MÜSAHİBƏLƏR
2017-ci ildə əldə edilən nailiyyətlər qarşıdakı dövrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır
- Cavid müəllim, artıq başa vurduğumuz 2017-ci il ölkəmizin inkişafı kontekstində uğurlu il kimi yadda qaldı. Ötən il ərzində sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu və səmərəli sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri ölkə həyatının bütün sahələrində özünü göstərir. Ötən zaman müddətində ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, ardıcıl islahatlarların həyata keçirilməsi gələcək inkişaf üçün geniş perspektivlər yaradıb. 2017-ci ildə də həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin tərəqqisini təmin etməklə yanaşı, qarşıdakı illərdə də dayanıqlı inkişafın təmin olunması üçün etibarlı zəmin yaradıb. 2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə 2,5 faiz təşkil edir. Qeyri-neft sektorunun artımı sənaye sahəsində 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz olub. Bununla yanaşı, ötən il ərzində valyuta ehtiyatlarımız 4,5 milyard dollar civarında artması da səmərəli, məqsədyönlü və uzaqgörən maliyyə-iqtisadi siyasətin real nəticəsidir. Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edir ki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında olduqca böyük göstəricidir.
Bununla yanaşı, ötən il ixrac 19 faiz artıb ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafı kontekstində müstəsna əhəmiyyətə malikdir. Qeyri-neft ixracımızın da 24 faiz artması sevindirici haldır. Məlumdur ki, milli iqtisadiyyatımızın ixrac imkanlarının genişləndirilməsi ilə bağlı ardıcıl və mühüm tədbirlər həyata keçirilir, hədəflər isə dəqiq müəyyənləşdirilib. Belə ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də əks olunub ki, Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox deməkdir. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, qeyri-neft sənayesində ixracın genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə edilən nəticələr yeni iqtisadi şəraitdə - postneft dövründə ölkəyə valyuta daxilolmalarını təmin etmək və sosial-iqtisadi inkişafın ardıcıllığını qorumaq baxımın dan böyük əhəmiyyətə malikdir.
Bununla yanaşı, 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə, bu, həm Azərbaycanın yüksək iqtisadi reytinə malik olduğunu, ölkəmizdəki sabitlik, təhlükəsizlik mühitinin yüksək dəyərləndirildiyini göstərir, həm də ölkəmizin dayanıqlı inkişaf imkanlarının artmasının ifadəsidir. Ümumiyyətlə, bu zamana qədər məqsədyönlü siyasətin nəticəsi olaraq iqtisadi potensialın və maliyyə imkanlarının artması bütün ölkə boyu irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini təmin edib. Respublikamızda daxili sərmayələr hesabına böyük investisiya tutumuna malik layihələrin reallaşdırılması müstəqil Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiqləyir.
Təsadüfi deyil ki, Azərbaycanın dayanıqlı inkişaf kontekstində nailiyyətləri beynəlxalq miqyasda layiqincə qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafını, əldə edilən sosial-iqtisadi göstəriciləri yüksək qiymətləndirirlər, dərc edilən hesabatlarda ölkəmizin iqtisadi reytinqinə dair müsbət qənaətlər səsləndirilir. Digər tərəfdən, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin qanunauyğun nəticəsidir. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı diqqətə çatdırıb ki, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir: “Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.
- Azərbaycanın tərəqqisinə fundamental töhfələr verən amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. 2017-ci ildə bu istiqamətdə həyata keçirilən tədbirlərin və qazanılan nailiyyətlərin əhəmiyyəti nədən ibarətdir?
- İnkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətlərindən biri budur ki, inkişafa xidmət edən islahat xarakterli tədbirlər məhz bütün sahələri əhatə edir. Bu siyasət çərçivəsində regionların sosial-iqtisadi inkişafı xüsusi yerə malikdir. Ümumiyyətlə, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır.. Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır
Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir.
Ötən il ərzində də regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində olub. 2017-ci ildə Prezident İlham Əliyev 30-dan çox rayona səfər edib. Bu səfərlər çərçivəsində yeni müəssisələrin açılışları qeyd olunub, regionların sosial-iqtisadi inkişafına xidmət edən müxtəlif addımlar atılıb, vacib tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı cənab Prezident bu məqamlara toxunaraq deyib: “Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram”.
Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
- Ötən il ölkəmizdə sosial-iqtisadi inkişafa xidmət edən mühüm faktorlardan biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və yoxsulluq səviyyəsinin daha da aşağı salınması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi oldu…
- İnkişafın yeni mərhələsində də iqtisadi siyasət sosialyönümlü olması ilə fərqlənir. Yəni milli inkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yükdəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır. Bu kontekstdə əhalinin məşğulluq səviyyəsinin artırılması, işsizliyin azaldılması müstəsna əhəmiyyətə malikdir. Ötən müddət ərzində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib.
Ölkəmizdə ötən il 221 min yeni iş yeri açılıb və bunlardan 177 mini daimidir. Müasir dövrün reallıqlarına və ölkələrin təcrübəsinə nəzər saldıqda bu, olduqca mühüm və müsbət göstəricidir. İş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi baxımından böyük əhəmiyyətə malikdir. Ötən ilin yekunlarına əsasən ölkəmizdə işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olması sevindirici haldır.
Bütövlükdə, bu istiqamətdə həyata keçirilən siyasət uğurlu nəticələrin əldə edilməsini təmin etməklə yanaşı, həm Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir, həm də gələcək inkişaf üçün etibarlı zəmin yaradır. Sosial sahədə həyata keçirilən səmərəli siyasətin qanunauyğun nəticəsi kimi, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Respublikamız insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
- Başa vurduğumuz 2017-ci ildə əldə edilən müsbət nəticələr qarşıdakı dövrdə də mühüm nailiyyətlərin qazanılacağına əminlik yaradır. 2018-ci ildə sosial-iqtisadi inkişaf sahəsində görüləcək işlər və perspektivlərlə bağlı nə düşünürsünüz?
- 2017-ci ilin nəticələri Azərbaycan üçün olduqca uğurlu oldu. Əminliklə qeyd edə bilərik ki, 2017-ci ildə respublikada maliyyə və iqtisadi sabitlik təmin edilib, neftdənkənar iqtisadiyyat üzrə müsbət göstəricilər əldə edilib, çoxşaxəli islahatlar uğurla davam etdirilib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı deyib ki, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, postneft dövründə başlıca strateji vəzifə kimi müəyyənləşdirilən qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər sayəsində bu sahədə müsbət göstəricilər əldə olunub. Qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi iqtisadi tərəqqi perspektivləri kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Həm ötən müddət ərzində, həm də 2017-ci ildə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr deməyə əsas verir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək.