YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində ciddi nailiyyətlər əldə etmiş bir dövlətdir

Müsahibimiz Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

- Əli müəllim, parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası mərhələsindəyik. Bu mərhələnin tələbinə uyğun olaraq keçilən yola nəzər salıb, qarşıdakı dövr üçün prioritetləri açıqlamaq bir zərurətdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət  Proqamının icrası fonunda təmsil etdiyiniz Yevlax-Mingəçevir bölgəsinin inkişafını necə şərh edərdiniz?

- Məlum olduğu kimi, cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçkildikdən sonra keçirilən andiçmə mərasimində iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas  vəzifə kimi irəli sürmüşdür. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə  təsdiqlənən Dövlət Proqamları qarşıya  qoyulan bu məqsədlərə yüksək səviyyədə nail olmağa sitmul verdi.  Regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramının icrasına başladıqdan sonra  ən çox  sürətlə inkişaf edən regionlarımızdan biri Yevlax-Mingəçevir bölgəsi olub.  Təkcə Yevlax şəhərində deyil,  həm də  kəndlərdə  qısa zaman çərçivəsində quruculuq, abadlıq işləri başladı və 2005-ci ildə Yevlax-Mingəçevir dairəsindən millət vəkili seçildikdən sonra bütün bu quruculuq, abadlıq işlərinin şahidi oldum.  Sovetlər dövründə Yevlax əlbəttə ki, çox ciddi sənaye mərkəzi idi. Amma sonra, yəni  80-cı illərin sonu 90-cı illərin əvvəllərində bütün ölkəmizdə olduğu kimi, Yevlax da geriləməyə başlamışdır. O zamankı hakimiyyət dövründə  keçmişdə mövcud olmuş  sənaye potensialı demək olar ki, dağılmışdır. Həm Yevlax, həm Mingəçevirə Ermənistandan, tarixi torpaqlarımızdan,  sonrakı mərhələdə  Dağlıq Qarabağdan qaçqın və məcburi köçkünlər pənah gətirmişdir. Ona görə də o bölgə Yevlax-Qarabağ bölgəsinə yaxındır, yəni strateji bir yerdir.  Yevlax son 10 il ərzində çox sürətlə inkişaf etməyə başladı. Yenidən sənaye potensialı bərpa olundu. Kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi işlər görüldü. Kəndlərə yeni yollar çəkildi. Qazlaşma davam edir. Eyni zamanda yeni  məktəblər,  uşaq bağçaları tikildi. Bütövlükdə Yevlaxın siması dəyişib. Düşünürəm ki, tez-tez  Bakıdan  Azərbaycanın qərb bölgələrinə gedən insanlar bu inkişafın şahidi olurlar. Nəzərə alaq ki, Yevlax magistral yolun üzərində yerləşir.  Eyni fikirləri Mingəçevir haqqında da söyləyə bilərəm. Sovetlər birliyi dövründə Mingəçevir  inkişaf etmiş şəhər olub. Böyük sənaye potensialına malik idi.  Azərbaycanın işığının mənbəyi Mingəçevir idi.  Son illərin müqayisəli  təhlili fonunda Mingəçevirin hansı inkişafa malik olduğunu aydın görmək olar. Dövlətimizin başçısı İlham Əliyevin bir neçə dəfə Mingəçevirə səfəri şəhərin inkişafında sözsüz ki, önəmli rol oynadı.  Mingəçevirin şəhər görünüşü yenidən özünə qayıtdı. Ölkə Prezidenti sonuncu səfəri zamanı  Yevlaxda sənaye potensalının bərpası ilə bağlı  texnoparkın açılması ilə əlaqədar   tapşırıqlarını  vermişdir. İndiki dövrdə, yəni parlament  seçkiləri ərəfəsində biz Yevlaxın,  eyni zamanda Mingəçevir şəhərinin həmin  bölgədə  öz inkişaf səviyyəsi ilə  fərqləndiyini  söyləyə bilərik. Əlbəttə ki, ölkənin inkişafına öz töhfələrini verən Yeni Azərbaycan Partiyasının  namizədi,  seçkilərə qatılan bir şəxs üçün bu mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd etmək istəyirəm ki, konstitusiya islahatları nəticəsində proporsional seçki sistemi ləğv olunub. Mojoritar seçki sistemidir. Bu təmsilçilik deməkdir. Millət vəkilləri ilə seçicilər arasında artıq  birbaşa  ünsiyyət var. Bu baxımdan insanlarla daha sıx bağlı olmalıdır. Təqdirəlayiq haldır ki, bu dövr ərzində biz millət vəkili  köməkçiləri institutunu da yarada bilmişik. Seçicilərlə operativ təmas köməkçilər vasitəsilə yaranır. Bunu qeyd etməkdə məqsədim budur ki, elə məsələr olur ki,  seçicilər  onları gündəmə gətirir,  millət vəkillərinin  müzakirəsinə, müdaxiləsinə ehtiyac yaranır. Ötən dövr ərzində seçicilərlə münasibətimiz qarşılıqlı,  başadüşülən bir  səviyyədə olmuşdur.  Amma buna baxmayaraq yenə də qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçki təbliğatı digər namizdlərdən fərqlidir. Bizim işimiz  həm də ölkədə  Prezident İlham Əliyev  tərəfindən həyata keçirilən bütün uğurlu siyasətdən seçki  təşviqatı zamanı istifadə etməkdir.  İnsanlar Yeni Azərbaycan Partiyasının  namizədləri ilə bağlı   ölkədə görülmüş  işlər konteksindən dəyərləndirmə aparırlar.  Onu da qeyd etməliyəm ki, gündəmə gətirilən və gətiriləcək məsələləri  millət vəkilləri  hökumət üzvləri, ayrı-ayrı dövlət orqanları ilə müzakirə edə bilib.    Bu gün millət vəkilləri ilə hökumət  nümayəndələri arasında çox  qarşılıqlı əlaqə vardır və bu əlaqə vətəndaşlarımızın rifahına xidmət edir. Beləliklə,   Yevlax və Mingəçevirdə iqtidarın həyata keçirdiyi siyasət, yerli icra hakimiyyəti  orqanlarının gördüyü işlər, insanlarla millət vəkilləri  arasında sağlam təmas imkan verir ki,  növbəti seçki təbliğatımızı da  uğurla həyata keçirək. Fürsətdən istifadə edib, Yevlaxdan və Mingəçevirdən olan seçicilərə təşəkkür edirəm ki, on il ərzində  aramızda çox səmimi, qarşlıqlı anlaşma, bir-birimizə inamlı  münasibət olub. İnsanlar irəli sürdükləri məsələlər həllini tapanda  bunu yüksək dəyərləndirib.  Həllini tapmayan məsələlər olduqda belə yenə də eyni ab-havanı nümayiş etdiriblər. Təbii ki, millət vəkili üçün seçicilərlə  etibarlı, səmimi münasibətin olması əsasdır. Belə bir mühitdə  növbəti parlament seçkilərinə gedirik. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlər, Azərbaycanın bugünkü uğurları təbliğat-təşviqat kampaniyasını daha uğurla həyata keçirməyimizə sitmul verir. Düşünürəm ki, digər bölgələrdə də vəziyyət eynidir. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin böyük əksəriyyəti parlament seçkilərində uğur qazanacaq, partiyanın üstünlüyü təmin ediləcək.

- Seçici etimadını şərtləndirən amillərdən biri də parlamentdə qanunların müzakirəsində və qəbulunda fəal iştirak etməkdir. Rəhbərlik etdiyiniz hüquq siyasəti və dövlət quruculuğu  komitəsi ötən dövrə hansı qanun layihələrinin təqdimatını və qəbulunu  yazdı?

