YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalq daha müasir və güclü Azərbaycan naminə referenduma “hə” deyir

Müsahibimiz «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə

- Vüqar müəllim, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-da keçiriləcək  Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə hazırlıq prosesinin təbliğat-təşviqat mərhələsindəyik. Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəblər barədə fikirlərinizi bilmək istərdik…

- Hər bir önəmli hadisə keçilən yolun təhlilini  zərurətə çevirir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamızın ümumxalq səsverməsi yolu   qəbulundan 21 ilə yaxın zaman keçir. Ölkəmiz  bu il dövlət müstəqilliyini yenidən bərpa etməsinin 25 ilini qeyd edəcək. 25 il zaman baxımından qısa dövr olsa da, uğurlarımızın  miqyasına diqqət yetirdikdə sanki 100 ilə bərabər yol keçildiyini düşünmək olar. Təbii ki, bu uğurları  möhkəm təmələ əsaslanan siyasət şərtləndirir. Ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfimizə yol açır. Müasirləşmə, yeniləşmə  dövlət siyasətinin əsasını təşkil edərək, hər zaman təkmilləşməni bir tələb kimi ortaya qoyur. Konstitusiyamızın qəbulundan ötən 21 ilə yaxın zamanda iki dəfə bu ali sənədə əlavə və dəyişiklik olunub, növbəti dəyişikliklər üçün isə ümumxalq səsverməsi dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-da keçiriləcək.

Əlavə və dəyişikliklər bütün sahələri əhatə etdiyindən bu reallıq bir daha təsdiqlənir ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasında dayanır.  Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən ötən 7 ildə Azərbaycan hansı uğurlara imza atıb? Fikrimizi bu sual ətrafında tamamlamağa çalışsaq, bu illərdə ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayan, demokratik inkişafına töhfə kimi dəyərləndirilən bir  prezident, 2 parlament və  1 bələdiyyə seçkiləri keçirilib. Bu  seçki proseslərində ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası qələbə qazanmış, Azərbaycanın uğurlu inkişafına töhfələrinin davamlılığına xalqın dəstəyinin bir daha şahidi olmuşdur.

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların yüksək fəaliyyəti üçün zəruri şərait yaradılıb, qanunvericilik bazası təkmilləşdirilib. Vətəndaşların bütün azadlıqları təmin edilib.  «Siyasi partiyalar haqqında» yeni qanun qəbul olunub. Bu qanunda  əksini tapan əsas müddəalardan biri  siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsidir. Hər bir siyasi partiyanın ölkədə keçirilən seçki prosesinə qatılması və qələbəsini təmin etməsi üçün bərabər imkanlar yaradılıb.

Ötən dövrdə cəmiyyətin güzgüsü kimi dəyərləndirilən azad mətbuatın inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir.  Kütləvi informasiya vasitələrinin inkişafına dair Dövlət Konsepsiyasının qəbulu, bu sənədə  uyğun olaraq 2009-cu ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalist peşəkarlığının və məsuliyyətinin artılmasına yönələn tədbirlərin davamlılığı və s. kimi biri-birindən mühüm hadisələr azad mətbuatın inkişafına xüsusi diqqətdən irəli gəlir. Son ümumxalq səsverməsindən ötən 7 ildə  uğurlardan bəhs edərkən 2013-cü ildə  Milli Mətbuatımızın 138 illik yubileyində möhtərəm Prezidentimiz  İlham Əliyevin  22 iyul 2010-cu il tarixili  «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında» Sərəncamına uyğun olaraq  dövlət  vəsaiti hesabına  17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi,   eyni zamanda «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» Prezident Sərəncamını xüsusi vurğulamalıyıq. Həmin Sərəncamda da bu reallıq öz əksini tapıb ki,   Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə  prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət  həyatının bütün sahələrinin  yeniləşdiyi müasir dövrdə  kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin  diqqət mərkəzində dayanan əsas  məsələlərdən biridir.   Təbii ki, bu addımlar dünyada analoqu olmayan bir hadisə kimi dəyərləndirildi.

