YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin fəaliyyətinin xalq tərəfindən dəstəklənməsi, xalqla Prezidentin birliyi Azərbaycanı baş verə biləcək daha mürəkkəb kataklizmlərdən xilas etdi

Müsahibimiz "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu

- Hikmət müəllim, beynəlxalq müstəvidə, xüsusilə də dünya iqtisadiyyatında ciddi dəyişikliklər baş verir. Əsas etibarilə, bu hadisələr beynəlxalq güc mərkəzlərinin siyasi addımları nəticəsində neftin qiymətinin kəskin ucuzlaşması fonunda müşahidə edilir. Bu barədə nə düşünürsünüz?

- Hazırda dünyada çox mürəkkəb proseslər baş verməkdədir. Qlobal beynəlxalq aktorlar öz imperialist maraqlarının təmin olunması üçün mübarizə aparırlar. Bu mübarizə özünü iqtisadi proseslərdə, xüsusilə, enerji resursları bazarında ifadə edir. Üstəlik indi müşahidə olunan iqtisadi böhran və onun gətirdiyi maliyyə-pul böhranı təkcə neft amili ilə də məhdudlaşmır. 2008-ci ildən başlayaraq Avropada istehsal münasibətlərinin və əməyin qiymətləndirilməsinin obyektiv kriteriyaları pozulduğu üçün biz bu qitədə iqtisadi böhranın şahidi olduq. Avropalılar çox rahat həyat tərzinə vərdiş ediblər. Amma müəyyən problemlər ortaya çıxdıqda bu dövlətlərdə vergilər kəskin artırıldı. Ona görə də, iri vergi ödəyiciləri öz fəaliyətlərini uzaq Asiyaya və ofşor zonalara köçürməyə məcbur oldular.

  Bu iqtisadi böhrandan sonra özünə gəlməyən yeni iqtisadi münasibətlər bir daha siyasi qərarların nəticəsində meydana çıxan neft qiymətləri problemi ilə üzləşdi. Bu iqtisadi problem isə bir çox ölkələrdə şübhəsiz ki, yeni iqtisadi və pul-maliyyə problemləri yaratdı. Hesab edirəm ki, bütün bu proseslər bir-birilə bağlıdır. Ona görə də, iqtisadi, maliyyə, habelə neft faktorundan asılı olmayan ticarət münasibətlərinin hamısının bir-birilə, qarşılıqlı şəkildə mənfi tendensiya istiqamətində getməsi, eyni zamanda burada siyasi faktorların da təsir göstərməsi  bu sektorun qısa müddətdə güclənməsi və inkişafına mane olacaq. Azərbaycanın iqtisadiyyatı əsas etibarı ilə neftlə bağlı olduğu üçün biz daha çox neftlə bağlı iqtisadiyyatımızda davranışları müşahidə edirik. Əslində, indi  dünyada hətta qeyri-neft sektorunda da ciddi böhran müşahidə edilir. Neftin qiyməti isə iqtisadi proseslərin nəticəsi səbəbindən deyil, siyasi qərarların nəticəsi olaraq ortaya çıxıb. Bax, problem bundadır. Beləliklə də, ənənəvi və obyektiv iqtisadi münasibətlər sisteminin keyfiyyətinə siyasi qərarlar təsir edir. Nə qədər ki, siyasi müstəvidə sabitlik yaranmayacaq, o vaxta qədər də iqtisadi müstəvidə sabit qiymətlər və münasibətlər müşahidə edilməyəcək. Bu isə qeyd etdiyim kimi Yaxın Şərqdə baş verən hadisələrin və üfüqlərin aydınlaşması ilə paralel başlayacaq. Burada toqquşan imperialist maraqlar sabitləşib və hər kəs öz yerini müəyyən edəndən sonra iqtisadiyyatda müsbət keyfiyyət dəyişiklikləri baş verəcək.

- Diqqət yetirdiyiniz son hadisələr göstərdi ki, dünyanın siyasi nizamını formalaşdırdığını iddia edən Qərbin ekspansionalist siyasəti təkcə Yaxın Şərqi əhatə etmir. Hazırda bir sıra geosiyasi məkanlar kimi MDB coğrafiyası da bu təsirlərə məruz qalır...

- Təəssüf ki, yaranmış vəziyyətin fonunda ölkəmizi qarşıdurma, silahlı toqquşma poliqonuna çevirmək istəyən qüvvələr də ortaya çıxdı. Şübhəsiz, dünyadakı enerji ehtiyatlarını az qala pulsuz mənimsəyən inhisarçı Qərbin gözü indi də postsovet məkanındadır. Onu da qeyd etmək lazımdır ki, məhz iqtisadi böhranı şərtləndirən və neftin qiymətini real iqtisadi məcrasından çıxararaq siyasi qərarlarla bu qədər aşağı salan hegemon siyasi iradənin məqsədlərindən biri də sırf bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda vətəndaş-hakimiyyət qarşıdurması yaratmaq idi. Məlumdur ki, zaman-zaman bu və ya digər vasitələrlə ayrı-ayrı ölkələrdə iqtisadi böhran yaratmaqla siyasi tənəzzülün meydana çıxmasına nail olublar. Nəticə etibarilə, öz milli hakimiyyətindən məhrum olan xalq tezliklə elə milli dövlətini də əlində saxlaya bilməyib. Bu zaman isə imperialist mərkəzlərin - hegemon güclərin istismar siyasətinin həyata keçirilməsi üçün münbit şərait yaranıb, yəni ölkənin neft resursları, milli sərvətləri asanlıqla mənimsənilib. 
Amma qətiyyətlə demək olar ki, hegemon güclərin istismarçı siyasətinin növbəti hədəfi olan MDB yeni Yaxın Şərq olmayacaq.

Ənənəvi olaraq tarix boyu siyasət iqtisadi maraqların arxasınca gedib. Elə bu gün də belədir. Ancaq kiçik bir fərqlə. Hazırki mərhələdə Qərb imperializmi özünü o qədər güclü hiss edir ki, onun təbii iqtisadi şərtləri formalaşdıraraq öz kapitalı üçün istismar mühiti yaratmağa hövsələsi çatmır. Siyasi-hərbi qərarlar qəbul edərək faktiki olaraq xalqların, ölkələrin milli sərvətlərini talan edir. Ancaq bu tendensiya uzunmüddətli ola bilməz. Çünki inkişafın və rəqabətin məntiqinə ziddir. Ona görə də yaxın və orta perspektivdə yeni real iqtisadi-siyasi münasibətlərin formalaşması bir zərurət kimi ortaya çıxacaq.

- Belə bir mürəkkəb geopolitik vəziyyətdə Azərbaycanın mövqeyini necə dəyərləndirirsiniz?

 - Dünyada bu prosesə start veriləndən bu yana Azərbaycan ən düzgün yolu və mövqeni seçib. Azərbaycanın xarici siyasətinin, daxili siyasətinin əsas məqsədi ölkədə mövcud olan daxili sabitliyi qorumaq və bu problemlərdən mümkün qədər kənarda qalmaqdır.  Hesab edirəm ki, Azərbaycan diplomatiyası ən mürəkkəb şəraitdə mükəmməl manevrlər etməklə buna nail olub. İnanıram ki, bundan sonra da, bu məqsədlərə nail olacaq. Çünki Azərbaycanın özünəməxsus iqtisadi sistemi var. Bəzən belə deyirlər ki, bu iqtisadi sistem neft faktorundan asılıdır. Ancaq bu, heç də tam olaraq belə deyil. Son 10 ayda baş verən iki maliyyə hadisəsi göstərdi ki, Azərbaycan iqtisadiyyatı xeyli davamlı iqtisadiyyatdır. Ən əsası odur ki, Azərbaycan hazırda strateji məhsullarla özü özünü təmin edə bilər. Bu, olduqca vacib və əhəmiyyətli məsələdir. Bir çox ölkələr var ki, xaricdən asılıdır. Azərbaycan isə bu ölkələr kateqoriyasına daxil deyil. Odur ki, Azərbaycan özünə xüsusi iqtisadi sistem formalaşdırıb. Bu kimi tədbirlər şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına xüsusi keyfiyyətli immunitet qazandırır. Ona görə də, Azərbaycanın mövqeyi doğrudur. Azərbaycanın xarici siyasətinin əsas prioriteti bu prosesdə beynəlxalq güclər arasındakı toqquşmadan və ya əməkdaşlıqdan istifadə etməklə Dağlıq Qarabağ problemini həll etmək, ərazi bütövlüyünü təmin etmək, habelə dünya gücləri arasında gedən mübarizədən özünü qorumaq, mümkün qədər inkişaf etməkdir. Azərbaycan bu yolu tutub, bu yol ən doğru və ən məqbul yoldur. Yaxın illərdə Yaxın Şərqdə baş verən proseslər gözümüzün önündə yaşandı. Hazırda bir çox ölkələrdə problemlər hələ də yaşanır. Azərbaycan isə bütün bunlardan sığortalandı. Hesab edirəm ki, bu aparılan doğru siyasətin nəticəsidir. 

- Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində Azərbaycan iqtisadiyyatının dayanaqlılığı təmin edildi, kənar təsirlər minimuma endirildi. Bu kontekstdə həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

- Artıq manatın devalvasiyasının, pul-maliyyə kataklizmlərinin yaratdığı mənzərənin ilkin və emosional mərhələsi geridə qalıb. Azərbaycan bu imtahandan da müvəffəqiyyətlə çıxmağı bacardı. Bu nailiyyətin birinci səbəbi Azərbaycan Prezidentinin siyasi iradəsi və aldığı effektiv qərarlardır. İkincisi, uzun müddətdir həyata keçirilən səmərəli iqtisadi siyasət sayəsində milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı vaxtında effektiv tədbirlərin görülməsi bu prosesdə mühüm rol oynadı. Üçüncüsü, idarəetmədə müxtəlif səmərəli tədbirlərin görülməsi, o cümlədən bir sıra lisenziyaların ləğv olunması, əlverişli biznes mühitinin yaradılması ilə bağlı addımların atılması xüsusi əhəmiyyət daşıyır. Dördüncüsü, siyasi komandanın vahid mövqedən çıxış edərək verilən tapşırıqları vaxtında və səmərəli yerinə yetirməsi, beşincisi isə, hüquq-mühafizə orqanlarının effektiv fəaliyyəti, nəhayət, Prezidentin fəaliyyətinin xalq tərəfindən dəstəklənməsi, xalqla Prezidentin birliyi Azərbaycanı baş verə biləcək daha mürəkkəb kataklizmlərdən xilas etdi. 
Əlbəttə ki, proses davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələylə bağlı qeyd etdi ki, «Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik».
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı xüsusi tədbirlər planının həyata keçiriləcəyini də qeyd etdi. Buraya əmək haqları və pensiyaların artırılması, ölkədə daha effektiv vergi siyasətinin həyata keçirilməsi, qeyri-formal iqtisadi fəaliyyətin leqal müstəviyə gətirilməsi, gömrük xidmətlərinin sadələşdirilməsi, qeyri-neft sektorunun inkişafı, sosial layihələrin icrasının davam etdirilməsi, ixrac qabiliyyətinin artırılması və regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi daxildir. Və biz büdcədən maliyyələşən bəzi təşkilatların, eləcə də əmək pensiyalarının artırılmasının şahidi olduq. Dövlət başçısının qeyd etdiyi ən vacib məsələlərdən biri regionlarda sənaye zonalarının yaradılmasıdır. Regionların sosial-iqtisadi inkişafının davam etdirilməsi, bu istiqamətdə institusional islahatların həyata keçirilməsi də xüsusi diqqət mərkəzindədir. Dövlətimizin başçısı bunlara paralel olaraq onu da diqqətə çatdırıb ki, regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Reallıqdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir və bunun nəticəsi kimi, regionların sosial-iqtisadi inkişafı uğurla davam edib.
Bir sözlə, son zamanlar Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar Azərbaycan iqtisadiyyatında faktiki olaraq keyfiyyətcə yeni mərhələ yaradır, yeni iqtisadi kurs müəyyənləşdirmiş olur. Bura lisenziyaların ləğv edilməsindən başlamış, gömrüyün liberallaşdırılmasına qədər, əmək haqları və müavinətlərin artırılmasından başlamış idarəetmədə aparılan islahatlara qədər olduqca geniş blok daxildir. Əgər buraya regionlarda sənaye zonalarının yaradılması ilə bağlı layihələri də əlavə etsək, ən qısa zamanda Prezident İlham Əliyevin dediyi kimi yeni, qeyri-formal iqtisadiyyatın yaranmasının və vergi bazasının genişlənməsinin şahidi olacağıq. Düşünürəm ki, bütun bunlar yaranmş vəziyyətdən çıxmaq üçün ən optimal və effektiv addımlardır.

