YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın inkişafının başlanğıc nöqtəsi

Müsahibimiz YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov

-Aydın müəllim, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 53 il ötür. Bu siyasi  hadisənin Azərbaycanın bugünkü və  gələcək  inkişafında rolunu necə şərh edərdiniz?

- Şəxsiyyətlər tarix yaradır. Hətta elə şəxsiyyətlər də var ki, onlar bütöv bir xalqın gələcək taleyini həll edir. Bəzən onların həyatından, taleyindən, fəaliyyətindən danışmaq üçün bütöv bir xalqın, ölkənin tarixini vərəqləmək, onu dərindən bilmək lazım gəlir. Xalqımız da hər zaman müasir Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır, yarım əsrdən artıqdır ki, onun işıqlı yolu ilə addımlayır. Ulu Öndər Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərib. Sağlığında canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın və dövlətimizin taleyüklü problemlərini həll edən dövlət xadimi olmaqla yanaşı, həm də Azərbaycanın 53 illik bir tarixi dövrünü yaşadan və yaradan şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan tarixinini unudulmaz günlərdən biri də məhz 14 iyul 1969-cu ildir.

Bəli, bu tarixi Azərbaycanın özünə qayıdışı, dirçəlişi və inkişaf yolunun başlanğıcı kimi dəyərləndirə bilərik. Məhz həmin tarixdən etibarən Heydər Əliyev Azərbaycana rəhbərlik edib və qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də, həm də bütün dünyada tanıdıb. Eyni zamanda, milli varlığımızın qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Həmin illərdə əldə olunan uğurlar və Azərbaycanın qazandığı şöhrət XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Ona görə də 14 iyulu xalqımızın taleyində milli dövlətçiliyimizin bərqərar olmasının başlanğıcı, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi adlandırmaq olar.

-O illərdə iqtisadiyyatın inkişaf etdirilməsi Ulu Öndərin siyasi xəttinin əsasını təşkil edirdi…

-Bilirsiniz ki, həmin illərdə Azərbaycanın iqtisadi vəziyyəti acınacaqlı durumda idi. Ötən əsrin 60-cı illərində ölkəmiz keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin inkişafından söhbət gedə bilməzdi. Əünün tələblərinə cavab verməyən sosial vəziyyət əhalinin güzəranının getdikcə pisləşməsinə səbəb olurdu. Ölkəmizin imkanlarının yetərincə olmasına baxmayaraq, tənəzzül, başqa respublikalardan asılılıq  hökm sürürdü. Üstəlik, təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilirdi. 1950-ci illərdən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçmişdi, respublikamızda işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca Rusiyanın müxtəlif şəhərlərinə üz tuturdu.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində indiyədək SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan inkişaf etmiş, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Ulu Öndər respublikamızın rəhbəri seçilməklə xalqımızın tarixində və taleyində əhəmiyyətli dönüşə, başlanğıca nail oldu. Eyni zamanda, ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoydu. Bu tarixi heç vaxt unutmaq olmaz.

-Aydın müəllim, hadisələrin təhlili fonunda özlüyündə yaranan “Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə nə dəyişdi” sualını necə cavablandırardınız?

-Sovetlər Birliyinin mövcud olduğu bir şəraitdə ayrı-ayrı respublikaların milli məsələdən danışması və bu istiqamətdə hansısa bir fəaliyyət aparması sadəcə, qeyri-mümkün idi. Amma Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ümummilli idealların yenidən dirçəldilməsi və inkişaf etdirilməsi prosesləri vüsət almağa başladı. Bu tarix ölkəmizin həm də müstəqil dövlətçiliyə doğru ilk böyük dönüşünün başlanğıcı olmuşdur. Heydər Əliyevin 53 il bundan qabaq siyasi hakimiyyətə gəlişi nəticədə Azərbaycan xalqı böyük bir inkişaf prosesinə qədəm qoydu. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Heydər Əliyev həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı.

Əlbəttə, müstəqilliyi əldə etmək üçün möhkəm təməlin, iqtisadi inkişafın olması əsas şərt idi. Ulu Öndər xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratdı. O, öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılaya bildir, Azərbaycanı inkişaf etmiş respublikaya çevirdi, bugünkü müstəqilliyimizin təməlini hazırladı, gələcək nəsillər üçün əvəzsiz, qiymətli miras qoydu. 1969-1985-ci illərdə ölkəmizdə 213 yeni iri sənaye müəssisəsi istismara verildi. Bu müddət ərzində dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmağa başlandı. Bu illər ərzində Azərbaycanın milli gəlirinin həcmi 2,5 dəfə artdı. 10 mindən çox azərbaycanlı gənc Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına göndərildi. Bütün bunlar dahi Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin nəticələri idi. Ulu öndərimiz bu barədə danışarkən deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Xatırladaq ki, bütün bu inkişafın təmin edilməsi üçün yalnız Ulu Öndər Heydər Əliyev kimi vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadiminin hakimiyyətdə olması, bu xalqın Lideri olması lazım idi. Böyük, qlobal işləri yalnız Heydər Əliyev kimi siyasi lider reallaşdıra bilərdi. O dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın əxz edirik. 1969-1982-ci illər Azərbaycanda həm də elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil aldığı halda, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günü uzadılmış qruplar fəaliyyət göstərirdi. Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrdə ali məktəblərdə 100-dən artıq yeni ixtisaslar açıldı, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradıldı. 1970-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək-ixtisaslı mütəxəssislərin yetişdirilməsi müasir müstəqil Azərbaycan üçün zəruri intellektual potensial yaratmışdır. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması isə Ulu Öndər Hüydər Əliyevin uzaqgörənliyindən, dahiliyindən xəbər verirdi. Heydər Əliyev qarşıdakı böyük dəyişikliklərin qaçılmaz olduğunu  bilirdi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi də müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi. Azərbaycan qısa müddətdə öz taleyinin sahibi oldu, başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu cəmi 14 ilə qət etdi. Hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin inkişaf etdiyi ölkəyə çevrildi.

-Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövrünü, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını necə xarakterizə edərdiniz?

-1990-cı illərinin əvvəllərində ölkəmizin ümumi mənzərəsi belə idi: Vətəndaş müharibəsi başlanmışdı, hərc-mərclik, xaos, anarxiya baş alıb gedirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı növbəti dəfə xilas etmiş oldu. Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan dövrü də önəmli addımlarla  yadda qalıb.  Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.  Qeyd etdiyimiz kimi, 1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. Bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazıldı.

- Aydın müəllim, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu olan İlham Əliyev kimi şəxsiyyəti və müdrik  siyasi lideri yetişdirməsidir…

- Son 18 ildən artıq dövrün uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq qeyd etməliyik ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini  möhkəmləndirir. Azərbaycanın uğurlarının zirvəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz dayanır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində 30 ilin işğalına son qoyuldu. Azad Qarabağımızda, azad Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.