- Komitənin fəaliyyəti andından bəlli olduğu kimi, hüquq siyasəti və dövlət quruculuğu ilə bağlıdır. Yəni dövlət idarəetməsi ilə bağlı qanunvericilik aktları, ölkədə  hüquq siyasətinə söykənən qanunvercilik aktları bizim komitə tərəfindən təqdim olunur. Qeyd etməliyəm ki, qanunvericilik aktlarının böyük əksəriyyəti  Prezident İlham Əliyev tərəfindən təqdim olunur. Eyni zamanda komitə tərəfindən də ötən beş ildə qanunvericilik təşəbbüsü kimi bir  sıra əhəmiyyətli məsələlər təqdim olunub. Onların biri hissəsi mətbuatla, bir hissəsi qeyri-hökumət təşkilatları ilə, bir hissəsi isə  hüquq islahatları ilə bağlı olub. Deyə bilərəm ki, komitəmiz üzvləri ilə birlikdə parlamentdə ən çox qanun layihəsi təqdim edən komitələrdən biridir. Vətəndaşlarımız da bu qanunlardan kifayət qədər yararlanıblar. Onların bir hissəsini xüsusi qeyd etmək istərdim. Bunlar korrupsiyaya qarşı mübarizə,  idarəetmədə şəffaflığın artırılmasına yönələn layihələrdir ki, onlardan  insanlarımız birbaşa bəhrələnirlər. Amma eyni zamanda  qeyd etməliyəm ki, ölkəmizdə hüquq islahatları Milli Konstitusiyanın qəbulundan sonra başladı. 2000-ci illərin əvvəllərində çox ciddi islahatlar həyata keçirildi. Bir məqamı da qeyd edim ki, 2009-cu ildə bizim komitə tərəfindən konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Belə demək mümkünsə, hüquq islahatlarıın  əsas hissəsi həyata keçirilib. Son zamanlar diqqət yetirsəniz görərsiniz ki, artıq daha çox iqtisadi və sosial layihələr təqdim olunur. Zamanında bizim komitə tərəfindən daha çox fundamental məsələlər olurdu. Bu gün isə daha çox əlavə və dəyişiklər edilir. Bu onunla bağlıdır ki, Konstitusiyaya uyğun olaraq həyata keçirdiyimiz islahatların qanunvericilik bazası əsas etibarı ilə artıq həyata keçirilib. Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində ciddi nailiyyətlər əldə etmiş bir dövlətdir. Hesab edirəm ki, insan hüquqlarının qorunması, qanunun aliliyi, demokratik, siyasi islahatlar sahəsində lazım olan çox vacib işlər görülüb. Onların bir çox hissəsi praktikada öz əksini tapıb.  Gələcəkdə hansısa yeniliklərə ehtiyac olarsa, onları da edəcəyik. Bunu xüsusi vurğulamaq istərdim ki, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bildirdi ki,  dövlət idarəetmə  sisteminin təkmilləşdirilməsinə də böyük ehtiyac var, bu sahəyə yenidən baxmalıyıq. Cənab İlham Əliyevin bu fikirlərinin  qanunvericiliklə də  əlaqəsi  var.  Üzərimizə bu tövsiyədən də  öhdəliklər düşür. Bu baxımdan deyə bilərəm ki, komitənin üzərində hər zaman iş var. İndiki inkişaf mərhələsində qarşıda duran məsələlər əsasən iqtisadi və sosial məsələlərdir. Bu gün hər kəs bunun şahididir ki,  siyasi sabitlik, hüquqi idarəetmə modeli mövcuddur, bu əsasda iqtisadi və sosial inkişafın daha da möhkəmləndirilməsi vacibdir.

- Əli müəllim, Azərbaycanın bugünkü uğurlarına xarici antiazərbaycan dairələrin qərəzli mövqelərinə münasibətinizi bilmək istərdik. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini kimi vəzifənizi nəzərə alsaq, Azərbaycana Avropa Şurasının, eyni zamanda  Avropanın digər qurumlarının münasibəti barədə daha aydın təsəvvür yarada bilərsiniz...

