YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Səmimi, qətiyyətli və sadiq tərəfdaşlıq nümunəsi

Müsahibimiz YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev

- Naqif müəllim, Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş hansı reallıqları nümayiş etdirir? Görüşün nəticələrini sülhə doğru daha bir addım kimi dəyərləndirmək olarmı?

- Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında 30 il davam edən münaqişə müddətində bir çox formatda görüşlər həyata keçirilib. Lakin Azərbaycanın məsələni sülh yolu ilə həll etmək üçün göstərdiyi bütün səylərə bamayaraq, Ermənistan tərəfi heç vaxt sülhə razılıq verməyib və beləliklə də, bütün danışıqlar nəticəsiz qalıb. Lakin Azərbaycanın tarixi Qələbəsindən sonra əsası 2021-ci il dekabrın 14-də qoyulan yeni formatda keçirilən görüşlər göstərir ki, artıq bu istiqamətdə müəyyən nəticələr əldə edilib. Görüşün nəticəsi olaraq, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliklərinin xətti ilə sülh razılaşmasının mətni üzərində çalışmaq üçün işçi qrupların yaradılması barədə razılıq əldə edildi.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə olduqca güclü mövqe qazanmışdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının böyük rolu vardır. Güman edirəm ki, Ermənistanın tərəfinin müqavimətinə baxmayaraq, sabiq Minsk qrupunun son 30 ildə təmin edə bilmədiyi sülh məsələsində Avropa İttifaqının vasitəçiliyi ilə böyük nəticələr əldə ediləcəkdir. Xüsusilə qeyd etmək istəyirəm ki, görüş zamanı Azərbaycanın irəli sürdüyü sülh təklifi əsasında müzakirə edilən məsələlər bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ermənistan tərəfi artıq bütün müqavimətinə baxmayaraq, reallıqları qəbul etməyə başlayıb. Brüsseldə baş tutan bu görüş Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir.

- Prezident İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə Romaya işgüzar səfəri Azərbaycan-İtaliya münasibətlərinin inkişafında hansı rol oynayacaq? Hazırda Bakı-Roma geosiyasi xəttində aktiv təmasları necə qiymətləndirmək olar?

-Prezident İlham Əliyevin Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində Sercio Mattarellanın dəvəti ilə İtaliyaya işgüzar səfəri Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin daha da güclənməsinin aydın təzahürüdür.

Ölkələrimiz arasında əlaqələr daim yüksək səviyyəsi, hərtərəfliliyi və nümunəvi dinamikası ilə seçilib. Xüsusilə vurğulamaq istəyirəm ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın ən önəmli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır.

İtaliya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib. Bu işgüzar səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım kimi tarixə düşəcək, dövlətlərarası strateji münasibətlərin inkişafında böyük uğurlara yol açacaqdır.

- Dövlətimizin başçısının İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda çıxışı yerli və beynəlxalq medianın diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti hansı mesajları verdi?

- Bəli, Prezident İlham Əliyevin bir neçə gün əvvəl reallaşan bu işgüzar səfəri bütün beynəlxalq aləmin, o cümlədən də çoxsaylı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

İtaliya və Azərbaycan arasındakı çoxşaxəli strateji münasibətlər bu səfər nəticəsində daha da inkişaf edərək yeni bir müstəviyə daşınıb. Azərbaycan İtaliyanın Cənubi Qafqaz ölkələri arasındakı ən iri ticarət tərəfdaşıdır.  Bu baxımdan, enerji sahəsindəki əməkdaşlığı xüsusi qeyd etmək istəyirəm. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə 3-cü yeri tutur. 

Prezident İlham Əliyevin işgüzar səfəri zamanı Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə verdiyi müsahibəsində də vurğuladığı kimi, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini gücləndirən əhəmiyyətli faktordur. Trans-Adriatik qaz boru kəməri hal-hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır, lakin yaxın gələcəkdə Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşma nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artırılması nəzərdə tutulmuşdur.

-İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakının əhəmiyyəti nədən ibarətdir?

- Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə sürətlə yenidənqurma və abadlıq işləri həyata keçirilir. Bu çoxşaxəli quruculuq işlərində Azərbaycana dost ölkələrin şirkətlərinin cəlb edilməsi Prezident İlham Əliyevin dostluğa və əməkdaşlığa verdiyi yüksək dəyərin təcəssümüdür. Əminəm ki, işğaldan azad edilmiş ərzilərdə infrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya layihələrinin qurulmasına İtaliya şirkətləri zəngin təcrübələri ilə böyük töhfələr verəcəkdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, işğaldan azad olunmuş şəhərlərdə Memorial və Zəfər muzeylərinin dizaynı və tikintisi İtaliya şirkətlərinə həvalə olunmuşdur. İtaliya şirkətləri artıq Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.

Sözsüz ki, Qarabağda geniş miqyas almış yenidənqurma, bərpa-quruculuq işlərində İtaliya şirkətlərinin fəal iştirakı iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir.