YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov

- Eldar müəllim, sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi – referendum keçirildi. Referendumun şəffaf və demokratik şəraitdə keçidiyini bildirən yerli və beynəlxalq müşahidəçilər, həmçinin KİV ümumxalq səsverməsinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini diqqətə çatdırdılar. Siz bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsidir. Seçicilər yüksək fəallıqla səsvermə prosesində fəal iştirak etdilər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü dəstəklədilər. Bu referendum azad, şəffaf və demokratik qaydada keçirildi. Bu faktı təkcə yerli müşahidəçilər deyil, çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiqlədilər.  Xarici müşahidəçilərin də rəyi belə oldu ki, referendum qanunvericiliyə, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib.

Mən 26 sentyabrda «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi kimi Binəqədi rayonunda səsvermənin gedişini izlədim. Həqiqətən də, məntəqələrdə yüksək seçici fəallığı var idi, insanlar çox böyük həvəslə Referendum Aktına səs verirdilər. Mən hətta səsverməyə gələn yaşlı qadından Referendum Aktında əksini tapan məsələlərlə tanış olub-olmadığını soruşdum. O cavab olaraq bildirdi ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsləri birmənalı olaraq dəstəkləyir.  

Bütövlükdə, referendumun nəticələri Azərbaycan xalqının cənab Prezidentə olan böyük etimadını və inamını bir daha təsdiqlədi. Seçicilərin 69,7 faizi səsvermədə iştirak edərək yüksək faizlə referenduma çıxarılan  məsələləri dəstəklədilər. Bununla da xalqımız Prezident İlham Əliyevin siyasətinə bir daha səs verdi. Vətəndaşlar başa düşürlər ki, Prezident İlham Əliyevin təşəbbüsləri  məhz  ölkəmizin dinamik inkişafına xidmət edir.

Təsadüfi deyil ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin 60 faizi insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsinə xidmət edir. Xatirinizdədirsə, cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi. Ötən dövr ərzində bu fikir əminliklə özünü doğruldub. 26 sentyabrda keçirilən referendum bir daha təsdiqlədi ki, xalqımız Prezidentimizə inanır və referendumda fəal iştirak etməklə bu inamı ifadə etdi.

- Referendumla əlaqədar təşviqat prosesində Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsi var. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və  güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Təsadüfi deyil ki, partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanıb. Partiyamız və onun fəalları sentyabrın 26-da keçirilən referendumla əlaqədar aktiv fəaliyyət göstərdi. «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu uğurlu təşviqat-təbliğat kampaniyası həyata keçirdi. Biz bir çox yerlərdə seçicilərlə görüşlər keçirdik. Və müşahidə etdik ki, elə fəallarımız var ki, könüllü olaraq bu prosesdə iştirak dir, kampaniyaya cüzi də olsa öz töhfələrini vermək istəyirdilər. Təbii ki, üzvlərimizin bu fədakarlığı partiyamızın Sədri, Prezident İlham Əliyevə olan sevgisindən, ölkəmizin gələcəyinə olan inamından irəli gəlirdi.

  YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov «Azərbaycan» qəzetinin 28 sentyabr tarixli sayındakı müsahibəsində partiyamızın referendumla bağlı fəaliyyəti, bütövlükdə Konstitusiya islahatlarının əhəmiyyəti haqqında geniş şəkildə fikirlərini bildirib. Yeri gəlmikən, mən bu kampaniyada YAP İcra Katibliyinin uğurlu, sistemli və mükəmməl fəaliyyətini xüsusilə təqdir edirəm. Məhz bu fəaliyyət nəticəsində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu uğurlu kampaniya həyata keçirdi.

- Referendumun nəticələri həm də Azərbaycan xalqının dağıdıcı çağırışlar səsləndirən və antixalq, antidövlət mövqeyindən çıxış edən radikal müxalifətə cavabı oldu. Bu barədə fikirləriniz nədir?