- Bilirsiniz ki, biz 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra həm  Avropa Şurası, həm də Avropada olan digər təşkilatlarla əməkdaşlıq əlaqələrimiz mövcuddur.  Avropa Şurasına gedən bir yol var idi ki, bu yol 1996-cı ildən başlanmışdır. Əvvəl biz qonaq qismində qəbul olunmuşduq. 2001-ci ildə  tamhüquqlu üzv qəbul olunduq. 2001-ci ilə qədər ölkəmizdə elə islahatlar həyata keçirilmişdir ki, onların  bəzilərini Avropa Şurasına üzv olan ölkələr  etməmişdir.  1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışandan sonra  ölkəmizdə ölüm hökmü ləğv olundu.  Baxmayaraq ki, ondan əvvəlki ildə ölkədə iqtidarda  olan şəxslər tərəfindən ölüm cəzaları ilə bağlı vəsadətlər rədd olunmuşdur. Həmin dövrdə sonuncu  dəfə olüm cəzaları icra edilmişdir.  Bu Azərbaycanın o dövr  tarixinin  qara səhifələrindən biridir. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi insan hüquq və azadlıqlarının  qorunması, humanizm dövlət siyasətinin əsasına çevrildi. Bu addımın atıldığı dövrdə ölkədə ictimai-siyasi durumun, dövlət çevriliş cəhdlərinin hansı səviyyədə olduğu məlum idi. Cinayətkarlıq  durmadan artırdı.  Belə bir stiuasiyada ulu öndər Heydər Əliyev belə bir addımı atdı. 1998-ci ildə ölüm hökmü  birdəfəlik ləğv olundu.  Azərbaycan bu addımı atarkən Avropa Şurasının üzvü deyildi. Demək istyirəm ki,  Azərbaycanda elə bir islahatlar həyata keçirilmişdir ki, onların Avropa Şurası ilə, onun konvensiyaları, qərarları ilə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan dövlətinin, onun rəhbərinin xarakterindən, həyata keçirdiyi siyasətin  mahiyyətindən irəli gələn addımlar idi.

Avropa Şurasına tamhüquqlu üzvə qəbul olunmağımızdan ötən dövr ərzində qurumun ölkəmizə qarşı atdığı bəzi  addımlarda qərəz inkaredilməzdir.  Bütün bunlara baxmayaraq  Azərbaycan dövləti uğurlu siyasəti ilə  bu kimi cəhdlərin qarşısını alıb. Azərbaycan öz yolunu davam etdirir.  Fəaliyyətimiz dövründə öz iradəmizi nümayiş etdirdik. Bizim üçün bir prinsip olub. Ulu öndər Heydər Əliyev  Avropa Şurası Parlament Assambleyasında  çıxışı zamanı söylədiyi  fikir bu olmuşdur ki, Avropa Şurası Azərbaycan üçün nə qədər  lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir. Biz bərabərhüquqlu üzvlük prinsipini götürdük və  yolumuzu davam etdirdik. Heç zaman təzyiqlə razılaşmadıq. Eyni zamanda qeyd etməliyəm ki, təşkilatda obyektiv insanlar mövcuddur. Real qiymətləndirmə aparan insanlar vardır. Onların dəstəyi, eyni zamanda ilk illərdə  Azərbaycan nümayəndə heyətinə  rəhbərlik edən cənab İlham Əliyevin  çox dəqiq fəlsəfəsi nəticəsində Azərbaycanın haqq mövqeyini təsdiqləyən qərarlar da qəbul olundu.