- Hikmət müəllim, bəlli olduğu kimi, bir müddət öncə Dünya İqtisadi Forumu keçirildi və Azərbaycan orada uğurla təmsil olundu...

- Əlbəttə, bu qlobal iqtisadi-siyasi platforma hər bir müstəqil siyasi kursa malik olan ölkənin orada uğurla təmin olunmasını zəruri edir. Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. İkitərəfli və çoxtərəfli siyasi-iqtisadi münasibətlərin inkişafı istiqamətində Azərbaycanın Dünya İqtisadi Forumunda təmsil olunması təqdirəlayiqdir. Hər il keçirilən ənənəvi Forumda Azərbaycan ən yüksək səviyyədə uğurla iştirak edir. Məhz Dünya İqtisadi Forumunun 2013-cü ilin aprelin 7-8-də Bakıda keçirilməsi bunun bariz nümunələrindən biridir. Forum Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq adı altında baş tutub, dünyanın diqqət mərkəzində olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunub. Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara verilən dəyərin təzahürüdür.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər bütün bunlara görə böyük maraq doğurmaqdadır. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetirirlər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olur. Prezident İlham Əliyev məhz 2016-cı ildə keçirilən Forum çərçivəsində baş tutmuş sessiyalarda da Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri, perspektivi, qarşıda duran hədəflər və digər məsələlərlə bağlı fikirlər səsləndirib. Eyni zamanda, ölkə başçısının Davos Forumunun saytında dərc edilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı analitik məqaləsində bəhs olunan məsələlərə dair tezis xarakterli analitik fikirləri yer alıb. Ölkə rəhbəri həmin yazıda vurğulayıb: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir”.

Təsadüfi deyil ki, Foruma dair analitik məqalələrlə çıxış etmiş nüfuzlu beynəlxalq agentliklər belə bir qənaət ifadə edirlər: Dünya İqtisadi Forumunda səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və regional, qlobal əməkdaşlıqda müstəsna rol oynayır.

- 2016-ci il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Tolerantlıq nümunəsi olan Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq miqyasda müsbət qiymətləndirilir. Bu məsələyə dair fikirlərinizi bilmək istərdik...

