YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın davamlı inkişafını təmin edən düşünülmüş siyasət məhz Heydər Əliyev ideyalarına əsaslanır

Müsahibimiz Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov

- Bəxtiyar müəllim,  Azərbaycanda təxminən bir ay sonra birinci Avropa Oyunları, iki il sonra isə İslam Həmrəylik Oyunları keçiriləcək. Sizcə, bu cür  beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək Azərbaycana əlavə hansı dividentlər verəcək?

- Dövlət müstəqilliyini bərpa etdiyi ötən 24 il ərzində Azərbaycan çox sürətlə inkişaf edib. Bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyətimizin inkişafına, insanların sağlamlığına xidmət edən hər bir məsələni daim diqqət mərkəzində saxlayır. Bunun biri də idmanın inkişafıdır. Çünki idman həm yeni nəslin sağlam böyüməsi, həm də gənclərin pis vərdişlərdən uzaq olması deməkdir. Eyni zamanda, idman dövlətin imicidir. Tarix göstərir ki, o dövlətin ki imkanı və iqtisadi gücü var, o dövlət ki vətəndaşına qayğı göstərir, həmin ölkələrdə idman inkişaf edir. Fərəhlə qeyd etməliyik ki, Azərbaycanı sürətli inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan idmanı neçə-neçə onilliklərə bərabər inkişaf yolu keçib.
Bununla yanaşı qeyd etməliyik ki, cənab İlham Əliyev hələ ölkəmizə prezident seçilməzdən əvvəl Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafı üçün müasir dövrdə mövcud olan imkanlardan səmərəli istifadə nümunəsini ortaya qoyub. Azərbaycan idmançılarının ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk dövrlərdə beynəlxalq yarışlarda, Avropa və dünya birinciliklərində iştirak edə bilmədiklərini yaxşı xatırlayırıq. Çünki dövlətin vəsaiti olmurdu ki, komandanı, məşqçini və idmançını yarışlarda iştirak etmək üçün göndərsin, onların orada yaşayışın təmin edəcək qədər vəsait ayırsın. Amma bu gün Azərbaycan idmançıları ilboyu dünya və Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda, komanda birinciliklərində, turnirlərdə iştirak edir və daim qələbə qazanırlar. Biz fəxr edirik ki, bu gün Azərbaycan idmançıları nəinki dünyanın hər yerində keçirilən idman yarışlarında iştirak edərək bayrağımızı qaldırır, himnimizi səsləndirir, üstəlik, Azərbaycan beynəlxalq yarışların və turnirlərin keçirildiyi bir məkana çevrilib. Çünki bunun üçün həm kifayət qədər güclü maddi-texniki baza – stadionlar, idman kompleksləri və digər idman qurğuları var, həm də Azərbaycan hər bir yarışı yüksək səviyyədə təşkil etməyi bacarır. 
Qısa müddət ərzində Azərbaycan idman sahəsində elə bir uğurlar qazandı və özünü elə təsdiq etdi ki, birinci Avropa Oyunlarının keçirilməsi ölkəmizə etibar olundu. Bu, Azərbaycana göstərilən böyük etimaddır! Bu, eyni zamanda, bir idman dövləti kimi Azərbaycanın imicinin Avropa tərəfindən təsdiqidir. Bax, bir vətəndaş kimi, mən bütün bunlardan qürur duyuram! Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Komitə öz işini peşəkarlıqla quraraq ötən iki il ərzində hazırlıq işlərini yüksək keyfiyyətlə həyata keçirib. Əsas hazırlıq işləri başa çatıb. Artıq Mehriban Əliyeva müxtəlif dövlətlərdə birinci Avropa Oyunlarının təqdimatını keçirir. 
İnsanda elə təsəvvür yaranır ki, sanki biz ilk dəfə deyil, neçənci dəfədir ki, bu cür möhtəşəm idman yarışmasına ev sahibliyi edirik. Yəni, Azərbaycanın hər məsələyə böyük məsuliyyətlə, diqqətlə, peşəkarcasına yanaşması, dünya təcrübəsindən istifadə etməsi, eyni zamanda hər dəfə özündən nəyi isə əlavə etməsi bu tədbirlərin uğurunu təmin edir. Hələ 3 il əvvəl “Eurovision” mahnı müsabiqəsi də bunu təsdiq etdi. İnanıram ki, I Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək. Azərbaycan idmançıları bu Oyunlarda yüksək peşəkarlıq nümunəsi göstərəcək, çoxsaylı medallar qazanacaq. Ən əsası, Azərbaycan Avropa Oyunlarına öz möhürünü vuracaq, bu idman yarışmasının standartlarını müəyyənləşdirəcək. Bütün dünya və Avropa həm Azərbaycan idmanının inkişafını, peşəkarlığını, həm dövlətimizin məsuliyyətini, yüksək səviyyəli idman tədbiri təşkil etmək bacarığını, eyni zamanda xalqımızın qonaqpərvərliyini, tolerantlığını bir daha görüb, şahidi olacaq.

- Azərbaycanda keçiriləcək istənilən beynəlxalq tədbir ərəfəsində antiazərbaycançı şəbəkə də fəallaşır. Bu dəfə də istisna olmadı...

- Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr gənc dövlətin qəddini düzəltməsi, özünü təsdiq etməsi üçün qısa müddətdir. Amma Azərbaycan bu müddətdə  çox böyük uğurlara imza atdı. 155 dövlətin dəstəyi ilə biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. İqtisadiyyatda keçid dövrünü başa çatdırmışıq, üstəlik, bu gün bütün dünyanın böyük maraqla qarşıladığı və öyrəndiyi “İnkişafın Azərbaycan modeli”ni yaratmışıq. Yuxarıda qeyd edildiyi kimi, “Eurovision” mahnı müsabiqəsində qalib gələrək Bakıda onun keçirilməsini yüksək səviyyədə təşkil etmişik. İdman sahəsində son Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıblar. Bu gün Azərbaycanın iki peyki orbitdədir. Ötən 10 ildə yeni beynəlxalq transmilli layihələri reallaşdırmışıq. Hələ neçə qlobal miqyaslı layihə də həyata keçirilir.
Lakin müəyyən dövlətlər var ki, onlar Azərbaycan kimi ölkələrin inkişafını, onlarla eyni sırada dayanmasını, onlara qoşulmasını asanlıqla qəbul etmək istəmirlər. Bunu Avropa İttifaqının üzvü olan, eləcə də “Böyük yeddiliyə” daxil olan bəzi ölkələr barədə demək olar. Amma Azərbaycan Prezidenti İlham Əliyev o qədər məharətlə, diplomatik peşəkarlıqla və ustalıqla düşünülmüş siyasət yürüdür ki, Azərbaycan dünyaya uğurla inteqrasiya olunur, beynəlxalq birlikdə öz yerini möhkəmləndirir. Əlbəttə, dünyanın əksər dövlətləri, liderləri Azərbaycanın uğurlarını qəbul edir, onun Prezidentinin müdrikliyini, uzaqgörənliyini, Avropaya və dünyaya töhfəsini yüksək dəyərləndirir. Bütün bunları müşahidə etmək bizim üçün də çox xoş və qürurvericidir. 
Lakin Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşan dövlətlər, qüvvələr də var, ölkəmizin inkişafını istəməyən antiazərbaycançı şəbəkə mövcuddur. Nailiyyətlərimizə həmişə kölgə salmaq istəyən, erməni lobbisi tərəfindən maliyyələşdirilən beynəlxalq qurumlar, təşkilatlar var. Bunlar daim çalışırlar ki, Azərbaycanın uğurlarına qara yaxsınlar. Hər dəfə beynəlxalq tədbirlər ərəfəsində həmin təşkilatlar “fəallıqlarını” artırırlar. “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlar uzun illərdir ki, Azərbaycan haqqında ancaq mənfi rəylər söyləyirlər. Məhz ermənilərin və bütövlükdə antiazərbaycançı şəbəkənin maraqlarına xidmət etdiklərindən onlar Azərbaycanın qazandığı saysız-hesabsız qələbələrə, reallaşdırdığımız transmilli layihələrə, sürətli inkişafına, peykini orbitə göndərməsinə qısqanclıqla yanaşırlar. Bir vaxtlar həsəd aparırdıq ki, “əcnəbi göydə balonlarla gəzir, biz hələ avtolara minməyiriz”. Lakin biz indi iki peyki olan dövlətik. Bütün bunları görməzliyə vuran həmin təşkilatlar hər dəfə beynəlxalq tədbirlər və ölkəmizin beynəlxalq uğuru ərəfəsində çeynənmiş, köhnəlmiş hesabatlarını yenidən dövriyyəyə buraxır, heç bir fakta söykənmədən, hakimiyyət orqanları ilə əməkdaşlıq etmədən Azərbaycanda insan haqlarının tapdalandığını iddia edirlər. 
Bəli, Azərbaycanda elə vətəndaşlar var ki, onların hüquqları bütün dünyanın gözü qarşısında kobud şəkildə tapdalanıb. Onlar sayı bir milyondan artıq olan azərbaycanlı qaçqın və məcburi köçkünlərdir. Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanın yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı, deportasiya siyasəti və torpaqlarımıza hərbi təcavüzü nəticəsində bütün yaş qrupundan olan bu insanların doğma yurdda yaşamaq hüququ əllərindən alınıb. Bu insanların mülkiyyət hüququ pozulub. Bəli, Azərbaycanda hüququ pozulan jurnalistlər var: məcburi köçkün jurnalistlər var ki, yurd-yuvalarından didərgin düşüblər və indiyə qədər onlar sevimli peşələri ilə məşğul ola bilmirlər. Niyə həmin o qurumlar bir dəfə də olsun bu məsələni qaldırmayıblar? Niyə onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini tələb etmirlər? Niyə Azərbaycanda bir milyondan çox insanın pozulmuş hüquqlarının bərpasından söz açmırlar? Həmin jurnalistlər ki var, onlar məcburi köçkün olduqlarından vaxt var idi çadır düşərgələrində yaşayırdılar. Orada qəzet çıxır? Orada yerli radio verilişləri və ya mətbəə var?! Niyə həmin təşkilatların təmsilçiləri bunları dillərinə gətirmirlər?! Gətirmək də istəmirlər! 
Lakin Azərbaycan öz yolu ilə inamla addımlayır. Qaçqın və məcburi köçkünlər üçün 80-dən artıq müasir tipli qəsəbə və şəhərcik salınıb. Çadır düşərgələri isə cənab Prezidentin uğurlu fəaliyyəti sayəsində qısa müddətdə ləğv olunub. Azərbaycanda söz azadlığa da var, mətbuat azadlığı da. Ölkə əhalisinin 75 faizi internetdən istifadə edir. İnternet olan yerdə isə mətbuat və söz azadlığının boğulmasından danışmaq mənasızdır. Azərbaycanda çoxsaylı çap və elektron informasiya vasitələri fəaliyyət göstərir. İnformasiyanın əldə edilməsi və yayılmasında heç bir maneə yoxdur. İndi hüquqi prosedur baxımından qəzet təsis etməkdən asan iş yoxdur! Amma onlar bunu görmək istəmirlər! Hər dəfə çalışırlar ki, nədənsə “problem” düzəltsinlər. Amma bu mümkün olmadığı üçün qərəzli olduqları aydın görünür. Və heç vaxt onların obyektiv hesabatlarını görməmişik. Həmişə qərəzli olublar və həmişə də bilərəkdən faktları təhrif ediblər! Ona görə də birinci Avropa Oyunları ərəfəsində belə qurumların fəallığının artmasını təəccüblü hesab etmirik. “Eurovision” müsabiqəsində bunlar necə haray-həşir qopardılar, hansı “oyunlar”dan çıxdılar və nəticəsi nə oldusa, indi də həmin nəticə olacaq! 
Azərbaycan xalqının gözəl bir misalı var və karvan də öz yolu ilə gedəcək. Biz birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik, antiazərbaycançı şəbəkənin çığır-bağırı da özünə qalacaq.

