MÜSAHİBƏLƏR
“Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işləri daha da sürətləndirib, səmərəsini artırıb
- Nazim müəllim, Xocalı soyqırımının növbəti ildönümüdür və xalqımızın başına gətirilən bu faciə ən qanlı, amansız qətliam kimi tarixin yaddaşına düşüb. Erməni təcavüzünü ifşa edən, ermənilərin insanlığa zidd olaraq açıq şəkildə soyqırım törətməsini pisləyən, Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən ardıcıl fəaliyyətə rəğmən ermənilərin və ermənipərəst qüvvələrin saxta təbliğatı erməni qəddarlığının bu acı nəticəsinin bütün dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilməsində süni maneələrə səbəb olur...
- Biz yüz illərdir anti-Azərbaycan, anti-türk ideologiyası altında yalan və saxta təbliğatla dünyanı çaşdırmağa çalışan bir ideologiya ilə mübarizə aparırıq. Ona görə də biz Azərbaycan xalqı, Azərbaycan dövləti olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsi üçün çalışmalıyıq. Yəni mübarizəmiz davam edir və bütün maneələrə baxmayaraq, bu gün deyə bilərik ki, biz artıq ermənilərin yüz illik təbliğatını zəiflətməyə, haqsız, ədalətsiz, saxtakarlıq üzərində qurulan siyasətini ifşa etməyə nail oluruq. Ulu öndərimiz Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə artıq 10 ildir aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində çox ciddi uğurlar əldə olunub.
“Xocalıya ədalət” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 21 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb. Türkiyənin bütün ictimai təşkilatları, QHT və siyasi partiyaları, türk ictimai rəyi Xocalı faciəsini soyqırımı kimi tanıyır, hər il Türkiyə Böyük Millət Məclisində qətliamla bağlı dinləmələr keçirilir. Yəni biz ermənilərin “soyqırımına məruz qalan” deyil, soyqırımı törədən bir xalq olduğunu sübut etməkdəyik və görülən işlər onu deməyə əsas verir ki, buna nail oluruq. Görülən işlər isə deyərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsidir. Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Diasporla İş üzrə Dövlət Komitəsinin bilavasitə əsas prioritetlərindəndir. İllərdir bu istiqamətdə məqsədyönlü və sistemli iş aparılır, Dövlət Komitəsi olaraq, nəinki Xocalı soyqırımı ərəfəsində bütün il ərzində də bu istiqamətdə xarici ölkələrdə təbliğat işləri aparır, diaspor təşkilatları tərəfindən çox maraqlı və effektiv tədbirlər həyata keçirilir. Təkcə 2017-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ümumilikdə 150-dən çox tədbir keçirilib. Xüsusilə də Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizlə bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə il ərzində müxtəlif formatlı tədbirlər keçirilib, xarici ölkələrin kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar yayımlanıb. Azərbaycan diaspor təşkilatları tərəfindən Avropa, ABŞ, Kanada və digər ölkələrdə etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunur, ictimai nəqliyyatlarda videoçarxlar nümayiş etdirilir, fotosərgi və filmlər təqdim olunur, yerli qanunverici orqanlara müraciətlər göndərilir, dəyirmi masa, konfranslar keçirilir. Qeyd edim ki, belə tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılır.
- Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində digər qurumlarla əməkdaşlıq necə qurulub?
- Nəinki diaspor təşkilatlarımızın, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri olur. Təqdirəlayiq haldır ki, bütün azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir. İldən-ilə tədbirlərin mahiyyəti, məzmunu daha maraqlı olur və daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin apardığı siyasət, müəyyən etdiyi strateji xətt bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirib. Azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki, orada Xocalı soyqırımına dair hansısa bir tədbir, layihə həyata keçirilməsin. Bu da bir daha onu göstərir ki, bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər və xalqımızın tarixin müxtəlif mərhələrində məruz qaldığı ədalətsizliklərə öz etirazlarını bildirməyi milli borc kimi qəbul edirlər. Hər il dünyanın müxtəlif ölkələrində - ABŞ, Almaniya Federativ Respublikası, Türkiyə Respublikası, İsveç Krallığı, Litva Respublikası, Ukrayna, Gürcüstan, Rusiya Federasiyası, Fransa Respublikası, Belçika Krallığı, Niderland Krallığı, Misir Ərəb Respublikası və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunur. 2017-ci ildə Almaniyada Münhen Təhlükəsizlik Konfransın keçirildiyi “Bayerişer Hof” otelinin önündə, Nyu-Yorkda Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında, Amsterdamda Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib. Bundan başqa, Azərbaycan və türk icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri Ermənistanın Vaşinqtondakı Səfirliyi, Stokholm şəhərində yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvlərinin iştirakı ilə İsveç parlamentinin qarşısında, Kopenhagen şəhərində etiraz aksiyaları keçirilib.
- Nazim müəllim, yəqin ki, faciənin 26-cı ildönümü ilə bağlı da tədbilərin keçirilməsi nəzərdə tutulur?
- Hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları müxtəlif mitinq, yürüş və tədbirlərlə soyqırımı qurbanlarını anır, bu tədbirlər yerli ictimaiyyətin məlumatlandırılması məqsədinə xidmət edir. Bu il Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı ən böyük tədbirlərimizdən biri Amsterdamda keçiriləcək. Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş konsert-rekviem təşkil olunacaq. Belə kütləvi tədbirlər, Avropanın digər ölkələrində, Türkiyədə, ABŞ-da, Kanadada və digər ölkələrdə də keçiriləcək. Nyu- York şəhərində BMT-nin mənzil qərargahı qarşısında, Vaşinqton, Brüssel və digər şəhərlərdə Ermənistan səfirlikləri qarşısında, eləcə də Almaniyanın bir sıra şəhərlərində azərbaycanlıların etiraz aksiyaları, yürüşlər təşkil edilir və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşəcək. Kanadada faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirlər demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edir. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə ictimaiyyətin diqqətini bu faciəyə yönəldir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması məlumatlandırma kampaniyasında böyük effekt verir. Belə təbliğat vasitələri hər gün nəqliyyatdan istifadə edən yüz minlərlə insanın bu çarxları görməsi ilə nəticələnir. Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi orqanlara müraciətlər də apardığımız kampaniyanın tərkib hissədir.
Qardaş Türkiyədə də Xocalı soyqırımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir. Bilirsiniz ki, bu işlərin səmərəliliyini və kütləviliyini artırmaq məqsədi ilə "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" qəbul olunub. Xocalı faciəsinin tanıdılması istiqamətində türkdilli ölkələrin, xüsusilə də Türkiyənin diaspor təşkilatlarının böyük dəstəyi hiss edilir. Yəni artıq Azərbaycanın və dünya azərbaycanlılarının həyata keçirdiyi bütün təbliğat xarakterli tədbirlərdə, aksiyalarda Türkiyənin və digər Türkdilli ölkələrin bayraqları da görünür. Biz artıq ermənilərin formalaşdırdığı soyqırımı yalanını birgə mübarizə sayəsində müəyyən qədər ifşa edə bilmişik və ermənilərin əsl üzünün ortaya çıxmasında, onların yalan üzərində qurulmuş saxta təbliğatının puç olmasında əvvəlcə Xocalıda törədilmiş vəhşiliklərin tam olaraq dünyanın hər yerində bilinməsi gərəkdir. Dünyanın bütün xalqları təfsilatı ilə bilməlidir ki, erməni faşizmi nədir. Yəni bizim ən mühüm hədəfimiz budur və düşünürəm ki, qarşıdakı illərdə bu hədəfimizə daha da yaxınlaşacağıq.