MÜSAHİBƏLƏR
Zərifə xanım nadir, unikal bir qadın idi
- Nurlana xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur. Sizin üçün Zərifə xanım Əliyeva kimdir?
- Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, mili dəyərləri övladlarına böyük məhəbbətlə təlqin etmiş Leyla xanımın tərbiyəsi ilə böyümüş, Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi Heydər Əliyevin ömrünün sultanı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylamış, nurdan yoğrulmuş bir ana, alim, şəxsiyyət!
Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi... Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, məktəb, nümunə olan İnsan!
Yaranışdan bütün bəşər övladına məxsus ali bir duyğu doğulub köksümüzün altında, göyərib boy göstərir. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inanma, istinadgaha çevrilir. Nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür –gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafi ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı.
Təməlində həqiqətin olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadınlığının mücəssəməsi Zərifə Əliyeva dururdu.Onun parlaq həyatı hadisələr və mənalarla zəngindir. Məni isə ən çox düşündürən onun analıq fenomenidir. Zərif bir ana necə böyük bir qüdrət daşıya bilir. Dünyaya necə böyük insanlar bəxş edə bilər, xalqın taleyində necə misilsiz iz qoya bilir. Analıq doğrudan da təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Sayıram ki, bu cəhətdən də Zərifə xanım nadir, unikal bir qadın idi.
Mən həyatda hər şeyin anadan miras olduğuna inanıram. Zərifə xanımın anası Leyla xanım da xoşbəxt taleli bir qadın idi.O, dörd övladın ilki idi. Bu dörd övladın hamısı həyatda istedadlı və xoşbəxt taleli insanlar oldu. Bir qızı Gülarə gözəl ifaçı və bəstəkar, iki oğlu—Tamerlan və Cəmil görkəmli tibb alimi oldular. Lakin Zərifə xanımın taleyi onların hamısından nurlu, uğurlu oldu. Yəqin ona görə ki, ailənin ilki idi və valideynlərin məhəbbət payının çoxu ona qismət olmuşdu.
Deyirlər ki, uşaqlıqdan qismət olan ana məhəbbəti insanı xoşbəxt edir. Zərifə xanımı anası da, görkəmli dövlət adamı və həkim olan atası da çox istəyirdi. Xalqın tarixində iz qoymuş bu ailə sovet dövrü Azərbaycan elitasının seçmə və tipik nümunəsi idi. Yüzlərlə bolşevik xadimləri kimi onların da yolu kənddən - Naxçıvanın Şaxtaxtlı kəndindən çıxmışdı. Zərifənin atası öz həkimlik fəaliyyətinə burada başlamış, ilk övladı da burada doğulmuşdu. Əziz Əliyevin İrəvan yaxınlığındakı kənddən başlayan həyatı demək olar ki, təkərlər üzərində keçmişdi. 1918-ci ilin Azərbaycanlılara qarşı soyqırımı bu ailədən də yan ötmədi: onları didərgin salıb Naxçıvana, oradan isə Bakıya gətirdi. 1923-cü ilin yayında Bakıya gələn Əziz Əliyev rus dilində çıx savadlı bir gənc kimi, tanışların köməyi sayəsində dövlət işinə girir və onun fasiləsiz yüksəlişi başlanır.
Bu yüksəlişin təməlində qızıl medalla bitirilmiş İrəvan gimnaziyasının təhsili dururdu. Təhsilə, elmə, müasirliyə maraq onun övladlarının da həyat yolunu təyin etdi. Kökləri bəy nəslindən olan Leyla xanım uşaqlarının təhsil və tərbiyəsi ilə özü məşğul olurdu. Əri isə Mədəni İnqilabın yorulmaz əsgərlərindən biri idi. Ali təhsil almaq üçün ona böyük maarifçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev maddi yardım etmişdi və bunun sayəsində o, Peterburq Hərbi Tibb akademiyasına daxil ola bilmişdi. 20-30-cu illərdə Əziz Əliyev Azərbaycan maarifinə öz övladlıq borcunu qaytardı, maarif və səhiyyənin təşkilində var qüvvəsi ilə çalışdı. Ömrünün sonunda yenə səhiyyəyə qayıtdı, bütün təcrübəsini gənc kadrların yetişdirilməsinə həsr etdi.
- Sizcə, ailə faktoru və aldığı təhsil Zərifə xanım Əliyevanın şəxsiyyət kimi formalaşmasında nə kimi rol oynadı?
- 1920-30-cu illərdə Azərbaycanda həkimlər çatışmırdı, ona görə xalq arasında həkimlərin böyük nüfuzu var idi. Yeni avropa tipli səhiyyə Azərbaycanda kütləvi epidemiyalara qarşı mübarizə edir, klinik müalicənin əsası qoyulur, uşaq ölümünün qarşısını almaq üçün böyük işlər görürdü. Əziz Əliyev sonra bir sıra siyasi postlarda işləsə də, onun ailəsində tibb elminin nüfuzu yüksək olaraq qaldı. Balaca Zərifə də otuzuncu illərdə orta məktəbdə oxuduğu vaxtlarda həkim olmaq, xalqına xidmət etmək haqqında düşünürdü. Bütün rəhbər partiya işçilərinin uşaqları kimi Zərifə də rus dilində oxumalı oldu.
Lakin ailədə ana dilində danışmaq və düşünmək ənənəsi möhkəm idi. Zərifənin anası Leyla xanım ana dilinin canlı daşıyıcısı idi. O biri tərəfdən ailə qaçqınlıq aqibətini yaşamışdı. Kənd kökləri, İrəvan dövrü ilə bağlı qohumlar və tanışalar daim-bir birini axtarıb arayır, görüşür, imkan olduqca kənddəki əqrəbaları ilə əlaqələri saxlamağa çalışırdılar. Uşaqlıqda Zərifənin böyüdüyü ocaq nadir hallarda qonaqsız olurdu. Hamısının problemləri, xahişləri, umduqları yardımların sayı hesabi yox idi. O zaman insanlar bununla fəxr edir, qohum və tanışlara yardımlarını əsirgəmirdilər. Bu xeyirxahlıq dərsini Zərifə də anasından alır, onun sadə, lakin xeyirxah əməllərindən dərs alırdı.
O zamanlar təhsilin, məktəbin, müəllimin nüfuzu müqayisəyə gəlməz dərəcədə yüksək idi. Ona görə yaxşı oxumaq, savada can atmaq gənc yaşlarından insanların sosial statusunu, şəxsi nüfuzunu müəyyən edirdi. O zaman bahalı geyim və ya maşınla fərqlənmək imkanı yox idi. Qürurlu və çalışqan bir qız olan Zərifə də atasının nüfuzundan istifadə etmək istəmirdi, səylə oxuyur, kitabı əlindən qoymurdu. Paralel olaraq fortepiano üzrə musiqi dərslərinə gedirdi. Onun zəhmətləri hədər getmədi: uğurla Tibb İnstitutuna daxil oldu və müharibənin ağır illərində təhsilini başa vura bildi.
Bu illər Zərifənin ailəsi üçün çətin dövr idi. Atası 1941-1942-ci illərdə Azərbaycan KP MK Katibi, sonra isə altı il Dağıstan Respublikası MK-sının birinci katibi işləmişdi. Bu müharibənin ən ağır illəri idi. Onu ən çətin sahələrə yollayırdılar. Bir müddət İranda da səlahiyyətli partiya işçisi kimi çalışmışdı. Bütün bunlar ailədə də gərginlik və nigaranlıq yaradır, Zərifə də atasına görə anası ilə birgə həyəcan keçirirdi. Belə gərgin vaxtlarda onun dayağı anası Leyla xanımın səbri, iradəsi, dözümü, dərslərlə başını qatmaq, gələcəklə yaşamaq nikbinliyi idi.
Pis günün ömrü az olar deyiblər. Müharibə qurtaranda Zərifəgilin ailəsində də bayram oldu, atası da arada əsgər şinelini, zabit geyimini əynindən çıxardı. İstirahət günləri evdə görünməyə başladı. 1947-ci ilə Zərifə xanım nəhayət ki, Tibb İnstitutunu bitirmək barədə diplomunu aldı. Hələ tələbəlik illərində görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova onun çalışqanlığını görüb göz xəstəlikləri üzrə ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat göstərdi, ki. müdrik müəllimə yanılmamışdı. Zərifə xanım ömrü boyu öz elmi seçiminə sadiq oldu və nadir əsərləri ilə oftalmologiya elmini zənginləşdirdi.