- Bu ərəfədə həm də dünya erməniliyi qondarma “soyqırımı”nın yüz illiyini qeyd etməyə hazırlaşır. Saxta “soyqırımı”nın beynəlxalq ifşası, azərbaycanlıların soyqırımı və bütövlükdə əsl həqiqətlərin dünyaya çatdırılması üçün müasir dövrdə üzərimizə hansı vəzifələr düşür?

- Ermənistan və bütövlükdə dünya erməniliyi qondarma erməni soyqırımının yüz  illiyinə çoxdan hazırlaşır. Onlar belə hesab edirlər ki, erməni diasporunun, erməniləri müdafiə edən müxtəlif qurum və təşkilatların, erməni milyonçu və milyarderlərinin vəsaiti hesabına tarixdə olmayan bu hadisəni, özlərinin “zavallı” və “məzlum” millət olduqlarını yenidən təsdiq etdirə biləcəklər. Amma bu, boş və mənasız cəhdlərdir! Əvvəla, həmişə ermənilərə söz verilir ki, 1915-ci ildə baş verən hadisələrə bu dəfə deyəcəyik ki, “soyqırımı”dır. Amma heç vaxt demirlər! Müxtəlif liderlər söz verməyə, ermənilər də aldanmağa alışıblar. Yenə də elə olacaq! 
Avropa Parlamentinin son qətnaməsi də bu qurumun əslində antitürk, antiazərbaycançı qüvvələrin əlində oyuncaq olduğunu bir daha göstərdi. Tarixi faktlara əhəmiyyət vermədən saxta və böhtançı arqumentləri əsas götürən bu qurum təəssüf ki, növbəti məkrli fəaliyyətə imza atdı. Azərbaycan ictimaiyyəti birmənalı şəkildə bu siyasi avantüranı pisləyir və Avropa Parlamentini ikili standartlardan çəkinməyə çağırır.
Türkiyənin rəhbərləri və bu gün də Prezident R.T.Ərdoğan bəyan edir ki, arxivlərimizi açaq, birgə komissiya yaradaq və bu məsələyə birdəfəlik son qoyaq. Amma ermənilər bilirlər ki, o arxivlərdə əsl həqiqət var. Ona görə ermənilər heç vaxt arxivlərə yaxın getməyəcəklər. Onlar hesab edirlər ki, “soyqırımı” Türkiyə ərazisində törədilib və bütün sənədlər də oradadır, araşdırma da orada aparılmalıdır. Amma sənədlərin ermənilərin xeyrinə olmadığını da çox dəqiq bilirlər. Öz arxivlərində isə istədikləri qədər saxtakarlıq ediblər. Amma bilirlər ki, tək öz arxivləri ilə iş bitməyəcək. Çünki Türkiyə arxivlərində olan tarixi sənədlər də ortaya çıxarılıb tutuşdurulacaq. O zaman nə qədər şivən qoparsalar da, nə qədər çalışsalar da, yalanları bütün dünyada ifşa olunacaq.
Tarixi bilməyən, ermənilərin təsiri altında olan, bəzən ermənilərin maliyyə təsirlərindən bəhrələnən kimlərsə öz çıxışlarında “soyqırımı” ifadəsi işlədə bilər. Amma  belələrinin dediyi tarixi həqiqət deyil və ola da bilməz! Azərbaycan xalqı və dövləti də ermənilərin saxta soyqırımının təsdiqi ilə bağlı keçirdikləri tədbirlərin ifşasına əvvəldən hazırlaşır, müxtəlif tədbirlər görülür. Ən əsası, dövlət başçısı cənab İlham Əliyev bir neçə il bundan öncə Azərbaycan diplomatları və jurnalistləri qarşısında hücum taktikası konsepsiyasını qoydu. O cümlədən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası ildən-ilə genişlənir, ona qoşulanların sayı artır. Artıq bir neçə ölkənin parlamentində və ABŞ-ın bəzi ştatlarında Xocalıda soyqırımı törədildiyini təsdiq edən sənədlər qəbul olunub. Xocalı soyqırımını təsdiq etmək üçün əlimizdə kifayət qədər videoçəkilişlər, fotosənədlər var. Ən əsası, hadisənin canlı şahidləri var. Ona görə də bu hadisə daha tez sübut olunandır və olunur, nəinki saxta erməni “soyqırımı”. 
Türkiyə-Azərbaycan birgə əməkdaşlığı isə son illər ermənilərin məkrli niyyətlərinə qarşı çox təsirli bir mübarizədir. Ona görə ermənilər Türkiyə-Azərbaycan dostluğuna, əməkdaşlığına kölgə salmaq üçün müxtəlif cəhdlər göstərir. Xüsusən sərhədlərin açılması ilə bağlı məsələlərin ortaya atılması əslində həmin o antiazərbaycançı şəbəkənin riyakar planıdır.
Rəsmi dövlət qəzeti olaraq “Azərbaycan” qəzeti də daim ermənilərin saxta soyqırımı iddialarının ifşası istiqamətində materiallar  dərc edir. Azərbaycanlı və türkiyəli alimlərin xarici dövlətlərin arxivlərindən çıxardıqları materiallar, onlara istinad edən faktlar əsasında yazılmış məqalələr ilk dəfə olaraq qəzetimizdə dərc olunur. Bu ilin əvvəlindən “Tarix olduğu kimi” rubrikası altında yeni layihəyə başlamışıq. Bu layihə çərçivəsində qəzetimizin səhifələrində indiyədək əsl həqiqətin necə olduğunu tarixi faktlar əsasında göstərən onlarla yazı dərc olunub. Aprelin 24-də Çanaqqala zəfərinin qeyd ediləcəyi günə qədər layihəmiz davam edəcək, yenə də müxtəlif arxivlərdə aşkara çıxarılan faktların olduğu məqalələr işıq üzü görəcək. 
Ümumiyyətlə, dünya erməniliyinə qarşı mübarizədə biz Türkiyə xalqı ilə, türk ziyalıları ilə bir yerdə olmalıyıq. İndiyədək bu istiqamətdə apardığımız işlərin də təsiri get-gedə artır və təsadüfi deyil ki, aprelin 24-də Ermənistanda keçiriləcək qondarma matəm tədbirində sanballı dövlət başçılarının iştirak edəcəyi də görünmür. Çünki ağıllı dövlət rəhbərləri, tarixdən, dünyada gedən proseslərdən baş çıxaran liderlərin hamısı bilir ki, tarixdə belə bir şey olmayıb. Ona görə də o qondarma tədbirə qatılmaqla özlərinin nüfuzlarını aşağı sala bilərlər.

- Son aylarda neftin qiymətinin düşməsi bir çox ölkələrdə sosial-iqtisadi çətinliklərə yol açdı. Lakin Nazirlər Kabinetinin son iclasında cənab Prezidentin qeyd etdiyi kimi, neftin ucuzlaşması Azərbaycanın dinamik inkişafına təsir etməyib. Sizcə, ölkəmizdəki inkişafın davamlığını təmin edən amillər nədən ibarətdir?

- Neft Azərbaycan xalqının milli sərvətidir. 1992-ci ildə dövlət büdcəsini təsdiq etmədən fəaliyyət göstərən o dövrkü iqtidar xarici şirkətlərlə milli maraqlarla uzlaşmayan neft müqaviləsi imzalamaq istəyirdi. Lakin xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması bunun qarşısını aldı. Ulu öndər öz siyasi uzaqgörənliyi sayəsində neft amilindən məharətlə istifadə edərək qısa müddətdə Azərbaycan iqtisadiyyatını dirçəltmək üçün müdrik addımlar atdı. Tezliklə xalqın və dövlətin milli maraqlarını rəhbər tutan və “Əsrin müqaviləsi” adı alan yeni neft müqaviləsi hazırlanaraq imzalandı. Bu, o zaman gənc Azərbaycan dövlətinin möhtəşəm uğuru idi. Qısa müddətdə ilkin neft dünya bazarlarına ənənəvi olmayan kəmərlər vasitəsilə çıxarıldı. Həmin dövrdə Azərbaycanda iqtisadi geriləmənin qarşısının almaq, eyni zamanda Azərbaycanın dünyaya inteqrasiyasını təmin etmək üçün neftdən məharətlə istifadə etmək çox vacib idi və Azərbaycan iqtidarı buna nail oldu.
