YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda uşaq hüquqlarının təmin olunması dövlətin qarşısında duran əsas məqsədlər sırasındadır

Müsahibimiz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, məlum olduğu kimi hər il 1 iyun tarixi dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda dövlət uşaq siyasətinin əsas prinsipləri nədən ibarətdir?

- Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Gənc nəslin vətənpərvərlik,  tariximizə,  milli köklərə bağlılıq, böyüklərə  yüksək  ehtiram və mənəvi  zənginlik  duyğuları  ilə tərbiyə olunması, onların şəxsiyyət və  vətəndaş kimi  formalaşması üçün  ailə də,  dövlət də  məsuliyyət  daşıyır.  Buna görə də Azərbaycanda  uşaq məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir.  Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Hətta  müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu öndər  Heydər Əliyevin  təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqında Konvensiya”dır. Beynəlxalq müqaviləyə ölkənin qoşulması uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdir.

Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Ölkədə vahid dövlət  uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq,  müxtəlif  layihələr  həyata keçirir.  Bu  tədbirlər  qaçqın və  məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq  iştirakçılığına  yönəlmişdir.

- Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Bunun nəticəsində də 1 milyondan çox insan doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qaçqın-köçkün həyatından uşaqlar da əziyyət çəkir. Dövlətimizin bu uşaqlara olan qayğısı haqqında nə deyə bilərsiniz?

- Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmur. Doğrudur, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı yüz doxsan üç uşaq qətlə yetirilmişdir,  yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur.  61  uşaq itkin düşmüş, 27 uşaq  isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki,  1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün balaları yaxın, lap yaxın vaxtlarda özlərinin bu gözəl  bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyanın bütün uşaqları kimi onların da haqqı var! Və bu arzunun gerçək olması üçün ölkə başçısı cənab İlham Əliyev çox mühüm addımlar atır.  Azərbaycanın  Birinci  vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış  qaçqın və məcburi  köçkün ailələrinin mənzillə təmin edilməsinə  həsr olunmuşdur.  Vitse-prezident  bildirib  ki, “Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Hazırda əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Və bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin “ İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam hər birimizdə, xüsusilə, evlərindən, ata – baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızda böyük inam yaradır.

- Azərbaycanda uşaq hüquqlarının təmin olunması istiqamətində hüquqi baza hansı səviyyədədir?

- Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar.  Və bu yanaşma  bir daha göstərir ki, Azərbaycanda uşaq  məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Və bu arzu öz real həlini tapır. Belə ki, son illər ərzində rayonlarda və bölgələrdə  üç mindən çox orta məktəb,  altı yüzdən çox xəstəxana, tibb məntəqələri, qırx  olimpiya  və  onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.

“Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır.”- cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Müvafiq  sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və   təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir.  Nikah  yaşı 17-dən 18-ə  qaldırılmış,  erkən  nikahların  qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideyn məsuliyyəti  müəyyənləşdirilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sıra digər Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu  və digər məsələlər nəzərə alınaraq,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin  humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi  barədə  2017-ci ildə ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd eyni zamanda, yuvinal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər.  Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər.  Bu sahədə çoxlu qanun və dəyişikliklərin qəbul  olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı hakimlər, vəkillər  üçün xüsusi  təlimlər keçirilir.  Və artıq müsbət nəticələrə nail olmuşuq.  Uşaq hüquqları  haqqında  Konvensiya  üzrə  2015-ci ildə  3506,  2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb. Əlbəttə ki, bu sahədə gələcək hədəflərin  müəyyən edilməsi də vacib məsələlərdəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə  imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy  üçün Nazirlər Kabinetinə  təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.

- Hicran xanım, Heydər Əliyev Fondu daim uşaqlarla əlaqədar mühüm layihələr həyata keçirir. Bu layihələrin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur.  Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq"  devizini irəli sürən   Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidənqurulması" layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. Məlumat üçün qeyd edim ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata  keçirilməsinə dövlət  nəzarəti Qaydası” təsdiq  edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılımışdır. Monitorinqin nəticəsində hazırlanmış  tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində  uşaq problemlərinin dəqiq statistikası müəyyənləşərək,  həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsinə səbəb  olacaq.   Eyni zamanda, erkən nikah hallarının  və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin  gücləndirilməsi,  valideyin himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də, müxtəlif peşələrin öyrədilməsi məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər  keçirilir. Lakin Mehriban xanımın sözləri ilə desək "Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz", buna görə də, ailələrimiz  çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin övladların və cəmiyyətin qarşısında hər kəs öz məsuliyyətini dərk etməlidir.

Uşaqlar hər bir millətin gələcəyidir. Bu mənada, ölkəmizdə uşaqların sağlam həyat tərzinin təmin olunması istiqamətində nə kimi tədbirlər görülür?

Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün  düşərgələr təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən  “Ölkəmizi tanıyaq” layihəsi nəticəsində  şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Mütəmadi olaraq, Kütləvi İnformasiya Vasitələrində uşaq hüquqları haqqında maarifləndirici  verlişlər təşkilr olunur, audio materiallar səsləndirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları eyni zamanda,zərərçəkmiş uşaqlarıa  profilaktiki işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir.  Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri  icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə, 2016-cı ildə Mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə  4351 uşaq  istifadə etmişdir.

Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır.  Hər iki ildən bir keçirilən Uşaq Forumlarında uşaqlar sərbəst şəkildə mühüm problemlərə   münasibətlərini bildirir,  öz həmyaşıdlarının  problemlərini  ictimailəşdirirlər. Onların irəli sürdükləri təklif və məsələləri  dövlət məmurları və parlament üzvləri ilə müzakirəyə qoyuruq. Hazırda  IV Uşaq Forumuna hazırlıq gedir.  Eyni zamanda, növbəti il BMT-nin  müvafiq Komitəsi qarşısında  Uşaq Hüquqları üzrə  ölkə hesabatı veriləcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır. 

Uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan  mühüm məsələdir. Azərbaycan  Hökuməti bir sıra ölkələrin aidiyyatı dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla  tərəfdaşlıq edir.  Qeyd etmək istərdim ki, BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fonduilə birgə keçirilən Ümumrespublika Uşaq Forumlarını, məişət zorakılığı, erkən nikah,  təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin  güclənməsində,  həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir.  Ölkədə “Küçə uşaqlarının, nikahdan kənar doğumun qeydiyyatının, erkən nikah halları üzrə vəziyyəti araşdırmış, “Doğulan uşaqların cinsə görə  nisbətinin  pozulmasının  səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yolları” mövzusunda sosialoji tədqiqat keçirilmişdir. Bununla əlaqədar olaraq təklif və tövsiyələr hazırlanmışdır. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müvafiq Komitəsi ilə əməkdaşlıq  çərçivəsində uşaqların hüquqlarının qorunması və onların səlahiyyətləndirilməsi üzrə məlumatlandırıcı və maarifləndirici  kampaniyaları keçirilir. 

Uşaqların sağlam və xoşbəxt böyüməsi  həmişə  aktual olmuşdur, lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər,  terrorizm və zorakı ekstremizmin fonunda  bu  məsələ  özünü daha qabarıq şəkildə  göstərir. Əlbəttə ki, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil,  beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri  nəticəsində mümkündür. Əgər ailə  dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Uşaq hüquqlarının təmin olunması valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlər sırasındadır.

Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir.   Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan  uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsün. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.