MÜSAHİBƏLƏR
Azərbaycan müasir iqtisadi inkişaf yolu ilə irəliləyir
- Aydın müəllim, 2017-ci ilin üçünçü rübü də başa çatdı. Ötən dövrdə ölkə iqtisadiyyatının inkişafını neçə səciyyələndirmək mümkündür?
- Cari ilin ötən 9 ayı ərzində milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitlyin təmin olunmasında müsbət trendlər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsinə, sənayeləşmənin geniş vüsət almasına, iqtisadi sabitliyə öz töhfəsini verir. 2017-ci ilin üçüncü rübündə ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan qlobal böhran şəraitində stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına gəlirlərimizin həcmi artıb. Həmin dövrdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb, qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.
- Qeyri-neft sektorunun inkişaf etdirilməsi milli inkişafa hansı təsirlərini göstərməkdədir?
- Hazırda Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edir. İqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektorunda 2,5 faiz artıb. Bu tendensiya 2 il əvvəl Prezident İlham Əliyevin uzaqgörənliklə “Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edəcək” fikrinin tam özünü təsdiq etdiyini göstərir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur. Ölkədə rəqabət mühitinin təmin olunması, ixracın təşviqi və ixracın stimullaşdırılması Azərbaycanın tədiyyə balansında müsbət dinamikanın yaranmasına səbəb olub. Azərbaycanın ixrac potensialı güclənib, ixrac 40 faiz artıb, ixracda qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu siyasətin mühüm nəticəsi olaraq idxal xeyli azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyiyi möhkəmləndirib, maliyyə-valyuta bazarında sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə səbəb olmaqdadır.
Ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
- Azərbaycanın maliyyə sabitliyinin təmin olunması sahəsində hansı təsirli tədbirlər görülməkdədir?
- 2017-ci ildə hökumərin başlıca vəzifəsi makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsini davam etdirməkdən ibarət olub. Ötən dövr ərzində ölkəmizin inkiaşının ana sütununa çevrilən və makroiqtisadi tərəqqini səciyyələndirən əsas faktorlardan biri güclü maliyyə sabitliyi və dayanıqlılığının təmin edilməsi olub. Ötən dövr ərzində makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilib, valyuta-maliyyə sektorunda dinamika davam edib, aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlamış, manatın məzənnəsinin ucuzlaşması dayanmış və hətta manat müəyyən qədər möhkəmlənmiş, iqtisadi artım bərpa olunmuşdur. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlayıb, ölkəmizin strateji valyuta ehtiyatları artıb. Doqquz ayda Azərbaycanın strateji valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsinə çatıb.
Milli valyutanın məzənnəsinin sabitliyi və xarici valyutalarla nisbətdə məzənnəsinin möhkəmlənməsi ilə bağlı monetar siyasət müsbət təsirini göstərib, pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülüb. Hökumət tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynayıb. Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaradıb. Valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir. Mövcud situasiya manatın tədiyyə aləti kimi möhkəmlənməsinə, idxal və ixracatçıəlar üçün əlverişli biznesin təşkilinə, daxili bazarda qiymətlərin sabitləşməsinə güclü zəmin yaradır.
- Aydın müəllim, regionların inkişafı ilə əlaqədar yürüdülən siyasət hnası dəyişikliklərə səbəb olmaqdadır?
- “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafının dayanaqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. Ötən 9 ayda 226 min yeni iş yerinin yaradılıb. Ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunub. yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib, məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
- 2017-ci ildə Azərbaycanın beynəlxalq reytinqinin artırılması sahəsində hansı işlər görülüb?
- İlk növbədə onu qeyd etmək lazımdır ki, iqtisadiyatın strukturunda müasir trendlərə əsaslanan innovativ islahatların aparılması son 2 ildə daha geniş xarakter alıb və 2017-ci ildə bu istiqamətdə işlər keyfiyyət baxımından bir qədər də irəliyə gedib. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq üçün son bir ildə zəruri işlər görülüb. Sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən olunub və həmin hədəflərə çatmaq üçün ən yüksək beynəlxalq standartlara uyğun elektron dövlət xidmətləri göstərilməsi tədbirlər həyata keçirilib. Bu tədbirlərin nəticəsi kimi son bir ildə qanunvericilik və inzibatçılıq təkmilləşdirilib, biznes və rəqabət mühiti daha da yaxşılaşdırılıb. Yürüdülən iqtisadi siyasət bir sıra mühüm nəticələrin əldə olunmasına imkan verib. 2017-ci ildə sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyi təmin edilib, rəqabət prinsiplərinə əsaslanan biznes mühiti yaradılıb, ölkənin investisiya cəlbediciliyinin artırılıb. Bu faktorlar beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşmasına səbəb olub. Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti «Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 2017-2018» hesabatında Azərbaycanın 140 ölkə arasında 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşması məhs həmin islahatların mühüm nəticəsi hesab olunur. Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Onu da qeyd edim ki, rəqabət reytinqinin artmasının islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmiz üçün geniş imkanlar yaradır. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq niyyətində olan istənilən investor üçün rəqabətlilik hesabatı əhəmiyyətli rol oynayır. Hansısa ölkəyə sərmayə qoymaq istəyən xarici şirkət və investor ilk növbədə, həmin ölkənin beynəlxalq reytinq əmsalına diqqət yetirir. Bu mənada ölkəmizin yüksək reytinqinin olması investisiya cəlbediciliyinin fonunda xarici sərmayə qoyuluşlarının artmasına öz mühüm təsirini göstərəcək. Eyni zamanda, milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq.