MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin uğurlu islahatlar kursu əmək və sosial müdafiə sistemində yeni inkişaf mərhələsinə yol açıb
- Səlim müəllim, ölkəmizdə dinamik iqtisadi inkişaf şəraitində aparılan sosial siyasət, dövlətin sosial statusunun güclənməsi hansı səciyyəvi cəhətləri ilə müşahidə olunur? Ümumi sosial-iqtisadi inkişaf fonunda sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsi, sosial proqramlarım icrası yönündə hansı addımlar atılır?
- Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Cənab Prezidentin beşinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: “Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir”.
Son 12 il ərzində 3,4 dəfə iqtisadi artıma nail olan və bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi Azərbaycanda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlməkdədir. 2003-cü illə müqayisədə ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə yaxın artaraq, 5,7 mlrd. manatdan cari ilin əvvəlinə 39,3 mlrd.manata, adambaşına gəlirlər 6 dəfəyə yaxın artmaqla 707,2 manatdan 4180,6 manata çatıb. Cari ilin yanvar-noyabr aylarında isə əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər 4,4 faiz artıb. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləğində 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artım özünü göstərib. Orta aylıq əmək haqqının məbləği isə 5,6 dəfədən çox, o cümlədən cari ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 462 manata çatıb.
Respublikada aparılan sosial-iqtisadi inkişaf siyasətinin prioritetlərinə uyğun olaraq, qeyri-neft sektorunun genişlənməsi, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın dəstəklənməsi, regional inkişaf proqramları nəticəsində son 12 ildə 1,4 milyondan çox yeni iş yerinin açılması sosial rifahda mühüm faktor kimi çıxış edən məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olub. İqtisadiyyatda məşğul əhalinin sayı 16 faizədək artaraq, iqtisadi fəal əhalinin artıq 95 faizdən çox hissəsini təşkil edib. Məşğul əhalinin sırasında muzdla işləyənlərin sayı həmin dövrdə 24 faizədək və ya 300 min nəfərədək artıb.
Beləliklə də işsizliyin 4,9 faizədək azaldığı ölkədə əhalinin həyat səviyyəsinin yaxşılaşması nəticəsində yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə enməsinə nail olunub. Bu mühüm uğur eyni zamanda hələ 2000-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin imzası ilə Azərbaycanın da qoşulduğu BMT-nin Minilliyin inkişaf Məqsədlərinin, o cümlədən yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi ibtidai təhsilin təmin edilməsi, uşaq ölümünün azaldılması və s. sosial problemlərin həlli ilə bağlı öhdəliklərin ölkəmiz tərəfindən yüksək səviyyədə icrasının təzahürüdür. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib və 2015-ci ildən sonrakı dövr üçün BMT tərəfindən həmin məqsədlər üzrə qlobal prioritetlərin müəyyən edilməsində ölkəmizin də tövsiyələri nəzərə alınıb. Bu o deməkdir ki, Azərbaycanın sosial inkişaf modeli artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul edilir.
Digər tərəfdən, ölkəmizdə orta ömür uzunluğunun, savadlılıq dərəcəsinin artması, səhiyyə, təhsil almaq imkanlarının, adambaşına düşən ÜDM-in çoxalması və s. müsbət amillər nəticəsində Azərbaycanın BMT-nin "İnsan inkişafı hesabatı”nda mövqeyi daim yaxşılaşır və hesabatda 2013-cü illə müqayisədə 2014-cü ildə daha 6 pillə irəliləyərək, 187 ölkə arasında 76-cı yeri tutub. BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair dərc etdiyi “İnsan inkişafı naminə əmək” adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı, təhsil, mədəni inkişaf və s. sahələrdə ölkəmizdə əldə olunan uğurlar dəyərləndirilib və Azərbaycan məruzədə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib.
Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi nəinki azaldılmır, hətta artırılır. Əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, növbəti ildə 36,1 faizini təşkil edəcək.
Ölkədə rifah səviyyəsinin ilbəil yaxşılaşması təbii olaraq demoqrafik sahədə də müsbət tendensiyaları şərtləndirir. Qeyd edim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsi xeyli artsa da, sonralar Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi mütəmadi azalaraq, ötən il əhalinin hər 1000 nəfərinə 5,9 nəfər olub. Əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ilk yeri tutan, əhali sayının artıq 9,7 milyona yaxınlaşdığı ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2005-ci ildə isə 2,7 dəfə, hazırda isə 3 dəfədən çox üstələyir. İl ərzində bağlanan nigahların sayı da 2005-ci illə müqayisədə 18,5 faiz, 2010-cu illə müqayisədə 7,2 faiz artıb və hazırda respublikada nigahların sayı boşanmaların sayını 7 dəfədən çox üstələyir.
Respublikamızda doğulanda gözlənilən ömür uzunluğu artaraq 2014-cü ildə 74,2 yaş, o cümlədən kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil edib. 70 və daha yuxarı yaşda olan əhalinin sayı 2005-ci illə müqayisədə 309,6 mindən 380,3 minə çatıb, yəni 22,8 faiz artıb. Əgər 2005-ci ildə əhalinin 3,6 faizi 70 və daha yuxarı yaşda olanlar idisə, 2015-ci ilin əvvəlinə bu göstərici 3,9 faizə yüksəlib. Ölkmizə daimi yaşamaq üçün gələnlərin sayı da ölkədən daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını üstələyib.
Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində sosial cəhətdən həssas əhali kateqoriyalarına dövlət qayğısının artırılması xüsusi yer tutur. Yalnız son iki ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı 25-dən çox fərman və sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiə siteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb.
Həmin fərman və sərəncamlarla müharibə əlilləri və onlara bərabər tutulanlardan, əmək pensiyası almaq hüquq olmayan ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərdən, müharibə veteranlarından, beşdən çox uşağı olan qadınların uşaqlarından və digər müvafiq şəxslərdən ibarət nəticə etibarilə ümumilikdə 110 mindən çox insanın maddi təminatı gücləndirilib. Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb. Ümumilikdə müharibə əlillərinə 2008-ci ildən Prezident təqaüdlərinin təyin olunmasına başlanılıb və ötən dövrdə həmin təqaüdlərin məbləğində I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz, habelə şəhid ailələri üçün 2007-ci ildən təyin olunan Prezident təqaüdlərinin məbləğində ötən müddətdə 2 dəfə artım özünü göstərib. Həmçinin sosial müavinətlərin orta aylıq məbləğində 2004-cü illə müqayisədə 2,6 dəfə artım qeydə alınıb.
Sosial təminat sisteminin əhatə etdiyi kateqoriyaların sırası da genişlənib. Belə ki, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezident təqaüdünün təyin olunmasına başlanılıb. Nazirlik tərəfindən Prezident təqaüdü ödənilən şəxslərin sayı 2007-ci illə müqayisədə 3,5 dəfə, 2010-cu illə müqayisədə isə 60,3 faiz artaraq 54 min nəfərə yaxınlaşıb.
Dövlət büdcəsindən sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə yönəldilən dövlət vəsaitlərinin məbləği 2014-cü ildə 2006-cı illə müqayisədə 4,5 dəfə, 2010-cü illə müqayisədə 66,7 faiz çoxalıb. Yaxud ötən il sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə əvvəlki illə müqayisədə 20,8 faiz, cari ilin 9 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox vəsait yönəldilib.
Son illərdə dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyən edib. Dövlətimizin başçısı Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”, deyə bəyan edib.
Müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı da ölkəmizdə uğurla gerçəkləşdirilən mühüm sosial proqramlardan biridir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamları bu sahədə ciddi irəliləyişlərə imkan yaradıb. Hər iki Sərəncam yüksək səviyyədə icra olunub. Ötən il 2014-cü ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılıb və ölkədə ilk dəfə olaraq, imtiyazlı şəxslərin elə növbəyə dayandıqları ildə avtomobillə təminatı da həyata keçirilib. Yəni 2014-cü ildə növbəyə dayananlardan bir qisminə elə ötən il avtomobil təqdim olunub. Cari ildə də bu proses davam etdirilib. İndiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil verilib ki, onların 33,6 faizi, yəni 1933 nəfəri keçən il və cari ilin ötən dövründə “Naz-LİFAN” markalı avtomobillə təmin olunublar.
Müharibə əlillərinə və şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğı onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını, onların yeni mənzillərlə təminatını da əhatə edir. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə mühüm addımların atılmasına imkan yaradıb. Sərəncamın icrası olaraq, Nazirliyin sifarişi ilə ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb, onlardan inşası başa çatan evlər, həmçinin Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır yaşayış binalarından tender əsasında alınaraq təmir etdirilmiş mənzillər ardıcıl olaraq istifadəyə verilir. Keçən il və cari ilin ötən dövründə 350-dək müharibə əlili və şəhid ailəsi artıq mənzillə təmin olunub. Hazırda həmin insanlar üçün bölgələrdə 300-dən çox fərdi evin, Bakıda 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binalarının inşası, hazır yaşayış binalarından mənzillərin tender əsasında alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Bununla yanaşı, gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binasının tikintisi də artıq tamamlanıb və bu gün cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
- Son illərdə əmək və sosial müdafiə sistemi mühüm islahatların müstəvisinə çevrilib. Bu islahatlardan biri kimi, əmək münasibətlərinin elektron qeydiyyat sisteminə keçilməsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, işçi hüquqlarının təminatı sahəsində hansı ciddi keyfiyyət dəyişikliklərinə yol açıb?