Demokratikləşmə prosesinin sürətlənməsində əsas amillərdən olan iqtisadi tərəqqinin bugünkü səviyyəsi də göz qabağındadır. Dünya inkişafın Azərbaycan modelindən bəhs edirsə və bu gün əsas hədəfimiz inkişaf etmiş ölkələr sırasında addımlamaqdırsa, bu, Azərbaycan dövlətinin  gələcəyə hesablanmış inkişaf konsepsiyasının uğurlu nəticəsidir. Məhz bu uğurlara söykənərək, 2012-ci ildə  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası təsdiqləndi.  Bu sənəddə qarşıdakı 10 ilin hədəfləri  və onlara çatmaq yolları öz əksini tapıb. Həmin hədəflər sırasında Azərbaycanı yüksək gəlirli dövlətə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq xüsusi yer tutur.

- Təbii ki, davamlı inkişafda  müasir dövrün əsas tələblərindən olan yeni texnologiyaların öyrənilməsi və tətbiqi  də xüsusi rol oynayır…

- Təbii. Dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın elmi əsaslara söykənməsini ölkənin davamlı inkişafında əsas amil kimi vurğulayır: «İnformasiya-kommunikasiya sektorunda uğurlarımız göz qabağındadır. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında İKT-nin inkişafı üzrə birinci sıralarda olsun. Dövlət dəstəyi, maliyyə təminatı göstərilir, bəzi hallarda kreditlərin verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticə verməyəndə, Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil edir. İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir.»

Bir əsas məqamı qeyd edək ki, ölkənin hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayan dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il konkret bir sahənin adı ilə bağlanır. 2013-cü il «İnformasiya Kommunikasiya Texnologiyaları ili»ndə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirildi. Bu hadisə bir daha təsdiqlədi ki,  müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və  artıq kosmik klubun üzvüdür.  Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Ölkəmizdə hazırda müasirləşmə siyasəti aparılır. Bu siyasət özünü bütün istiqamətlərdə göstərməkdədir. Xüsusilə elmi-texniki tərəqqi ilə bağlı addımlarımız gələcəyə yönəldilib. Bəlkə biz gənc müstəqil ölkə üçün xas olmayan təşəbbüslərlə çıxış edirik. Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Mən əminəm ki, bu proses sürətlə gedəcəkdir. Bu, bizim dövlət siyasətimizdir. Hesab edirəm ki, birinci telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra bu sahəyə daha da böyük təkan veriləcəkdir. Azərbaycanda çox güclü kosmik sənaye yaradılacaqdır. Azərbaycan elmi də bu təşəbbüslərə öz dəstəyini verməlidir.»
Keçilən yola qısa baxış bu həqiqəti bir daha sübut edir ki, Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur, yeni texnologiyaların tətbiqinə, yeniliyə, müasirliyə xüsusi önəm verir.   Ölkəmizin beynəlxalq aləmə özünü sosial dövlət kimi təqdim etməsi də təkmil  sosial-iqtisadi islahatların nəticəsidir. Bir faktı qeyd edək ki, 2009-cu ildən dünyanı bürüyən və  nəticələri bu günə qədər davam edən  iqtisadi və maliyyə böhranından ölkəmizin uzaq olmasını şərtləndirən əsas amil məhz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasıdır.  Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qoruyan Dövlət Neft Fondunun vəsaitləri hesabına  mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə nail olmaqla hərtərəli inkişafı, ən əsası iqtisadiyyatın şaxələndirilməsini uğurla həyata keçirmişdir. Cənab İlham Əliyev  iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq,  regionların malik olduğu potensialdan səmərəli istifadə məqsədilə təsdiqlənən Dövlət Proqramlarının uğurlu icrasını təmin etmişdir. 2004-2008-ci illəri əhatə edən  regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan  vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi  növbəti  2009-2013 və 2014-2018-ci illər üçün  Dövlət Proqramlarının qəbulunu və icrasını zərurətə çevirmişdir.  Son  ümumxalq səsverməsindən sonra   ikinci və üçüncü Dövlət Proqramları icra olunmuş və olunmaqdadır. Proqramlardan irəli gələn vəzifələrin uğurlu icrasının nəticəsidir ki, hazırda işsizlik və yoxsulluq  səviyyəsi 5 faizdir.  Bir milyon 500 mindən artıq yeni iş yeri açılıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılıb. Belə ki, əmək haqları və pensiyalar artırılmış, aztəminatlı ailələr ünvanlı sosial yardım proqramından bəhrələnirlər. Dövlətimizin başçısı  İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır.  Həyata keçirilən siyasətin, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına stimul verir, cəmiyyətdə  yüksək əhval-ruhiyyə yaradır. Hazırda bölgələr arasında sağlam rəqabət gedir. Bu gün bu fikri böyük inam hissi ilə qeyd edə bilərik ki, artıq paytaxtla bölgələr arasında fərq  aradan götürülmüşdür. Ən əsası  hazırda nəinki paytaxt, bölgələrimiz  belə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Möhtərəm Prezidentimiz  İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi bu fikirlər Azərbaycanın uğurlarının ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir: «Azərbaycan bu gün zirvədədir.  Azərbaycan bu gün müstəqil, inkişafda olan  güclü dövlət kimi uğurla  irəli gedir. Bizim  siyasi, iqtisadi  sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla  fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.»