2008-2009-cu ildən başlayaraq Avropa İttifaqı «Şərq tərəfdaşlığı» prosesinə qərar verdi. Bu, 6 keçmiş postsovet ölkəsi ilə daha sıx əməkdaşlıq modeli idi.  Bunlar  Moldova, Ukrayna, Belarus və 3 Cənubi Qafqaz ölkəsi idi. Əlbəttə ki, bu ilk baxışdan cəlbedici görünürdü. Bu  baxımdan ki, hər kəs Avropa ilə əməkdaşlığa daha inkişaf etmiş bir  modellə əməkdaşlıq  gözü ilə baxır.  Hesab edirəm ki,  bu illər ərzində  Azərbaycanla Avropa İttifaqına üzv olan ölkələr arasında  münasibətlər  çox yaxşı inkişaf edir.  İqtisadi münasibətlər qurulub və bu,  hər iki tərəf üçün effekt verir. Amma təəssüf ki, Avropa Parlamenti ilə  ölkəmiz arasında  münasibətlər arzuolunan  səviyyədə inkişaf etmir.  Bunun təqsirkarı Avropa Parlamenti, orada mövcud olan  bir sıra siyasi  partiyalar və dairələrdir. Azərbaycanın iştirakı olmadan, ilkin müzakirələr aparılmadan Avropa Parlamentində ölkəmizlə bağlı  məsələlər müzakirə edilir, xoşagəlməz qərarlar qəbul olunur.  İlk Avropa Oyunları ərəfəsində  Avropa Paralmenti qəbul etdiyi  qətnamə ilə  bir daha qərəzli mövqeyini ortaya qoydu.  Çünki idmanla siyasət bir-biri ilə uzlaşmayan  sahələrdir.  Bir daha təsdiqləndi ki,  Avropada bir sıra dairələr  Qərbdən idarə olunur, erməni lobbisi və  Azərbaycanın  radikal müxalifəti birgə  fəaliyyət göstərir ki, ölkəmiz heç bir sahədə uğur qazanmasın. Bütün bu cəhdlər göründüyü kimi, Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində  boşa çıxır. Azərbaycan  müstəqil dövlətdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi. heç bir kənar qüvvə Azərbaycan dövlətinin, xalqının iradəsinə təsir göstərə  bilməz. Müstəqil Azərbaycan  beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi  siyasi çəkisini, nüfuzunu günbəgün artırır.    

- Əli müəllim, seçki hər bir ölkənin inkişafında mühüm amildir.  Yeni hədəflərə doğru addımlayan Yeni Azərbaycan Partiyasının seçki təcrübəsinə  qısa bir baxış keçirməyinizi istərdik...

- Partiyanın bu gün cəmiyyətdəki rolu, nüfuzu göz önündədir. Partiyanın yaşlı nəsil ilə gənc nəsli arasında bir varislik prinsipi mövcuddur. Hər yeni seçkidə daha gənc  insanların partiya tərəfindən namizədliyi irəli sürülür.  Builki  seçkiləri səciyyələndirən müsbət hallardan biri ondan ibarətdir ki,  partiyanın namizədləri siyahısında qadınların da sayı çoxdur.   Azərbaycan dünyəvi dövlətdir. Hər zaman  qadınların ölkənin  ictimai, siyasi,  mədəni həyatında rolu mövcud  olub.  Azərbaycan qadınlara ilk seçki hüququ verilən ölkə olub. Son illər icra hakimiyyəti orqanlarında  qadınlara xüsusi önəm verilib.  Bu öz müsbət nəticəsini verir. Bütün bunlar onu göstərir ki,  Yeni Azərbaycan Partiyasının gördüyü işlər hər dövrün tələblərinə uyğundur. Əminəm ki, bu kimi düzgün taktika seçildiyi üçün   Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi təmin olunacaq. Eyni zamanda yeni təbliğat-təşviqat  metodlarından  istifadə edilir. YAP Mərkəzi Aparatı hər bir dairədə mövcud vəziyyəti  hər an izləyir. Harda problem olursa, təbii ki, dərhal münasibət bildirilir.  Müasir informasiya texnologiyalarından  təbliğat-təşviqat  vasitəsi kimi istifadə olunur. YAP təkcə Azərbaycanda deyil, bölgədə öz nüfuzu, maddi  texniki təminatı ilə  ilə seçilən bir quruma çevrilib. YAP-ın bir çox ölkələrin  partiyaları ilə sıx əlaqələri mövcuddur.  Partiyanın hər bir üzvü, irəli sürdüyü namizədlər və onların vəkilləri  paytaxt və bölgələrdə tanınmış nüfuzlu şəxslərdir, ziyalılardır.  Bu cür düzgün taktika, düzgün təbliğat  kampaniyası partiyanın namizədlərinin qələbəsinə gətirib çıxaracaq.

