqi, sosial, təhsil, iqtisadi və digər sahələrdə uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər. Əslində, bu, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı mühüm ənənələrdən biridir. Məlumdur ki, tariximizin, mədəniyyətimizin, incəsənətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Qadınlarımız tarixin müxtəlif dövrlərində bir çox sahələrdə müvəffəqiyyətlə təmsil olunaraq səmərəli, uğurlu nəticələr əldə ediblər, Azərbaycan xalqının istedadı və potensialını nümayiş etdiriblər. Təqdirəlayiq haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən belə işgüzar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı qadınlarımız var. Bu mənada, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün nümunə və iftixar mənbəyidir. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə uzlaşdırılan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Çünki onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir.
- Aqiyə xanım, cəmiyyətin inkişafını təmin edən mühüm amillərdən biri də təhsilin müasir tələblər və çağırışlara müvafiq surətdə inkişaf etdirilməsidir. Ölkəmizdə bu sahədə həyata keçirilən kompleks tədbirlərin önəmi nədən ibarətdir?
- Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modern inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca strateji hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni vəzifələr qoyulub. Bununla yanaşı, müstəsna əhəmiyyət kəsb edən müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı işlər görülüb və mühüm nəticələr əldə olunub. Qarşıdakı dövrdə isə təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına, insan kapitalının inkişafına təkan verəcək, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.