YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İlk Avropa Oyunları Azərbaycanın intibahının zirvəsidir

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli

- Hadi müəllim, iyun ayında ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Bu oyunlar Olimpiya oyunları səviyyəsində qiymətləndirilir. Ümumiyyətlə, Olimpiya oyunlarının tarixi, keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Ümumiyyətlə, idman oyunlarının tarixi olduqca qədimdir. Minillər öncə dünyada belə oyunlar keçirilib. İdman yarışlarının istiqaməti isə müxtəlif cür olub. Amma buna baxmayaraq, Olimpiya oyunlari daha çox tarixdə qalıb. Olimpiya oyunlarinin tarixi eramızdan əvvəl 776-cı ildə başlayıb. İlk vaxtlar Olimpiya oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər olan 192, 27 metr  məsafə qət etmək üzrə yarışırdılar. Yarışın da birinci qəhrəmanı Koroibosa adlı aşpaz olub. Sonralar oyunlara ağır hərbi alətlərlə silahlanmış piyadaların qaçışı, güləşmə, uzununa tullanma, nizə və disk atmaq, iri təkərli arabalarda yürüşlər daxil edildi.

Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır.

Olimpiya oyunları sülh rəmzinə çevrilib

Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Bu oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilirdi.

Maraqlı məqam ondan ibarətdir ki, qədim dövrdə insanlar Olimpiya oyunlarına çılpaq gəlirmişlər. Bunun də səbəbi bir qadın olub. Belə ki, bir ailədə ata, oğlu müxtəlif vaxtlarda olimpiyanın qalibləri alıb. Növbəti olimpiya oyunlarına isə ana digər bir oğlunu hazırlaşdırırmış. Amma qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Ona görə də, oğlunun yarışını izləmək üçün ana kişi paltarı geyinib oyunlara tamaşa etməyə gəlir. Oğlu qələbə qazananda isə o özünü ələ ala bilməyib, qaçaraq oğlunu meydanda qucaqlayıb. Qadın həyəcandan yerişini və geydiyi paltarı unudur, başından papağı düşür, uzun hörükləri sallanır. Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin həmin qadının əri və oğlu müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri olduqlarına görə onu bağışlamışdılar. Amma sonrakı illərdə elə qərar qəbul etmişdilər ki, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli idilər.

Tarixdən bəllidir ki, qədim dövrdə Olimpiya oyunları 1170 il davam edib. Son oyun eramızın 394-cü ilində olub. Oyunların dayanmasının səbəbi isə Yunanıstanın Roma İmperiyasının tabeliyinə düşməsi olub. Roma imperatoru I Feodosinin  olimpiadaları ləğv etmək əmrinə qədər qədim Yunanıstanda 293 belə olimpiya oyunu keçirilib.

Maraqlı məqamlardan biri də odur ki, Olimpiya oyunlarında iştirak edənlər daha çox varlı adamlar olub. Eyni zamanda, filosoflar, alimlər də bu oyunlarda iştirak ediblər. Məsələn, filosoflardan  Platon, Aristotel, Arximed, Plutarx Olimpiya oyunlarının iştirakçısı olublar. Riyaziyyatçı Pifaqor, Plutarx, Arximed idmanın döyüş oyunlarında qalib də olublar.

Çox böyük fasilədən sonra 1860-cı illərdə Olimpiya oyunlarının bərpası yönündə addımlar atılmağa başlayıb. 1894-cü ildə Sarqonada yenidən Olimpiya oyunları bərpa olunub.

Ümumiyyətlə, dünyada Olimpiya hərəkatı ilə yanaşı bir sıra regional idman oyunları mövcuddur. Məsələn, 1951-ci ildən  Asiya Oyunları, 1965-ci ildən ÜmumAfrika Oyunları, 1951-ci ildən Panamerika Oyunları və s. keçirilir. Artıq Azərbaycan da bu il ilk Avropa Oyunlarını keçirməklə  olimpiya hərəkatının və dünya idmanının mərkəzinə çevrilir.

