YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır

Müsahibimiz Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, artıq 2015-ci il başa çatdı. Sizcə, arxada qoyduğumuz il ölkəmiz üçün hansı ictimai-sosial özəllikləri və uğurları ilə yadda qaldı?

- Başa vurduğumuz 2015-ci il müasir Azərbaycanın inkişafında mühüm bir dövr kimi yadda qaldı. «Kənd təsərrüfatı ili» kimi tarixə çevrilən 2015-ci il mühüm addımları ilə müşayət olunub. Belə ki, bölgələrdə bir sıra yeni fermer təsərrüfatlarının fəaliyyətə başlaması, eləcə də əkin sahələrinin genişləndirilməsi istiqamətində atılan addımlar bu sahənin daha yüksək səviyyədə inkişafına yol açıb. Prezident İlham Əliyevin Sədrliyi ilə ilə keçirilmiş ötən ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə də vurğulandığı kimi, 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatıb. Digər tərəfdən, ölkə Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş regionların sosial iqtisadi inkişafına həsr olunan Dövlət proqramları regionların əsaslı inkişafının əsas təməl prinsipinə çevrilib. Bu istiqamətdə qəbul olunmuş 3-cü Dövlət proqramının uğurlu icrası nəticəsində ötən il 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb. Eləcə də, regionlarda infrastrukturun yenilənməsi yönündə mühüm addımlar atılıb. Yeni məktəblərin, bağçaların, səhiyyə ocaqlarının, eləcə də, gənclər və idman, mədəniyyət və digər sosial obyektlərin vətəndaşların istifadəsinə verilməsi rifah halının yüksəlməsinə yaxından kömək göstərib.

Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin arxasında əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş düzgün siyasi-iqtisadi kurs dayanır. ölkə Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam və inkişaf etdirməsi indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi, elmi-iqtisadi məzmununa çevrilib. Əldə olunan nəticələr, istər iqtisadi, istər siyasi sferada, istərsə də mədəniyyət və ya idman sahəsində nail olunan uğurlar bu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilir. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Bu mənada, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir ki, bu da nail olduğumuz göstəricəlrədə özünü açıq şəkildə biruzə verməkdədir.

- Dünyada müşayət olunan iqtisadi böhranın fonunda ölkəmizin əldə etdiyi böyük uğurların əsasında hansı amillər dayanır?

- Həqiqətən də, dünyada neftin ucuzlaşması, eləcə də yaşanan iqtisadi böhran hazırda bir sıra problemlərin ortaya çıxmasını şərtləndirir. Dünyanın bir sıra aparıcı ölkəsində bu böhran daha açıq şəkildə özünü biruzə verməkdədir. Ölkəmizdə nail olunan inkişaf isə düzgün qurulmuş iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına o qədər də böyük ziyan vura bilməyib. Bunun səbəblərindən biri də ölkəmizdə qeyri-neft sektorunda mühüm nailiyyətlər əldə olunmasından irəli gəlir. 2015-ci ilin 9 ayında sənaye istehsalının 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artması olduqca yüksək göstəricidir. Sevindirici haldır ki, investisiyaların böyük əksəriyyətini  məhz daxili sərmayə təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Yeni investisiyalar, yeni sənaye və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi isə ölkədə işsizliyin aradan qaldırılması yönündə aparılan siyasətə böyük tövhədir.

İqtisadi uğurların fonunda siyasi, mədəniyyət və idman uğurlarımız da kifayət qədərdir. Ötən il keçirilən parlament seçkiləri ölkəmizdə demokratik inkişafın davamlı hal aldığını bir daha təsdiqlədi.

- Vurğuladığınız kimi, ötən il noyabrın 1-də parlament seçkiləri ilin ən mühüm siyasi hadisəsi sayıla bilər. Beşinci çağırış parlament seçkilərinin iştirakçısı olaraq prosesi necə qiymətləndirirsiniz?