- Azərbaycanda dinamik iqtisadi tərəqqi prosesləri şəraitində əmək bazarının inkişafı, digər tərəfdən, ölkədə ümumi idarəetmə sisteminin innovativ metodlar üzərində tətbiqinin sürətlənməsi əmək münasibətləri sahəsinə dövlət nəzarəti mexanizminin müasir və səmərəli texnologiyalar əsasında təkmilləşdirilməsini xeyli aktuallaşdırmışdı. Bu vacib məsələnin həllində Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli Fərmanı mühüm əsas yaratdı.
Fərmanın uğurlu icrası olaraq, Nazirlik tərəfindən qısa müddətdə mükəmməl proqram təminatı əsasında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi yaradılaraq ötən ilin iyul ayından onun tətbiqinə başlanıldı. Ölkəmizin əmək qanunvericiliyində də müvafiq dəyişiklik edildi və işəgötürənlərlə işçilər arasında bağlanan hər bir əmək müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinin, yaxud xitam verilməsinin bu barədə müvafiq bildiriş formasında əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi qanunvericiliyin tələbi kimi müəyyən olundu.
Bununla əlaqədar “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti, habelə işçilərin onlarla bağlanmış əmək müqavilələri barədə real vaxt rejimində məlumat əldə edə bilmələri üçün “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti “Elektron hökumət” portalı üzərindən istifadəyə verildi. İlk gündən həm işəgötürənlər, həm də işçilər tərəfindən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə böyük maraq yarandı. “Elektron hökumət” portalından istifadənin cari ilin 11 ayı üzrə 16,7 faizi (1 milyon 828 min 890 dəfə istifadə), o cümlədən noyabr ayı üzrə 21,8 faizi (153163 dəfə istifadə) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin payına düşüb
Yeni elektron informasiya sistemi əmək münasibətləri sistemində keyfiyyətcə çevik mərhələyə keçilməsini və bu münasibətlərin elektron müstəvidə şəffaflaşdırılmasını təmin etdi. MDB məkanında ilk dəfə Azərbaycanda qurulan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistem hazırda işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunun aparılmasında, işçilərin əmək və gələcəkdə layiqli pensiya təminatı hüquqlarının qorunmasında, dövlət büdcəsinə sosial sığorta və vergi daxilolmalarının artmasında xüsusi önəm kəsb edir.
Elektron sistem siyasi və iqtisadi həyatda vacib sahələrdən biri olan əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası da formalaşdırıb. Bu isə məşğulluq dinamikasının əsas tendensiyalarını, iş qüvvəsinin icarə şərtlərini, əməyin şərtlərini, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələrini və yerdəyişməsini, əmək haqqının kəmiyyətini və s. amilləri aydın şəkildə izləməyə, əmək bazarı üzrə obyektiv reallığa əsaslanan təklif və proqramların işlənməsində xüsusi önəm kəsb edir. Digər tərəfdən, sistemdə muzdla əmək fəaliyyət göstərən bütün işçilər barədə mövcud olan informasiya bazası hazırda ölkənin elektron arayış sistemində populyarlığı ilə seçilən “İş yerinə dair arayış” elektron xidmətinin formalaşdırılmasına və “Elektron Hökumət” portalı üzərindən istifadəyə verilməsinə də şərait yaratdı. Həmin xidmətdən faydalananların sayı getdikcə çoxalır və cari ilin yanvar ayı ilə müqayisədə noyabr ayında “İş yerinə dair arayış” e-xidmətindən 2,5 dəfə çox və ya 25570 dəfə istifadə edilib. Ötən ilin dekabrında istifadəyə verilən bu xidmətdən cari ilin 01 dekabr tarixinədək vətəndaşlar 203320 dəfə faydalanıblar.
Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi bu gün mötəbər beynəlxalq qurumlar tərəfindən Azərbaycanın uğurlu bir iş təcrübəsi kimi dəyərləndirilir. Hətta Beynəlxalq Əmək Təşkilatı (BƏT) bu uğurlu təcrübənin digər ölkələrdə yayılması üçün texniki dəstək verməyə hazır olduğunu bildirib.
Son illərdə əmək hüquqları sisteminin BƏT-in ayrı-ayrı Konvensiyalarından irəli gələn mütərəqqi yanaşmalara uyğun təkmilləşdirilməsi istiqamətində də islahatyönümlü işlər aparılıb, əmək sahəsində yeni qanunvericilik layihələri (“Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsi, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” və s. ) hazırlanıb. Layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və digər sahələrdə BƏT-lə, Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyası, Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi və digər mötəbər beynəlxalq qurumlarla, sosial tərəfdaşlarla əməkdaşlıq xeyli güclənib.
