MÜSAHİBƏLƏR
Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir
- Kamaləddin müəllim, dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı əldə olunan uğurlara baxış, onların fonunda yeni perspektivlərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. İqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanan Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını şərtləndirən amillərlə bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın beynəlxalq aləmdə ən islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın təqdimatı kimi dəyərləndirirəm. Bu baxımdan ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün davamlı islahatların həyata keçirilməsi təbii ki, Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdəndir.
Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması 13 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan modelinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sənayesinin sürətlə artması, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi, 2013-2020-ci illəri əhatə edəcək mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Dünya iqtisadiyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatının inkişaf modeli barədə pozitiv açıqlamalardan, xarici mətbuat səhifələrində yer alan təhlil və araşdırmalardan da aydın olur ki, ölkəmiz iqtisadi böhran dövründə də siyasi, iqtisadi sabitliyini qorumaq iqtidarındadır. Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasına daxil olduğundan göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə də əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılır.
Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır. İnvestisiya cəlbediciliyinə görə də fərqlənən Azərbaycana istənilən həcmdə xarici maliyyə resursları yönəltmək üçün heç bir problem yoxdur. 2004-cü ildə1,8 milyard dollar olan valyuta ehtiyatlarımız kimi kredit reytinqlərimiz də artır. Ölkə vətəndaşlarının məşğulluq səviyyəsinin yüksəlməsinə göstərilən diqqətin nəticəsidir ki, son illərdə 1 milyon 500 mindən artıq iş yeri yaradılmışdır. Sahibkarlığın inkişafı, özəl bölməyə göstərilən dövlət dəstəyi sayəsində işsizliyin 5 faizə düşməsi, yoxsulluğun da eyni həddə saxlanılması aparılan iqtisadi siyasətin uğurudur. Dünyanın aparıcı kredit agentliklərinin Azərbaycanın reytinqlərini artırması, Davos Dünya İqtisadi Forumunun ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 40-ci yerə layiq görməsi, inflyasiyasiyanın da çox aşağı səviyyədə olması aparılan siyasətin uğurlu nəticələrini ehtiva edir.
Ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdəndir. Özəl sektorun inkişafının daha da sürtələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait yaratmışdır. Bir sözlə, Azərbaycan dünya miqyasında seçilmiş, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən ölkədir. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. Sadalanan uğurlara iqtisadi müstəqillik sayəsində nail olunmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin hər vasitə ilə formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir: İnsan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə titanik inkişafı gerçəkləşdirmək. Bunun üçün potensial baza neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kmi qoyub. Təsdiqlənən regional inkişaf proqramları məhz bu məqsədə xidmət edir. Azərbaycanın malik olduğu imkanlar davamlı inkişafı üçün stimuldur. «2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır» söyləməklə prioritetləri açıqlayan dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir. Ümumiləşdirmiş şəkildə qeyd etsək, Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, inkişaf etmiş ölkələr sırasında addımlaması realdır.
- Bir əsas məqamı da qeyd edək ki, iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Azərbaycan uğurlu sosial-iqtisadi islahatları ilə özünü dünyaya sosial dövlət kimi təqdim edib...
- Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5 faizə enməsi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi, «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)»nın ardınca «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» (2006-2015-ci illər), «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» icra olundu. 2008-ci ildən başlanan iqtisadi və maliyyə böhranı da bu kimi reallıqlara işıq saldı. Yəni hər bir ölkənin hansı imkanlara malik olduğu bir daha nümayiş olundu. Qeyd edək ki, böhran dövründə Avropa ölkələrində baş verən iqtisadi çətinliklər bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olmuşdur. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığı, iş yerləri bağlandığı halda ölkəmizdə yeni iş yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən son sərəncamlarına xüsusi qeyd etməliyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin reallığı özündə əks etdirən bu fikirlərini xatırlatmaq istərdim: «Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir.» Əvvəldə də qeyd etdiyim kimi, regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2003-cü ildən bu günə qədər yeni iş yerlərinin sayı bir milyondan artıqdır. Azərbaycan düzgün qurulan siyasət nəticəsində beynəlxalq aləmdə özü-özünü təmin edən ölkə kimi tanınır və nüfuz qazanır.
Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, ictimai xadimlərin Bakıya toplaşması ölkəmiz haqqında ətraflı məlumatların əldə olunması, həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malik olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fikir dövlətimizin başçısı İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun ana xəttini təşkil edir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi IV Qlobal Forum bir daha Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna işıq saldı. Dünyanı düşündürən məsələlərin ölkəmizdə müzakirəsi, Azərbaycan təcrübəsinə xüsusi önəm verilməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir. Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Bir sözlə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlki illərdə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Cənab İlham Əliyev IV Qlobal Bakı Forumunda da bu uğurumuzu xüsusi qeyd etmişdir ki, dövrün tələblərinə uyğun olaraq aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Möhtərəm Prezidentimiz bildirmişdir: «Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik.» Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması məqsədilə dövlətimizin başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflər də hər sahə üzrə konkret proqramların qəbulunu zərurətə çevirir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Nəzərdə tutulan dövr ərzində Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr»” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən «yüksək insan inkişafı” ölkələri» qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq.
Qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.
Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir ki, bu da ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Təhlillər fonunda bu reallığı böyük inamla qeyd edə bilərik ki, Azərbaycanın 24 ildən artıq müstəqillik tarixində qazandığı uğurlar, gələcəyə hesablanmış inkişaf konsepsiyası, dayanıqlı inkişafa əsas verən islahatlar qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycanın qarşısında daha yeni-yeni imkanlar açılır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu inam ifadə edilir ki, Azərbaycanda hazırkı inkişaf tempi davam edərsə, yaxın zamanlarda yoxsul olmayacaq. Beynəlxalq Valyuta Fondunun hesabatlarında ölkəmizin həyata keçirdiyi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi təqdir olunur, 2020-ci ilə qədərki dövrü əhatə edən İnkişaf Konsepsiyası davamlı inkişaf üçün yol xəritəsi kimi dəyərləndirilir. Əhalinin sosial müdafiəsinin prioritet məsələ kimi öndə dayanması xalq-iqtidar birliyinin təcəssümü kimi qeyd olunur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın yoxsulluğun azaldılmasında əldə etdiyi təcrübə çox önəmlidir və başqa ölkələr üçün də örnək ola bilər. Bu uğura əsas verən əsas amil dövlətin siyasətində vətəndaş amilinə yüksək dəyərin verilməsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, ən böyük uğurumuz budur ki, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, cəmiyyətdə xoş əhval-ruhiyyə mövcuddur.
- Kamaləddin müəllim, sosial siyasətin əsas istiqamətlərindən biri səhiyyə sektorudur. Bu sahədə əldə olunan uğurları, görülən tədbirləri necə şərh edərdiniz?
- Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. İnsanların sağlam, əmin-amanlıq şəraitində yaşaması dövlətin siyasətində əsas yer tutur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı təbii ki, daha aydın görünür. Belə ki, atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət bu sahəni keyfiyyət və kəmiyyət gösəriciləri ilə zənginləşdirmiş, səhiyyə sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təsdiqlənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin böləgələrə səfərləri çərçivəsində bu və ya digər səhiyyə ocaqlarının tikilərək, yaxud yenidən bərpa olunaraq istifadəyə verilməsi, eyni zamanda təməlqoyma mərasimlərinin keçirilməsi də yaddaqalan mühüm hadisələr sırasındandır. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicənin təşkili, əməliyyatların həyata keçirməyə imkanların yaradılması xüsusi diqqət göstərilən məsələlər sırasındadır.
Bir məqamı da qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələr kimi, səhiyyədə də yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verir. Dünya səhiyyə elminin uğurlu inkişafını insanların sağlamlığına töhfə kimi dəyərləndirən cənab İlham Əliyev bildirir: “Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.» Bir əsas məqamı da qeyd edək ki, beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu reallığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olmasını qarşıya mühüm vəzifə kimi qoyub. İnsan amilinə verilən önəm, atılan hər addımda bu önəmin daha qabarıq şəkildə özünü büruzə verməsi təbii ki, hər kəsdən üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyi bir tələb kimi qarşıya qoyur. İnsanların sağlamlığının keşiyindən dayanmaq, onlara yüksək xidmət göstərmək səhiyyə işçilərinin borcudur. İyunun 17-sinin ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması da dövlətimizin bu sahədə çalışanların əməyinə verdiyi ən böyük dəyərdir. Bu diqqət və qayğı hər bir səhiyyə işçisindən məsuliyyət tələb edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirləri insan amilinə dəyəri bir daha təsdiqləyir: «İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun.»
- Ölkənin hərtərəfli inkişafında ayrı-ayrı sahələri əhatə edən qanunlarımız əsas rol oynayır. Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən hansı qanun layihəsinin hazırlamasını və qəbulunu gözləyirsiniz?
- Qeyd etdiyimiz kimi, hər dövrün öz tələbi, öz çağırışı olur. Daim yeniliyə, yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə maraq göstərən dövlətimizin modernləşmə, yeniləşmə siyasətinə uyğun olaraq digər sahələr kimi səhiyyədə də qarşıya qoyulan məqsədlərə xidmət edən qanunların qəbuluna səy göstərməliyik. Əsas məqsəd insanların sağlamlığını qorumaqdır. Artıq özünü doğruldan icbari sığortaların tətbiqi ilə bağlı müəyyən işlər görülsə də, istənilən nəticə haqqında danışmaq hələ tezdir. Yeni yaradılan Səhiyyə komitəsinin üzərinə düşən vəzifələrdən biri də bu istiqamətdə görüləcək işləri müəyyənləşdirmək, ən vacib prioritetləri diqqətdə saxlamaqdır. Artıq bununla bağlı mütəxəssis təşəbbüs və tövsiyələri nəzərə alınıb. Belə ki, insanları daha çox narahat edən xəstəliklərin yaranma səbəblərinin, fəsadlarının aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılır, perspektivlər müəyyənləşdirilir. Statistik məlumatlardan bəlli olur ki, insanlar arasında ölüm halları daha çox ürək-damar və xərçəng xəstəlikləri ilə bağlıdır. Bu xəstəliklərə qarşı proflaktik tədbirlərin aparılması istiqamətində görüləcək işlər çoxdur. Səhiyyə Komitəsinin hər bir üzvü arasında aparılan vəzifə bölgüsündə də «cavanlaşan» və ölümlə nəticələnən bu kimi xəstəliklərin aradan qaldırılması üçün prioritetlər dəqiqləşdirilir. İnanırıq ki, səylərin səfərbər olunması və dövlətin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək, hər bir səhiyyə işçisi sağlamlıq keşişçiləri olduqlarını məsuliyyətləri ilə doğuldacaqlar.