- Multikulturalizm Azərbaycan cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının əsas komponentlərindən birini təşkil edir. Ümumi ifadə ilə desək, bu, bir növ həyat tərzidir. Multikulturalizm Azərbaycanda çox qədim tarixə malikdir. Multikulturalizmi və tolerantlığı bu gün aktual edən məhz qlobal məkanda baş verən ziddiyyətli hadisələrdir. Mahiyyət etibarilə multikulturalizm fərqliliklərin bir arada mövcud olması, cəmiyyətdə birgəyaşayışı diktə etməsi və zənginliklərin vəhdəti deməkdir. Bu, həm milli etnik fərqliliklərin birlikdə mövcudluğunun cəmiyyətin siyasi və sosial iradəsi tərəfindən təqdir olunması deməkdir, həm də dini və mədəni fərqliliklərin cəmiyyət tərəfindən qəbul edilməsi və onun birgəyaşayışın keyfiyyətini müəyyənləşdirən vasitə kimi görülməsidir. Azərbaycanda bu, mövcuddur. Lakin təəssüf ki, XXI əsrin siyasi proseslərinin əsas paradiqmalarından biri məhz sivilizasiyaların qarşıdurması fəlsəfəsi kimi müəyyənləşdirilibdir. Bunu dünya siyasətini diktə edən dominant güclər daha da aktuallaşdıraraq, müasir dünyamızı fərqli mədəniyyətlərin, dinlərin, düşüncələrin qarşıdurma poliqonuna çeviriblər. Belə bir vəziyyətdə Azərbaycandakı multikulturalizm, tolerantlıq nümunə kimi görünür. Dövlət başçısı 2016-cı ili "Multikulturalizm ili" elan etməklə təkcə daxili auditoriyanın tələbini, Azərbaycanın mövcud mədəni-siyasi gerçəkliyini diqqətə çatdırmayıb, eyni zamanda bu sərəncamla dünyaya bir çağırış edib. Azərbaycanı bir nümunə kimi göstərib ki, əgər fərqliliklərimiz bizim ümumi dəyərimiz ola bilirsə, fərqliliklərimiz bizi birləşdirən vasitə ola bilirsə, nə üçün dünyada bu fərqliliklər insanları bir-birinə qarşı düşmən edir? Məsələnin sosial-fəlsəfi mahiyyəti bundan ibarətdir. Ona görə də multikulturalizm Azərbaycan üçün nə qədər vacibdirsə, bir o qədər də sivil dünya üçün əhəmiyyətli nümunədir. Çünki bu gün dünyada nəinki milli-etnik fərqliliklərinə görə, hətta məzhəb fərqliliklərinə görə insanlar bir-birinin qatilinə çevrilirlər. Fikrimcə, belə bir fonda dövlət başçısının çağırışı, imzaladığı Sərəncam Azərbaycanda mövcud birgəyaşayış qaydalarının yeni keyfiyyətini müəyyənləşdirən dəyərlərin qorunmasına xidmət edən sənəddir. Həmçinin dünyadakı qarşıdurmalara, fərqlilikləri düşmənçilik üçün vasitə edən siyasilərə etirazdır.

Azərbaycan cəmiyyəti kifayət qədər qarşılıqlı şəkildə inteqrasiya olunmuş cəmiyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu inteqrasiyanı daha da gücləndirəcək. Əgər biz cəmiyyəti xüsusi sosial piramida kimi nəzərdən keçirsək, görərik ki, bu piramidanın bütün qatlarında Azərbaycan cəmiyyətini formalaşdıran komponentlərin hər biri kifayət qədər təmsil olunub. Azərbaycan cəmiyyətinin nailiyyəti də bundadır. Əgər bir qədər də bu dəyəri, həyat tərzini ideoloji baxımdan təhlil etsək, görəcəyik ki, əslində milli ideologiyamız olan azərbaycançılıq ideologiyasının kökündə də vacib komponentlərdən biri kimi multikulturalizm özü çıxış edir. Bu iki bir-birini qidalandıran ideoloji və mədəni komponent isə Azərbaycan cəmiyyətinin bütövlüyünü təşkil edir. Ona görə də bu birlik və bütövlük nə qədər güclənəcəksə, qarşılıqlı şəkildə nə qədər inteqrasiya edəcəksə, Azərbaycan cəmiyyəti bir o qədər güclü olacaq. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür.