YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiya islahatları milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edir

Müsahibimiz Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Nizami Cəfərov

- Nizami müəllim, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – referendum Konstitusiya islahatları sahəsində növbəti mühüm mərhələ kimi səciyyələndirilir. Bu referendumun keçirilməsini zəruri edən başlıca amilləri necə təsnif etmək olar?

- Düşünürəm ki, «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər haqqında» Referendum Aktının fəlsəfəsində bir birilə dialektik, sıx bağlı olan iki məsələ dayanır. Onlardan birincisi, dünyada baş verən iqtisadi, ictimai-siyasi proseslər və bu proseslər zəminində xalqımızın, dövlətçiliyimizin maraqlarının qorunmasıdır. Yəni bu elə bir məsələdir ki, hər bir dövlət, böyük və kiçik xalq və ya dövlət olmasından asılı olmayaraq özünü müdafiə etməlidir.

Tarix boyu belə olub. Müasir dünyanın öz prinsipləri, öz modelləri, özünü qoruma texnologiyaları var. Azərbaycan bu baxımdan olduqca mükəmməl konsepsiyaya malikdir. Hətta məsələ yalnız konsepsiya səviyyəisndə qalmır, kifayət qədər böyük təcrübə əldə olunub.

İkinci məsələ isə ondan ibarətdir ki, Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycan vətəndaşının şəxsiyyətinin qorunması, həyatının təmin olunması faktoruna yüksək səviyyədə əməl edilir. Yəni ölkəmizdə müasir dünyanın insan hüquqları deyilən normal fəlsəfəsinə əməl olunur. Bunun üçün də hər iki məsələ, həm özünü qorumaq, həm də insan hüquqlarının qorunması üçün dövlətin, hakimiyyətin möhkəmləndirilməsinə ardıcıl olaraq çox böyük zərurət var. Fikrimcə, bu referendum aktının da əsas vəzifəsi bu iki zəruri tələbi əlaqələndirmək və hakimiyyətin daha dinamik və uğurlu şəkildə bu tələblərin ödənilməsinə istiqamətləndirməkdir.

- Konstitusiya dəyişikliklərinin həyata keçirilməsi digər sahələri əhatə edən ardıcıl islahatların səmərəliliyi və davamlılığına necə təsir göstərəcək?

- Hər bir demokratik dövlətin davamlı inkişafını şərtləndirən başlıca amillərdən biri ardıcıl islahatların həyata keçirilməsidir. Siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən fundamental islahatlar çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini təmin edir. Bəli, fundamental islahatlar sırasında ölkənin Ana Qanunu kimi səciyyələndirilən konstitusiya islahatları xüsusi yer tutur.

Əminliklə qeyd etmək olar ki, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini çoxşaxəli islahatların davamlılığının təmin edilməsi təşkil edir. Azərbaycanda həyata keçirilən islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir. Ölkəmizdə konstitusiya islahatları da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, 1995-ci il noyabr ayının 12-də referendumla qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ötən müddət ərzində müəyyən dəyişikliklər və əlavələr edilmişdir. 24 avqust 2002-ci il və 18 mart 2009-cu il keçirilən ümumxalq səsverməsi-referendumlar vasitəsilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental töhfələr bəxş edib.

- Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində əsas etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi və bir sıra digər məsələlər əks olunub ki, bu da ölkəmizdə islahatlar fəlsəfəsinin məhz milli maraqlara və inkişafa xidmət etdiyini göstərir.

Konstitusiyaya təklif edilən edilən əlavə və dəyişikliklər özündə kompleks məsələləri ehtiva edir. Əvvəla, onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Digər tərəfdən, layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Məhz bu, odarəetmə sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqla bu sahədə daha çevik və effektiv fəaliyyəti təmin etmiş olacaq. Bununla yanaşı, Silahlı Qüvvələrlə bağlı təklif olunan dəyişikliklər də təqdirəlayiqdir. Əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olacaq. Yəni Konstitusiya dəyişikliklərində bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması ilə bağlıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü proqram və layihələri daha məqbul zaman formasında icra etməyə imkan verir, həm də özündə dünya təcribəsini ehtiva edir. Qeyd edim ki, hazırda dünyanın 30–a yaxın ölkəsində prezidentlik müddəti 7 ildir. İtaliya, İsrail, İslandiya, Qazaxıstan kimi ölkələrdə də prezidentlik müddəti 7 il olaraq təsbit edilib.

- Yeri gəlmişkən, ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında insan hüquqlarının müdafiəsi də xüsusi yer tutur...

- Referendum Aktının layihəsində əksini tapan bütün məsələlər məhz vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasını, onların həyat şəraitinin daha da yaxşılaşmasını, dövlət qurumlarının məsuliyyətinin artırılması və digər sosial məzmunlu məqamları özündə ehtiva edir. Bu fikiri daha dəqiq ifadə etmək üçün bir sıra nümunələrə nəzər yetirmək gərəkdir. Layihədə Konstitusiyanın 24-cü maddəsində III hissəyə “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib. Bu, hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, hüquqlardan sui-istifadə hallarına qarşı effektiv mübarizəyə xidmət edən addım kimi xarakterizə edilə bilər. Hüquqların qorunmasından bəhs edərkən yeni layihədə 32-ci maddəyə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”, “Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz” və “Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir” məzmunlu VI, VII və VIII hissələrin Konstitusiyaya əlavə edilməsi də qeyd edilib. Bəhs edilən layihədə təhlükəsizliklə bağlı məsələlər də yer alıb. 58-ci maddənin IV hissəsinin birinci cümləsinin aşağıdakı “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” redaksiyada verilməsi qeyd edilib. Bununla yanaşı, Referendum Aktının layihəsində Konstitusiyaya “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Eyni zamanda, layihədə Konstitusiyanın 29-cu maddəsində V hissəyə “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib.

- «Yeni Azərbaycan» təşviqat qrupu təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təşviqat qrupunun fəaliyyətinə, vətəndaşlarla görüşlər zamanı müşahidə edilən reallıqlara dair nə deyə bilərsiniz?

- Bütövlükdə, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir. Bir sözlə, milli maraqlara xidmət edən Konstitusiya islahatları zərurətdən qaynaqlanır.

Təbii ki, referendum aktının qəbul olunması üçün «Yeni Azərbaycan» təşviqat qrupu xüsusi kampaniya həyata keçirir. Bu prosesdə YAP-ı təmsil edən millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar, yəni mütəxəssislər iştirak edirlər. Burada referendum aktının məzmununun cəmiyyətdə çatdırılması əsas məsələdir. Məncə, insanlarla görüşdə  təbliğatçılar üçün heç bir çətinlik yoxdur. Çünki  cəmiyyətimiz kifayət qədər hazırlıqlı cəmiyyətdir. Müstəqillik illəri ərzində ölkədə aparılan siyasət elədir ki, Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir. Ona görə də, bu məsələdə təbliğatın normal gedişi üçün hər cür şərait var.

Sadəcə olaraq, bu proses həm də onunla əlamətdardır ki, cəmiyyətimiz dövlətin işində bilavasitə iştirak səviyyəsini daha da artıracaq. Yəni bizim cəmiyyətimiz istənilən məsələni, xalqın, dövlətin, hətta dünyanın taleyi ilə bağlı olan məsələləri  çox obyektiv şəkildə müzakirə etmək və qərar qəbul etmək imkanına malikdir. 

Mən bütün seçiciləri sentyabrın 26-da seçki mənqələrinə dəvət edir, onları referendum aktına səs verməyə çağırıram. İnanıram ki, belə də olacaq.