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin hazırlanmasında və imzalanmasında çox fəal iştirak edən insanlardan biri olub. Azərbaycan Prezidenti seçildiyi ilk günlərdən “Neft məqsəd deyil, vasitədir”, “Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir və yaşayacaqdır” tezisini irəli sürən Prezident İlham Əliyev neftdən istifadə ilə yanaşı, qeyri-neft sektorunun inkişafı ilə bağlı ardıcıl, məqsədyönlü, uzaqgörən tədbirlər həyata keçirməyə başladı. 
Bu gün çoxları etiraf edir ki, heç bir siyasətçi də, iqtisadçı da neftin qiymətinin birdən-birə bu qədər kəskin şəkildə aşağı düşəcəyini və bunun uzun müddət davam edəcəyini gözləmirdi. Lakin bu oldu və nə vaxta qədər davam edəcəyini söyləmək mümkün deyil. Amma görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan dövləti neftin qiymətinin düşməsindən sonra yarana biləcək çətinliyə hazır idi. Belə bir məqamda həm bizim valyuta ehtiyatlarımızın olması, həm də qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin qarşısını aldı. 
Nazirlər Kabinetinin aprelin 10-da keçirilmiş iclasında cənab Prezident bu məsələlərlə bağlı geniş açıqlamalar verdi, maraqlı fikirlər irəli sürdü və həqiqi vəziyyətin mənzərəsini yaratdı. Azərbaycan dövləti bu böhranın təsirini zəiflətmək üçün əvvəldən çox mühüm addımlar atıb. Bunların biri, qeyd etdiyim kimi, qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun inkişafı neftdən gələn gəlirlərlə müasir infrastrukturun yaradılması nəticəsində ötən 10 ildə daha da vüsət alıb. Bu mənada əminliklə deyə bilərik ki, indiyə qədər Azərbaycanda xüsusilə iki mühüm məsələ öz uğurlu həllini tapıb. Bunlar müasir yol-nəqliyyat və enerji infrastrukturunun yaradılmasıdır. Yol infrastrukturu və fasiləsiz elektrik enerjisi ilə təminat olmadan qeyri-neft sektorunun ayrı-ayrı sahələrini inkişaf etdirmək qeyri-mümkündür. Qeyri-neft sektorunun inkişafında əsas amillərdən biri də azad sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Ötən illərdə sahibkarlığın inkişafı istiqamətində çox mühüm məsələlər həllini tapıb. Bu gün sahibkarlığın inkişafına dövlət tərəfindən böyük dəstək verilir. Dövlət başçısı il ərzində mütəmadi olaraq Azərbaycanın regionlarına gedir, sahibkarlarla görüşür, onları dinləyir, ortaya çıxan problemlərin həlli üçün müvafiq addımlar atır. Digər tərəfdən, Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılır. Həmin kreditlər qaytarıldıqdan sonra yenidən sahibkarların istifadəsinə verilir. 
Ötən illərdə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əsaslı işlər görülüb. Bu il isə ölkədə “Kənd təsərrüfatı ili” elan olunub  və bu dövrdə görüləcək işlər uğurların davamlı olacağından xəbər verir. Necə ki biz indiyə kimi yanacaq və nəqliyyat təhlükəsizliyimizi təmin etmişik, ərzaq təhlükəsizliyimizi də mükəmməl bir formada təmin edirik. Bu sahədə ən mühüm məsələlərdən biri də kənd təsərrüfatının suvarma suyu ilə təminatıdır. Son illər 2,5 milyard manat vəsait xərclənərək Taxtakörpü və Şəmkirçay su anbarları yaradılıb. Bu da on minlərlə hektar yeni torpaqların əkin dövriyyəsinə qatılmasına, minlərlə hektar torpaq sahəsinin suvarılmasının yaxşılaşdırılmasına yol açıb. Həmçinin bu anbarlar üzərində su elektrik stansiyaları qurulur. 
