YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycançılıq məfkurəsi multikulturalizmlə üzvi vəhdət təşkil edən milli ideologiyadır

Müsahibimiz Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı

- Mübariz müəllim, müasir dövrdə mütərəqqi milli ideologiyalar ilə ümumbəşəri dəyərlərin ahəngdarlığı milli həmrəylik və inkişafı təmin edən strateji faktor kimi xarakterizə edilir. Bu məsələnin Azərbaycan təcrübəsini necə dəyərləndirmək olar?

- Bəşəriyyətin tarixi təkamül prosesi göstərdi ki, hər bir dövlətin uzunömürlülüyünü təmin edən, cəmiyyəti öz ətrafında birləşdirməyə qadir, eyni zamanda, xalqın mental düşüncəsində dərin kök salmış bir ideologiyaya ehtiyac vardır. Bu faktor çoxmillətli və çoxkonfessiyalılığı ilə tanınan ölkələr üçün daha aktualdır desək, yanılmarıq. Dünyaya və regiona hegemonluq iddiasında olan qüvvələrin maraqlarının kəsişdiyi coğrafi məkanda yerləşən Azərbaycan məruz qaldığı xarici təhdidlərə daim ölkədə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərin həmrəyliyi, birliyi şəraitində sinə gərərək yalnız öz mövcudluğunu qorumamış, həm də dünya sivilizasiyasına zənginliyi ilə yadda qalan maddi-mənəvi irs bəxş edə bilmiş, müsəlman Şərqində çoxsaylı ilklərə imza atmışdır. Bu baxımdan əminliklə deyə bilərik ki, multikultural cəmiyyət anlayışı mahiyyət etibarilə çağdaş dövrdə birləşdirici faktor və həmrəyliyimizin ifadəçisi kimi çıxış edən azərbaycançılıq məfkurəsinə yad olmayan sosial münasibətlər toplusudur. Ona görə də Prezident İlham Əliyev bu anlayışın dilimizə yeni söz kimi daxil olmasına baxmayaraq, ənənə baxımından qədim olduğunu bildirir: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.

Azərbaycançı düşüncə hətta SSRİ kimi böyük imperiyanın dünyadan təcrid olunma şəraitində xalqları həm cismani, həm də öz təbliğat maşını vasitəsilə mənəvi əsarətdə saxladığı illərdə də aktuallığını itirməmişdir. 70 illik Sovet işğalı dövrü yaşadığımız təbəddülatlar göstərdi ki, ölkədə müxtəlifliklər arasında birlik sosial sifariş olmaqla yanaşı, onun təmin edilməsi lider şəxsiyyətlərin qətiyyəti, xalqın maraqları və mənafelərinə sadiqliyindən irəli gəlir.

Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə ölkəyə rəhbərlik etdiyi illərdə xalq üçün taleyüklü olan çox çətin bir missiyanı yerinə yetirmişdi. O, ictimai səviyyədə çətinliklədə olsa, mövcudluğunu qoruya bilmiş azərbaycançı məfkurəni dövlət səviyyəsinə qaldırıb işğalın vurduğu zərbələrin təsiri altında müvazinətini itirmiş xalqla onun maddi-mənəvi tarixi arasında varislik əlaqələrini dirçəldib möhkəmləndirmişdir. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində bir ideologiya ilə paralel Heydər Əliyev şəxsiyyəti də birlik və həmrəyliyin simvoluna çevrilmişdir. Çünki məhz bu tarixi şəxsiyyətin bəsirəti sayəsində hələ SSRİ dövründə Azərbaycançılığın mədəni, siyasi-ideoloji və sosial-iqtisadi əsasları yaradılmışdır.

- Yeri gəlmişkən, azərbaycançılıq ideologiyasının əsasını qoyan Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif dövrlərdə görülən işlər xalqımızın milli mənlik şüurunun formalaşması və inkişafına nə dərəcədə təsir göstərdi?

- Əvvəla onu deyim ki, azərbaycançı düşüncənin inkişafında və yayılmasında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, bir siyasi ideoloq və strateq  olaraq da Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. Ulu öndər Azərbaycan SSR-in rəhbərliyinə gələrkən çox fərqli – millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı bir idarəçilik mexanizmi mövcud idi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi. Bir xalq iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtulmuş oldu.

Həmçinin Heydər Əliyevin təhsil almağa göndərdiyi çoxsaylı tələbələr və müdavimlər sonralar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında və Azərbaycanın həyatında hərtərəfli xidmətləri ilə yadda qalmışlar. Burada bir məqamı xüsusi qeyd etməliyik. Azərbaycançılıq məfkurəsinin mənəvi əsasını təşkil edən Azərbaycan dilinin 1978-ci ildə qəbul edilmiş Konstitusiyada dövlət dili kimi təsbit edilməsi Heydər Əliyev dühasının unikal nailiyyəti idi. Akademik Ramiz Mehdiyev bu barədə yazır: “Ana dilinə münasibətin ifrat dərəcədə siyasiləşdirildiyi və çox vaxt əsassız siyasi ittihamlar üçün zəmin olduğu illərdə Heydər Əliyev Azərbaycan dilinin məişət və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə çatdırılmasına yönəlmiş fəaliyyətlə kifayətlənməyib, həm də öz şəxsi nümunəsi ilə ana dilimizin nüfuzunu artırır, onun elmi cəhətdən öyrənilməsi, geniş yayılması üçün stimul yaradırdı”. Bütün bunlar vətəndaş, şəxsiyyət və lider kimi Heydər Əliyevin dövlətçilik təfəkkürü və azərbaycançılıq məfkurəsinə ən çətin dönəmlərdə də sadiq qalaraq Azərbaycanda milli mənlik şüurunun inkişafındakı xidmətlərinin bariz nümunəsidir.

Ulu öndərin missiyasının yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadığını qeyd edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdiyini, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını da yaratdığını qeyd edib. Xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirib: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurub, onların sarsılmaz vəhdətini təmin edib. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşıb.

Məhz müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin dünya tarixinə töhfə verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: "Mən fəxr edirəm ki, azərbaycanlıyam".

- Bəs azərbaycançılıq milli ideologiya kimi müxtəlif xalqlar, mədəniyyətlər və konfessiyaların birliyinin təmin olunmasında hansı əhəmiyyətə malikdir?

- Bu kontekstdə azərbaycançılıq dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. Azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi, lakin qeyri-radikal islahatçılığı təbliğ edir.

Azərbaycançılıq xalqımızın iztirabları ilə yoğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığının, qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizələrinin tarixi təcrübəsidir.

Beləliklə, azərbaycançılıq ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirir.

Nəticədə, Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında dediyi kimi, millətin və dövlətin vəhdəti və bölünməzliyi ideyası əsas götürülür. Heydər Əliyev demişdir: "Azərbaycançılıq - öz milli mənsubiyyətinin saxlanılması, milli-mənəvi dəyərlərin saxlanılması, eyni zamanda onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir".

- Azərbaycançılıq ideologiyası həm də dövlət idarəçiliyi fəlsəfəsində müstəsna yer tutur...

- Günümüzdə etnokonfessional zənginliyi özündə yaşadan və birləşdirən ideoloji baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil edir. Təsadüfi deyil ki, Ulu öndər siyasi hakimiyyətə qayıdışının ilk günündə etdiyi çıxışda Azərbaycançılığı dövlət idarəçiliyi fəlsəfəsində əsas tezis kimi irəli sürmüşdür: “Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir”.

Dövlət müstəqilliyinin ilk illərində bir tərəfdən ayrı-ayrı şəxslərin şəxsi və qrup mənafeləri, bir tərəfdən hakimiyyətdə olan şəxslərin səbatsızlığı, səriştəsiz idarəçiliyi və digər tərəfdən də ölkəni, xalqı birləşdirəcək xarizmatik liderin və vahid ideologiyanın olmaması müstəqil həyata yenicə qədəm qoymuş Azərbaycan Respublikasının gələcək mövcudluğunu təhlükə qarşısında qoyurdu. Müdriklərin belə bir deyimi var: “Ağıllı insanlar qarşıya çıxan çətinliyi dəf etmək üçün, öncə onu yaradan səbəbləri aradan qaldırırlar”. Böyük ideoloq və strateq kimi Heydər Əliyev tarixən mövcud olan və müxtəlif formalarda – məişət, ədəbiyyat, mədəniyyət, ictimai münasibətlər və s. müstəvidə təzahür edən azərbaycançılığın ayrı-ayrı komponentlərini birləşdirib bu ideologiyanı müstəqil Azərbaycanın dövlət idarəçiliyinin ana xətti və elmi-nəzəri əsasına çevirməsitəkcə dövlətçilik deyil, bəşəri dəyərlər baxımından dauzaqgörən addım idi.Çünki Azərbaycançılıq, təkcə ölkə daxili üçün deyil, həm də yaxınlı-uzaqlı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq soydaşımızı birləşdirəcək, onların müstəqil Azərbaycana doğma ocaq kimi baxmalarına səbəb olacaq məfkurə, Heydər Əliyevin simasında zəngin dövlətçilik təcrübəsinə malik liderin öz xalqı, dövləti qarşısında göstərdiyi əvəzsiz xidmətdir.

