YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ötən il Azərbaycanda sosial-iqtisadi sahədə əldə olunan inkişaf dinamikası 2018-ci ildə də uğurla davam etdiriləcək

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev

- Rauf müəllim, hazırda cəmiyyətimizdə  2017-ci ilin yekunları müzakirə olunur. Sizcə, ötən il  ölkəmiz üçün hansı uğurlarla yadda qaldı?

- Dünyada davam edən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq Azərbaycan ötən ili də uğurla başa vurdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Ötən ilin əvvəlindən sosial-iqtisadi inkişaf üzrə nəzərdə tutulan bütün proqnoz göstəricilər yerinə yetirilmişdir. İqtisadi artım qeyri-neft sektoru üzrə 2,5% təşkil etmişdir. Qeyri-neft sənayesi isə 3,1% artmışdır. Bu, respublikada aparılan düzgün sosial-iqtisadi siyasətin və hərtərəfli düşünülmüş iqtisadi islahatların nəticəsində əldə olunmuşdur. Bu ilin 9 ayı ərzində 226 min yeni iş yerləri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Əsas infrastruktur layihələri uğurla icra olunur. Sosial infrastrukturla bağlı layihələr yerinə yetirilir. İlin əvvəlindən 700  kilometrdən çox su xətti çəkilmiş, qazlaşdırma 93 % səviyyəsindədir. Bu dövrdə 100-ə yaxın məktəb tikilib və təmir edilib, 27 tibb ocağı tikilib və təmir olunub.

2017-ci ildə respublikamızın ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələrdən biri  Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiliyinin geniş miqyasda qeyd olunmasıdır. 25 il əvvəl Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi bir hadisə, Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Patriyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiliyinə həsr olunmuş yubiley mərasimindəki nitqində qeyd etmişdir: “Azərbaycan xalqı o vaxt bir daha böyüklüyünü  müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.”

Ötən il daha bir tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa olunmuşdur. Bu, böyük qaydışın başlanğıcı deməkdir.

Başa vurduğumuz  il ərzində həmçinin, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən iki istiqamət üzrə- energetika və nəqliyyat sahəsində böyük əhəmiyyətə malik tədbirlər həyata keçirilmişdir. Azəri-Çıraq-Günəşli yataqları üzrə  kontraktın müddəti 2050-ci ilə kimi uzadılmışdır. Nəqliyyat sahəsində də tarixi bir uğura imza atıldı, Bakı-Tibilisi-Qars dəmir yolu istifadəyə verilmişdir. Bu, tarixi İpək Yolunun bərpası istiqamətində reallaşan ən böyük beynəlxalq nəqliyyat lahiyəsidir. Qeyd olunan layihənin həyata keçirilməsi Azərbaycana həm iqtisadi həm də siyasi fayda gətirəcəkdir.

  Onu da qeyd edim ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35 yerdə qərarlaşıb. Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geri qalır.

- Ötən il Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Sizcə, bu tədbirlər ölkəmizə nə kimi dividentlər qazandırır?

- Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Ötən ilin iyun ayında Bakıda 500 milyonluq  aiditoriyası olan “Formula-1” yarışı çox yüksək səviyyədə keçirilmişdir.

2017-ci ildə ilk dəfə olaraq IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda, Bakı şəhərində keçirildi. İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində yarışdılar. Azərbaycan idmançıları Avropa Oyunlarından sonra növbəti tarixi uğura imza atdılar. Yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə etmişlər. Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda İslam dünyasında həmrəyliyin, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq fəaliyyəti nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu və böyük uğurla başa çatdı. Azərbaycan növbəti tarixi uğura imza atdı.

 Ötən il Bakıda növbəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da keçirilmişdir. Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatdan, 50-dən çox QHT-nin nümayəndələri, ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak etmişdir. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki, bu tədbir “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olmuşdur. Artıq “Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilmişdir.

- Sizcə, 2017-ci il Azərbaycan idmanı üçün hansı hadisələrlə əlamətdar oldu?

- Ötən il Azərbaycan idmançıları üçün də uğurlu bir il olmuşdur. İlk növbədə idmançılarımızın  IV İslam Həmrəyliyi Oyunlarındakı tarixi qələbəsini qeyd etmək lazımdır. 2017-ci il şahmatçılarımız üçün xüsusilə uğurlu olmuşdur. Azərbaycan şahmatçıları ötən il növbəti tarixi uğura imza atmışlar. Milli komandamız 3-cü dəfə Avropa çempionatının qalibi olmuşlar. Bu dəfə şahmatda, intellektual idman növündə qazanılmış bu qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

  2017-ci il futbolçularımız üçün də uğurlu olmuşdur. “Qarabağ” Futbol Klubu Avropa Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqla tarixi uğura imza atdı. Ötən il eyni zamanda müxtəlif idman növləri üzrə Azərbaycan idmançılarının müxtəlif səviyyələrdə keçirilən çempionatlarda əldə etdikləri qələbələrlə yadda qalacaqdır. Bir sözlə Azərbaycan idmançıları Azərbaycanın artıq bir “İdman” dövlətinə çevrildiyini sübut ediblər.

- Rauf müəllim, bəs 2018-ci ildə gözləntilər nədən ibarətdir?

- 2017-ci ildə sosial-iqtisadi və digər sahələrdə əldə olunan müsbət inkişaf dinamikası  2018-ci ildə də davam etdiriləcək. Azərbaycan Respublikasının 2018-ci il  dövlət büdcəsində büdcə gəlirləri 20,1 milyard manat, xərcləri isə 21,047 milyard məbləğində təsdiq edilmişdir.

   2017-ci ilə nisbətən büdcə gəlirləri 20%, xərcləri isə 17.3 % artımla nəzərdə tutulmuşdur. 2018-ci ilin büdcəsi sosialyönümlü büdcə olaraq əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədi ilə bir çox sosial proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2018-ci ilin dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin  (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5% olmaqla, 7004,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqyisədə 147,9 milyon manat və ya 2,2% çoxdur. 2018-ci ilin dövlət büdcəsində  elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5371,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki,  bu da 2017-ci ilə nisbətən 80,8 milyon manat və ya 1,5% çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7% təşkil edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  hərtərəfli düşünülmüş siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial - iqtisadi inkişaf sahəsində əldə olunan inkişaf səviyyəsi imkan verəcək ki, 2018-ci ildə də  Azərbaycan daha böyük nailiyyətlər əldə etsin.