- Radikal müxalifətin cəmiyyətimizdə heç bir nüfuzu yoxdur. Təbliğat kampaniyası müddətində onlar bir neçə mitinq keçirdilər və həmin mitinqlərdə kiçik bir qrup iştirak etdi.   Bu fakt onu göstərir ki, müxalifətin ölkəmizdə sosial bazası yoxdur. Həmin mitinqlərdə sadəcə özləri deyib özləri eşitdilər. Onlar heç vaxt ölkə vətəndaşlarının iradəsini ifadə edə bilməzlər.

Gördüyünüz kimi, referendumda iştirak edən vətəndaşların mütləq əksəriyyəti Konstitusiya dəyişikliklərini dəstəklədilər. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlardan gələn müşahidəçilər referendumunun şəffaf keçirildiyini bəyan etdilər. Eləcə də, ABŞ referendumun nəticələrini tanıdığını bəyan etdi. Belə olan halda, radikal müxalifətin və onların xarici himayədarlarının hansı fikirdə olmaları heç bir məna kəsb etmir.

- Referendumdan sonra həyata keçiriləcək kompleks islahatların milli iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətini necə qiymətləndirmək olar?

- Bilirsiniz ki, bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir. Dövlətin inkişafının əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır.

Bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də, bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadiyyatının, eləcə də, xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də, iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb. Bu gün Prezident İlham Əliyevin bu siyasəti böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir.

Təbii ki, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır. Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər də məhz bundan qaynaqlanır.  Prezident İlham Əliyev bugünlərdə Sumqayıta səfəri zamanı şəhər ictimaiyyəti ilə görüşündə bildirdi ki, keçirilən referendum Azərbaycanın gələcək inkişafını müəyyən edir. Həqiqətən də, bu il ölkəmizdə islahatların yeni mərhələsinə start verilib. Və Konstitusiya dəyişiklikləri bu islahatların hüquqi bazasını təşkil edir. Bilirsiniz ki, ölkəmizdə neftsiz iqtisadiyyat qurulur. Son illər qeyri-neft sektorunun inkişafı yönündə ciddi addımlar atılır. Cənab Prezident qeyri-neft sektorunun inkişafı ilə əlaqədar mühüm sərəncamlar verib. İnanırıq ki, qarşıdakı dövrdə  həyata keçirilən islahatlar nəticəsində ölkəmizin inkişafı prosesi daha da güclənəcək.

- Eldar müəllim, bəs milli iqtisadiyyatın inkişafına təkan verəcək ardıcıl islahatlar aqrar sahəyə necə təsir edəcək?

- Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir. 2016-cı ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitin artırılması, eləcə də dövlət başçısı tərəfindən müvafiq qərarların verilməsi bu faktı bir daha təsdiqləyir.

Konkret tədbirlərə gəlincə, bu gün pambıqçılığın inkişafı xüsusi diqqət mərkəzindədir. Bu yaxınlarda cənab Prezidentin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi keçirildi. Dövlət başçısının həmçinin, kənd əməkçiləri ilə görüşməsi, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın təsərrüatı ilə tanış olması həmin insanlara bilavasitə stimul verir. Görülən işlərin nəticəsidir ki, bu il respublikada 100 min tona qədər pambıq istehsalı gözlənilir.

Biz ixrac potensialı olan, ölkəyə valyuta gətirən məhsullar istehsal etməliyik ki, pambıq, barama, tütün və s. məhsulların istehsalının artırılması bu baxımdan vacibdir. Artıq bu yöndə də ciddi tədbirlər həyata keçirilir. Bilirsiniz ki, Milli Məclis strateji kənd təsərrüfatı məhsulları haqqında qanunlar qəbul edib. Bu qanunlar da kənd təsərrüfatında inkişaf üçün hüquqi baza rolunu oynayır. Qarşıdakı dövrdə kənd təsərrüfatında böyük inkişafın şahidi olacağıq.