YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Hərbçilərimiz təmas xəttində ermənilərə, informasiya resurslarımız isə media müstəvisində ermənipərəstlərə layiqli cavab verdilər

Müsahibimiz “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu

- Hikmət müəllim, məlumdur ki, informasiya savaşı bütün müharibələrin xarakterik və əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələr informasiya cəbhəsində də özünü göstərdi. Bu barədə nə deyə bilərsiniz?

- Qlobal informasiya məkanına daxil olan postmodernist cəmiyyətlərdə baş verən bütün hadisələr informasiya mübadiləsi və mübarizəsi kontekstində cərəyan edir. Bu baxımdan, hazırkı mərhələdə hər hansı bir xalqın, dövlətin milli gücünü qiymətləndirərkən, ilk növbədə, onun informasiya gücünə də xüsusi diqqət yetirilir. Ötən əsrin 90-cı illərindən sonra baş verən qlobal dəyişikliklər beynəlxalq münasibətlər sisteminə yeni keyfiyyət gətirməklə informasiyanın gücünü yeni forma və keyfiyyətdə müəyyən etdi. Hazırda bu, “yumşaq güc” kimi xarakterizə olunur. Bu mənada, indiki mərhələdə hər hansı bir ölkənin milli təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli yerə malik olan qaba güc deyə xarakterizə olunan hərbi güc nə qədər önəmlidirsə, “yumşaq güc” kimi səciyyələndirdiyimiz informasiya gücü də bir o qədər əhəmiyyətlidir.

Aprel ayının 1-dən 2-nə keçən gecə qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hadisələrin fonunda biz bir daha Azərbaycanın informasiya məkanında nələrin baş verdiyinin və bütövlükdə, qlobal informasiya məkanında hadisənin işıqlandırılması ilə bağlı hansı müxtəlif yanaşmaların ortaya qoyulduğunun şahidi olduq. Bütövlükdə bəlli oldu ki, Azərbaycan KİV-i, informasiya resursları hər bir situasiyada informasiyanın idarə olunması təcrübəsinə malikdir. 2014-cü il avqust ayında qoşunların təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan mediası ajiotaja səbəb ola biləcək informasiyalar, bəzi hallarda isə müxtəlif dezinformasiyalar yaymaqla müəyyən xətalara yol verdi, düşmən tərəfindən ötürülən təxribat xarakterli informasiyaları, bir növ, mexaniki olaraq milli mediamız təkrar etdi. Bundan dərhal sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Geniş formatda təşkil olunmuş müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edildi. Akademik Ramiz Mehdiyev çıxışında vurğuladı ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. O zamandan bu günə qədər keçən müddət ərzində Azərbaycan mediası müəyyən təcrübə əldə edib və bəhs olunan sonuncu hadisələr zamanı müşahidə edildi ki, ölkə mediasının yol verdiyi əvvəlki səhvlər, əsas etibarilə, təkrar olunmadı.

Əlbəttə, informasiya məkanı dedikdə təkcə media və KİV deyil, eyni zamanda, vətəndaş jurnalistikası – sosial şəbəkələr, müəyyən internet resursları da nəzərdə tutulur. Burada vəziyyət arzuolunan səviyyədə deyildi, amma bütövlükdə, bu istiqamətdə də müsbət dinamika və tendensiyanın şahidi olduq. Bu, onu göstərir ki, Azərbaycanın informasiya məkanı idarəediləndir. Müharibə şəraitində milli informasiya məkanının idarə olunması, yönləndirilməsi və səfərbər edilməsi çox vacib məsələdir və Azərbaycanın müvafiq strukturları, ümumi ictimai düşüncə bu proseslərdə əsas məntiqi düzgün müəyyən edib. Diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qoşunların təmas xəttində baş vermiş hadisələrdən sonra AZƏRTAC-a müsahibəsində Azərbaycan mediasının indiki mərhələdə davranışlarını təqdirəlayiq hesab etdi. Akademik Ramiz Mehdiyev qeyd etdi ki, 2014-cü ilin avqustunda cəbhədə gərginliyin yaranması ilə əlaqədar Azərbaycan KİV-lərində, xüsusilə də internet media və sosial şəbəkələrdə çox ziyanlı süni ajiotaj müşahidə edildi: “Buna görə də avqustun 29-da Prezident Administrasiyası rəhbərinin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə geniş müşavirə keçirildi, mövcud vəziyyət dərindən təhlil olundu, KİV-lərə və mətbuat xidmətlərinə müvafiq tövsiyələr verildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı. Sərəncamda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyəti qaydalarının hazırlanması və təsdiq edilməsi, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların yayılmasının yolverilməzliyi, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər öz əksini tapmışdır. Sonrakı dövrdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilmiş, jurnalist peşəkarlığının yüksəldilməsi, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi və xüsusilə yeni medianın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü addımlar atılmışdır. Təbii ki, bütün bu tədbirlər təsirsiz qala bilməzdi. Son hadisələr də göstərdi ki, kütləvi informasiya vasitələrimiz, jurnalistlərimiz cəbhə bölgəsində gərginliyə olduqca həssas, peşəkarcasına yanaşdılar, dezinformasiyaya uymadılar. Ümumilikdə, ölkənin vətəndaş cəmiyyəti institutları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılarımız, gənclərimiz əsl vətənpərvərlik nümunəsi və vətəndaş mövqeyi nümayiş etdirdilər. Hesab edirəm ki, müşahidə olunan milli həmrəylik bizim böyük nailiyyətimiz və gələcək uğurlarımız üçün vacib amildir”.

