YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransına hazırlıq işləri artıq yekunlaşmaq üzrədir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur müəllim, Yeni Azərbaycan Partiyasının siyasətində  gənclərlə iş sahəsinə böyük əhəmiyyət verilir. Partiyamızın  bu siyasətinin gələcək perspektiv baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 250 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. Ümumiyyətlə, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir. Bunun da ciddi əsasları var.  1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.
Zaman keçdikcə, YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu. Bununla Azərbaycan gənclərinin məşğuliyyət və problemləri partiyanın birbaşa diqqət mərkəzinə çevrildi.
Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu öndərin sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda dövlət orqanlarında, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Gənclərin daim irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.
YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. Birliyin 2007-ci ildən başlayaraq həyata keçirdiyi "Yay məktəbləri" layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.

- 2015-ci ilin birinci rübü başa çatdı. Bu müddət ərzində YAP Gənclər Birliyi qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirib?

- Yeni Azərbaycan Partiyası Gənclər Birliyi cari ilin birinci rübündə də ənənəsinə uyğun olaraq müxtəlif səpkidə layihələr həyata keçirib. Belə ki, yanvar ayının 30-da 2 fevral Gənclər gününə həsr olunmuş YAP GB-nin 2014-cü ilə aid hesabat konfransı olmuşdur. Ötən il ərzində həyata keçirilmiş tədbirlər, layihələr, dəyirmi masalar, aksiyalar haqda geniş məlumat verilmiş, həmin məlumatları əks etdirən hesabat jurnalının və video çarxın təqdimatı olmuşdur. 
Bu aylar ərzində istər YAP GB-nin ofisdaxili, istərsə də ofisdən kənar tədbirlər olmuşdur. Belə ki, 20 Yanvar, Xocalı faciəsi, 31 mart soyqırımı ilə əlaqədar olaraq dəyirmi masa, foto-sərgi, “Ana harayı” abidəsinə kütləvi yürüş, YAP GB ofisində əlil uşaqların çəkdiyi rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur. 
Bundan başqa 2015-ci ilin mart ayında Level Up tədris və inkişaf mərkəzi ilə imzaladığımız memorandumda gənclər üçün yüksək səviyyədə təşkil olmuş təmənnasız dil kursları (ingilis, rus, fransız) və  gənclərin maraq dairəsində olan, onları maraqlandıran mövzularla bağlı təlimlər reallaşdırırıq. Hətta yay aylarında bir neçə fəal gənclərimizi Avropanın aparıcı ölkələrində dil kurslarına göndərməyi nəzərdə tutmuşuq.
Gənclərin intellektual səviyyələrinin ölçülməsi məqsədilə YAP GB Məntiq Olimpiadası keçirmişdir. Belə ki, məntiq olimpiadası iki mərhələdə baş tutmuşdur. Olimpiadanın nəticələrinə uyğun olaraq, I, II, III yerlərin qalibləri medal, diplom və digər mükafatlarla təltif olunmuşlar.
Bizim  xeyriyyə məqsədilə gördüyümüz işləri artıq ənənə halını alıb və hər il bayramlarda kimsəsiz ailələrə bayram sovqatı paylamaqla yanaşı, xeyriyyə məqsədi daşıyan bir çox tədbirlərin keçirilməsinin təşəbbüskarı olmuşuq. Bu il Novruz Bayramı ərəfəsində 150-dən çox kimsəsiz ailələrə baş çəkərək bayram sovqatı paylamışıq.
Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən 2015-ci il «Kənd təsərrüfatı ili» elan edilmişdir. Biz də bu Sərəncama uyğun olaraq, aprel ayını “Kənd təsərrüfatı ayı” elan etdik. Məqsədimiz isə gənclər arasında bu sahənin təbliği və gənclərimizin bu sahə üzrə maariflənməsidir. Bu layihə çərçivəsində gənclər bu sahə üzrə nəzəri biliklərlə maarifləndiriləcək, müxtəlif ekskursiyalar təşkil olunacaqdır.

- Bəs müddət ərzində beynəlxalq əlaqələr baxımından nə kimi addımlar atılıb?

- Bu sahədə də işlərimiz davam edir. Belə ki, mart  ayında Pakistan İslam Respublikasının Prezidenti  Məmnun Hüseyni Azərbaycana rəsmi səfəri zamanı Pakistanın İslam Respublikasının hakim partiyasının gənclər birliyinin nümayəndə heyəti YAP GB-nin ofisində qonaqları olmuş, gənclərlə görüşmüşlər. 
YAP Gənclər Birliyi, həmçinin, beynəlxalq aləmdə də layiqincə təmsil olunur. YAP Gənclər Birliyi fevral ayında Brüsseldə təmsil olunan zaman Xocalı faciəsinə həsr olunmuş təqdimat keçirilmişdir. 
Mart ayının sonlarında YAP GB-nin nümayəndə heyəti Gürcüstanda keçirilən “Cənubi Qafqazın Gənc Siyasətçiləri” Forumunda iştirak etmişlər. Gürcüstan, Ukrayna və Ermənistandan  iştirak edən 50 nəfərdən ibarət nümayəndə heyəti arasında nümayəndə heyətimiz Azərbaycanı layiqincə təmsil etmişlər.

- Seymur müəllim, YAP Gənclər Birliyinin hesabat-seçki konfransına hazırlıq işləri gedir. Bu məqsədlə, partiyanın yerli strukturlarında da gənclər birliklərinin yığıncaqları keçirilir. Sizcə, yerli təşkilatların gənclər birlikləri hesabat dövründə hansı səviyyədə yetiriblər?

- Bildiyiniz kimi, bu yaxınlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı nəzərdə tutulmuşdur. Artıq bütün Respublika üzrə regionlarda və paytaxt rayonların əksəriyyətində yerli hesabat-seçki konfransları keçirilmişdir. 
Konfranslarda gənclər birliklərinin ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında hesabatlar təqdim olunur. Bu konfranslar nəticəsində bir daha şahidi oluruq ki, ölkəmizdə yüksək intellektli gənclər formalaşıb, onlar Heydər Əliyev ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Gənclər üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər. Bu mənada, konfranslarda verilən hesabatlarla bağlı qənaətimiz müsbətdir.
Onu da qeyd edim ki, yaxın zamanlara planlaşdırılan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransının  hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.