YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Regionların inkişafı istiqamətində görülən işlərin miqyası çox böyükdür

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev

- Tahir müəllim, son illər Azərbaycanın bölgələri dinamik inkişaf etməkdədir. Bu inkişaf prosesində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Əminliklə demək olar ki, regionların inkişafı ilə bağlı dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. 
Qeyd etmək lazımdır ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa,  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

- Millət vəkili seçildiyiniz Ağcabədi rayonunda bu inkişaf özünü necə göstərir?

- Əlbəttə ki, digər bölgələr kimi Ağcabədi rayonunda da sürətli inkişaf müşahidə olunur. Əvvəllər rayonda su, qaz, işıq kimi sosial problemlər var idi. Artıq bu problemlərin əksəriyyəti həll olunub. Bu gün Ağcabədinin kənd yolları asfaltlaşdırılır. Misal üçün deyə bilərəm ki, hələ  2008-ci ildə kəndləri birləşdirən 24 kilometrlik yol çəkildi. Bu yaxınlarda isə 17 kəndi birləşdirən 42 kilometrlik yol çəkilərək istifadəyə verildi. Yəni, artıq rayonun kəndarası yolları tamamilə yenidən qurulur. Eyni zamanda, kəndlərin əksəriyyəti qazlaşdırılıb və bu proses davam edir. Rayonun su problemi demək olar ki, həll olunub. Bu il 22 subartezian quyusunun qazılması nəzərdə tutulur. İndiyə qədər isə xeyli sayda artezian quyuları istifadəyə verilib. Bu da əhalinin içməli su təminatının yaxşılaşmasında, eləcə də, əkin yerlərinin suvarılmasında müsbət təsirini göstərir. Bütövlükdə, insanların rahat yaşaması üçün bu məsələlər çox vacibdir. 
Deyə bilərəm ki, son illər Ağcabədi rayonu müsbət mənada simasını tamamilə dəyişib, müasirləşib. Bu gün rayonda iri emal müəssisələri yaradılıb. Məsələn, ATENA süd kombinatının məhsulları artıq xaricə ixrac olunur. Eləcə də, digər sənaye müəssiələri, çörək zavodu, taxıl terminalı, ət soyuducu kombinatı yaradılıb.
Rayonda hər il minlərlə iş yeri açılır. Yeni sahələr yaradılır. Sahibkarlıq inkişaf edir. Ümumiyyətlə, bölgələrin sənaye potensialı çox böyükdür. Rayonda  pilot taxılçılıq təsərrüfatları yaradılıb ki, 1 hektardan 50 sentnerdən çox məhsul götürülür. Bütün bunlar da, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində vacib addımlardır. Ağcabədi rayonunda son illər bir sıra sosial obyektlər də tikilib istifadəyə verilib. Məsələn, 2013-cü ildə 204 yerlik xəstəxana rayon sakinlərinin ixtiyarına verilib, xeyli sayda məktəblər tiklib və s. 
Əlbəttə ki, bu kimi işlər başqa rayonlarda da həyata keçirilir. Biz tez-tez bölgələrdə oluruq və gördüklərimiz bizi çox sevindirir. Dövlət proqramının icrası nəticəsində nəinki rayon mərkəzlərində, artıq kəndlərdə də  sosial inkişaf özünü qabarıq şəkildə göstərməkdədir. Bir sözlə, görülən işlərin miqyası çox böyükdür. Bu da düşünülmüş məqsəyönlü siyasətin,  xüsusilə, Prezident İlham Əliyevin əhalinin rifahının daha da yüksəlməsi istiqamətində göstərdiyi diqqət və qayğının nəticəsidir. 