Artıq neçə illərdir ki, dövlət tərəfindən kəndli-fermer təsərrüfatlarına hər sahədə kömək göstərilir. Məsələn, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün vəsait ayrılır, xaricdən cins mal-qara gətirilir, süni mayalanma işi təşkil olunur. Əkinçilikdə yüksək məhsul götürmək üçün keyfiyyətli və məhsuldar toxumun olması çox vacibdir. Bu yaxınlarda cənab İlham Əliyev Dövlət Toxum Fondunun yaradılması ilə bağlı sərəncam imzaladı. Bu da onu göstərir ki, dövlət artıq toxumçuluq sahəsində fermerlərə, sahibkarlara yaxından kömək etməyi öz üzərinə götürüb. Fermerlərə kömək üçün “Aqrolizinq” xidməti yaradılıb. Çünki fermer təsərrüfatlarının heç də hamısının texnika almaq imkanı yoxdur. “Aqrolizinq”dən isə əlverişli qiymətə texnikanı icarəyə götürmək mümkündür. Fermer təsərrüfatlarına güzəştli qiymətlərlə gübrələr, yanacaq və sürtkü yağları satılır, subsidiyalar verilir. Regionlarda soyuducular, anbarlar yaradılıb ki, bu da fermerlərə istehsal etdiyi məhsulu uzun müddətə saxlamağa, müəyyən vaxt keçdikdən sonra onu daha əlverişli qiymətə satmağa imkan verir. 
Nazirlər Kabinetinin son iclasında dövlət  başçısı çox vacib olan bir məsələyə yenidən diqqət çəkdi. Bu da bazar məsələsidir. Bazar iqtisadiyyatı şəraitində ən mühüm məsələ istehsal olunmuş məhsulun reallaşdırılmasıdır. Ölkə daxilində bununla bağlı artıq “yaşıl market”lər şəbəkəsi yaradılır, müxtəlif tədbirlər görülür. Eyni zamanda, Prezident İlham Əliyev xarici bazarlara çıxış vəzifəsini qoyub. Rusiya bazarlarına məhsulumuzun rahat getməsi, itkisiz çatması üçün müxtəlif tədbirlər görülür, hətta dövlət səviyyəsində addımlar atılır. Qazaxıstanın Aktau şəhərində yeni lagistik baza yaradılır. Orada iştirakımızla bağlı danışıqlar gedir və uğurla başa çatacağına əminik. Bütün bunlar dövlətimizin qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafına olan dəstəyidir. Yəni, dövlət bu sahənin inkişafı üçün vəsait ayırır, iş adamlarına yollar göstərir, istehsalın artımına xidmət edən konkret addımlar atır. Bütün bunların hamısı öz real və yüksək nəticəsini verəcək. Hesab edirəm ki, 2015-ci il qeyri-neft sektorunun inkişafında yüksək nəticələr qazanılacaq bir dövr olacaq.

- May ayında xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ölkəmizin hər yerində, həmişə olduğu kimi, böyük sevgi ilə qeyd ediləcək. Bugünkü uğurlarımıza Heydər Əliyev ideyalarının gerçəkləşməsi nə qədər təsir göstərir?

- Azərbaycan xalqı hər il may ayının 10-da ulu öndər Heydər Əliyevin ad gününü böyük sevinc hissi ilə qeyd edirlər. Bu, Heydər Əliyev siyasi kursunun həmişəyaşarlılığının və Azərbaycan xalqına verdiyi böyük faydaların minnətdarlıqla anıldığı bir tarixdir. Bəli, ulu öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisidir. Ulu öndər yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycana uzanan caynaqları, məkrli niyyətləri zərərsizləşdirməsəydi, iqtisadi böhrandan tezliklə yaxa qurtarmaq üçün müdrik addımlar atmasaydı, Azərbaycanın dünyaya inteqrasiyasını təmin edən tədbirlər görməsəydi, eyni zamanda dünyanın aparıcı dövlətlərinin maraqlarını Azərbaycanda cəmləyə bilməsəydi, şübhəsiz ki, bugünkü uğurlarımızdan danışa bilməzdik. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyi çox böyük təhlükə və təhdid qarşısında qalmışdı. Hətta biz onu real şəkildə itirə bilərdik. Məhz Heydər Əliyevin sayəsində biz müstəqil olmağı bacardıq, dünya birliyinin tamhüquqlu üzvünə çevrildik. 
“Azərbaycan” qəzetində artıq neçə illərdir ki, “Azərbaycanın özü qədər əbədi” rubrikası açılıb. Respublikamızın tanınmış ziyalıları, ulu öndərin silahdaşları, YAP-ın yaradıcıları və fəalları, hətta müstəqil siyasi baxışlı insanlar bu rubrikada böyük məmnuniyyətlə çıxış edir, yazıları ilə Heydər Əliyevin əziz xatirəsini anır, onun gördüyü işləri bir daha xatırladıb diqqətə çəkirlər.
Bundan başqa, “Azərbaycan” qəzetində “Heydər Əliyev mənim həyatımda” adlı daimi rubrika fəaliyyət göstərir. Ulu öndərin fəaliyyəti boyu çoxlu sayda ziyalılar, sadə əmək insanları, kənd təsərrüfatı işçiləri, mədəniyyət və incəsənət xadimləri, idmançılar onunla görüşmək, xeyir-duasını almaq imkanı əldə ediblər. Bu məqamlar onların həyatında unudulmaz an kimi xoş xatirəyə çevrilib. İnsanlar bunu yaddan çıxarmırlar və qəzetimizə müraciət edərək “Heydər Əliyev mənim həyatımda” rubrikasında minnətdarlıq hissi ilə yada salırlar. Bütün bunlar Heydər Əliyevin ideyalarının bu gün də Azərbaycan xalqına böyük fayda gətirməsinin, insanların onu daim minnətdarlıq hissi ilə anmasının sübutlarıdır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyevin xatirəsi də əziz tutulacaq, onun gördüyü işlər böyük minnətdarlıq hissi ilə anılacaq!
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun özünün layiqli siyasi varisini yetişdirməsi oldu. Azərbaycan xalqı özünün müdrik Prezidenti ilə fəxr edir, ona güvənir və inanır! Biz  əminik ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə Azərbaycanın yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində uğurlu həllini tapacaq. Bu əminliyi bizdə yaradan cənab Prezidentin indiyə qədər dünya miqyasında həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. Bu əminliyi bizdə yaradan Azərbaycanın güclü və modern ordusudur. Ali Baş Komandanımız daim bu sahədə inkişafa, yeni və müasir silahların alınmasına böyük diqqət yetirir. 
Forpost vəziyyətində olan Ermənistan isə çox acınacaqlı durumdadır. Görün, iş nə yerə çatıb ki, erməni əsgəri işğal etdikləri torpağı müdafiə etmək istəmir. Bilir ki, bu torpaq onun deyil və ağ bayraq götürüb Azərbaycan tərəfinə keçir, digərlərini də bu addımı atmağa çağırır! Bu gün Azərbaycan tərəfinə keçib təxribat törətmək istəyən erməni kəşfiyyatçısı tutulur və o da məhkəmədə Azərbaycan gerçəkliyini etiraf edir. Özününkülərə üzünü tutaraq deyir ki, “nə vaxta qədər başqalarının torpaqlarını işğal altında saxlayacaqsınız?” Artıq təkcə dünyanın ağıllı insanları yox, ermənilərin özlərinin sırasında reallığı görənlər də bu mənasız problemin onların xeyrinə olmadığını dərk etməkdədirlər. Bütün bunlar Azərbaycan diplomatiyasının münaqişənin həlli istiqamətində apardığı mübarizənin məntiqi yekunu, Ali Baş Komandanının, Prezidentinin atdığı çox müdrik addımların, uzaqgörən siyasətin nəticəsidir.
Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. 
2004-cü ildə bu zərurətdən yaranan Heydər Əliyev Fondu da Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, vətəndaşların zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Fondun yaradılması ilə qarşıya qoyulan əsas məqsəd kifayət qədər aydın və konkret idi. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması kimi vacib vəzifələri əsas götürərək fond ötən 11 ildə reallaşdırdığı çoxşaxəli layihələri ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirdi.
Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi də məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu ideyalar Azərbaycanın özü qədər əbədi olacaq, xalqımızın gələcək inkişaf yoluna işıq salacaq.