İqtisadi və siyasi  islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu da günbəgün möhkəmlənir. Belə ki, 2011-ci ildə dünyanın 155 ölkəsinin dəstəyi ilə  Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.  Bu, Azərbaycanın uğurlarına, eyni zamanda ədalətli  mövqeyinə böyük dəstək idi.

Sözsüz ki, Azərbaycanın 25 illik müstəqillik tarixini, ayrı-ayrı mərhələlərdə görülən işlərin hamısını bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan uğurlarla kifayətlənilmir, daim irəliyə baxmaqla, yeni-yeni hədəflərə çatmaq üçün ciddi addımlar atılır. Əvvəldə də vurğuladığımız kimi, Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə  Azərbaycanın  müstəqillik tarixində qazandığı uğurların əsasında işlənib hazırlanan və təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası davamlı inkişafın yol xəritəsidir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, təbii ki,  birgə səylər fonunda uğurlu islahatların davamlılığına dəstək  olmalıyıq.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın dəyişməz mövqeyini dünyanın ən mötəbər təşkilatlarının tribunalarından  bəyan edən möhtərəm Prezidentimiz  İlham Əliyev bildirir  ki,  biz bu mövqedən bir addım belə  geri çəkilməyəcəyik. Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurlar, eyni zamanda iqtisadi imkanları fonunda hərbi qüdrətini daha da möhkəmləndirməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə geniş yol açır. Xalqımız tam əmindir ki,  bu problemimiz də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycan öz inkişafı ilə daha yüksək zirvələri fəth edəcək.

Konstitusiyanın 23 maddəsinə dəyişikliklərin edilməsi, 6 maddənin  əlavə olunması dövrün tələbidir.  Dövlətimizin bu tələbləri zamanında  yüksək səviyyədə həyata keçirməsinin nəticəsidir ki, yeni-yeni hədəflər gündəmə gətirilir və onlara nail olmaqla növbəti dövrün məqsədləri açıqlanır. Müqayisəli təhlil aparsaq, əgər müstəqilliyimizin əvvəllərində xalqımız  yeni, müstəqil Azərbaycan arzusu, istəyi ilə yaşayırdısa, bu gün artıq  inkişaf etmiş ölkələr sırasında addımlamaq  əsas hədəfimizə çevrilib. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanın bugünkü reallıqlarını şərtləndirir. Cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında xüsusi rol oynayan qanunlarımız hər zaman təkmilləşir, yeniləşir, dövrün tələblərinə uyğunlaşdırılır. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi qarşıdakı hədəflərə daha yüksək səviyyədə çatmağa stimul verəcək.

- Vüqar müəllim, müasir dövrdə  qanunvericilik sisteminin daim inkişaf etdirilməsi, idarəçilik sisteminin təkmilləşdirilməsi, idarəçiliyin  elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi ilə  yeni forma və metodlarının seçilməsi,  yeni təhlükəsizlik sistemlərinin yaradılması əsas məqsədlərdən biridir. Əlavə və dəyişikliklər arasında bu məqsədləri özündə ehtiva edən düzəlişlərə münasibətinizi bilmək istərdik…     