- 2015-ci il noyabrın 1-də keçirilən sayca beşinci çağırış parlament seçkiləri yüksək seçici fəallığı ilə müşayət olundu. Bu fakt Mərkəzi Seçki Komissiyasının da məlumatlarında öz əksini tapıb. Vurğulayım ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizəd olaraq bu prosesdə iştirak etdiyim üçün böyük seçici fəallığının qeydə alınması faktının həm də əyani şahidinə çevrildim. Ölkəmizdə mövcud olan mükəmməl seçki qanunvericiliyi və seçiklərin azad, demokratik şəkildə keçirilməsini təmin edən münbit şərait vətəndaşlarımızın öz seçib-seçilmək hüququndan azad şəkildə istifadə etməsinə imkan yaradır. Vətəndaşlarımız konstitusiyamızın tanıdığı hüquqları reallaşdırmaqda azaddırlar. Bu mənada sonuncu parlament seçikləri də özündən əvvəlkilər kimi demokratik və ədalətli bir mübarizə mühitində baş tutdu. Parlament seçkilərində şəffaflıq tam şəkildə təmin edilmişdi. Seçkiləri izləyən çoxsaylı yerli və xarici müşahidəçilər seçkilərin gedişatında qanun pozuntularının baş vermədiyini bildirdilər. Şəffaflığın yüksək səviyyədə təminatı, seçki məntəqələrində veb-kameraların quraşdırılması ölkəmizdə yüksək standartlara malik seçki mühitinin varlığını növbəti dəfə ortaya qoymuş oldu.

Bu seçkilər Yeni Azərbaycan Partiyası üçün də mühüm nailiyyətlərlə müşayət olundu. Sevindirici haldır ki, partiyamız bu dəfə də qatıldığı seçkini böyük zəfərlə başa vurdu və seçicilərin etimadını qazanan partiya üzvləri qanunvericilik orqanında təmsil olundular. Xalqımız hər zaman olduğu kimi, bu seçkilərdə də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəkləməklə hər zaman dövlətçiliyin keşiyində dayanan, milli maraqlarımızı qoruyan siyasi təşkilata öz inamını və sevgisini nümayiş etdirdi. Təbii ki, bunun da arxasında ötən beş illikdə, eləcə də ondan əvvəlki dövrdə partiyamızı təmsil edən millət vəkillərinin uğurlu fəaliyyəti dayanır. Qəbul edilmiş qanunların effektivliyinin təminatı ölkəmizdə vətəndaş birliyinin daha da gücləndirilməsinə öz töhfəsini verməkdədir.

- Azər müəllim, ötən il orta və kiçik sahibkarlığın inkişafı istiqamətində də mühüm addımlar ilə də yadda qaldı. Qəbul edilən qərarlar sizcə, sahibkarlığın inkişafını hansı dərəcədə stimullaşdırmaq imkanına malikdir?

- Ölkə Prezidenti İlham Əliyevin sahibukarlığın inkişafına yönəlik Fərman və sərəncamlarını kiçik və orta sahbikarlığın inkişafında yeni mərhələ adlandırmaq olar. «Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» Fərman kiçik və orta sahibkarlığın sürtəli inkişafı üçün bir sıra maneələrin, eləcə də bürokratik əngəllərin aradan qaldırılmasında olduqca mühüm bir amildir. Digər tərəfdən, sahibkarlığın inkişafını sürətləndirmək üçün lisenziyaların verilməsi prosesinin «ASAN xidmət»ə həvalə olunması çox uğurlu bir addımdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və olan şəxslər qısa müddət ərzində lazım olan hüquqi sənədləri əldə edə biləcək. Bu sahibkarlara göstərilən dövlət dəstəyidir. Digər tərəfdən, bu addım həm də xidmət keyfiyyətinin yüksəlməsinə, şəffaflığın artırılmasına, korrupsiya, rüşvətxorluq hallarının isə tamamilə aradan qalxmasına gətirib çıxaracaq,   sahibkarların effektiv fəaliyətini təmin edəcək.

Sahibkarlığın inkişafına dəstək, regionların inkişafı məsələsi Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən biridir. Son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatının dövlətin iqtisadi siyasətinin başlıca istiqaməti kimi qeyd edilməsi bir daha göstərir ki, ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.

Beləliklə, bu gün bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsi müasir inkişaf mərhələsinin reallıqlarıdır. Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir. Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir.