YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya əlavə və dəyişikliklər inkişafın yeni mərhələsinin təminatıdır

Müsahibimiz Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Elşad Nəsirov

- Elşad müəllim, hər bir ölkənin inkişafı  islahatların davamlılığını bir tələb kimi ortaya qoyur. 26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişiklikləri  zəruri edən səbəblər hansılardır. Bu düzəlişlər ölkəmiz üçün nə vəd edir?

- İstənilən  cəmiyyəti dövlətsiz, istənilən hüquqi,  demokratik  dövləti isə konstitusiyasız təsəvvür etmək mümkün deyil. Konstitusiya cəmiyyət, dövlət, vətəndaş arasındakı münasibətlərin əsasını, özəyini  tənzimləyir, insanın cəmiyyətdə yerini müəyyən edir. Konstitusiya demokratiyanın ən vacib institutlarından, bəşəriyyətin ən mühüm nailiyyətlərindən biridir, hər bir dövlətin hüquq sistemində xüsusi yerə malikdir.

Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası qəbul olunduğu dövrdə həmin dövr üçün ən təkmil konstitusiyalardan biri olmuşdur. Lakin cəmiyyət və dövlət həyatında baş verən fundamental dəyişikliklər, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması strategiyası ilə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiqliyi və bu sahədə beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul olunması, Azərbaycanın  dünyaya, ilk növbədə Avroatlantika məkanina sürətli inteqrasiyası, çoxsaylı beynəlxalq təşkilatlara üzv olması,  habelə dünya dövlətləri ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində səmərəli əməkdaşlıq göstərməsi, ölkə iqtisadiyyatının surətli inkişafı və onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilməsi, «Əsrin müqaviləsi»nin icrası prosesində Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçılarından birinə, həmçinin regionun aparıcı dövlətinə çevrilməsi, beynəlxalq əhəmiyyətli çoxsaylı layihələrin həyata keçirilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə etibarlı tərəfdaş qismində çıxışı, elmi-texniki tərəqqinin nailiyyətlərinin həm cəmiyyətin siyasi idarəçilik mexanizminin,  həm də dövlətin iqtisadi inkişafınin təmin olunmasına təsirinin yüksək dəyərləndirilməsi və s. bu kimi əhəmiyyətli məsələlər  Konstitusiyada artıq iki dəfə düzəlişlərin edilməsini zəruri etmişdir. Nəticə etibarilə 24 avqust 2002-ci ildə Konstitusiyanın 24 maddəsində 32, 18 mart 2009-cu ildə isə 29 maddəsində 41 əlavə və dəyişiklik edilərək,  bir daha təkmilləşdirilmiş, konstitusion norma və prinsiplər dövrün tələblərinə uyğunlaşdırılmış və Azərbaycanın gələcək inkişafı üçün hüquqi zəmin yaratmışdır.

Azərbaycanın ilk milli Konstitusiyasının qəbulundan sonra keçən bu müddətdə aparılan siyasi və iqtisadi islahatların, həyata keçirilən demokratik dəyişikliklərin, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinin, respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük uğurların əldə edilməsinin təməlində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin əvəzolunmaz xidmətləri dayanır.  Onun müəllifi olduğu demokratik, hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-iqtisadi inkişaf strategiyası, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və mültikulturalizm prinsipləri möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün yüksək idarəetmə qabiliyyətinə malik olan cənab İlham Əliyev dünya siyasətinin əsaslarını diqtə edən hegemon dövlətlərlə yanaşı, region dövlətləri ilə də balanslaşdırılmış, qətiyyətli və uzaqgörən xarici siyasət kursunu davam etdirməklə müharibələrin tüğyan etdiyi, terrorçuluğun və dini ekstremizmin geniş vüsət aldığı indiki şəraitdə Azərbaycanın təhlükəsizliyini təmin edir, onun alternativi olmayan rəhbərliyi altında Azərbaycan hərtərəfli və dinamik inkişaf yolundadır, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edilir, insan ləyaqətinin və insanpərvərlik prinsiplərinin ali dəyərlər kimi qorunması istiqamətində ardıcıl iş aparılır, demokratik, hüquqi dövlət quruculuğu davamlı olaraq inkişaf etdirilir.

   Müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daimi inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının surətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, habelə İKT sistemlərinin əks təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin  yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir.

-  Konstitusiyanın «Dövlətin ali məqsədi» maddəsində də bu reallıq öz əksini tapıb ki,  insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişləri necə şərh edərdiniz?

- «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktı Konstitusiyanın 23 maddəsində 34 əlavə və dəyişikliklərin edilməsini, həmçinin Konstitusiyaya, onun strukturunu dəyişən 6 yeni maddənin əlavəsini  nəzərdə tutur. Təklif olunan düzəlişləri iki əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür: insan hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, beynəlxalq universal və regional xarakterli hüquqi aktlara uyğunlaşdırılması, təminatlarının və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi; hakimiyyət bölgüsü prinsipinin, «çəkindirmə və tarazlaşdırma» mexanizminin, habelə siyasi idarəçilik və yerli özünüidarə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi.

İnsan hüquqları insan azadlığının ölçüsünü müəyyən edir və insan azadlığı mütləq ola bilməz. Əgər belə olsaydı hər bir insan, iradəsi buyurduğu hər bir hərəkəti etmək imkanına malik olardı, bu hal başqalarının maraq və mənafelərinə xələl gətirərdi və nəticə etibarilə insanlar arasında daimi təbii müharibə vəziyyəti mövcud olardı. Mənim azadlığım orda bitir ki, orda sənin azadlığın başlayır. Deməli, insan hüquqları dövlət mənafeyi, habelə digərlərinin hüquq və azadlıqlarının qorunması naminə məhdudlaşdırıla bilər. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarına dair məhdudiyyətlər hər hansı bir normativ hüquqi aktda deyil, yalniz konstitusiyanın özündə və ya konstitusiyanın birbaşa yol verdiyi halda qanunda müəyyən oluna bilər. Konstitusiyanın 71-ci maddəsinin III hissəsində qeyd olunur ki, «müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.» Qeyd olunan hallardan hər hansı biri ilə bağlı məhdudlaşdırılmış hüquq və azadlıqlardan istifadə imkanı müvafıq halın başa çatması ilə bərpa olur və şəxs müvafiq hüquqlarından tam həcmdə istifadə etməyə başlayır. Deməli, birinci halda, yəni «insan hüquq və azadlıqlarının məhdudlaşdırılması» dedikdə müvafiq hüquq və azadlığın konstitusion qaydada çərçivəsinin müəyyən olunması, məzmun etibarilə bu hüquqa münasibətdə bir sira məhdudiyyətlərin nəzərdə tutulması başa düşülürsə, «insan hüquq və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması» dedikdə artıq konstitusiyada təsbit olunmuş hüquq və azdlıqların məzmununa toxunmadan konstitusiyada və qanunlarda nəzərdə tutulan hallarda onlardan müəyyən müddətə və qismən istifadə etməyə qoyulan məhdudiyyət anlaşılır. Referendum aktında söhbət birinci haldan gedir.

Hazırda irəli sürülən təklif əslində 18 mart 2009-cu il tarixli referendum zamanı 71-ci maddənin II hissəsinə əlavə edilmiş ikinci cümlənin təkmilləşdirilməsinə xidmət edir və yalnız müsbət cəhətdən xarakterizə edilə bilər. Belə ki, 71-ci maddənin II hissəsinin ikinci cümləsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Burada hüquq və azadlıqların məhdudlaşdırılmasının əsasları göstərilsə də, onun məhdudlaşdırılması dərəcəsi müəyyən olunmur. Bu baxımdan qeyd edə bilərik ki, 71-ci maddənin ikinci hissəsinə məhz bu məzmunda yeni cümlənin əlavə olunması Konstitusiyada təsbit olunan insan hüquq və azadlıqlarının əsas prinsiplərinin mahiyyətinə tamamilə uyğundur, insan hüquq və azadlıqlarının təminat mexanizminin təkmilləşdirilməsinə xidmət edir.

Referendum Aktının 9-cu bəndində  Konstitusiyanın 53-cü maddəsinin I hissəsində «heç bir halda» sözlərinin çıxarılması və «vətəndaşlığından» sözündən sonra «(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)» sözlərinin əlavə edilməsi təklif olunur. Təklif olunan dəyişiklikdən sonra 53-cü maddənin I hissəsi aşağıdakı məzmuna malik olur:  «Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.” Bu baximdan araşdırılması zəruri olan məqam vətəndaşlığın qanunla itirilmə halları, onların hansı zərurətdən müəyyən olunması və ümumiyyətlə, Konstitusiyanın vətəndaşlıq hüququ ilə bağlı məsələləri müəyyən edən müddəaları ilə uzlaşması ilə bağlıdır. Hər bir dövlət öz vətəndaşlarının hüquq və mənafelərini müdafiə etmək, hətta vətəndaşları xarici ölkənin ərazisində olduqda belə onlara himayəçilik etmək vəzifəsi daşıyır. Konstitusiyamızda və­tən­daşlıq institutunun əsasları hüquq kimi 52-ci və 53-cü maddələrdə nəzərdə tutulur.

İnsan hüquqlarının qorunmasına xidmət edən digər əlavə və dəyişikliklərə diqqət yetirək. Konstitusiyanın insan hüquq və azadlıqlarının əsas prinsiplərini nəzərdə tutan 24-cü maddəsinin ikinci hissəsində qeyd olunur ki, «Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.»” Referendum Aktının 10-cu bəndində  Konstitusiyanın 56-cı maddəsinin III hissəsində «seçkilərdə iştirak etmək” sözlərinin «seçilmək» sözü ilə əvəz edilməsi təklif olunur. Konstitusiyanın hazırda qüvvədə olan 56-cı maddəsinin III hissəsində nəzərdə tutulur ki, «Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.»  Burada ilk növbədə «seçkilərdə iştirak etmək hüququ»  və «seçilmək hüququ» ” anlayışlarının mahiyyət və məzmununun araşdırılması, onlardan hansının daha geniş məzmuna malik olmasını müəyyən etmək zəruridir. Çünki konstitusion dəyişikliyin əsas məğzi bilavasitə bu anlayışlarla bağlıdır.

Təbii ki, Konstitusiyanın 23 maddəsinə edilən 34 əlavə və dəyişikliyin, eyni zamanda əlavə olunan 6 maddənin hər birinin təhlilini bir müsahibə çərçivəsində vermək qeyri-mümükündür.  Hər bir əlavə və dəyişiklik öz mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumi nəticə budur ki, insan hüquq və azadlıqlarının qorunması, müdafiəsi dövlət siyasətinin əsasını təşkil edir. 

- Konstitusiyaya əlavə və dəyişikliklərdə  vitse-prezidentlik institutunun yaradılması, prezidentliyə, deputatlığa namizədliyin yaş həddinin aşağı salınması ən mühüm məsələlərdəndir. Bu struktur  islahatların həyata keçirilməsinin zəruriliyini ortaya qoyur…

- Referendum aktının layihəsi ilə  Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri  yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu dəyişikliklə əlaqədar əsas məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və siyasi idarəetmə mexanizminin  müasir dövrün tələblərinə cavab verməsinin təmin edilməsi, icra hakimiyyətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, məsuliyyəti və intizamının möhkəmləndirilməsidir. Qeyd edilən institutun təsis edilməsi, həmçinin sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsinə və onların icrasının sürətləndirilməsinə də xidmət etmək məqsədini daşıyır.

Yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı əlavə və dəyişikliklər də diqqətçəkəndir.  Referendum aktının 17-ci bəndində Konstitusiyanın 85-ci maddəsinin I hissəsində «yaşı 25-dən aşağı olmayan» sözlərinin «seçkilərdə iştirak etmək hüququna malik olan» sözləri ilə əvəz olunması, 20-ci bəndində  Konstitusiyanın 100-cü maddəsindən «yaşı otuz beşdən aşağı olmayan» sözlərinin çıxarılması, 27-ci bəndində  Konstitusiyanın 121-ci maddəsinin mətninin «Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir» redaksiyasında verilməsi, 28-ci bəndində  Konstitusiyanın 126-cı maddəsinin I hissəsində «Yaşı 30-dan aşağı olmayan, seçkilərdə» sözlərinin «seçkilərdə» sözü ilə əvəz edilməsi təklif olunur.

Müasir İKT imkanlarından istifadə edən gənc nəsil hadisə və proseslərə daha çevik reaksiya vermək, onları məntiqi cəhətdən təhlil etmək, fikir yürütmək və mövqe bildirmək iqtidarına malik olmaq üstünlüyü ilə fərqlənir. Belə bir şəraitdə süni şəkildə yaş senzinin yüksəldilməsi həm qeyri-demokratikdir, həm də əsassız olaraq seçki korpusunun əhatə dairəsini daraldır, nəticə etibarilə vətəndaşların seçki hüququnu həyata keçirmək imkanını həm aktiv, və həm də passiv mənada məhdudlaşdırmış olur.

