YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq miqyasda nüfuzunun artmasına gətirib çıxarmışdır

Müsahibimiz Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, YAP Siyasi Şurasının üzvü Hüseyn Bağırov

- Hüseyn müəllim, ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması da daim diqqət mərkəzindədir. Bu baxımdan, ölkəmizdə ekoloji durum haqqında nə deyə bilərsiniz?

- Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.

Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, Onun ideyalarını gerçəkləşdirən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan vermişdir.

Keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq əldə olunan sosial-iqtisadi inkişaf, dünya iqtisadiyyatına inteqrasiya sahəsində qazanılan nailiyyətlər göz qabağındadır. Son illərdə əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirmiş, ekoloji təhlükəsizliyin təmin olunmasına zəmin formalaşdırmış, daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir.

Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrasına başlanılmışdır. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması və operativ həll olunmasını təmin etmək yönündə nə kimi işlər həyata keçirir?

- Təbii ehtiyatların istismar intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır.

Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin  ekoloji siyasətinin əsas istiqamətləridir.

Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması və operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, buna uyğun olaraq ətraf mühitin bütün trayektoriyasında, o cümlədən biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur. Belə ki, ətraf mühitin yaxşılaşdırılması istiqamətində ötən dövrdə də bir sıra layihələr,  o cümlədən ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət davam etdirilir. Qeyd etmək lazımdır ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında su təmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 40 minə yaxın əhalisi olan 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. 

Ümumilikdə əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2015-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 320 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılaraq 530 min əhali keyfiyyətli içməli su ilə təmin edilmişdir.

Ətraf mühitin mühafizəsi sahəsində 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1472 “məcburi göstəriş” verilmişdir. Ümumilikdə 1105 iş üzrə təqsirkarlar 4,8 milyon manat məbləğində inzibati qaydada cərimə edilmiş, ətraf mühitə dəymiş ziyana görə 497 iş üzrə 1, 7 milyon manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 5448 iş üzrə 1,9 milyon manat məbləğində ödəmə tətbiq olunmuşdur. Ətraf mühit üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 14 dəfə artmışdır.

Ötən il ərzində atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində həyata keçirilmiş və qeyd olunan şəhərlərdə yüksək çirklənmə halları qeydə alınmamışdır. 

Ölkə ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında fasiləsiz olaraq hidrometeoroloji müşahidələr aparılmış, hidrometeoroloji şəraitin öyrənilməsi, qısa və uzunmüddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsi həyata keçirilmişdir. 

Tərtib olunmuş yarımsutkalıq, sutkalıq və ikisutkalıq meteoroloji proqnozların özünü doğrultması Azərbaycanın rayonları və Abşeron yarımadası üzrə 91-97, Xəzər dənizi üzrə 95-98% təşkil etmişdir. Müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilmiş,  2014-cü ildə Azərbaycanda istehsal olunan 12 avtomat meteoroloji stansiya quraşdırılaraq işə salınmışdır. Hazırda respublika ərazisində fəaliyyət göstərən 29 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuşdur.

- Azərbaycanda biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi məsələləri hansı səviyyədədir?

- Biomüxtəlifliyin qorunması istiqamətində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən ceyranların tarixi ərazilərinə reintroduksiyası layihəsi çərçivəsində 2014-cü ildə 12 baş ceyran Samux rayonu ərazisinə köçürülmüşdür. Beləliklə reintroduksiya olunmuş ceyranların sayı 150 başa çatdırılmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində 2014-cü il ərzində Şirvan Milli Parkının İnzibati binası və İnformasiya Mərkəzi əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Hazırda Qızılağac Dənizkənarı Milli Parkının və “Zaqatala-Balakən Biosfer Rezervatının” formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 % -ni təşkil edəcəkdir. 

Son illərdə həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılmışdır - 893 min hektar - 9 milli park, 11 qoruq və 24 yasaqlıq.

Meşə ilə örtülü ərazilərin artırılması üzrə 2014-cü ildə 10 min hektardan artıq sahədə meşəbərpa tədbirləri, o cümlədən 2640 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmiş və 3,9 milyon ədəd ağac əkilmişdir. 90 hektar sahədə toxum səpilmiş, 65 hektar sahədə 2,6 milyon ədəd toxmacar, 18 hektar sahədə 8,6 milyon ədəd çilik basdırılmış, 28,3 milyon ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir.  

- Bəs yaşıllaşdırma işləri sahəsində hansı addımlar atılmışdır?

- Ümumilikdə bu istiqamətdə son 12 il ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 100 milyon ədəd ağac əkilmiş, 350 milyon ədəd əkin materialı yetişdirilmiş və 2 min ton toxum tədarük edilmişdir.Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 %-dək artmışdır (1 milyon ha). 