- Azərbaycançılıq məfkurəsinin multikulturalizmlə üzvi bağlılığını necə xarakterizə etmək olar? Bu iki məfhum bir-biri ilə vəhdətdə olan və biri digərini zənginləşdirən ayrıca dəyərlər sistemi kimi qiymətləndirilə bilərmi?

- Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycançılıq məfkurəsi multikultural münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi ilə diqqəti cəlb edən beynəlxalq aləmdə öz orjinallığı ilə seçilir. Hər iki məfhum bir-biri ilə üzvi vəhdət təşkil edən ideologiya və həyat norması kimi ölkədaxili ictimai-siyasi və sosial-mədəni münasibətlərin tənzimləyicisi və hərəkətverici qüvvəsi qismində çıxış edir, ziddiyyətlər və təlatümlər burulğanında siyasi maraqların diqtəsi altında hərəkət edən Qərblə Şərqin qovşağında qərar tutmuş Azərbaycanın alturist düşüncədən qaynaqlanan, bəşəri dəyərlərə ciddi önəm verən, mənəviyyatı və humanist prinsipləri bütün maraqların fövqündə saxlayan davranış tərzində öz aydın ifadəsini tapmışdır.

Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır.

Müasir dövr beynəlxalq aləmdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartlarn hakim kəsildiyi şəraitdə humanist dəyərlərin arxa plana keçməsi heç kəsə sirr deyil. Əfsuslar olsun ki, irqçi təmayüllərin, ksenofobiya və neçə-neçə qeyri-insani yanaşma tərzinin gücləndiyi,  hətta ölüm hökmü kimi mürtəce cəza növlərinin kütləvi tətbiqi ilə diqqəti çəkən dairələr az qalsın Azərbaycana insan hüquqları, yaxud din, mənəviyyat “dərs”i keçməyə çalışırlar. Qeyd olunan neqativ mənzərənin fonunda Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir. Bu gerçəkliklər içərisində Azərbaycanın dövlət və cəmiyyət olaraq bəşəri dəyərlərə həssas və humanist münasibətinin müqabilində ölkəmizə qarşı ikili yanaşmalar xeyli dərəcədə qabarıq görünməkdədir. Ölkə rəhbərinin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemlilik və mütəşəkkilliyini artırmaq baxımından 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd edilməklə yanaşı dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirilə bilər.

Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.

- Mübariz müəllim, Azərbaycan multikulturalizminin özünəməxsus xüsusiyyətləri və spesifik model kimi dünyaya təqdim olunması barədə nə deyə bilərsiniz?

- Tarixə nəzər salsaq, eyni zamanda müasir dünya reallığına diqqət yetirsək görərik ki, etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi dinc xarakterli olsa belə, heç də həmişə humanist prinsiplər əsasında reallaşmamış, bu, gah assimilyasiya, gah da izolyasiya kimi neqativ formalarda təzahür etmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, insan hüquqlarına münasibətdə özünü müasir dünyanın “lokomotiv”i sayan dairələr multikulturalizmi ya inkar, ya da imitasiya etməklə təzadlı mövqe nümayiş etdirirlər. Burada multikulturalizmin mövcudluğunu iddia edən bir sıra ölkələrdəki situasiyanı izləmək insanda gerçəkliyi əks etdirən təsəvvür yaratmaqla yanaşı, Azərbaycan reallığının rasional və obyektiv dərki baxımından da bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bəzi Qərb ölkələrində multikulturalizm kimi təqdim olunan sosial münasibətin Azərbaycanla formaca oxşar cəhətləri sezilsə də, məzmun etibarilə fərqli səciyyə daşıması diqqətdən yayınmır. Azərbaycanda minilliklər boyu dinc, yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumuş, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar – dövlət siyasəti əlavə olunmuşdur ki, bu da respublikamızda multikultural mühitin uğurlu perspektivlərini təmin edir.

Dünya təcrübəsindən məlumdur ki, çoxmədəniyyətliliyin söykəndiyi müxtəliflik mühiti ilkin və sonrakı müxtəliflik adlanan formalarda təzahür edir. Multikulturalizmin təntənəsi və iflasında bu amillərin nəzərəçarpacaq rolu olsa da, Azərbaycanda multikultural münasibətlərin uğurlu həlli əsas etibarilə cəmiyyətin özünəməxsusluğu və spesifik dövlət siyasətinin tənzimləyici faktor kimi çıxış etməsindən irəli gəlir. Beləliklə, cəmiyyətdə mövcud olan tolerantlıq, xoşgörü, dinc birgəyaşayış “yuxarıdan gələn” pozitiv müdaxilə ilə möhkəmlənmiş, müxtəlifliklər problem kimi deyil, gerçək mənada zənginlik kimi təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycan reallığındakı müxtəlifliklə bağlı fikirlərini belə ifadə etmişdir: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Hadisələrin gedişi göstərdi ki, fərqliliklərin növü multikulturalizmin dayanıqlı sosial münasibət modeli kimi formalaşmasında həlledici faktor deyildir. Belə ki, istər “ilkin müxtəlifliyin” mövcud olduğu Müsəlman Şərqi, istərsə də “sonrakı müxtəlifliyin” xas olduğu Qərb dünyasında müşahidə edilən mənzərə mövcud olan müsbət ənənələrin  “yuxarıdan” uğurlu tənzimlənməsini qaçılmaz zərurətə çevirmişdir.

Bu gün Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. 2015-ci ilin may ayında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev Öz nitqində bütövlükdə İslam dünyasında gedən prosesləri, həmçinin, dünyada mədəniyyətlərarası münasibətləri çox məntiqli və elmi şəkildə təhlil etdi. Dövlətimizin başçısı xüsusi qeyd etdi ki, bu gün Azərbaycanın tolerantlığı bütövlükdə ayrı-ayrı dünya ölkələri üçün bir örnək rolunu oynaya bilər.

Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Multikulturallıq öz mədəniyyətini inkar etmək demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə, başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə hörmətlə yanaşmaqdır. Tolerantlığın bir çox növləri var və Azərbaycanda bunların hər birinin özünəməxsus yeri var. Lakin Azərbaycan xalqının milli mentalından, adət-ənənələrindən irəli gələrək dini tolerantlıq daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan cəmiyyətinə baxdıqda bu, daha aydın şəkildə görünür. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2054 məscid, 13 kilsə var. Ölkəmizdə Xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü dinlərarası qarşıdurma kimi yozmağın tərəfdarı deyilik. Təəssüf ki, ermənilər bütün təbliğatlarında bu münaqişəni, hətta az qala dinlərarası qarşıdurma kimi də təqdim etməyə çalışırlar.

- Buradan çıxış edərək Azərbaycanda din-dövlət münasibətlərinə, dini vəziyyətə ayrıca diqqət yetirmək lazımdır. Tolerantlıq nümunəsi olan ölkəmizdə dini durum hansı səviyyədədir?

- Bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında bizim xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin müstəsna rolu var.

Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar. Tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, öz xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Bəzən tolerantlığı başqaları qarşısında geri çəkilmək kimi təbliğ etmək istəyənlər olur. Bu, yanlışdır.

- Nümunəvi tolerantlığa malik olan, eləcə də zəngin multikultural dəyərlərin daşıyıcısı kimi çıxış edən Azərbaycan xalqı həm də milli-mənəvi dəyərlərini yaşatmaqdadır...

- İslam dünyasının bir parçası olaraq Azərbaycan milli mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Xalqımızın tarixdən gələn bu xüsusiyyətlərini gələcək nəsillər də yaşatmalıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq.

Milli mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ulu öndərin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıq ideologiyasıdır.

Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Ulu öndər Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi Azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin, XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Biri-birini ahəngdar şəkildə tamamlayanbu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.

Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri bu sahədəki reallıqların ən aydın ifadəsidir.