MÜSAHİBƏLƏR
Referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük inam və etimadını bir daha təsdiq etdi
- Sahibə xanım, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçirildi. Azərbaycan xalqının iradəsini ifadə edən bu referendumu necə qiymətləndirirsiniz?
- Bəli, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi baş tutdu. Seçicilərin 69,7 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə "HƏ" dedilər. Referendum beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirildi. Referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izlədi. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Müşahidəçilər də prosesin tam qanunamüvafiq şəkildə baş tutduğunu vurğuladılar. Əminliklə deyə bilərik ki, referendumun nəticələri Azərbaycan xalqının iradəsini tamamilə əks etdirir. Prezident İlham Əliyev də Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə referendumun xalqımızın iradəsini göstərdiyini vurğuladı. Dövlət başçısı dedi ki, referendum bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir.
Beləliklə, Azərbaycan dövlətçilik tarixində çox mühüm bir hadisə olan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun uğurla tamamlandığını və ölkəmizin gələcək inkişafı baxımından yeni bir mərhələnin başlandığını söyləyə bilərik.
- Referendumun nəticələrini təhlil edərkən əsas diqqət çəkən məqamlardan biri seçicilərin ümumxalq səsverməsində fəal iştirakı ilə bağlıdır. Eyni zamanda, seçicilərin mütləq əksəriyyəti təklif olunan dəyişiklikləri dəstəklədilər...
- Seçicilərin belə yüksək fəallığını şərtləndirən amillərdən biri vətəndaşların təklif olunan əlavə və dəyişikliklər barədə məlumatlı olmalarıdır. Burada müvafiq dövlət qurumlarının, o cümlədən Mərkəzi Seçki Komissiyasının və yerli seçki komissiyalarının işini yüksək qiymətləndirməklə yanaşı, təbii ki, ölkənin hakim partiyası olaraq Yeni Azərbaycan Partiyasının apardığı referendum üzrə təşviqat kampaniyasının uğurlarını da vurğulamalıyıq. Çox zəngin seçki təcrübəsinə malik olan və bu günə qədər iştirak etdiyi bütün seçki kampaniyalarını möhtəşəm qələbələrlə başa vuran Yeni Azərbaycan Partiyası referendumun elan olunmasından ötən müddət ərzində müvafiq proqram və planlaşdırma üzrə işlərini yüksək keyfiyyətlə həyata keçirərək Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu prosesə öz mütərəqqi töfhələrini verdi.
Digər bir məqam isə xalqımızın konstitusiya islahatlarının əhəmiyyətini, bu dəyişikliklərin dövlətimizin inkişafına, vətəndaşların daha yaxşı həyat şəraitinin təmin olunmasına yönəldiyini düzgün qiymətləndirməsidir. Bu fakt onu təsdiqləyir ki, Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxmışdı. Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri edirdi və seçicilərin səsvermə məntəqələrində verdikləri qərar da göstərdi ki, doğrudan da Konstitusiyaya günümüzün reallıqları ilə səsləşən bu dəyişiklikləri etmək qaçılmaz idi. Bu isə referendumun nəticəsində öz müsbət əksini tapdı. Amma əlbəttə ki, ən önəmli məqam Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülməsidir. Çünki Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkəmizin tərəqqisinə xidmət etdiyini, bu islahatların Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verdiyinə əmindir. Təbiidir ki, vətəndaşlarımızda bu inamı da formalaşdıran məhz Prezident İlham Əliyevin ötən 13 ildə Azərbaycana uğurla rəhbərlik etməsidir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan xalqının Prezident İlham Əliyevə mütləq inam və etimadını şərtləndirən, o cümlədən, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə münasibətini formalaşdıran digər bir mühüm amil ölkəmizdə mövcud olan, güclü dayaqlara malik sabitlikdir. Başqa sözlə, şübhə yoxdur ki, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Ona görə də, Azərbaycan cəmiyyətində belə bir qənaət mütləq hakimdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin alternativi yoxdur. Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi səciyyələndirir. Məhz ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi.
- Artıq referendum arxada qaldı. Konstitusiyaya qəbul olunan dəyişikliklər Azərbaycan dövlətinə və xalqına nə verəcək?
- Hələ bu ilin əvvəllərində möhtərəm Prezident İlham Əliyev bəyan etdi ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Ölkəmizdə qeyri-neft sektorunun, aqrar sahənin, sahibkarlığın inkişafı ilə bağlı qəbul olunan qərarlar və onların uğurlu nəticələri hamımıza məlumdur. Eyni zamanda, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Həmçinin, bundan sonra yeni idarəetmə isntitutları da fəaliyyətə başlayacaq ki, bu da nəticə etibarilə institusional islahatların növbəti mərhələsini təşkil edəcək. Bundan əlavə, islahatlar sosial sferanı da əhatə edəcək ki, bu da yenə də möhtərəm Prezidentimizin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır" tezisinin uğurla reallaşdırılmasına yönəlib.
Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir. Ona görə də, ümumxalq səsverməsində qəbul olunan dəyişiklikləri həm də bu kontekstdə dəyərləndirmək lazımdır. Konstitusiya dəyişiklikləri qarşıdakı dövrdə həyata keçiriləcək islahatların hüquqi və siyasi bazasını təşkil edəcək. Düşünürəm ki, artıq Azərbaycanın qarşısında yeni üfiqlər açılıb. Bu dəyişikliklər bundan sonra da Azərbaycanda ardıcıl inkişaf siyasətinin uğurla həyata keiçrilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha sağlam müdafiəsinə, dövlət qurumlarının daha effektiv fəaliyyətinə, dövlətimizin və xalqımızın sabitliyinin möhkəm əsaslarda qorunmasına təkan verəcək.
- Sahibə xanım, təbliğat – təşviqat kampaniyası ərəfəsində bəzi dairələrin antireferendum kampaniyası apardığını, ölkəmizə qarşı təxribat xarakterli "qara - piar" həyata keçirdiyini müşahidə etdik. Referendum həm də bu kampaniyanın iflasını şərtləndirdi...
- Qeyd etdiyimiz kimi, referendumun nəticələri bir çox həqiqətləri ifadə edir. Şübhə yoxdur ki, yaxın zamanlarda və gələcəkdə də bununla bağlı obyektiv, reallığı ifadə edən təhlillər aparılacaq, qarşıdakı dövrlərdə Azərbaycan vətəndaşları ümumxalq səsverməsində qəbul olunmuş dəyişikliklərin müsbət nəticələrini öz həyatlarında hiss edəcəklər. Bu referendumun ortaya qoyduğu daha bir gerçəklik isə əsasən xaricdən idarə olunan və ölkəmizdəki bəzi "beşinci kolon" təmsilçilərinin də qoşulduqları antireferendum kampaniyasının iflasa uğraması oldu. Azərbaycan cəmiyyəti bir daha öz iradəsini nümayiş etdirərək bəzi islamafob, antiazərbaycançı mərkəzlərin ölkəmizə transfer etmək istədikləri dağıdıcı, təxribat xarakterli ssenarilərin qarşısını ümumxalq səsverməsində öz fəallığı, bu islahatlara verdiyi dəstəklə almaq iqtidarında və gücündə olduğunu sübuta yetirdi. Bu referendum göstərdi ki, Azərbaycan xalqı və dövləti bundan sonra da öz taleyinin, gələcəyinin sahibi olaraq müstəqil inkişafını uğurla davam etdirəcək.