Abşeron yarımadası və ona bitişik digər arid zonalarda, həmçinin magistral avtomobil yollarının kənarlarında 2014-cü il ərzində 1,2 milyon ədəd ədəd müxtəlif növ ağac və kol cinsləri əkilmiş, 608 ha  ərazi müasir damcılı suvarma sistemi ilə təchiz edilmiş, 7 ədəd (həcmi 200, 750, 10-20 min m3 olan) su anbarı, 20 ədəd su nasosu, 3 ədəd 100 kVt-lıq transformator quraşdırılmış, 657 kq toxum tədarük edilmiş, 1862 hektar sahəyə 2 min ton üzvi, 453 hektar sahəyə 84 ton mineral gübrə verilmiş, 371 km yanğından mühafizə zolağı çəkilmişdir. 

Son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilmiş, müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Müxtəlif  bölgələrdə 2 100 ha sahədə 1 200 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Belə ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hal-hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artmışdır.

Yaşıllaşdırma tədbirlərinin effektivliyinin, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün Salyan rayonunun Xıdırlı kəndində quraşdırılmış zavodda duzsuzlaşdırılmış su ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunmuşdur. Hazırda kompleksə daxil olan müasir tinglikdə 300 mindən artıq ting və dekorativ gül yetişdirilir.  

- Su hövzələrində bioloji resursların artırılması istiqamətində də həyata keçirilən təbdirlər haqqında məlumat verməyinizi xahiş edirik..

- Ötən il ərzində balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi, habelə su bioresurslarının mühafizəsi sahəsində müvafiq işlər görülmüşdür. 2014-cü il ərzində 390,2 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 6,773 mln. ədəd nərəcinsli, 176,0 min ədəd qızılbalıq və 383,2 mln. ədəd çəkikimi balıq körpələri artırılaraq Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb. 

Hazırda Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərəcinsli balıqlardan ibarət təmir-törədici fond yaradılmışdır. 2014-cü il yaz-yay balıqartırma mövsümündə burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.

Ümumilikdə su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır.

- Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında nə qədər  yataq qeydə alınıb?

- Təkcə, 2014-cü il ərzində geoloji-kəşfiyyat işləri 66 obyekt və 8 elmi-tədqiqat mövzusu üzrə yerinə yetirilmişdir. Ümumiyyətlə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 37 rayonda qeyri-filiz yataqlarına axtarış-qiymətləndirmə işləri aparılıb, nəticədə 29 gil, 7 gilcə, 8 əhəngdaşı, 8 qum, 17 qum-çınqıl, 2 gips, 2 üzlük daşı, 2 mergel və 1 vulkan külü yatağı (cəmi 76 yataq) öyrənilmişdir.   

Respublikada ilk dəfə olaraq “Azərbaycanın qızıl yataqlarının atlası” çap edilmişdir. Atlasda Azərbaycanın Kiçik Qafqaz qırışıqlıq zonasında yerləşən Dağkəsəmən, Qoşa, Qızılbulaq, Çovdar, Gədəbəy, Dağcəyir, Tülallar, Söyüdlü, Tutxun, Ağduzdağ, Ağyurd, Piyazbaşı, Şəkərdərə, Kələki, Vejnəli qızıl yataqlarının və təzahürlər qrupunun geoloji-tektonik quruluşunun başlıca xüsusiyyətləri, filizləşmənin məkanca yerləşməsi və mineral əmələgəlmələrin ardıcıllıq sxemləri şərh edilmişdir. Hazırlanmış geoloji materiallar gələcəkdə kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsində, ehtiyat və proqnoz resursların dərinliyə və cinahlara artırılmasında, texnoloji sxemlərin düzgün seçilməsində mühüm rol oynayacaq. 

Ümumilikdə Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınmışdır ki, 253 yataq məhz ETSN yarandıqdan sonra qeydiyyata alınmışdır.

- Hüseyn müəllim, iqtisadiyyatın sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zəruri edir. Bu baxımdan, ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması üçün nazırlik hansı addımları atır?

- Son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin  müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilmiş, mövcud qanunlara əlavə və dəyişikliklər edilmişdir. Qanunvericilik əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə etmişdir. Yeni qanunların qəbul edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bərabər, həmçinin onların icrasının təmin edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar hazırlanıb təsdiq olunmuşdur. 

İqtisadiyyatın sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zəruri etmişdir. Bu baxımdan idarəetmə prosesində elektron hökumətin tətbiqi və xidmətlərin elektron qaydada həyata keçirilməsi ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmışdır.

Hazırda ölkədə iqtisadi inkişafla əlaqədar iri həcmli infrastruktur layihələri həyata keçirilir ki, bu da öz növbəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin tətbiqini zəruri edir. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidmətlərin elektron qaydada göstərilməsi qurumlararası razılaşdırma prosesinin operativliyi və şəffaflığı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkədə ətraf mühitin vəziyyəti, institusional dəyişikliklər, son illər ərzində həyata keçirilmiş tədbirlər və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər analiz edilmişdir. Eyni zamanda, Azərbaycanda mövcud ekoloji problemlər, yaranma səbəbləri və həlli yolları araşdırılmış, ətraf mühitin bütün sahələri üzrə kompleks şəkildə təhlil aparılmış və uzunmüddətli proqnoz göstəricilər müəyyənləşdirilərək “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı”nın layihəsi işlənib hazırlanaraq hökumətə təqdim edilmişdir. Dövlət Proqramının hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edilmiş, davamlı inkişafın əsasını təşkil edən “yaşıl iqtisadiyyat” konsepsiyasının müddəaları əsas götürülmüş, qısa və uzunmüddətli strategiyalar ümumi iqtisadi inkişaf göstəriciləri ilə uzlaşdırılmaqla gözlənilən risklər nəzərə alınmışdır.

Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycan Respublikasının başqa sahələrdə olduğu kimi ətraf mühit sahəsində də beynəlxalq miqyasda nüfuzunun artmasına  gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini çəlb etmişdir.  

- Ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində beynəlxalq əməkdaşlıq hansı səviyyədədir?

- Keçən dövr ərzində xarici siyasətimizin prioritet istiqamətlərindən olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələ olmuşdur. Azərbaycanın səyi nəticəsində BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sı (Espoo) çərçivəsində Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının “Espoo Konvensiyası” üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilmiş və Konvensiyanın icraiyyə komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilmişdir. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə qərar qəbul edilmişdir. 

2014-cü il 20 fevral tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.

Ölkə rəhbərliyinin İran İslam Respublikasına səfəri çərçivəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandum”u imzalanmışdır. 

2014-cü ildə Azərbaycan Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) qoşulmuşdur.  Bakı şəhərində “Mərkəzi Asiya və Qafqazda Balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın 3-cü iclası keçirilmişdir. Ötən ildə Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi” imzalanmışdır. 

2014-cü ildə “Bakı Ekspo Mərkəzi”ndə ətraf mühitin mühafizəsi üzrə 5-ci Yubiley Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE 2014”) sərgisi keçirilmişdir. Bu sərgi 5 il ərzində Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbir statusu qazanmışdır. Bu illər ərzində 323 şirkət ekologiya üzrə ən yeni məhsullarını nümayiş etdirib. “CTE” yubiley sərgisində 11 ölkəni, o cümlədən Azərbaycan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Türkiyəni təmsil edən 77 şirkət iştirak etmişdir. 

Eyni zamanda, Aşqabadda keçirilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın  5-ci Tərəflər Konfransı zamanı Konvensiya Katibliyinin 2015-ci ildən Azərbaycanda yerləşdirilməsi qərara alınmışdır. 

- Hüseyn müəllim, ətraf mühitin qorunmasında maarifləndirici tədbirlər də vacib rol oynayır. Nazirlik tərəfindən aparılan maarifləndirici təbliğat işləri hansı nəticələr verməkdədir?

- Nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir. 2014-cü il ərzində əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda 1500-dən artıq kütləvi tədbir həyata keçirilmişdir. Belə ki, ətraf mühitin vəziyyəti, bu sahədə olan problemlər, onların aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda ekoloji təbliğat xarakterli seminarlar, dəyirmi masalar, görüşlər təşkil olunmuş, ekoloji təqvim günlərində tədbirlər həyata keçirilmişdir. 

Ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin, yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədilə 30-dan artıq ali təhsil müəssisəsində ətraf mühit sahəsində təhsil alan tələbələrdən ibarət “Ekoklub”lar yaradılmışdır. “Ekoklub”ların təşəbbüsü ilə tələbələr üçün Geologiya muzeyi, Milli Parklar, Kür-Araz ovalığında yaşayan əhalinin təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə quraşdırılmış sutəmizləyici qurğular, Xəzər ətraf mühitinin mühafizəsi sisteminin yaxşılaşdırılması sistemi ilə tanışlıq məqsədilə ekskursiyalar təşkil edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar oktyabr-noyabr tarixlərində keçirilən “Uşaq aylığı” və may-iyun aylarında keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmişdir.

Eyni zamanda, Bakı, Gəncə və Qazax şəhərlərində Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində ətraf mühitə dair siyasətin formalaşması istiqamətində hökumət və qeyri-hökumət təşkilatları arasında görüşlər təşkil edilmiş, bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına köməklik göstərilmişdir. Vətəndaşlar tərəfindən Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə daxil olmuş 3574 müraciət müvafiq qaydada cavablandırılmışdır.

Ətraf mühit problemlərinin həllində vətəndaş fəaliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması bu istiqamətdə həyata keçirilən layihələrin daha səmərəli və nəticələrinin dayanıqlı olmasına zəmin yaradacaqdır. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac  əkək” devizi ilə keçirilən aksiyalarda da milyonlarla  yeni ağac və kol əkilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin  təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət  edir. IDEA-nın təşkilatçılığı ilə 18 mart 2014-cü ildə 1-ci Azərbaycan Ətraf Mühit Forumu yüksək səviyyədə keçirilmişdir. 2014-cü il 7 may tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədi daşıyırdı. Keçirilən layihələrdə məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər ölkəmizə yalnız uğur gətirmiş və bu sahədə siyasətin düzgün və uğurla həyata keçirilməsi nəticəsində, onun tərkib hissəsi olan ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaqdır.