MÜSAHİBƏLƏR
Diplomatik qələbə: Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir
- Kamran müəllim, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu gün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu necə xarakterizə edərdiniz?
- Dövlət başçımızın apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malikdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması, bir-birinin ardınca beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ünvan seçilməsi, Qoşulmama Hərəkatına üç illik sədr olması Azərbaycanın dünyada və avropada danılmaz nüfuzunu göstərir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin və rolunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın quruma sədrliyinin daha bir il də uzadılması qərarını qəbul etdilər. Qoşulmama Hərəkatının tarixində indiyə qədər belə bir hal olmamışdır. Qətiyyətlə deyərdim ki, Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şuşa dipomatik mərkəzə çevrilərək tədbirlərin keçirilməsi, sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul olunur. Hazırda Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır, bərpa və quruculuq işlərinin miqyası genişlənir. Bu gün Füzulidə və Şuşada görülən işlərin fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızın bərpasını və yenidən qurulması prosesini təsəvvür etmək mümkündür. Bu gün işğaldan azad edilmiş ərazilərimizdən səslənən hər bir mesaj qalib Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Bu mesajlar işğalçı Ermənistanın illərdir yaratdığı “məğlubedilməzlik” mifinin dağılılması deməkdir. 44 gündə Azərbaycan Ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi.
-Dünya növbəti dəfə Azərbaycan-Türkiyə birliyinin şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev Şərqi Zəngəzurun hava qapısını qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə dünyaya açdı. Bu mühüm hadisə özündə hansı çağırışları ehtiva edir?
- Azərbaycan və Türkiyə xoş gündə də, dar gündə də, birgə addımlayan iki dövlət-bir millətdir. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə yüksəlib. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Bu yaxınlarda Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri, Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi də bu birliyin daimi olmasını bir daha təsdiq etdi. İki qardaş dövlət erməni işğalından azad olunan torpaqlarda, Qarabağın, Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində də bir yerdə çalışırlar. Uzun illər düşmən tapdağı altında qalan, yerlə-yeksan olunan torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyası ölkəmizin quruculuq potensialını aydın şəkildə göstərir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Hazırda işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. Hər zaman olduğu kimi bu gün də Türkiyə yanımızdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın bərpası işində türk qardaşlarımız bizimlə bərabər çalışır: “Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumu uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü inşa ediləcək, onların bir qismi artıq, inşa olunub. Körpülərin uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.”
- Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri regional əməkdaşlığa hansı yenilikləri gətirdi?
- Azərbaycan və Gürcüstan arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu gün hər iki xalq müxtəlif səhələr üzrə uğurla əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstan və Azərbaycan rəhbərləri mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxundular. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Burada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Ölkə başçısının Gürcüstana səfəri strateji əlaqələrin yeni mərhələyə qədəm qoymasını göstərir. Çünki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir mövqedən öz maraqlarını təmin etməsinə imkan verir. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər.
Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına vəsilə olur. Bu da öz növbəsində Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyevin Gürcüstan səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu oldu. Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək, beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsipləri əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsinin aparılması da bunu sübut edir.
-Kamran müəllim, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə verəcəkmi?
-Azərbaycan regionumuzda sülhün və təhlükəsizliyin təmin olunması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşün önəmini qeyd etməliyik. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlarımızı qətiyyətlə müdafiə etdi. Prezident İlham Əliyev Vladimir Putinlə təkbətək görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini diqqətə çatdırıb. Görüşdə dövlətimizin başçısı bir daha Qarabağ münaqişəsinın artıq tarixdə qaldığını vurğulayıb: “O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”. Bununla da dövlətimizin başçısı Ermənistanın və onların havadarlarının Qarabağ ətrafında spekulyasiyalarının qarşısını almış oldu. Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq qəbul olunmuş bəyanatda Qarabağın adının çəkilməməsi də bunu təsdiqləyir.
Bəyanatda vurğulanır ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğuni təsdiqləyib, qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşıblar. Xüsusilə, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanıb. Bu bəyanatda BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyi amilinə istinad edilir.
Düşünürəm ki, Soçi bəyanatı Azərbaycanın maraqlarına cavab verir. Üçtərəfli görüş dövlətimizin, Prezidentimizin növbəti diplomatik qələbəsidir.