Bu sitatdan da göründüyü kimi, milli media resurslarımızın işində müsbət tendensiya mövcuddur və mediamız milli maraqlarımızı qorumaq üçün səfərbər oluna bilir.

- Azərbaycan mediasının davranışlarından bəhs edərək haqlı olaraq sosial şəbəkələrlə bağlı məsələlərə toxundunuz. Amma bu da bir reallıqdır ki, bəzi hallarda sosial şəbəkələrdə müxtəlif sapmaların da şahidi olduq...

- Tamamilə doğrudur. Bu mərhələdə sosial şəbəkə istifadəçiləri KİV-dən müəyyən qədər fərqli olan davranışlar sərgilədilər. Bu da ondan irəli gəlir ki, hazırkı mərhələdə bütün dünyada olduğu kimi, Azərbaycanda da internet resursları üzərindən vətəndaş jurnalistikası kimi təqdim olunan “facebook”, “twitter” və digər internet səhifələrində olan yazıların məsuliyyəti ilə bağlı hüquqi mexanizmlər formalaşmayıb. Yəni bu barədə konkret hüquqi məsuliyyət yaradan sistem yoxdur. Belə olan halda, məsuliyyətsiz bir informasiya məkanında ayrı-ayrı fərdlərin davranışlarında da məsuliyyətsizlik müşahidə edilir. Amma bütün bunlara baxmayaraq, biz burada da vətəndaş məsuliyyəti hiss etdik. Baş verən hadisələrdə vətəndaş jurnalistikasının nümayəndələri kimi səciyyələndirdiyimiz sosial aktiv fərdlərimizin davranışlarında xeyli dərəcədə məsuliyyət hiss olundu.

Təbii ki, burada milli gücün keyfiyyət komponenti olan milli diplomatiyanın xidməti olduqca müstəsna yer tutdu. Milli diplomatiyamızın hadisələrlə bağlı yönləndirici və səfərbəredici fəaliyyəti çox səmərəli oldu. Bunun da nəticəsi kimi, qlobal informasiya məkanında ənənəvi olaraq Azərbaycanın əleyhinə yayılan informasiyalar öz yerini həm neytral, həm də obyektiv informasiyalara verdi.

- Hikmət müəllim, yeri gəlmişkən, biz hər zaman bu məsələlərlə bağlı transmilli medianın fəaliyyətindən narazı qalmışıq. Onlar həmişə bu qəbildən olan hadisələri qərəzli şəkildə və ermənilərin mövqeyini nəzərə alaraq işıqlandırıblar. Hazırkı mərhələdə nəyi müşahidə etdiniz?