-  Konstitusiyanın  23 maddəsinə edilən  dəyişikliklərə, eyni zamanda əlavə olunan 6 maddəyə diqqət yetirdikdə qeyd olunan vəzifələrin prioritetliyi  qabarıq şəkildə özünü büruzə verir. Öncə insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə yönələn  əlavə və dəyişikliklərə diqqət yetirmək istərdim.  Vətəndaşlıq hüququnun, seçki hüququnun təminatlarına dair əlavə və dəyişikliklər xüsusilə  diqqət çəkəndir. Bu əlavə və dəyişikliklər bir daha  insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsasında dayanmasına işıq salır. Son ümumxalq səsverməsindən ötən 7 ildə insan hüquq və azadlıqlarının qorunmasına yönələn addımlara diqqət yetirmək kifayətdir. Ənənəvi əvf fərmanları, eyni zamanda Amnistiya aktları humanizmin dövlət siyasətinin əsasında dayanan mühüm amil olduğunu bir daha təsdiqləyir.  O da məlumdur ki,   Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə  daha geniş sferanı əhatə edən «Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» təsdiq edilib. Bu sənəd  atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin həyata keçirilməsinin göstəricisidir. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. Konstitusiyaya təklif edilən əlavə və dyişikliklər də bu məqsədə  xidmət edir. Qeyd edək ki,  71-ci maddənin II hissəsinə bu məzmunda əlavə edilib- «Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.»

Təbii ki, insan hüquqları insan azadlığının  ölçüsünü müəyyən edir. Qeyd etdiyimiz kimi, dövlət vətəndaşlara bütün azadlıqları verir. Amma bir reallığı unutmayaq ki, hər kəs siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq qanun qarşısında eyni məsuliyyəti daşıyır. Yəni, qanunlara əməl etmək hər kəsən vətəndaşlıq borcudur. «İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması» dedikdə  təbii ki, müvafiq  hüquq və azadlığın  konstitusion qaydada çərçivəsinin müəyyən  edilməsi nəzərdə tutulur.  Əlavə və dəyişikliklərdən də göründüyü kimi, vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur və təkmilləşmə dövrün tələbidir.  Hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır ki, dövlətimizin  başçısı İlham Əliyevin bu fikirləri onların aydın mənzərəsini yaradır: «Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.»

Əlavə və dəyişikliklərdə  yaş  məhdudiyyətinin aradan götürülməsi  xüsusilə diqqət çəkəndir. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Dövlətimizn başçısı İlham Əliyevin  gənclərə diqqət və qayğısı  imzalanan Dövlət Proqramlarından, fərman və sərəncamlardan da aydın görünür. Cənab İlham Əliyev gənclərin potensial imkanlarından səmərəli istifadənin vacibliyini hər bir çıxışında xüsusi qeyd edir.  Müasir dövrdə elmi-texniki tərəqqinin  sürətli inkişafını,  gənc nəslin bu inkişafdan daha yüksək səviyyədə bəhrələndiyini,  bu və ya digər  mühüm hadisələrə daha çevik və məntiqi cavab verdiklərini və bu kimi  biri-birindən əhəmiyyətli   uğurları nəzərə alsaq,  yaş senzinin azaldılmasının mütləq olduğunu  daha aydın görə bilərik. Konstitusiyanın 85-ci maddəsinin I hissəsində Milli Məclis deputatı seçilmək  üçün yaşı 25-dən aşağı olmama, 100-cü maddəsində Azərbaycan Respublikası Prezidenti seçilmək üçün yaşı otuz beşdən aşağı olmama, 121-ci maddəsində Azərbaycan Respublikası Baş naziri vəzifəsinə təyin olunmaq üçün yaşı 30-dan aşağı olmama,  Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin olunmaq üçün yaşı 30-dan aşağı olmama şərtləri nəzərdə tutulur ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər bu məhdudiyyətləri aradan qaldıracaq.