Davamlı uğurlu işlər ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Dövlətimizin daxili və xarici siyasəti bu uğurlara geniş yol açır.  Cənab İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı çox aydın tezislər irəli sürüb.  Nazirlər Kabinetinin   2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  dövlət başçısı İlham Əliyev  tapşırıqlarını  diqqətə çatdırdı. Prezidentin  çox aydın ifadə olunmuş xarici siyasət kursu var.  Artıq bu siyasət  zamanın sınağından çıxıb.  Azərbaycanın  gərgin bölgədə yerləşməsinə baxmayaraq, sabitliyi, təhlükəsizliyi yüksək səviyyədə  qorunur.  Dünyanın bu və yə digər ölkələrində  baş verən siyasi gərginliklər,  toqquşmalar  göz önundədir. Buna baxmayaraq,  Azərbaycan  öz iqtisadi artımı ilə dünyanın diqqətindədir.  Ölkəmizdə sosial inkişafla bağlı  bütün layihələr uğurla icra edilir.  Belə bir şəraitdə azad, demokratik seçkilər keçirmək vacibdir. Əminik ki, Yeni Azərbaycan Partiyası  qalib gələcək.  YAP-ın parlmentdə əsas rol oynaması ölkəmizin inkişafı üçün vacibdir.  Seçicilərimiz  çox yüksək siyasi mədəniyyətə  malikdir, söylədiyimiz fikirlərlə razıdırlar. Ölkəmizin gələcək sabitliyinin qorunub saxlanılması üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

- Yeni Azərbaycan Partiyasının  etimadı,  seçicilərin dəstəyi millət vəkillərinin  fəaliyyəti üçün böyük stimuldur. Bu  məqamı necə şərh edərdiniz?

 - İxtisasca  hüquqşünasam. Əvvəllər  hakimiyyətin digər qollarında çalışmışam. Arzum həmişə  məhkəmə hakimiyyətində çalışmaq olub.  Amma Yeni Azərbaycan Partiyasının namizədi kimi seçicilərin dəstəyini qazanıb  parlamentdə təmsil olundundan sonra məndə bu qənaət yarandı ki,  parlamentin üzvü olmaq, qanunvericilikdə  təmsil olunmaq  necə şərəfli, eyni zamanda məsuliyyətli, həm də deyərdim ki,  maraqlıdır.  Bu gün mənim hüquqşünas fəaliyyətimə də münasibətim dəyişib.  Hüquqşünası dövlət  idarəçiliyindən  kənarda görə bilmirəm. Hüquqşünas gərək  özü dövlət quruculuğunda, siyasi prosesdə rol oynasın, bu proseslərin iştirakçısına çevrilsin.  Parlament bu baxımda çox  əhəmiyyətli bir formatdır. Parlamertdəki fəaliyyətimi dəyərləndirirəm.  Azərbaycan dövlətinə, xalqına  xidmət böyük şərəfdir. Etimad və dəstəyin mövcudluğu fonunda  məsuliyyət daha da artır.  Azərbaycanın davamlı uğurlarına öz töhfəmizi vermək üçün  səylərimizi daha artırmalıyıq. Bir daha qeyd etmək istərdim ki, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qələbəsi şəksizdir.