MÜSAHİBƏLƏR
Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir
- Rauf müəllim, ölkəmizdə bütün sahələr üzrə dinamik inkişaf müşahidə edilir. Bu mənada idman sahəsinin inkişafına dövlət dəstəyi ilə bağlı fikirlərinizi bilmək istərdik...
Ulu öndər Heydər Əliyevin başladığı və Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan düşünülmüş siyasət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır.
Son on il əzrində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirləri yüksək səviyyədə keçirilmişdir. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempinatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, Azərbaycanda yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində inam yaratmışdır.
Azərbaycanda müasir idman infrastrukturunun yaradılması sahəsində böyük işlər görülmüş və bu işlər yüksək surətlə davam edir. İdman qurğularının sayı 12 % artaraq 10 minə çatmış, 40 Olimpiya İdman Kompleksi, 3 üzgüçülük hovuzu, 5 stadion, 12 şahmat məktəbi tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir.
İdmançıların beynəlxalq yarışlarda qazandıqları medalların sayı 4,2 dəfə artaraq 4615 olmuşdur.Bu medalların 1633-ü qızıl, 1318-i gümüş, 1664-ü bürünc olmuşdur. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 1632 olmuşdur. Bu yüksək nəticələr Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmanın inkişafına göstərdiyi hərtərəfli qayğının nəticəsidir. Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli yığıcaqdakı nitqində möhtərəm Prezidentimiz demişdir: «Azərbaycan artıq idman dövlətidir.” Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. İdmanın Olimpiya hərəkatının inkişafına verilən beynəlxalq dəstək və qiymət çox yüksək səviyyədədir».
- Azərbaycan idmançılarının olimpiya yarışlarında iştirakını və əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?
- Azərbaycan müstəqil dövlət kimi Yay Olimpia Oyunlarında 1996-cı ildə iştirak edir. Azərbaycanın Olimpiya komandası 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə 10 medal qazanmışdır. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülmüşdür, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşdur. Bu, doğrudan da böyük və tarixi naliyyətdir. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən misli görünməmiş sosial-iqtisadi inkişafın, o cümlədən idman və Olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir.
Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, gənc ölkə kimi tanınır. Azərbaycanda iqtisadi sahədə müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. İqtisadiyyat sahəsində əldə olunan uğurlar imkan verir ki, idmanın inkişafına daimi dövlət qayğısı həyata keçirilsin.
- İdman sahəsində qazanılan nailiyyətlərin Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması baxımından əhəmiyyəti nədən ibarətdir?
- Son illərdə idman sahəsində beynəlxalq əlaqələr genişlənmiş və möhkəmlənmişdir. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Beynəlxalq Olimpiya Federasiyasının dəstəyi ilə Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən, Avropa və Dünya çempionatları, həm Olimpiya, eyni zamanda, qeyri-Olimpiya idman növləri üzrə çempionatlar keçirilir. 2012-ci ilin sentyabr-oktyabr aylarında ilk dəfə olaraq 17 yaşınadək qadınlar arasında futbol üzrə birinciliyi Bakıda çox yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir. Bütün yarışlarda iştirak edən idmançılar üçün çox gözəl şərait yaradılıb. Respublikamızda yaradılmış müasir idman infrastrukturu, Olimpiya kompleksleri ildən-ilə ölkəmizdə həyata keçirilən beynəlxalq idman tədbirlərinin sayını durmadan artırır.
2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən Azərbaycanın Dünya Kuboku – 2015 və Şahmat Olimpiyadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnun əldə etməsi dünya İdman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar qərarın qəbul edilməsi təsadüfi deyildir.
2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbil edilmişdir. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir. Bu, böyük tarixi hadisədir. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana etibar edilməsi ölkəmizin dünyada qazandığı nüfuzun bariz nümunəsidir. İlk Oyunların Bakıda keçirilməsi Azərbaycanın böyük uğurudur. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədrliyi ilə 2013-cü ilin yanvar ayının 17-də Təşkilat Komitəsi yaradılmışdır.
Ötən ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası olmuşdur. İclasda Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr barəsində öz fikirlərini bildirmişdir.
- Rauf müəllim, sizcə, Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı işlər hansı səviyyədədir?
- 2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlər başçısının tapşırığı ilə ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir.
16 aprel 2014-cü il tarixdə Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyeva müasir tələblərə cavab verən “Gimnastika Mərkəzi”nin açılış mərasimində iştirak etmişlər. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissələrində oturacaq yerlərin sayını 5 mindən 10 minə qədər artıqmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə məlumat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xereoqrafiya, trenajor zalları, dopinq nəzarəti inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman mərkəzində otel də yaradılmışdır. Avropa Gimnastika İttifaqının prezidenti burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlıqları quraşdırılmışdır. Milli Gimnastika Arenasında bu ilin iyun ayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir.
17.04.2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıda tikilən Su İdman Sarayında inşaat işlərinin gedişi ilə də tanış olmuşlar. Bildiyiniz kimi Prezident İlham Əliyev Azərbaycanda su idman növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdman Sarayının tikilməsi haqqında Sərəncam imzalamışdır. Ümumi sahəsi 66 min m2 olan saray Beynəlxalq Ügüçülük Federasiyasının tələblərinə cavab verir. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.
18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan – su polosu, çimərlik volleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaqdır.
Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 70 minlik Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən əsas tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaqdır.
28 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur. 2011-ci ildə dövlət başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir stadionlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin çox hissəsi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyyələrinin vermişdir.
Əl Oyunları Sarayında və Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır. Qeyd olunan obyektlərdən başqa Tofik Bəhrəmov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, 8-ci kilometr Stadionu, Güllə atıcılığı stendi, Bakı Ekspo Mərkəzində, Şəfa stadionunda və digər idman obyektlərində Avropa Oyunlarının keçirilməsi planlaşdırılır.
Birinci Avropa Oyularının Azərbaycanda keçirilməsi Azərbaycan dövlətinin və xalqının böyük qələbəsidir. Bu hadisə tarixdə qalacaqdır. Avropa Oyunlarından 2 il sonra 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi oyunları keçiriləcəkdir. Azərbaycan yeganə ölkə olacaqdır ki, həm Avropa, həm İslam Həmrəyliyi oyunları keçiriləcəkdir. Bütün əldə olunan uğurlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yorulmaz əməyinin və müdrik siyasətinin nəticəsidir.