Bizim son illərdə mühüm tədbirlərimizdən biri də əmək qanunvericiliyinə əməl olunması, əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında təbliğat və maarifləndirmənin aparılması, onlara metodiki köməkliklərin göstərilməsidir. Görülən işlərin müsbət nəticəsi olaraq, çoxsaylı yeni müəssisələrin, iş yerlərinin açıldığı şəraitdə əmək qanunvericiliyinin pozulması hallarının, istehsalatla əlaqəli bədbəxt hadisələrin, bu hadisələr nəticəsində xəsarət alanların sayı azalır.
Mühüm amillərdən biri kimi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması üçün son illərdə sığorta şirkətləri ilə əməkdaşlıq sənədləri imzalanıb. Bu da qeyd olunan hallarda işçilərə dəyən zərərin əvəzinin ödənilməsi kimi zəruri məsələnin həllində mühüm önəm kəsb etməkdədir.
- Səlim müəllim, cəmiyyətin diqqətini cəlb edən islahat tədbirlərindən biri də ünvanlı dövlət sosial yardımı sistemini əhatə edir. Bu sahədə aparılan islahat prosesini necə xarakterizə edərdiniz? Ünvanlı yardım sisteminin avomatlaşdırılması hazırda hansı mərhələdədir? Yeni sistemin tətbiqi sosial yardımların təyinatı prosedurlarını necə dəyişəcək?
- Ölkəmizdə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa hesablanan Dövlət Proqramları uğurla icra olunmaqla, əhalinin aztəminatlı hissəsinin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsi prioritet istiqamətlərdən biridir. Ünvanlı dövlət sosial yardımı proqramı bu sahədə əhəmiyyətli rola malikdir. Cənab Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının icrasında şəffaflığın və ünvanlılığın təmin olunması, yardımların təyinatı sahəsində mənfi halların birdəfəlik aradan qaldırılması son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların əsas hədəflərindən biridir.
Bu məqsədlə hələ 2013-cü ilin son aylarından etibarən yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi, yardım təyinatında ciddi nöqsanlara yol verən əməkdaşların sosial təminat sistemindən kənarlaşdırılması işləri aparılıb. Ünvanlı sosial yardım alanların siyahılarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində cəmiyyətə açıqlanması, vətəndaşların həmin siyahılarla tanış olaraq ünvanlı yardımların qeyri-qanuni təyinat halları ilə bağlı məlumat vermələri üçün əhaliyə müraciət edilməsi bu yardım sistemində şəffaflığın və ictimai nəzarətin təmin olunmasında nazirliyin qətiyyətli mövqeyini, cəmiyyətlə sıx əməkdaşlıqda işləmək əzmini nümayiş etdirib.
Görülən tədbirlər ünvanlı yardım təyin olunan ailələrin sayının 2014-cü ildə əvvəlki illə müqayisədə 35,5 faiz, 2015-ci ilin birinci yarısında 20 faiz azalmasına səbəb oldu. Bu azalma prosesi davam edir və son bir ayda, yəni noyabr ayında bu yardımı alanların sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,3 minə yaxın ailə (3,8 faiz) azalaraq 108094-ə, ailə üzvlərinin sayı isə 20 min nəfərə yaxın (4,1 faiz) azalaraq 466131 nəfərə enib. Bu azalma ünvanlı yardımların gəlirləri ehtiyac meyarını üstələyən ailələrə təyin olunması hallarının qarşısının alınması və məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsinin nəticəsi kimi özünü göstərir. Əgər nəzər salsaq görərik ki, bu gün ünvanlı sosial yardım alan ailələrin 30442-i (28,1 faiz) tərkibində üç və daha çox uşağı olan, 9152-i məcburi köçkün ailələridir. Yardımla təmin olunan ailə üzvlərinin 32762 nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Ümumilikdə yardım ödənilən ailələrdəki ailə üzvlərinin 47,6 faizini və ya 222 min nəfərdən çoxunu uşaqlar, o cümlədən 5441 nəfərini 1 yaşadək uşaqlar təşkil edir.
Ünvanlı sosial yardım alan ailələrin sayının azalmasına baxmayaraq, yardımın məbləği artmaqda davam edir. Ötən ay həmin yardımların hər ailəyə ödənilən orta aylıq məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizədək artaraq 153,22 manat olub.
Azərbaycan Prezidenti cənab İlham Əliyev respublika hökumətinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ünvanlı yardım alan ailələrin sayının azalmasının hansısa ailələrin yardımının kəsilməsi kimi deyil, heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyənlərin artıq bu yardımı almadıqları kimi vurğulayıb. Dövlətimizin başçısının həmin iclasda “Hesab edirəm ki, ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem – şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb”- deyə bəyan etməsi bizim işimizə verilən yüksək qiymətdir və biz bu etimadı yeni uğurlu işlərlə doğrultmaq əzmindəyik.
Şəffaflığın təminatında inzibati tədbirlərlə yanaşı, sistem xarakterli tədbirlərin, institusional islahatların aparılması nazirliyin gündəliyində xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 23 fevral 2015-ci il tarixli Fərmanı bu sahədə islahatlara əsaslı stimul yaradıb. Ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması üçün qısa müddətdə mükəmməl proqram təminatlarına söykənən və test yoxlamaları əsasında təkmilləşdirilən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb.
VEMTAS ünvanlı yardım üçün müraciət edilməsi, həmin müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüququna baxılması və bu yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu proseslərini vətəndaş-məmur təmasları mümkün olmadan, avtomatlaşdırılmış rejimdə həyata keçirilməsini təmin edəcək. Vətəndaşlar təmsil etdikləri ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunması üçün yalnız elektron şəkildə müraciət edəcəklər. Bu müraciətlərə baxılması üçün onlardan heç bir sənəd istənilməyəcək, çünki bunun üçün həmin ailələrə aid arayış və məlumatlar aidiyyəti qurumların informasiya resurslarından elektron şəkildə əldə olunacaq. Həmin məlumatlar, eləcə də onların maddi-məişət şəraitinin müayinəsinin nəticələri təhlil edildikdən sonra yardımın təyin olunub-olunmaması, yardım təyin olunduğu halda onun hansı bankdan alınmalı olduğu barədə müvafiq şəxsə elektron qaydada ismarıc (mesaj) göndəriləcək.
Sistemin işləkliyinin, bütün prosedurları tam əhatə edə bilməsinin və ortaya çıxacaq hər bir nüansa hazır vəziyyətdə olmasının təmin edilməsi üçün onun texniki infrastrukturun tam hazırlıq vəziyyəti diqqətlə yoxlanılıb. Aidiyyəti dövlət orqanları tərəfindən qeyd olunan informasiya ehtiyatlarının "Elektron hökumət" portalında yerləşdirilməsi işləri də artıq tamamlanmaq üzrədir.
Ünvanlı yardımla bağlı müraciətlərə baxılması üçün “Elektron hökumət” portalı vasitəsilə ümumilikdə 20-dən çox quruma aid informasiya resurslarına inteqrasiya olunacaq. Göründüyü kimi, bu sistemin qurulması ilə digər tərəfdən bir sıra dövlət orqanlarının informasiya sistemlərini və ehtiyatlarını “E-hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında yerləşdirmələri təmin edilir. Bu isə ümumən “E-hökumət”in funksional imkanlarının əhəmiyyətli şəkildə genişlənməsinə, gələcəkdə digər sahələrdə də avtomatlaşdırılmış xidmət infrastrukturunun qurulmasına əlverişli zəmin yaradır.
- Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində həyata keçirilən islahat tədbiri əlillik müayinəsi sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması baxımından hansı yeni iş mexanizmlərini formalaşdıracaq?
- Azərbaycanda tibbi-sosial ekspertiza sisteminə ciddi nəzarətin həyata keçirilməsi, bu sahədə müasir və şəffaf iş mexanizminin təmin olunması Prezident cənab İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında müəyyən olunan əsas vəzifələrdən biridir. Hələ 2013-cü ilin sonlarında əvvəlki dövrlərdə ilkin əlillik təyin olunmasına baxmayaraq, müvafiq müayinə aktından çıxarışları gecikdirilən şəxslərdən onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə əlillik arayışlarının verilməsi təmin olunub. Bu tədbir, habelə həmin vaxtlarda yaradılmış işçi qrupları tərəfindən 17 min nəfərdən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələrinin ciddi şəkildə yenidən aparılmaqla, əlilliyi təsdiq edilənlərə müvafiq müayinə aktından çıxarışların verilməsi ümumən əhali tərəfindən razılıqla qarşılanıb.
Əlillik təyinatlarına ciddi nəzarətin həyata keçirilməsinin müsbət nəticələri kimi, respublikada ilkin əlilliyin dinamikası azalmaqla, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi artmağa başlayıb. 2014-cü ildə ilkin və təkrar əlillik təyin olunanların sayı 2013-cü ilə nisbətən 11,6 min nəfərdən çox, cari ilin 10 ayında isə ötən ilin müvafiq dövrünə nisbətən 6372 nəfər azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayında da azalma özünü göstərir və bu azalma cari ilin 9 ayında 35 faiz təşkil edib.
