YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya təklif edilən dəyişikliklərin əsas ana xətti vətəndaş hüquqlarının möhkəmləndirilməsidir

Müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Vüsal Hüseynov

- Vüsal müəllim, insan hüquq və azadlıqlarının etibarlı  təminatı dövlət siyasətinin əsasını təşkil edir. Buna görə, ilk növbədə, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin insan hüquqlarına təzahürü ilə bağlı fikirlərinizi bilmək istərdik. Təklif olunan dəyişikliklər insan hüquqlarının təmin olunması ilə bağlı hansı yenilikləri nəzərdə tutur?

- Ümumiyyətlə, hazırda qüvvəmizdə olan Konstitusiyamızda əksini tapan maddələrin əhəmiyyətli hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Sənədə iki dəfə edilən,  eyni zamanda sentyabrın 26-sında keçiriləcək ümumxalq səsverməsi zamanı nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzər salsaq, görərik  ki, məqsəd insan hüquq və azadlıqlarının  yeni müdafiə mexanizmlərini müəyyənləşdirməkdir. Belə ki, təklif edilən dəyişikliklərin əksəriyyəti 15 maddəyə olmaqla Konstitusiyanın İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilmişdir. Bu ümumi dəyişikliklərin təqribən 60 faizdən artıq hissəsidir və dövlətin insan hüquqların müdafiəsi və təmin edilməsində rolunu gücləndirir.

Nümunə üçün şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı,  vətəndaşlıq hüququnun təminatı, seçki, birləşmək, müraciət, azad sahibkarlıq hüquqları ilə bağlı maddələrə dəyişikliklər təklif edilir.

İnsan ləyaqətinin qorunması insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas  prinsipi kimi müəyyən edilir. Bu isə bu anlayışın yalnız Konstitusiyanın 46-cı maddəsində əks olunan ayrıca bir hüquq kimi deyil, bütün hüquq və azadlıqların təmin edilməsinə nüfuz edən prinsip olmasını təmin edir.

Hüquq və azadlıqların məhkəmə təminatı adlı maddə yeni redaksiyada verilir, hüquq  və azadlıqların həm məhkəmə təminatı, həm də inzibati qaydada müdafiəsi üçün prinsipial müddəalar əlavə edilir.

Əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə lokautun qadağan edilməsi ilə bağlı yeni  müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır.

Layihədə həmçinin  mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil edilir. Bu qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək,  sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.

Layihədə həmçinin dövlət orqanlarını vətəndaşa münasibətdə daha məsuliyyətli edəcək, mümkün özbaşınalıq hallarının qarşısını alacaq əsaslar müəyyən edilir. Həmçinin dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə dövlətin, dövlət qulluqçuları ilə birlikdə mülki məsuliyyəti müəyyən edilir. Oxşar məsuliyyət bələdiyyələr və bələdiyyə qulluqçuları üçündə müəyyən edilir.

- Təklif edilən dəyişikliklərə dair verilən şərhlərdə bəzi hüquqların məhdudlaşdırılması ilə bağlı fikirlərə də rast gəlinir. Ümumiyyətlə, əsas mübahisələndirilən məqamlar nədən ibarətdir?

 - Ümumiyyətlə, Konstitusiyaya təklif edilən dəyişikliklərin böyük əksəriyyətinin məhz hüquq və azadlıqların bilavasitə möhkəmləndirilməsinə xidmət etməsinə baxmayaraq, təəssüf ki, bəzi hallarda təklif edilən dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması nöqteyi nəzərdən birmənalı qarşılanmır. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması ilə bağlı Konstitusiyanın 155-ci maddəsinə istinad edilərək belə fikirlər səslənir  ki, təklif edilən dəyişikliklər insan və vətəndaş hüquqlarını, azadlıqlarını məhdudlaşdırır və Konstitusiyaya ziddir. İlk olaraq qeyd edilməlidir ki, təkliflərdə məhdudlaşdırma deyil, əsas yanaşma genişlənmə və yeni hüquqların yaradılmasıdır. Bununla belə Konstitusiyanın bu maddəsini diqqətlə təhlil etdikdə görərik ki,  Konstitusiya özü də bu hüquqların məhdudlaşdırılmasını istisna etmir, burada tələb yalnız bu məhdudlaşdırmanın Azərbaycanın tərəfdarı olduğu  beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə olmaması, yəni həddin gözlənilməsidir. Nümunə üçün belə sənədlərin ən əhəmiyyətlilərindən biri hesab edilən Avropa İnsan Hüquqları Konvensiyasına əlavə 1 saylı protokolun Mülkiyyətin müdafiəsi ilə bağlı 1-ci maddəsində qeyd edilir: «Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.»