Konstitusiyanın  101-ci maddəsinin I hissəsində  «5» rəqəminin «7» rəqəmi ilə  əvəz edilməsi və «Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər» məzmunda   cümlənin əlavə olunması təklif edilir. Bu əlavə və dəyişiklik də  dünya praktikasına müraciət etsək,  qəbul olunandır, eyni zamanda mütləqdir. Bu gün ölkəmizin uğurlarına diqqət yetirsək, bu fonda deyə bilərik ki, davamlı inkişaf növbəti dövr üçün yeni prioritetlərin müəyyənləşdirilməsini zəruri edir.  Azərbaycanın sosial-iqtisadi inkişafı, sabitliyi, demokratik  tərəqqisi, beynəlxalq münasibətlər sistemində artan mövqeyi və s. kimi amillər  qarşıya qoyulan məqsədlərə   nail olmaq üçün prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılmasının zəruriliyinə bir daha işıq salır. Xalq dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyir, xalq-iqtidar birliyi sarsılmazdır. Bu fikir beynəlxalq  sorğu mərkəzlərinin keçirdiyi sorğuların nəticələrində də öz əksini tapır ki, xalqın prezidentinə etimadının böyük olduğu ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz.  Dövlətimizin  həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq səviyyədə qeyd olunursa, bu halda prezidentlik dövrünun 5 ildən 7 ilə uzadılması sosial sifariş kimi dəyərləndirilməlidir.

Bu gün Azərbaycanın hər sahədə sürətli inkişafı, ən islahatçı ölkə kimi tanınması, ən əsası adının xoşbəxt ölkələr sırasında yer alması təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün və düşünülmüş siyasətin möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. Xatırlasaq, cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu fikri böyük inam və qətiyyətlə bildirmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 13 ilin uğurların bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını bir daha nümayiş etdirir. Məhz xalqın ölkə Prezidenti İlham Əliyevə inam və etimadının nəticəsidir ki, 2008 və 2013-cü illərin prezident seçkilərində yenidən qələbəsini təmin etmişdir. Bu fonda söyləyə bilərik ki, prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılması vacibdir, önəmlidir.  Əminik ki,  təbliğat-təşviqat mərhələsində Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətinin düzgün təhlili  seçicilərin 26 sentyabr ümumxalq səsverməsində xüsusi fəallığı ilə müşayiət olunacaq. 

- «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən seçilmiş səlahiyyətli nümayəndə kimi təbliğat-təşviqat kampaniyası çərçivəsində  bölgələrdə seçicilərlə görüşləriniz olur. Bu görüşlər sizdə 26 sentyabr ümumxalq səsverməsi ilə bağlı  hansı təəssüratı yaradır?  

- Reallıqların içərisində olan xalq atılan hər bir addımın əhəmiyyətini, mahiyyətini düzgün dəyərləndirir. Hər addımda özünə diqqətin, qayğının şahidi olan ölkə ictimaiyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarının əsasında dayanan «Həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır» tezisinin reallıqlarda öz əksini tapdığının şahididir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi, möhtərəm Prezidentimizin sərəncamları ilə  rayonların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması inkişafa böyük stimul verir. Cənab İlham Əliyevin hər bir bölgəyə səfəri yeni-yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. İctimaiyyət nümayəndələri ilə görüşlərində onların problemləri ilə yaxından tanış olan dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumlara tapşırıqlar verməsi böyük rəğbət hissi ilə qarşılanır. Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, nə zaman ki, xalq görülən işlərdən razı qalır, onda biz də razı oluruq.

Bu günümüzün əsas tələblərindən biri neft kapitalını insan kapitalına çevirməkdir. Cənab İlham Əliyev bildirir ki, burada  hər bir məsələdə insanlara diqqət və qayğıdan söhbət gedir.

Ölkəmizdə insan amilinə verilən dəyər beynəlxalq səviyyədə də təqdir edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın yoxsuluqla mübarizə sahəsində təcrübəsi digər ölkələrə nümunə göstərilir və öyrənilməsinin vacibliyi bildirilir. Konstitusiyamızın «Dövlətin ali məqsədi» maddəsində də qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsəd atılan addımlardan, əldə olunan uğurlardan daha aydın görünür.

Bu baxımdan söyləyə bilərəm ki, ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsi çərçivəsində bölgələrdə seçicilərlə görüşlər məndə xoş ovqat yaradır. Bu baxımdan ki, ictimaiyyət bu görüşlərə böyük əhval-ruhiyyə ilə qatılır, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətini daha dərindən öyrənməyə səy göstərir. Ölkənin hərtərəfli inkişafına dəstək olacaq Referendum Aktı layihəsinə insanların dəstəkləri xüsusi diqqət çəkir. Azərbaycan vətəndaşları bu əminliyi ifadə edirlər ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə fəal şəkildə qatılacaq, seçki hüquqlarından istifadə edərək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə dəstəklərini verəcəkləri səsləri ilə təsdiqləyəcəklər.