Bizim əsas məqsədimiz tibbi-sosial ekspertiza sisteminin elektron infrastrukturunun qurulması ilə məmur-vətəndaş təmaslarının kifayət qədər minimallaşdırılması və əlillik təyinatı prosesinin şəffaflaşdırılmasıdır. Dövlət başçımızın “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu məqsədin reallaşdırılmasına, vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasında müasir informasiya texnologiyalarının geniş tətbiqi yolu ilə şəffaflığın artırılmasına əsaslı təminat verib.
Fərmanın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri artıq yekunlaşmaq üzrədir və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da əvvəllərdə mövcud olmuş praktikaya, yəni vətəndaşın səhiyyə müəssisəsindən göndəriş alaraq müvafiq Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi, bu sahədə əlillik sənədləri ilə bağlı kağız daşıyıcılardan istifadəyə son qoyulacaq. Yeni sistem əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etməyə, əlillik təyinatı prosedurlarının tam avtomatlaşdırılmasına, bu sahədə məmur-vətəndaş ünsiyyətinin minimum enməsinə və şəffaflığın təminatına səbəb olacaq.
Hazırda əlillik müayinələri və qəbul edilmiş qərarlar barədə bütün məlumatlar elektron şəkildə həmin sistemə daxil edilir. Artıq formalaşmış informasiya bazası bu günlərdə nazirlik tərəfindən “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətinin istifadəyə verilməsinə şərait yaradıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış hər bir şəxs müvafiq autenfikasiya kodu vasitəsilə bu e-xidmətdən istifadə etməklə, onunla bağlı aparılmış müayinənin nəticəsinə dair məlumat ala, həm də öz əlilliyi barədə bu və ya digər quruma təqdim etmək üçün e-arayış əldə edə bilər. İstifadəçinin onun əlilliyinə dair çıxarışın bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumat əldə etmək imkanı da var.
Onu da bildirim ki, qeyd edilən Fərmana uyğun olaraq, birinci dərəcə əlilliyin (tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin) müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması da təmin olunub. Beləliklə, birinci dərəcə əlillik təyin olunmuş şəxslər bir daha təkrar əlillik müayinəsinə cəlb edilmirlər, ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslər də artıq ildə bir dəfə deyil, onlara əlillik təyin olunduğu vaxtdan yalnız beş il sonra təkrar əlillik müayinəsinə cəlb olunacaqlar. Beləliklə də, biz əlilliyi olan şəxslərin dəfələrlə əlillik müayinələrinə cəlb olunmaları ilə bağlı onlarda yaranan narazılıqları aradan qaldırmaqla bərabər, ən başlıcası, təkrar əlillik müayinələri zamanı əyintilərə şərait yaradan məmur-vətəndaş təmaslarının sayını dəfələrlə azaltmış oluruq. Əgər il ərzində təkrar əlillik müayinələrindən 275-280 min nəfər keçirdisə, bu rəqəm artıq 35-40 min nəfərə qədər azalacaq.
Nazirlik tərəfindən əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi işləri də aparılır. Yeni meyarlar əlilliyin müayinəsi zamanı şəxsin fiziki və əqli məhdudluğunun təsir etmədiyi potensial əmək qabiliyyətinin və fəaliyyət potensialının müəyyən olunmasını nəzərdə tutur ki, bu da həmin insanın əmək bazarına çıxış və reabilitasiya imkanlarını daha da genişləndirəcək. 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsi isə artıq hazırdır. Bu layihə qeyd olunan uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi sistemini təkmilləşdirməyə, bu sahədə də məmur-vətəndaş əlaqələrinin minimal səviyyədə endirməyə imkan verəcək.
- Nazirliyin xidməti kontingentinin mühüm bir hissəsini təşkil edən əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində hansı mühüm tədbirləri qeyd edərdiniz?
- Azərbaycan Prezidentinin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin də maddi və mənəvi tələbatlarının ödənilməsi, onların çoxşaxəli reabilitasiya tədbirləri ilə əhatə olunması sahəsində işlərin ildən-ilə güclənməsinə şərait yaradıb. Hazırda nazilrik tərəfindən aylıq sosial müavinət, əmək pensiyası və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların 35 faizdən çoxu məhz əlilliyi olan şəxslərdir. Qeyd etdiyimiz kimi, müharibə əlilləri və onlara bərabər tutulanların mənzillə, minik avtomobili ilə təminatı da ardıcıl olaraq gücləndirilir.
Bununla yanaşı, Nazirliyin tabelyindəki bərpa-müalicə müəssisələrində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilir. Həmin insanların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri yüksələn xətlə davam etdirilir. Cari ildə ötən illə müqayisədə 65 faizə yaxın çox, yəni 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Bu təbəqədən olan şəxslərin protez-ortopedik xidmətlə təminatında mühüm işlər aparılır və təkcə bu ilin 11 ayında Nazirlik tərəfindən onlara ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1 faiz çox, yəni 31923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
Artıq iki ildir ki, respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti də həyata keçirilir. Bu tədbir protez-ortopedik bərpa xidmətinin əlilliyi olan insanlara daha yaxın və əlçatan olmasına, bölgələrdə yaşayan belə şəxslərin zəhmət və nəqliyyat xərci çəkmədən yaşadıqları bölgədəcə müvafiq xidmətlərlə təminatına imkan verib.
Nazirlik tərəfindən hər il əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə Proqramlar təsdiqlənərək icra olunur. Həmin proqram çərçivəsində bu ilin ötən müddətində min nəfərdən çox əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Əlamətdar günlərlə və ildönümlərlə, Bilik günü ilə əlaqədar, eləcə də sosial-məişət problemlərinin həllinə, ölkə daxilində və xaricdə müalicəsinə köməklik məqsədilə ümumilikdə 13,3 min nəfərədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq birdəfəlik maddi yardımlarla təmin edilib, 221 nəfər belə şəxsin əl işlərindən ibarət ümumrespublika yaradıcılıq sərgisi təşkil olunub. 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq əsasən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib. Digər sahələrdə də məqsədyönlü tədbirlər həyata keçirilib. Ümumilikdə 2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı müvafiq təbəqələrdən olan şəxsi 16,3 min nəfərdən çox şəxsi əhatə edib.
Qeyd edim ki, əlilliyi olan şəxslərlə bağlı ölkəmizdə aparılan siyasət, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının prinsiplərinin icrası üzrə görülən işlər beynəlxalq səviyyədə də bəyənilir. 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin Cenevrədə (İsveçrə) keçirilən XI sessiyasında adıgedən Konvensiyanın icrası ilə bağlı Azərbaycanın hesabatı, habelə ölkəmizdə hazırlanan «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi Komitə tərəfindən yüksək dəyərləndirilib. Hazırda bu layihə, habelə «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi mütərəqqi yanaşmalarla daha da təkmilləşdirilib.
- Səlim müəllim, hazırda əmək bazarındakı vəziyyəti necə xarakterizə etmək olar? Məşğulluq xidməti tərəfindən əmək bazarındakı tələb və təklifin uzlaşdırlması üçün hansı aktiv məşğulluq tədbirləri həyata keçirilir?
- Azərbaycanda yaşanan dinamik iqtisadi tərəqqinin mühüm nailiyyətlərindən biri də milli əmək bazarında stabilliyin təmin edilməsidir. İqtisadiyyatın qeyri-neft bölməsinin genişlənməsi üçün aparılan məqsədyönlü islahatlar bu sektorun dinamik artımını və onun əmək bazarının inkişafında da önəmli faktor kimi çıxış etməsini, hazırda muzdla işləyən əhalinin 94 faizə qədərinin məhz bu sektorda çəmləşməsini şərtləndirib. Ötən ilin statistikasına əsasən, iqtisadiyyatda məşğul əhalinin 51,1 faizi kənd təsərrüfatı, balıqçılıq, sənaye və tikinti sahələrində çalışır. Sahibkarlığın inkişafına davamlı dövlət dəstəyi özəl sektorda məşğul əhalinin getdikcə çoxalmasına səbəb olur və 2014-cü ildə qeyri-dövlət sektorunda işləyənlərin sayı 2000-ci illə müqayisədə 1,3 dəfə artıb. Hazırda muzdla çalışan əhalinin də 41,6 faizi və ya 626,8 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Dünya ölkələrində böhran səbəbindən işsizliyin kəskinləşdiyi, eləcə də Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstəricinin MDB məkanında ən aşağı səviyyəyə - 4,9 faizə enməsinə nail olunub. Gənclərin məşğulluğu sahəsində də ölkəmizdə mühüm işlər görülüb və son 5 ildə ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb. Aparılan təhlillər ölkənin əmək bazarındakı sabitliyin növbəti illərdə də davam edəcəyini qeyd etməyə əsas verir. Xüsusən sahibkarlığın dəstəklənməsinə, qeyri-neft sektorunun genişlənməsinə yönələn mühüm tədbirlər əmək bazarında müsbət meylləri daha da gücləndirəcək.
İşsizliyin aradan qaldırılması sahəsində Nazirlik tərəfindən də məqsədyönlü işlər aparılır. Nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 27146 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə, 1600 nəfərə yaxın şəxs ödənişli ictimai işlərlə, əmək birjaları vasitəsilə 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd olunan dövrdə 3977 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz və ya 404 nəfər çoxdur. Habelə 100 min nəfərə yaxın gəncə gələcək peşə və ixtisas seçimində köməklik üçün peşəyönümü məsləhətləri verilib. Ümumiyyətlə, məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların sayı son on ildə 2,5 dəfədən çox artıb.
Sosial cəhətdən həssas qruplardan olan insanların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına açıq, inklüziv və bərabər hüquqlu çıxış imkanlarına malik olmasına şəraitin yaradılması daim diqqətdə saxlanılır. Bu sahədə işlərin davamı kimi, cari ilin yanvar-oktyabr aylarında 743 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş kvota üzrə işlərlə təmin edilib ki, onlardan 240 nəfərini əlilliyi olan şəxslər, 159 nəfərini məcburi köçkünlər, 156 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, qalanlarını digər müvafiq kateqoriyalardan olanlar təşkil edib. Bu dövrdə 508 nəfər əlilliyi olan şəxs, 164 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək insan və internat məktəblərini bitirmək ərəfəsində olan, valideyn himayəsindən məhrum olmuş gənc əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərə xüsusi diqqət və qayğısı, habelə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında həmin gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə başlanılıb. Ötən ay Abşeron rayonunun Masazır qəsəbəsində 120 mənzilli yaşayış binası bu təbəqədən olan gənclərin istifadəsinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu binada hər bir mənzil lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb. Müəssisədəki ictimai iaşə obyektlərində binada yaşayanların özlərinin işləməsi, yəni onlardan 35 nəfərinin elə yaşadıqları müəssəsədə işlə təmin olunması nəzərdə tutulub. Bizim gündəliyimizdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir.
Hazırlanan yeni Məşğulluq Konsepsiyasında sosial cəhətdən həssas qruplara aid şəxslərin əmək bazarına çıxış imkanlarının artırılmasına xüsusi diqqət yetirilib. Həmçinin əlilliyi olan şəxslərlə bağı yeni qanunvercilik layihələrində də bu şəxslərin iş yerləri ilə təminatı üçün məqsədyönlü tədbirlər əksini tapıb.
- 2015-ci ili başa vurmaq ərəfəsindəyik. Nazirliyin 2016-cı il üçün əsas fəaliyyət prinsipləri nədən ibarət olacaq?
- Son illər, o cümlədən 2015-ci il dünyada baş verən böhran səbəbindən bütün dünya iqtisadiyyatı üçün çətin bir sınaq dövrü olsa da, Azərbaycan bu sınaqdan nəinki minimum itkilərlə çıxıb, hətta özünün iqtisadi artım tempini davam etdirib. Eyni zamanda, dövlət başçısının sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların da uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək və sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mütərəqqi islahatlar davam etdirilib. Bu baxımdan artıq tarixə çevrilməkdə olan 2015-ci ili bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu bir il kimi dəyərləndirmək olar.
Lakin görüləcək işlər çoxdur. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi və s. növbəti ildə nazirlik üçün prioritet fəaliyyət istiqamətləri olacaq. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqətdə saxlanacaq.
Sosial xidmətlər sahəsində yeni yanaşmalara, ciddi keyfiyyət dəyişikliklərinə, həmin xidmətlərin çətin həyat şəraitində olan şəxslərin rifahına təsir edə biləcək bir formada qurulmasına yönələn islahatlar da gündəliyimizdə mühüm yer tutacaq. Sosial müdafiə əhəmiyyətli yeni müəssisələr-Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur ki, onlar istifadəyə verildikdən sonra aidiyyəti kateqoriyalardan olan insanlarla bağlı reabilitasiya yönümlü yeni xidmət sahələrinin və təcrübələrinin yaranması müşahidə ediləcək.
Digər tərəfdən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın, habelə yeni Məşğulluq Konsepsiyasının layihələri hazırlanıb. Bu layihələr əmək, məşğulluq, sosial müdafiə sahələrində hüquqi bazanın qabaqcıl dünya təcrübəsindən irəli gələn metodlar əsasında təkmiləşdirilməsini, həm də fəaliyyət sahələrinin daha səmərəli, məqsədyönlü iş prinsipləri əsasında qurulmasını təmin edəcək. “İşsizlikdən icbari sığorta haqqında” Qanun layihəsi də qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən icbari sığorta olunması sahəsində ölkədə yeni və vacib bir sığorta növünü formalaşdıracaq.
Qeyd olunanlar baxımından hesab edirəm ki, 2016-ci il əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların davam etdiriləcəyi və mühüm addımların atılacağı uğurlu bir il olacaq.