- Elşad müəllim, Konstitusiyaya əlavə və dəyişikliklər arasında prezidentin səlahiyyət müddətinin artırılması əsas müzakirə olunan məsələlərdəndir. Bununla bağlı fikirlərinizi bilmək istərdik…

- Referendum aktının 21-ci bəndində Konstitusiyanın 101-ci maddəsinin I hissəsində «5» rəqəminin «7» rəqəmi ilə əvəz edilməsi və «Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər» məzmunda ikinci cümlə əlavə olunması təklif olunur. Prezidentlərin səlahiyyət müddəti ilə bağlı dünya təcrübəsinə nəzər salsaq görərik ki, prezidentlərin səlahiyyət müddətləri bir qayda olaraq 4-7 il arasında dəyişir. Prezidentlərin səlahiyyət müddətləri bir sıra səbəblərlə, o cümlədən dövlətçiliyin inkişaf tarixi, ölkənin siyasi sisteminin xüsusiyyətləri, hakimiyyət bölgüsü mexanizmində prezidentin hüquqi statusu, müəyyən qədər ölkənin geosiyasi durumu, habelə siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu və s. amillərlə şərtlənir. Referendum aktında Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılmasına dair dəyişiklik də ilk növbədə qeyd olunan əsaslarla, həmçinin həm dövlət başçısı və həm də icra hakimiyyətinin mənsub olduğu ali vəzifəli şəxs kimi seçki öncəsi proqram və platformasında nəzərdə tutulan və seçiləcəyi təqdirdə  strateji əhəmiyyətli çoxsaylı layihələrin həyata keçirilməsi, siyası sabitliyin qorunub saxlanması, iqtisadi inkişafın davamlılığının təmin edilməsi, çoxsaylı regional və beynəlxalq layihələrin icrasına lazımi şəraitin yaradılması,  iqtisadiyyata investisiya qoyuluşunun etibarlılığının təmin edilməsi,  eləcə də dövlətçiliyin varisliyinin təmin edilməsi, dövlətin müdafiəsinin və milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Respublikamızda həyata keçirilən çoxsaylı islahatlar sübut edir ki, bir çox layihələri, o cümlədən müxtəlif sferaları əhatə edən dövlət proqramlarını, habelə prezident seçilmiş şəxsin özünün seçkiqabağı proqramını həyata keçirməsi üçün beş illik müddət yetərli olmur.

Dünya təcrübəsinə nəzər salsaq görürük ki, müasir dövrdə bir çox ölkələrdə prezidentin səlahiyyət müddətlərinin 6-7 ilə qədər artırılması tendensiyası müşahidə olunur. Məsələn, Rusiya Federasiyası Prezidentinin səlahiyyət müddəti konstitusion islahatlar çərçivəsində 4 ildən 6 ilə artırılmışdır. Prezidentin səlahiyyət müddətinin uzunmüddətli olması praktikası bir çox digər qabaqcıl və demokratik ölkələrdə də mövcuddur. Məsələn, İtaliya, İrlandiya 7 il, Finlandiya, Avstriya, Meksika 6 il və s.

Qeyd olunanları ümumiləşdirsək, Konstitusiyaya Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı təklif olunan dəyişiklik Azərbaycan dövlətçiliyinin varisliyinin, ölkənin ardıcıl və davamlı sosial-iqtisadi inkişafının və siyasi sisteminin sabitliyinin təmin olunmasına, münbit investisiya mühitinin yaranmasına, dövlətin müdafiəsi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, dövlət idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsində əsas məqsəd Konstitusiyaya əlavə və dəyişikliklərin hər birinin mahiyyətini əsaslı şəkildə seçicilərə çatdırmaq, onları düzgün maarifləndirməkdir. Əminik ki, təbliğat işinin lazımi səviyyədə qurulması seçicilərin 26 sentyabr ümumxalq səsverməsində xüsusi fəallığı ilə müşaiyət olunacaq, Azərbaycanın hərtərəfli inkişafına töhfə olan bu düzəlişlər yüksək səviyyədə dəstəklənəcək. Seçki hüququndan  istifadə edərək Referendum Aktı layihəsinə səs verək!