YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyət tarixinə qara ləkə vurublar

Müsahibimiz Milli Məclisin deputatı Elman Məmmədov

- Elman müəllim, Xocalı faciəsinin baş verməsindən 23 il ötür. Xocalı şəhəri və onun strateji mövqeyi haqqında fikirlərinizi bilmək istərdik. Bu ərazinin strateji əhəmiyyəti nədən ibarət idi? 

- Bilirsiniz ki, tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Bu məsələdə mənfur  ermənilər daha «fəal» olublar. 23 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Düşünürəm ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir. 
XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.

- Xocalı faciəsində yüzlərlə dinc insan qətlə yetirildi. Bu faciənin baş verməməsi üçün o vaxtkı hakimiyyət hər hansı addım atırdımı?

- Mühasirədə olmasına baxmayaraq, Xocalı düşmənə lazımi müqavimət göstərə bilirdi. Amma vəziyyət getdikcə gərginləşirdi, ermənilər hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət bizə kömək göstərmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq, kömək göstərilmirdi. Yalnız vədlər verirdilər. Müxalifətlə iqtidarın  hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarırdı. Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.
Onu deyim ki, ermənilərin hücumundan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi  şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur olublar. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. 
Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə yetirilib. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqdır. 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralanıb, şikəst edilib, 1275 nəfər isə girov götürülüb. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

- Xocalı qətliamında Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. Sarkisyanın beynəlxalq səviyyədə hərbi cinayətkar kimi tanınması məqsədilə petisiya üçün 100 min imza verildi. Sizcə, bu petisiyanın əhəmiyyəti nədən ibarətdir? 

- Əlbəttə, bu çox vacib məsələdir. Xocalı soyqırımında birbaşa iştirakını Sarkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın indiki prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arazında əcnəbilər, ermənilər də var. 
Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər. Amma bütün hallarda belə bir kamaniyaının böyük əhəmiyyəti var. Çünki insanlar Sarkisyanın kim olduğu daha yaxşı, aydın şəkildə biləcəklər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.  

- Bu gün Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün sistemli tədbirlər həyata keçirir. Bu tədbirlərin önəmi haqqında nə deyə bilərsiniz? 

- Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır. Bilirsiniz ki,  Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. 
Ümummilli liderimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eləcə də, Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub.  
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.
Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra  ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onlaın öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımı tanıtmalıyıq.

- Elman müəllim, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır.
Son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edir. Ermənilər təxribatlar törədərək problemin həllini uzatmağa çalışırlar. 
Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub. 
Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılıb və işğalçı dövlət dalana dirənib. Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seyt-not vəziyyətində qalıb. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə artıb. Yəni Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı Ermənistan dalana dirənib. 
Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onuün güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir. 

- Həmsədrlər bu yaxınlarda regiona növbəti səfər etdilər. Onlar münaqişənin həlli ilə bağlı mütəmadi olaraq bəyanatlar verirlər. Bu bəyanatlara münasibətiniz necədir? 

- Həmsədrlərin hərəsi bir dövləti təmsil edir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki? Onların vaxtaşırı bəyanat verərək, “irəliləyiş var, bu il qızıl ildir” və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar. 
İndiki bəyanatlarına da fikir versəniz görərsiniz ki, yüzminlərlə insanın öz torpaqlarına qayıtmasının zəruriliyi haqqında heç bir fikir səsləndirmirlər. Yalnız çağırış edirlər ki, atəşkəsə əməl edin, etimad yaradın. Belə çağırışlarla işğalçı Ermənistanı öz hərəkətlərindən çəkindirmək mümkün deyil. 
 Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları bir-birilə toqquşur. Çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. 1992-ci ildən Ermənistanın tərəfini tutublar. Onlar yalnız ermənilərin dediyini deyib Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəşti odur ki, ermənilərə yüksək statuslu muxtariyyət versin. Əslində, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir. Amma münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunarsa, Ermənistanı məcbur etmək olar ki, işğal etdiyi torpaqları tərk etsin. Görünən isə odur ki, müəyyən beynəlxalq dairələr bu qətnamələrin icrasına maraqlı deyil. Həmsədr dövlətlər də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Rusiya Ermənistanı özünü forpostu, Fransa bacısı hesab edir. ABŞ isə işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rəhbərliyinə milyonlarla dollar maliyyə yardımı edir. Belə olan təqdirdə həmsədrlərin nə ədalət gözləməyə dəyər? Biz öz gücümüzə arxalanmalıyıq. Öz gücümüzlə Ermənistanı diz çökdürməliyik. Azərbaycan dövlətinin siyasəti də məhz buna hədəflənib.