Yəni konvensiya cəmiyyətin maraqları naminə nəinki mülkiyyət hüququnun məhdudlaşdırılması, hətta mülkiyyətdən məhrum etməni istisna etmir. Bu müddəalar həmçinin dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Bu baxımdan milli qanunvericilikdə beynəlxalq tələblər çərçivəsində məhdudiyyətlərin təqdim edilməsi  Konstitusiyaya zidd yanaşma kimi qəbul edilməməlidir. Bir sözlə,  təklif edilən dəyişikliklərin əsas ana xətti hüquqların genişləndirilməsidir.

İnsan hüquq və azadlıqları ilə bağlı təklif edilən dəyişikliklərlə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, ümumilikdə bu təkliflər azadlıq və təhlükəsizlik arasında olan balansın qorunması üçün əlverişli hüquqi baza yaradır. Təhlükəsizliyin təmin edilməsi azadlığın qismən də olsa məhdudlaşdırılması bahasına başa gəlir. Cinayətkarlığın qarşısının alınması, terrorizmə qarşı mübarizə, milli təhlükəsizliyin təmin olunması bu və ya digər formada insanların azadlığına müdaxilə etmiş olur. Təklif olunan dəyişikliklərlə bağlı nəzərəçarpan məqam ondan ibarətdir ki, onların bir qismi insan hüquq və azadlıqlarının möhkəmləndirilməsinə, digər tərəfdən isə dövlətin funksiyalarının yerinə yetirilməsi üçün hüquqi bazanın gücləndirilməsinə xidmət edir. Nümunə üçün 49-cu maddə sərbəst toplaşmaq azadlığını müəyyən edir. Maddənin II hissəsinə edilən əlavə isə ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtlərini müəyyən edir. Digər bir halda birləşmək hüququ ilə bağlı qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağan edilir. 71-ci maddənin II hissəsinə hüquq və azadlıqların məhdudlaşdırılması ilə bağlı proporsionallıq prinsipi əlavə edilir. Yəni, subyektlərin hüquqlarının məhdudlaşdırılması yalnız o zaman qəbul olunandır ki, bu məhdudlaşdırma nəticəsində onlara dəyən zərər heç bir tədbir görülməyəcəyi halda dəyə biləcək zərərdən az olsun.

- Bəs fikrinizcə, hüquqların məhdudlaşdırılması ilə bağlı olan bu arqumentlər nə dərəcədə əsaslıdır?

- Mübahisələndirilən müddəalarla bağlı fikirlərin nə dərəcədə əsaslı olub-olmamasını müəyyənləşdirmək üçün sadəcə olaraq, bu hüquqları ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır:

Mülkiyyət hüququ ilə bağlı 29-cu maddəyə təklif edilir ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur və sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Ümumiyyətlə, mülkiyyətin öhdəlik yaratması prinsipi qərb hüquq sisteminə  aiddir, Avropada müsbət qəbul olunur və tətbiq edilir. Almaniyanın hal-hazırda qüvvədə olan Konstitusiyasının 14-cü maddəsinə əsasən, «Mülkiyyət öhdəliklərə səbəb olur. Ondan istifadə həmçinin ictimai rifaha xidmət etməlidir».  Bu prinsipin tətbiqində əsas məqsəd xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək,  sosial məsuliyyəti inkişaf etdirməkdir. Belə ki, yanaşma ondan ibarətdir ki, sosial öhdəliklərdən azad olan mülkiyyət vətəndaşlıq, cəmiyyətdə üzvlük və birgəyaşayış kimi dəyərləri zədələyir. İnsan hüquqlarının müdafiəsini təmin edən ən əhəmiyyətli beynəlxalq sənədlərdən biri hesab edilən Avropa İnsan Hüquqları Konvensiyasıda bu məsələyə yanaşmada eyni mövqedən çıxış edir. Belə ki, bu Konvensiyaya 1 saylı protokolun Mülkiyyətin müdafiəsi ilə bağlı 1-c maddəsində qeyd edilir. "Heç kəs, ictimaiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz".

29-cu maddəyə əlavə edilməsi təklif olunan VI hissənin mətnindən də aydın olur ki, əlavələr bilavasitə öhdəliklərin müəyyən edilməsi və mülkiyyət hüquququn məhdudlaşdırılması yox, mülkiyyətin sosial ədalətin möhkəmləndirilməsi və ictimai rifahın yaxşılaşdırılmasına xidmət etməsinə istiqamətlənib. Bu kontekstdə mülkiyyət hüququnun məhdudlaşdırılması mülkiyyətdən məhrum edilməsi kimi şərh edilməməlidir. Konstitusiyanın bu maddəsinin digər bəndlərinə kompleks baxdıqda görünür ki, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı təminatı mövcuddur.

Hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsipi bir sıra Avropa ölkələrinin  hüquq sistemlərinə daxil edilib. Müasir Avropada hüquq sistemlərində bu prinsiplə bağlı istinad edilən ən mötəbər mənbə Avropa İnsan Hüquqları Konvensiyasının 17-ci maddəsi (Hüquqlardan sui-istifadənin qadağan olunması) hesab olunur. Konvensiyanın 17-ci maddəsi demokratiyanın və hüququn əliliyinin möhkəmlənməsinə xidmət edən əsas maddələrindən biridir. Bu maddə Konvensiyanın ruhuna zidd olaraq, burada təsbit olunmuş hər-hansı hüquqdan sui-istifadə edilməsini istisna edir. Beləliklə, hüquqlardan sui-istifadəni istisna edən bu müddəa hüquqların həyata keçirilməsinin məhdudlaşdırımasına yox, tam əksinə, təsbit edilmiş hüquqların tam təmin olunmasına xidmət edir.

Həmçinin şəxsi toxunulmazlıq hüquqi ilə bağlı 32-ci maddəyə təklif edilən dəyişikliklərlə bağlı fikirlər səslənir ki, bu insanların informasiya əldə etmək imkanlarını, məlumat azadlığını məhdudlaşdırır və şəffaflığın qarşısını alır. Lakin nəzərə alınmalıdır ki, bu dəyişikliyi şərtləndirən ən əhəmiyyətli amil texnoloji inkişafdır. Mövcud dünyada texnoloji yeniliklər insanların həyatına, sosial münasibətlərə, və dolayısı ilə insan hüquqlarına olduqca böyük təsir göstərir. Məsələn, texnoloji yeniliklər insanların şəxsi həyatlarının toxunulmazlığı hüququndan yan keçmir. Bu səbəbdən, hüquqları təsbit edən mənbələr, normativ hüquqi aktlar bu cür inkişaf amillərini dövlət və vətəndaş arasındakı münasibətlərdə nəzərə almalıdır. Bu maddəyə dəyişikliklərlə bağlı ilkin təəssürat yarana bilər ki, məlumat azadlığı məhdudlaşdırılır. Lakin maddənin ümumi quruluşuna nəzər saldıqda məlum olur ki, burada ümumilikdə şəxsi toxunulmazlığa dair müxtəlif aspektlər əhatə edilib:

-şəxsi və ailə sirrinin qorunması;

-şəxsin razılığı olmadan məlumatın toplanması, istifadəsi və yayılmasına məhdudiyyət;

-müxtəlif vasitələrlə ötürülən məlumatların qorunması.