- Zərifə xanım Əliyevanın elmi fəaliyyət istiqamətində atdığı addımlar haqqında nə deyə bilərsiniz?
- 1947-ci ilin payızından Zərifə Əliyeva gənc mütəxəssis kimi iki il Moskvada çalışdı və biliklərini artırdı. Onun ezam olunduğu Qolmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi idi, orada ölkənin ən hüfuzlu göz həkimləri çalışırdılar. Gələcək elmi fəaliyyət üçün buradakı elmi mühit ən münasib yer idi. Elmi diskussiya və seminarlarda, şuralarda, müdafiə məclislərində iştirak etdi. Moskva qəribə mühit idi: burada hər alimin öz fikri və öz yolu vardı, heç bir elmi avtoritet bütləşdirilmirdi. Hamı tənqid üçün acıq idi. Burada Zərifə xanımın gəldiyi əsas nəticə belə oldu: elmdə öz yolunu tapmaq, öz axtarış cığırına düşmək əsas məsələdir. Bunsuz orta həkim olarsan, amma həqiqi alim olmaq mümkün deyildir.
Moskva mühiti mənəvi cəhətdən də gənc həkim qızın inkişafına təkan verdi. İyirmi dörd yaşlı azərbaycanlı qızı, daim anasına sığınıb yaşayan Zərifə institutun yataqxanasında müstəqil yaşamağa başladı. Bu romantik bir dövr olan dolu tələbəlik həyatının davamı idi. Ətrafda davadan qalma qəhətlik və kasıblıq hökm sürsə də, o zamankı tələbə gənclik əksərən müharibə səngərlərindən universitetlərə gəlmiş nəsil idi. Böyük qanlar və qurbanlar hesabına faşizmi əzmiş bu nəsil gələcəyə, çətinliklərin aradan gedəcəyinə, insanların müharibəsiz dünyada xoşbəxt olacağına necə inanırdılarsa, Zərifə də bu gələcəyə elə inanırdı.
1949-cu ildə göz xəstəlikləri üzrə dərin elmi biliklərlə Bakıya qayıdan Zərifə Əliyeva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi çalışmağa başladı və həmin ildə də aspiranturaya daxil oldu. Onun elmi marağını da həyat özü diktə etmişdi. Müharibədən sonra Azərbaycanda traxoma adlı göz xəstəliyi geniş yayılmışdı. Müalicəsiz bu xəstəlik insanları dünya işığına həsrət də qoya bilirdi. Dövlət səviyyəsində Zərifə xanımın çalışdığı bu instituta traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər hazırlamaq tapşırılmışdı. Gənc alim çalışdığı institutun bu yöndəki araşdırmalarında yaxından iştirak edirdi.
Lakin o, bununla kifayətlənmirdi. Nüfuzlu alim və həkim həmkarlarının xatirələrindən öyrənirik ki, Zərifə Əliyeva Azərbaycanın rayonlarında traxoma epidemiyalarının mərkəzi olan kənd və qəsəbələrə yollanan elmi ekspedisiyaların könüllü iştirakçısı olmuşdur. Bir necə cavan qadın həmkarı ilə birgə o, ağır xəstələri müalicə edir, elmi mühazirələr oxuyur, insanlarla ünsiyyətə girib ev-ev izahat işləri aparırdı. Məhz Zərifə xanımın daxil olduğu ekspedisiyanın üzvlərinin fədakarlığı, zəhməti sayəsində qısa bir vaxtda traxoma epidemiyaları lokallaşdırıldı, problemin kəskinliyi aradan götürüldü.
Gənc həkimin fədakarlığına tərəddüdlə baxanlara o məhəl qoymurdu. Çünki traxoma kimi bəlaya qarşı mübarizəni öz həkim borcu sayırdı. Sözü gedən ekspedisiyalarda qazanılan elmi müşahidələr, müalicə üsulları onun karına gəldi: bütün bu materialları diqqətlə ümumiləşdirdi və onların əsasında namizədlik dissertasiyasını tamamladı. 1959-cu ildə bu dissertasiyanı uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi aldı.
- Nurlana xanım, Zərifə xanım Əliyevanı ailə başçısı kimi necə xarakterizə edərdiniz?
- Zərifə xanım, bir azərbaycanlı qızı kimi, elmdə nə qədər realist idisə, həyatda da bir o qədər romantik idi. İllər sürətlə gedir, o isə öz romantik qəhrəmanını gözləyirdi. O gözəl piano çalır, tələbə məclislərində Azərbaycan və rus dillərində məlahətli səslə oxuyurdu. O görkəmli sənət və söz adamlarının əhatəsində böyümüşdü. Əziz Əliyevin Zevin küçəsindəki evi Azərbaycan ziyalılarının toplaşdığı bir yer idi: Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Səməd Vurğun, Qara Qarayev, Bülbül, Niyazi və başqaları burada tez-tez olurdular. Zərifə xanım hələ qız vaxtından şəhərin üzdə olan gözəllərindən biri idi. Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevin də Zərifənin atası ilə yaxşı ailə münasibətləri vardı.
Tale Zərifənin üzünə güldü: arabir müxtəlif münasibətlərlə onlara gələn Heydər evin böyük qızına meyl saldı. Zərifə bunu hiss etməyə bilməzdi. 1951-cü ildə Heydər Əliyev Dövlət Təhlükəsizliyi orqanlarında çalışan göy mənalı gözləri olan, ucaboylu, həmişə hərbi formalı zabit idi. Bu zabit həm Azərbaycan, həm də rus dilində gözəl danışırdı. Tezliklə bu zabit qızın qəlbinə hakim oldu. Görüşməyə başladılar. Allah bu insanı Zərifə xanıma bütün ideallarını gerçəkləşdirmək üçün yollamışdı, öz lütfü kimi yollamışdı. Bu , bəxt ulduzu idi.
Lakin hələ Stalin sağ, Mir Cəfər Bağırov isə öz taxtında idi. Gənclərin romantik münasibətləri sınaqlardan keçməli oldu. Təhlükəsizlik xidməti zabitinin şəxsi həyatı da dövlət nəzarətində idi. Ona görə operativ işçinin respublikada hamının tanıdığı Əziz Əliyevin qızı ilə münasibətləri artıq yuxarılara məlum idi. Elə bu vaxtlarda da Əziz Əliyevin başı üzərində qara buludlar dolaşırdı....
Hər şey 1949-cu ilin əvvəllərində Əziz Əliyevin Moskvaya MK-ya rəhbər işə aparılmağından başladı. Bu yüksəliş Mir Cəfər Bağırovda bu təyinat qorxu və dərin qısqanclıq yaratdı. O, Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi baş nazirin müavini vəzifəsinə gətirməyə nail oldu. Lakin vəzifəyə təyin olunan kimi DTK-da ona qarşı iş açdırdı: onu “millətçi”likdə və sosial mənşəyini gizlətməkdə ittiham etdilər və tezliklə partiya töhməti verib ən kiçik bir vəzifəyə keçirdilər. Onun ailəsini Qazaxıstana köçürmək planları ortaya gəldi...
Mərkəzi aparatda çalışan Heydər Əliyevin şübhəsiz, bunlardan xəbəri vardı. Bu çətin günlər barədə Əziz Əliyevin 1997-ci ildə qeyd olunan 100 illik yubileyində Ulu öndər Heydər Əliyev şəxsən özü danışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi naziri olan Yemelyanov onu iki dəfə kabinetinə çağırdı. Onun tələbi qısa idi: yuxarıların gözündən düşmüş Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı ilə görüşmək məsul işdə çalışan zabit üçün arzuolunmazdır. Ona açıq deyildi ki, vəzifəsini və işini itirə bilər. Gənc zabit çətin vəziyyətdə qalmışdı. Amma o, asan təslim olan adamlardan deyildi. O, Zərifəni sevirdi və ondan ayrılmağı təsəvvürünə də gətirmirdi. Bu mülahizələri o, açıq şəkildə nazir Yemelyanova demişdi. O, eyham vurmuşdu ki, Mir Cəfərin tapşırığını icra edir, qəti qərar qəbul etmək cavan zabitin öz işidir.
Gənc Heydərin Zərifə ilə münasibətləri də, məsul işdə xidməti də davam etdi. Amma tarix də cavanların məhəbbətinə “əl tutdu”. Nazirlə Heydərin söhbətindən yarım il sonra İosif Stalin öldü. Bu, Mir Cəfər Bağırovun hakimiyyətinə də öldürücü zərbə idi. Bütün ölkə, o cümlədən, Heydər Əliyev və gələcək qayınatası da rahat nəfəs aldılar. Bir qədər sonra Əziz Əliyev layiq olduğu vəzifəyə qaytarıldı...
Gənclərin ailə qurması üçün sonuncu mənzil maneəsi də aradan qalxdı və 1954-cü ilin noyabrında Heydərlə Zərifənin toyu oldu. Bu yığcam, rəsmi tələblərə uyqun musiqisiz bir məclis idi. Gənclər nikah mərasimindən sonra evə gəlib stol arxasında oturdular. Məclisdə Əziz Əliyev, Həsən Əliyev, akademik Murtuza Nağıyev, bəylə gəlinin anaları və yaxın qohumları iştirak edirdilər.
Qarşılıqlı məhəbbət üzərində qurulan ailə xoşbəxt idi. Gənc zabit olan Heydər Əliyev həyat yoldaşının simasında özünə həqiqi bir dayaq tapdı. Təhlükəsizlik orqanlarında iş mürəkkəb idi və çoxlu vaxt tələb edirdi. Heydər də öz içini sevir və çalışmaqdan yorulmurdu. O bilirdi ki, ürəyindəki böyük planları icra etmək üçün zəhmətdən yaxşı heç nə yoxdur. Zərifə Əliyeva öz elmi işini davam etdirsə də, həqiqi bir azərbaycanlı qadını kimi ailəni və onun qayğılarını birinci sayırdı. Başa düşürdü ki, qadın kimi Heydərin köməyə ehtiyacı yoxdur, əsas məsələ ona mane olmamaq, dövlət işləri ilə layiqincə məşğul olmaq üçün şərait yaratmaqdır. Ümumiyyətlə, məişət xırdalıqlarından yüksək olmaq, uzaqgörənlik və cəbr onun xasiyyətinin əsas cəhətləri idi. Zərifə fitri , sağlam düşüncəsi olan bir qadın kimi ərinə nədəsə məsləhətlər də verə bilərdi. Lakin o, belə təşəbbüslərdən uzaq idi, bütün diqqətini ailədə ilıq və rahat şəraitin yaradılmasına yönəltmişdi.
- Bu ailə mənəvi cəhətdən özündə əsl azərbaycanlı dəyərlərini birləşdirirdi. Bu dəyərlər hər bir ailə üçün örnəkdir. Bu barədə nə deyə bilərsiniz?
- Atasının taleyindən bilirdi ki, dövlət adamlarının əsas dayağı ailədəki sabitlikdir. Dövlət işində tez-tez fırtınalar qopurdu. Bunlara tab gətirmək üçün məhəbbət və qarşılıqlı anlaşma əsasında qurulmuş ailə onun ailə əsas dayağı idi. 1955-ci ildə onların ilk övladları Sevil dünyaya gələndə gənc ailənin fərəhinin həddi-hüdudu yox idi. Evdə səslənən uşaq səsi onların da yuvasını yeni ümid və xoşbəxt planlarla doldurdu. 1961-ci ilin dekabrında onların ikinci övladları İlham dünyaya gəldi. Zərifə xanım elmi fəaliyyətini davam etdirsə də, övladlarının qayğıları və tərbiyəsi ilə özü məşğul olurdu. O, böyük zövq alır, onların həyatdakı kiçik addımlarından belə fərəhlənirdi.
Zərifə xanım oğlu İlhama xüsusilə bağlı idi. Onun sağlamlığı, gözəl və nikbin siması ilə nəfəs alırdı. Bu, həm də azərbaycanlı mentalitetində kök salmış bir ənənə ilə bağlı idi. Oğlan uşaqları ocağın dayağı və varisi sayılır. Zərifə xanım bu ümidlərində, bu məhəbbətində necə də haqlı idi. Elmi və ictimai işlərlə ciddi məşğul olsa da, İlhamın böyüməsi və təhsili ilə bağlı hər bir xırdalıqda, hər bir hadisədə şəxsən iştirak edir, övladına məhəbbət və qayğı payını bəs qədər verməyə çalışırdı. İlhamın yeddi yaşı olanda Heydər Əliyev respublikanın birinci şəxsi seçildi. Bu , Zərifə üçün, ailə üçün sevinc və təntənə idi. Amma uşaqların tərbiyəsi baxımından problemlər yaradırdı. Ana kimi başa düşürdü ki, övladlarını heç bir güzəşt və üzgörənlik olmadan tərbiyə etmək və onlara ən müasir təhsil vermək lazımdır. Ətrafda bunu anlamayanlar da vardı. Birinci növbədə zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu ana borcu idi və böyük cəbr və zəhmət,qətiyyət və məhəbbət tələb edirdi. Bunların hamısı onda var idi...
Respublikanın birinci şəxsinin arvadı olmaq da məsuliyyətli idi, Zərifə xanımın üzərinə ictimai vəzifələr qoyurdu. Lakin bu problemdə də Zərifə xanım davamlı bir mövqe tutdu və Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katib seçilməzdən əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı: ailənin sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat etməməsinə çalışmaq. O,buna ustalıqla nail olurdu, cəmiyyətdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışırdı. O yenə öz doğma Göz Xəstəlikləri İnstitutunda çalışırdı. İş yoldaşları ərinin statusunun dəyişilməsi ilə bağlı onun davranışında heç bir dəyişiklik hiss etmirdilər. Əksinə, Zərifə xanım kollektivdə daha qayğıkeş olmuşdu, iş yoldaşlarının məişət problemlərinin həlli üçün müxtəlif orqanlara müraciətlər göndərir və insanlara kömək etməkdən zövq alırdı.
Göz Xəstəlikləri İnstitutu onun üçün doğma bir yer olmuşdu. 1976-cı ildə oftalmologiyada hadisəyə çevrilən doktorluq dissertasiyası müdafiə etdi. Bir müddət sonra kafedra müdiri oldu. Ailədə və cəmiyyətdə apardığı işlərin ağırlığına baxmayaraq o, 140 elmi məqalə, bir necə monoqrafiya və kitab dərc etdirdi. Çoxillik elmi təcrübədən o bir qənaətə gəlmişdi: insanların xəstə gözlərinin müalicəsi çətin və ağrılı bir proses idi. Ona görə göz xəstəlikləri sahəsində profilaktika metodikalarına daha artıq əhəmiyyət verməyə başladı. Bu, uzaqgörən və müasir bir elmi nəticə idi, oftalmologiyanın gələcək inkişafını qabaqlayırdı. Onun 70-ci illərdən sonrakı bütün elmi axtarışları bu nəticə ilə bağlı oldu. Zərifə xanım göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı və bu metodika ona oftalmologiyada şöhrət gətirdi. O, gənc vaxtlarından axtardığı öz yolunu, elmin böyük yolunu tapmışdı. Bu həm də Azərbaycan tibb elminin nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan aşmışdı.
1982-ci ildə Ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Bu, onun gəncliyinin şəhəri idi. Moskva elitasının mərkəzində yaşamaq, Heydər Əliyevin və ailənin tanışı olan elm və sənət adamları ilə ünsiyyət necə də xoş idi. Ərinin, övladlarının taleyində və təhsilində hər şey əla idi, insanlar bu xoşbəxt qadını barmaqla göstərir ona qibtə edirdilər. Lakin təbiətin də amansız hökmləri var. Zərifə xanımda müalicə olunmayan xəstəlik tapdılar. 1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi.
Bu, ağır bir itki idi. Onun sevimli İlhamının hələ iyirmi dörd yaşı vardı. Həyatda o ən çox övladları ilə fəxr etmək istəyirdi...Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma onun Prezident kimi andiçmə mərasimini görmək qismət olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan yaşayır.Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir.
Ana məhəbbəti itmir, xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə bütün Vətən fəxr edir. Onların fərəhində və qürurunda özünü həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti də var. Bu gün bu məhəbbət çiçəklənir, pöhrələr verir və mənəviyyat tariximizin örnəyinə çevrilir.