- Azərbaycanda idmanın inkişaf və tərəqqisi haqqında nə deyə bilərsiniz? Bu sahənın inkişafı nə zamandan ölkəmizdə vüsət almağa başladı?

- Ölkəmizdə idmanın inkişafına qayğı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına daim diqqət yetirib. Hələ sovet dönəmində bütün bölgələrdə sadə idman qurğuları yaradılırdı və bu, bir  hərakata çevrilmişdi. Ulu öndərimiz həmişə  idmanla məşğul olurdu və məmurlara tövsiyə edirdi ki, idmanla məşğul olsunlar. Mən Şəki şəhər partiya komitəsinin birinci katibi olanda hər səhər saat 7-də uşaqlarımla birgə idmana gedirdik. O dövrdə bütün məktəblərin də idman bazası yaradılırdı. Rayonlarda bu məsələyə xüsusi diqqət yetirilirdi, müxtəlif idman yarışları keçirilirdi.

Müstəqillik illərində isə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda idmana diqqət və qayğısı daha da artdı. Məhz Ulu öndərin fərmanı ilə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. Həmin ildən müstəqil Azərbaycan dövləti idmana və bədən tərbiyəsinə sahib çıxdığını, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi.

Ümumiyyətlə, Ulu öndərimiz Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün çox ciddi addımlar atdı, bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Təbii ki, bütün bunlar qısa müddət ərzində öz müsbət nəticələrini göstərdi.

Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınmaqdadır

- Bəs müasir mərhələdə bu proses hansı səviyyədə inkişaf etdirilir? Azərbaycanda güclü idman infrastrukturu yaradılıb. Bu sahənin potensialını necə dəyərləndirmək olar?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınmaqdadır. Artıq ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. 

Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın inkişafında yeni bir mərhələ başladı. Eyni zamanda, olimpiya hərəkatı da böyük vüsət aldı. Təsadüfi deyil ki, Yay Olimpiya Oyunlarında Azərbaycanın uğurları daim artır. 1996-cı ildə Atlantada, 2000-ci ildə Sidneydə, 2004-cü ildə Afinada, 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız uğurla təmsil olunublar və qazanılan medallar da artan xətlə gedir.

Əlbəttə ki, bu sahədə uğurlarımızın artmasının ciddi əsasları var. Çünki Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Avropa Oyunları kimi mötəbər idman tədbirinə ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. 

Bu gün ölkəmizdə 64 idman növü inkişaf edir, 53 idman federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hazırda Azərbaycanda 365 min 500-dən çox şəxs idman və bədən tərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlarda ölkəmiz 945-dən çox medal qazanıb. Bütün bunlar hazırda ölkəmizdə idmanın inkişafının parlaq göstəricisidir.

- İlk Avropa Oyunlarına hazırlıq işləri demək olar ki, başa çatıb. Bu hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycan ilk Avropa Oyunlarına ciddi şəkildə hazırlaşır. Artıq bir çox işlər başa çatıb. Birinci Avropa Oyunlarına qısa vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilib. Artıq bu istiqamətdə bir sıra idman obyektləri tikilib istifadəyə verilib. Bir müddət öncə isə onların rəsmi açılışı olub. 

Bilirsiniz ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə  ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sədrlik edir.

İlk Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin, Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılıb.

12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.

- Hadi müəllim, bəs bu tipli mötəbər idman tədbirlərinin keçirilməsi üçün mövcud hüquqi bazanın potensialını necə qiymətləndirmək olar?

- Hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir, başqa sözlə, bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, həmçinin, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.

Xatırladım ki, bu yaxınlarda Milli Məclisdə sözügedən qanunda və İnzibati Xətalar Məcəlləsində  vacib dəyişiklikər edildi. Bu dəyişikliklər iki qrup məsələnin tənzimlənməsini nəzərdə tutur. Birincisi, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin təmin edilməsidir. İkincisi isə idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılmasının qarşısının alınmasıdır. Artıq ictimaiyyətə bu dəyişikliklər məlumdur və hesab edirik, bunlar çox ciddi məsələlərdir.   

Ölkəmizə qarşı kampaniyaların məqsədi bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır

- Avropa Oyunları ərəfəsində bəzi xarici dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Buna münasibətiniz necədir?

- Azərbaycana qarşı təzyiqləri həmişə hiss etmişik. Nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində isə təzyiq cəhdləri daha artır. Əgər diqqət yetirsək, görərik ki, olimpiya oyunları kimi böyük idman tədbirlərinin keçirildiyi başqa ölkələrə də təzyiqlər, təhdidlər olub. Məsələn, Afinada, Pekində, Yay Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində baş verənlər buna sübutdur. Eyni zamanda, Braziliyada futbol üzrə dünya çempionatı ərəfəsində nələrin baş verdiyini yaxşı xatırlayırıq.

 Təbii ki, bütün bunları böyük güclər, bəzi dövlətlər təşkil edir. İstəyirlər ki, hamı onların diqtəsi ilə hərəkət etsin. Azərbaycana da təzyiqlərin, qarayaxma kampaniyalarının arxasında bu məqsəd dayanır. Məqsəd bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır. Məsələn, bir müddət əvvəl yeni inşa edilmiş olimpiya stadionunun çökməsi xəbəri yayıldı. Bu xəbəri kim yaydı? Təbii ki, həmin qüvvələr və onların burdakı əlaltıları. Bu, sadəcə, təxribat idi. Onlar Azərbaycanın nüfuzuna xələl gətirmək istəyirdilər. Amma bu baş tutan iş deyil.

Mayın 5-də biz parlamentdə 30-dan çox QHT-nin, eləcə də idman təşkilatlarının nümayəndələrinin iştirakı ilə dinləmələr keçirildi. Birmənalı şəkildə vurğulandı ki, Azərbaycana qarşı təxribatlar, yalanlar qəbulolunmazdır. Əgər kimlərsə, belə şyelərə inanırlarsa, təbliğat nəticəsində maarifləndirmə yolu ilə onlara əsl həqiqətlər izah olunmalıdır. Bütövlükdə isə Azərbaycan cəmiyyəti intellektualdır və onu hansısa yalanlarla mənfi istiqamətlərə yönləndirmək mümkün deyil.

- Hadi müəllim, bütövlükdə ilk Avropa Olimpiya Oyunları ölkəmizə nə verəcək? Bu faktorun perspektiv baxımından əhəmiyyəti nədən ibarətdir?

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı  nüfuzunun göstəricisidir. Bu fakt xüsusilə, Prezident İlham Əliyevin şəxsiyyətinin böyüklüyünün təzahürüdür. Məhz bu amillərə görə, belə bir mötəbər tədbirin keçirilməsi Azərbaycana etibar edilib. Digər vacib məqam odur ki, bu oyunlara hazırlaşmaq baxımından müddət rekordu vururuq. Hardasa, 2,5 il ərzində bu Oyunlara hazırlaşdıq. Dünyada isə hələ indiyə qədər belə göstərici olmayıb.

Bilirsiniz, Azərbaycanda nə tikilirsə xalqımız üçündür, çünki insanlara xidmət göstərir. İdman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq. Eyni zamanda, turizmin inkişafına da geniş imkanlar yaranacaq. Bütün bunlar həm də, Azərbaycanın reklamıdır. Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyətlərini dünyada təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, barış məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq.

Bunlardan əlavə, müvafiq sahələr üzrə kadrların yetişdirilməsi baxımından da bu tədbirin əhəmiyyəti qeyd olunmalıdır. Çünki vaxtilə müxtəlif sahələr üzrə mütəxəssislər xaricdən dəvət olunurdu, amma indi həmin mütəxəssislər, kadrlar ölkəmizdə yetişdirilir. Onu da deyim ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək.

Hesab edirəm ki, ilk Avropa Oyunları Azərbaycanın indiki intibahının zirvəsidir. Növbəti uğurlarımızın zirvəsini isə gələcək illərdə əldə edəcəyik. 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunları və digər böyük idman yarışları keçiriləcək. Həmin tədbirlər vasitəsilə də  Azərbaycan inkişaf edən, sabit, tolerant, mədəniyyətlərin qovuşduğu bir ölkə kimi özünü sübut edəcək.