- Əvvəla qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş və 2007-ci ildən bəri həyata keçirilən hücum diplomatiyası fonunda həyata keçirilən tədbirlər, görülən işlər, eləcə də uğurlu diaspor siyasəti Azərbaycan reallıqlarının beynəlxalq miqyasda uğurla təbliğ olunmasında müstəsna rol oynadı. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların, həmçinin ölkə sərhədlərindən kənarda təhsil alan tələbə-gənclərin təşkilatlanması, onların fəaliyyətinin koordinasiya olunması, bu fəaliyyətin cazibə mərkəzi kimi milli maraqların müəyyən edilməsi bu prosesə əhəmiyyətli töhfələr verdi. Beləliklə, Azərbaycanın diplomatik, ictimai və intellektual resurslarının səfərbər olunmasının nəticəsi olaraq, transmilli media orqanlarında Azərbaycanın əleyhinə olan, ciddi şəkildə təhrif edilmiş informasiyalara az rast gəlməyə başladıq. Məhz qoşunların təmas xəttində baş verən hadisələrin fonunda bu, bir daha müşahidə edildi. Eyni zamanda, şimal qonşumuzun informasiya resursları da kifayət qədər obyektivlik nümayiş etdirdi, əvvəlki illərlə müqayisədə kifayət qədər neytrallıq nəzərə çarpdı.

- Bəs ayrı-ayrı ölkələrin rəsmilərinin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin sonuncu hadisələrə münasibəti ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və ölkəmizin regional aktor kimi dünya siyasətində mövqeyinin möhkəmlənməsi, ilk növbədə, bizim dost və tərəfdaşlarımızın artmasına səbəb olub. Digər tərəfdən, Azərbaycanın hərbi-siyasi müstəvidə güclənməsi və öz müstəqil mövqeyini nümayiş etdirməsi ölkəmizə qarşı, bir növ, məcburi hörmət yaradıb. Əgər ermənilərin bu təxribatları uğurlu olsaydı, əminəm ki, Azərbaycanı bu səviyyədə beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin rəsmiləri və media orqanları dəstəkləməyəcəkdi. Azərbaycanın gücü və mövqeyi məcbur etdi ki, dostlarımız könüllü şəkildə, bizi sevməyənlər isə məcburən gücümüzü etiraf etsinlər.

Beləliklə, ABŞ-ın, Fransanın, Almaniyanın və Avropanın bir sıra aparıcı ölkələrinin siyasətçiləri, parlamentariləri, o cümlədən postsovet məkanında olan Qazaxıstan, Belarus, Ukrayna kimi ölkələr bizim haqlı mövqeyimizi müdafiə etdilər. Azərbaycanın mövqeyi hər zaman bu cür olub ki, etnik separatizm yolverilməzdir, bu cür neqativ hallar yayılaraq çox ciddi təhdidlər yarada bilər və arzuolunmaz nəticələrə gətirib çıxarar. Heç kim zəmanət verə bilməz ki, belə hadisələr sonrakı dövrdə bütün Avropanı bürüməyəcək, II Dünya müharibəsindən sonra yaranmış beynəlxalq hüquq və nizam pozulmayacaq. Məhz son hadisələrdən sonra Avropa və bütövlükdə, dünya ictimaiyyəti Azərbaycanın bu mövqeyinin doğruluğunu təsdiq etdi.

- Bəs bütün bu proseslərin fonunda Azərbaycanın daxili auditoriyasında nələr müşahidə edildi? Xüsusilə də, müxalifət partiyalarının və bəzi media orqanlarının davranışlarını necə xarakterizə etmək olar?

- Bu cür situasiyalarda ölkədaxili siyasi və ictimai institutların mövqeyi daha aydın şəkildə aşkar olur. Özünü siyasi partiya qismində görən təşkilatların və ya özünü Azərbaycan milli mediasına aid hesab edən ayrı-ayrı mətbu orqanların məhz bu cür prinsipial məqamlarda fəaliyyəti, yaxud fəaliyyətsizliyi onları obyektiv qiymətləndirmək üçün bir daha Azərbaycan cəmiyyətinə yeni şans yaratmış oldu.

Xüsusilə, bu proseslərin fonunda onun şahidi olduq ki, AXCP-nin sədri Əli Kərimli yenə öz ampluasında qalaraq milli maraqların qorunmasının vacib olduğu məqamlarda ermənilərlə sinxron hərəkət etdi, ermənipərəst mərkəzlərdən aldığı təlimatlarla Azərbaycanın əleyhinə olan mövqe nümayiş etdirdi. Bir sözlə, Əli Kərimli Ermənistanın apardığı informasiya müharibəsində açıq şəkildə düşmən tərəfinə xidmət göstərdi.

Bu, ilk növbədə, ona dəlalət edir ki, bu cür insanlara Azərbaycan cəmiyyətində yer yoxdur. Azərbaycan seçicisi bir daha əmin oldu ki, bu cür antimilli qüvvələri seçkilərdə cəzalandırmaqda nə qədər haqlıdır. Əslində, özünü müxalif siyasətçi adlandıran belələri Azərbaycan hakimiyyətinə yox, milli maraqlarımıza, dövlətə və xalqa qarşı müxalif olan, düşmənçilik nümayiş etdirən marginallardır. Amma əsas olan budur ki, intellektual Azərbaycan gəncliyi bunu yaxşı anlayır. Məhz son hadisələrin fonunda biz Azərbaycan gəncliyinin nümayəndələrinin intellektual vətənpərvərliyə malik olduğunu müşahidə etdik. Ön cəbhədə olan əsgərlərimiz Vətən uğrunda şəhidlik zirvəsinə ucaldılar, arxa cəbhədə olan – hərbi xidmətdə olmayan gənclərimiz isə daxilimizdəki düşmənlərə qarşı ləyaqətli mübarizə apardılar. Bəlli olduğu kimi, vətənpərvər gənclər AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiyalar keçirdilər, onun sosial şəbəkədə qeyd etdiyi anti-Azərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndirdilər. Bunlar sırasında xüsusilə “Əli Kərimli ölkəni tərk etməlidir” şüarı vətənpərvər gəncliyin haqlı çağırışını əks etdirir. Azərbaycan gəncliyinin bu mövqeyi olduqca haqlı və doğrudur, çünki Azərbaycan xalqı və dövləti ilə düşmənçilik etmək ona xəyanət etməkdir.

Bütövlükdə, Azərbaycan cəmiyyəti ölkənin milli maraqları ətrafında sıx birləşib, həyata keçirilən siyasəti dəstəkləyir. Ali Baş Komandanın əmrinə hər bir Azərbaycan vətəndaşı (əsgərlər ön cəbhədə, gənclər arxa cəbhədə, vətəndaşlar öz vətəndaşlıq mövqeyində və sair) müntəzirdir. Ona görə də bu güc antiazərbaycan, ermənipərəst və islamofob dairələri təşvişə salır. Bu səbəbdən Əli Kərimli kimilərindən bu həmrəyliyi, birliyi pozmaq üçün istifadə etməyə çalışırlar.

Sadalananlarla yanaşı, bu mərhələdə bəzi media qurumları uzun müddətdir ki, gündəmə gətirmədikləri məsələləri aktuallaşdırmaqla daxili təxribat törətməyə çalışdılar. Bəzi yüksək çinli məmurlarla bağlı böhtan xarakterli informasiyalar yaymağa başladılar ki, son məqsəd milli həmrəyliyi pozmaq idi.  “Azadlıq” qəzeti, Azadlıq radiosu, “Meydan TV” kimi media strukturları Azərbaycana qarşı, bir növ, daxili informasiya diversiyası həyata keçirməyə çalışdılar. Lakin bu baş tutmadı, onlar Azərbaycan cəmiyyətinin ictimai qınağına tuş gəldilər. Məhz bundan sonrakı mərhələ isə həmin qüvvələrin hüquqi müstəvidə məsuliyyətə cəlb olunmalarıdır. Bir sözlə, təxribat xarakterli hərəkətlərin heç biri nəticə vermədi və Azərbaycan dövləti və cəmiyyəti öz haqlı mövqeyini ortaya qoyaraq gücünü bir daha nümayiş etdirdi.

Bütövlükdə, sonuncu hadisələr göstərdi ki, Azərbaycan dövləti və ordusu olduqca güclüdür. Ordumuz 100 ildən artıq müddətdir ki, ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlara, soyqırımına layiqli cavab verdi. Bəllidir ki, ermənilərin Cənubi Qafqaza gəlişi 1828-ci ildən başlayır və onlar müxtəlif dönəmlərdə (1903, 1905, 1918, 1937, 1952-1954-ci illərdə, eləcə də 1988-ci ildən başlayaraq bu günə qədər) Azərbaycan xalqına qarşı amansız qətllər törədiblər. Bu hadisə isə son 110 illik tariximizdə dönüş nöqtəsi idi və bundan sonra hərbi-psixoloji vəziyyət Azərbaycan xalqının lehinə dəyişdi. Bu, bizim qalibiyyət ənənəmizin başlanğıcı oldu və xalqımız əmindir ki, Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandanımızın iradəsi sayəsində belə bir qələbənin əldə olunması tarixi hadisədir.