Əlavə edilən hissələr də məhz özündə bir neçə yeni təminatı ehtiva edir. Belə ki, VI hissə - qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Bu hissə, ilkin təəssürat yarandığı kimi məlumat azadlığının məhdudlaşdırılmasına deyil, məhz şəxsi toxunulmazlıq hüququnun möhkəmləndirilməsinə yönəlmişdir. Belə ki, təklif edilən əlavə şəxsi məlumatların əldə edilməsi ilə bağlı yeni təminat - elektron və kağız daşıyıcılarda əks olunan məlumatların qorunmasını ehtiva etmiş olur. Bundan əlavə, təbii ki, qanunla müəyyən edilmiş hallar altında şəxsin razılığını ifadə etdiyi hallar da nəzərdə tutulur. Yəni, şəxsin razılığı olduğu halda, həmin informasiya ehtiyatlarına daxil olmaq qadağan deyildir, buna görə də məlumat azadlığının məhdudlaşdırılması müzakirə predmeti deyil. Təklif edilən VII hissə - Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Bu hissədən isə aydın olur ki, maddəyə təklif olunan bu dəyişiklik yuxarıda qeyd olunan texnoloji inkişafın təzahürlərini insan hüquqlarının qorunmasında əks etdirmək üçündür. Təbii ki, hazırda fərdlər haqqında məlumatların informasiya texnologiyaları vasitəsilə bu cür əlçatan olduğu, xüsusilə sosial medianın imkanlarının  genişləndiyi bir zamanda, onlayn şəxsi məlumatların da qorunması konstitusion səviyyədə təmin edilməlidir.

- Fikrinizcə, təklif edilən dəyişikliklərin dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi perspektivindən əhəmiyyəti nədədir?

- Təklif edilən dəyişikliklər dövlət idarəçiliyi mexanizmini təkmilləşdirəcək, fəaliyyətində çevikliyi təmin edəcək, sabitlik və iqtisadi inkişafın təmin edilməsi, icra intizamının güclənməsi üçün daha möhkəm zəmin yaradacaqdır. Dövlətin idarəetmə sistemi ilə bağlı ən əhəmiyyətli dəyişikliklər öz əksini Prezident və Vitse-prezident institutları ilə bağlı müddəalarda tapır. Vitse-prezident institutu konstitusion sistemimizdə yeni institutdur və məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir. Təkliflərə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlər qeyd edilmir. Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədə, onun təyinatında parlamentin iştirakının əhəmiyyəti ilə bağlı mülahizə və şərhlər uyğun deyil. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi Aktlarla, Konstitusiya Qanunu ilə tənzimlənəcək.

Həmçinin Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddəyə təklif edilən Azərbaycan Respublikası Prezidentinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyətidə dövlət idarəçiliyində hər hansı qeyri stabil vəziyyətlərin qarşısının alınmasına yönəlmişdir. Belə ki, bu dəyişiklik Prezidentə etimad səsi qazanmaq üçün müraciət etmək imkanı təmin edir. Bu isə hər hansı qeyri- müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar təmin etmək məqsədi daşıyır.

- Vüsal müəllim, Konstitusiyaya təklif edilən dəyişiklikləri ümumilikdə necə qiymətləndirirsiniz?

- Konstitusiyaya təklif edilən dəyişikliklərin gətirdiyi müsbət yenilikləri hər biri barəsində  bir müsahibə çərçivəsində geniş danışmaq mümkün deyil. Ümumi olaraq bu dəyişikliklər bir daha təsdiq edir ki, Konstitusiyamızda insan amilinə, onun hüquq və azadlıqlarının təminatına və demokratik dövlət quruculuğunun möhkəmlənməsinə yüksək dəyər verilir. Bu təkliflər insanların yüksək rifah şəraitində yaşamasına xidmət edir. Əminəm ki,  xalqımız sentyabrın 26-sında keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcək və bu təklifləri dəstəkləyəcəkdir.