- İyun ayında Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Bu hadisənin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, bu hadisə hər bir azərbaycanlıda qürur hissi doğurur. Çünki bu, tarixi bir hadisədir. Əgər birinci Avropa Oyunları Azərbaycanda keçirilirsə, bu ölkəmizin tarix yazması deməkdir. Çünki bundan sonrakı Oyunlarda Azərbaycan hər zaman xatırlanacaq. Təbii ki, bu uğura imza atmaq elə də asan başa gəlməyib. Nəyə görə, bu tədbir Avropanın böyük ölkələrində deyil, Azərbaycanda keçiriləcək? Bunun ciddi əsasları var.  Bu da Azərbaycanın inkişafının, nüfuzunun, dünya üçün əhəmiyyətinin göstəricisidir. Oyunlara hazırlıqla bağlı 3 ilə yaxın müddətdə Azərbaycanda möhtəşəm işlər görülüb. Halbuki, bir sıra ekspertlər, təşkilatlar hesab edirdilər ki, bu müddət ərzində hazırlaşmaq mümkün deyil. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin səyləri nəticəsində yüksək səviyyədə hazırlıq işləri həyata keçirildi və Bakı Avropa Oyunlarına tam hazırdır. 
Dünya şahidi oldu ki, Azərbaycan nəyə qadirdir, hansı işləri görür və hansı işləri görə bilər. İlk Avropa Oyunlarının keçirildiyi günlər ərzində Azərbaycan bütün dünyada təbliğ olunacaq. Milyonlarla insan bu yarışmanı izləyəcək. Ölkəmizə 6 min idmançı, onminlərlə xarici qonaq  gələcək. Onlar Azərbaycanın inkişafı ilə, mədəniyyətilə, insanlarımızın intellektual potensialı, qonaqpərvərliyi və bütün sahələrdə əldə etdiyimiz nailiyyətlərlə tanış olacaqlar. Və bu haqda dünya mətbuatında Oyunlardan sonra da xeyli yazılar yazılacaq. Hər yazıda da Azərbaycanın adı çəkiləcək.

- Bir neçə gün öncə Birinci Avropa Oyunlarının məşəli Ağcabədi rayonunda oldu. Rayon ictimaiyyəti məşəli hansı əhval-ruhiyyədə qarşıladı?

- Bu hadisə Ağcabədi ictimaiyyəti üçün ən sevincli anlardan biri oldu. İnsanlar ilk Avropa Oyunlarının məşəlini yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Məşəlin rayonumuza gəlişi insanlarda böyük coşğu yaratmışdı. Hər bir sakin ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə ürəkdən sevinir və bundan qürur duyur. Məşəlin bütün bölgələrdən keçməsi həm də, təbliğatın bir formasıdır. 
Həqiqətən də, hər birimiz vətəndaş olaraq bu hadisəyə sevinməliyik. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Ölkəmizdə güclü idman infrastrukturu yaradılıb və uzun illər xalqımıza xidmət edəcək. Bu amil, idmanın inkişafına daha da təkan verəcək.

- Tahir müəllim, bəzi xarici dairələr ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qərəzli kampaniyalar aparırlar. Buna münasibətiniz necədir?

- Doğrudur, amma düşünürəm ki, belə kampaniyalar faydasızdır. Qeyd etdiyimiz kimi birinci Avropa Oyunları ölkəmizin idman sahəsində qazandığı uğurları, yaradılan infrastrukturu nümayiş etdirməklə yanaşı, eyni zamanda, iqtisadi, sosial, siyasi inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək. Azərbaycanın tolerant yaşam tərzi, demokratik prinsiplərə əsaslanan idarəçiliyi, o cümlədən, ölkəmizdə bərqərar olan plüralizm bu gün bir sıra dövlətlərin nail ola bilmədiyi uğurlardır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən və milli maraqlarımızın qorunmasını özündə ehtiva edən xarici siyasət kursumuz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm üstünlüyümüzü təmin edib. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları bu münaqişə ilə bağlı həqiqətlərin bir daha geniş Avropa auditoriyasına çatdırılması baxımından da olduqca əhəmiyyətlidir. Elə bu səbəbdəndir ki, ilk Avropa Oyunlarını hədəfə alanlar məhz ermənilər və onlara dəstək duran xarici və daxili ermənipərəst qüvvələrdir. 
“Demokratiya” pərdəsi arxasında ayrı-ayrı dövlətlərə qarşı təzyiq kampaniyası həyata keçirən xarici dairələr anlayırlar ki, birinci Avropa Oyunları Azərbaycandakı inkişafın əyani nümayişidir. Ona görə də, bu fakt onları çox narahat edir. Erməni lobbisi, eləcə də, ermənipərəst transmilli qruplar Azərbaycanın sosial-iqtisadi üstünlüklər əldə etməsini, idman, incəsənət və başqa sahələrdə uğurlar qazanmasını həzm edə bilmir. Ölkəmizin belə bir yarışa ev sahibliyi etməsi beynəlxalq imicinin daha da artması baxımından böyük dividendlər vəd edir. Ermənilərin və onların havadarlarının min bir fitnə və yalanla şər-böhtan kampaniyası aparmasının kökündə də məhz bu faktor dayanır. Amma bu qüvvələr hər zamankı kimi fiaskoya məhkumdurlar. Əminəm ki, birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq.