YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan inkişaf edə bilməz

Müsahibimiz YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov

-  Vüqar müəllim, postmüharibə dövründə Ermənistan dəfələrlə təxribatlar törədib. Son günlərin hadisələri də bunu təsdiqləyir. Sizcə, erməni tərəfi bu təxribatları törətməklə hansı məqsədləri güdür?

- 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Azərbaycanın müharibədən dərhal sonra həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər hazırkı reallıqlara gətirib çıxarıb. Ölkəmizin bu addımı, yaratdığı reallıqlar beynəlxalq birlik tərəfindən də qəbul olunur və təqdir edilir. Bu gün istər aparıcı beynəlxalq qurumlar, istərsə də xarici ölkələr Azərbaycanın təklif etdiyi regional və qlobal layihələrdə iştirak etmək arzusunu bəyan edir, bu layihələrin tezliklə reallaşmasında maraqlı olduqlarını nümayiş etdirirlər.

Ermənistan isə öz ənənəvi işğalçı və dağıdıcı xislətinə sadiq qalaraq hələ də təxribatlarını davam etdirir. Onlar mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tuturlar. Amma təbii olaraq silahlı qüvvələrimiz tərəfindən layiqli cavab alırlar. Əslində, bu gün regionda reallaşdırılması nəzərdə tutulan qlobal layihələr hamıdan daha çox Ermənistana lazımdır. Çünki müharibədən sonra Ermənistandakı iqtisadi, siyasi və hərbi vəziyyət olduqca acınacaqlıdır. Müharibədən sonra kapitulyasiya aktına imza atan Ermənistan istər hərbi, istər siyasi, istər sosial, istərsə də iqtisadi baxımdan iflas dövrünü yaşayır. Əgər dağıdıcı siyasətindən əl çəkməsə, Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas ola bilməyəcək. Yox, əgər Ermənistan rəhbərliyi ağıllı addım atmağa özündə güc tapsa, o zaman bu ölkə məhv olmaqdan xilas olacaq.

- "Qisas" əməliyyatı təxribatçılara tutarlı cavab oldu...

- Postmüharibə dövründə öz əməllərindən əl çəkməyən Ermənistan son vaxtlar təxribatlarını daha da artırmışdı. Avqustun əvvəlində isə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz şəhid oldu. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı, “Qisas” əməliyyatı ilə lazımi cavab tədbirləri gördü. Bir daha ermənilərə göstərildi ki, hansısa təxribat onların sonunu gətirə bilər. Ermənilər bir daha gördülər ki, “dəmir yumruq” yerindədir və öz iyrənc əməllərindən əl çəkməsələr, bu dəfə o yumruq daha ölümcül zərbə vuracaq.

- Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən dəstəklənir. Bu fakt ölkəmizin dünyada mövqelərini nə dərəcədə gücləndirir?

- Qeyd etdiyimiz kimi, Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan yeni reallıqlar yaradıb. Bu gün dünyanın aparıcı təşkilatları, o cümlədən xarici ölkələr bu reallıqları düzgün dəyərləndirərək regionda həyata keçiriləcək layihələrdə yaxından iştirak etmək arzularını nümayiş etdirirlər. Lakin təəssüf ki, Ermənistan hələ də bu reallığı qəbul etməkdə çətinlik çəkir. Ermənistanın bu davranışı, başqa sözlə, rəsmi İrəvanın 2020-ci il 10 noyabr Bəyanatında əks olunun bəzi bəndləri yerinə yetirməməsi artıq beynəlxalq qurumları da hərəkətə gətirib. Çünki Ermənistandan fərqli olaraq həmin qurumların rəhbərləri yaxşı bilirlər ki, belə olarsa, Azərbaycanın səbri tükənə bilər. Əgər bu gün qalib ölkə olmasına baxmayaq, regionda daimi sülh üçün mütərəqqi addımlar atan, əlavə şərtlər irəli sürməyən Azərbaycana müsbət cavab verilməzsə, bundan uduzan ancaq Ermənistan olacaq. Məhz buna görə də ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar prosesin normal inkişafı, yəni Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hərəkətə keçiblər. Təbii ki, onları hərəkətə keçməyə vadar edən ən əsas məsələ də Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən mövqeyidir. Görünən odur ki, beynəlxalq birlik də tez bir zamanda sülhün əldə edilməsinin tərəfdarıdır.

Bu il aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Azərbaycan regionda daimi sülhün əldə edilməsi üçün konkret təkliflə - 5 bəndlik baza prinsipi ilə çıxış edib. Aprelin 6-da keçirilən və 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün yekununa dair bəyanata nəzər salanda biz görürük ki, orada elə məhz bu baza prinsipi müzakirə mövzusu olub. Bu isə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Brüssel görüşü bir məqam baxımından da diqqəti çəkdi. Belə ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Biz eyni yanaşmanı “Qisas” əməliyyatından sonra da müşahidə etdik. Bəlli olduğu kimi, əməliyyatdan sonra Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu zənglərin bir səbəbi, bir mahiyyəti vardı. Dünya birliyi, o cümlədən Avropa İttifaqı və Birləşmiş Ştatlar baş verənlərdən narahatdır. Belə demək mümkünsə, artıq onlar bu baş verənlərin əsas günahkarının Ermənistan olduğunu da bilir və qəbul edirlər. Onlar eyni zamanda bu zənglərlə Azərbaycan tərəfinin haqlı olduğunu bir daha nümayiş etdirmiş oldular. Yəni bu telefon danışıqları zamanı Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyinin qeyd edilməsi, əslində, Fransa, Avropa İttifaqı və ABŞ-ın “baş verənlərin günahkarı Ermənistandır” qənaətini ifadə etməsi kimi dəyərləndirilə bilər. Çünki Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Həmin telefon söhbətləri əsnasında da qeyd edildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu, hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir. Eyni zamanda, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur. Şübhə etmirəm ki, Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın arasında keçirilməsi nəzərdə tutulan görüşdə də bu məqamın üzərində dayanılacaq.

- Mövcud şəraiti nəzərə alaraq proseslərin gələcək inkişafı barədə nə demək olar?

- Ermənistanın bugünkü hərbi-siyasi rəhbərliyi daha dərindən düşünməli və rasional qərarlar verməlidir. Azərbaycanın təklif etdiyi 5 baza prinsipi bölgəyə əbədi sülh, o cümlədən həm siyasi, həm də iqtisadi sabitlik gətirə bilər. Təqdim olunan 5 baza prinsipi Ermənistan üçün də məqbul sayılır. Ümumilikdə onu bildirmək istəyirəm ki, Azərbaycan daha da güclənəcək. Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır.