MÜSAHİBƏLƏR
Azərbaycan regionda fəal xarici siyasət yürüdən ölkədir
- Ramin müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfərinin nəticələri ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Necə hesab edirsiz, bu səfərin əhəmiyyətini şərtləndirən əsas amillər hansılardır?
- Azərbaycan regionda kifayət qədər fəal xarici siyasət yürüdən ölkədir. Regionun demək olar ki bütün dövlətləri ilə, təbii ki Ermənistan istisna olmaqla, güclü əlaqələr qurmağa müvəffəq olub. Düşünürəm ki, bu səfərin əhəmiyyətini şərtləndirən bir sıra vacib amillər var. İlk növbədə regionda və dünyada gedən proseslər kontekstində baxdıqda, Azərbaycanla Özbəkistan arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkənin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarından irəli gəlir. Azərbaycan Prezidentinin Özbəkistana Dövlət səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında” siyasi Bəyannamə bu baxımdan, hər iki ölkənin əlaqələrinin perspektivlərini müəyyən edən çox vacib bir sənəddir. Hesab edirəm ki, bu sənəddə əksini tapmış müddəalar bizim ölkələrimizin milli mənafeləri ilə bilavasitə bağlı olan məsələləri əhatə edir.
Səfərin əhəmiyyətini artıran ikinci vacib məqam ondan ibarətdir ki, həm Özbəkistan, həm də Azərbaycan müstəqil siyasət yürüdən dövlətlər kimi tanınır. Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan ölkələrdir. Bu mənada, düşünürəm ki, səfərin ən əhəmiyyətli nəticələrindən biri olaraq qəbul edilən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında” siyasi Bəyannamə iki ölkənin qarşılıqlı münasibətlərinin inkişaf konturlarını nümayiş etdirən yol xəritəsi kimi qiymətləndirilə bilər.
- Azərbaycan ötən həftə çox vacib bir beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Forumuna da evsahibliyi etdi. Sizcə, bu yeni platforma bizim ölkəmizə hansı imkanlar qazandırır və onun gətirdiyi siyasi dividentlər nələrdir?
- Bildiyiniz kimi, Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat hesab olunur. Təşkilatın əsas hədəflərindən biri, beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdən ibarətdir. Bu baxımdan, Azərbaycanın belə bir mötəbər təsisata sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzunu göstəricisidir. 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması barədə qərara 120 ölkənin yekdilliklə dəstək verməsi də bunu tədiq edir.
Parlament şəbəkəsi təşkilatın inkişafı, fəaliyyətinin təkmilləşdirilməsi, üzv ölkələr arasında əlaqələrin daha da gücləndirilməsi baxımından yeni platformadır. Bu gün çox fəal parlament diplomatiyası həyata keçirən ölkəmiz üçün bu platforma yeni imkanlar deməkdir. Biz qarşımıza çıxan hər bir imkandan faydalanmalı, dünyada və regionda gedən proseslər təsir imkanlarımızı artırmağa çalışrıq. Təbii ki, burda əsas məqsəd Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə daha güclü şəkildə müdafiə etməkdir. Dünya sürətlə dəyişir və artıq beynəlxalq münasibətlərin xarakteri də ciddi korrektələrə məruz qalır. Belə demək mümkünsə, uzun illər ərazində qüvvədə olan, istifadə edilən alətlər tədricən effektini itirir. Beynəlxalq hüququn dünyada sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasında roluna dair ciddi suallar yaranıb. Biz istəsək də, istəməsək də, bu bir faktdır. Azərbaycan realist və praqmatik xarici siyasət kursu həyata keçirən bir dövlət kimi, bu yeni reallıqları nəzərə alır. Bu baxımdan, yaranan hər bir imkandan, yeni alətlərdən və mexanizmlərdən istifadə etmək zərurətə çevrilib.
- Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı sizcə hansı nəticələri ilə yadda qaldı?
- 4 il öncə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında münasibətlərin tarixində çox ciddi hadisələrdən biri oldu. Bu sənəd bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşmaq, daxili işlərinə qarışmamaq kimi mühüm prinsipləri özündə ehtiva etməklə yanaşı, iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin inkişafının mümkün istiqamətlərini də müəyyən edir. Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda baxdıqda Xəzəryanı ölkələrə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması regionda təhlükəsizliyin, sülhün və sabitliyin təmin olunması baxımından xüsusi önəm kəsb edir.
Şübhəsiz ki, burda iqtisadi amilləri də diqqətdən kənarda qoymaq olmaz. Xüsusilə beynəlxlaq nəqliyyat dəhlizlərinin inkişafında Xəzəryanı dövlətlərin qarşılıqlı münasibətləri vacib rol oynayır. Bütün bu amillər, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində təmasların, aparılan danışıqların həm Azərbaycan, həm də region üçün nə qədər vacib olduğunu göstərir. Fikrimcə, bu toplantıda biz bir daha Azərbaycana olan etimadı, inamı müşahidə etdik. Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti də çıxışında bu imkanlardan maksimum faydalanmağın zəruri olduğunu bir daha vurğuladı. Çünki bu, bütün region ölkələrinin maraqlarına cavab verir.
- Ramin müəllim, qeyd etdiyiniz kimi, Azərbaycan fəal xarici siyasət yürüdən bir dövlət kimi tanınır. Necə düşünürsüz, bu sahədə əldə olunan uğurların əsas səbəbləri hansılardır?
- Bu, əslində kifayət qədər geniş bir mövzudur. Lakin qısa olaraq fikrimizi ifadə etsək, onu deyə bilərəm ki, Azərbaycanın beynəlxalq siyasətdə əldə etdiyi uğurların ən əsas səbəbi bizim ölkəmizin qazandığı inam və etimaddır. Azərbaycan açıq və konkret mövqeyi olan, bütün tərəfdaşları ilə münasibətlərdə bir-birinin müstəqilliyinə, suverenliyinə hörmət əsasında quran güclü dövlətdir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı belə bir fikir var: “Bizim sözümüz imzamız qədər keçərlidir”. Hesab edirəm ki, bu fikir xarici siyasətimizin, başqa ölkəlrələ münasibətlərimizin fəlsəfəsini dəqiq şəkildə ifadə edir. Bizim ölkəmiz beynəlxalq hüququn fundamental prinsiplərinə hər zaman sadiqdir, eyni zamanda, başqa ölkələrin maraqlarına da hörmətlə yanaşır. Tərəfdaşlarından da eyni münasibəti gözləyir.
Bir xüsusu da qeyd etmək vacibdir ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun qazandığı tarixi zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, nüfuzumuzu, proseslərə təsir imkanlarımızı da əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində qalib ölkə kimi təmsil olunur. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasında həlledici rola malikdir.
Əlbəttə ki, ölkəmizin iqtisadi gücünü, demoqrafik potensialını və yüksəlməyə davam edən hərbi qüdrətini də qeyd etmək vacibdir. Bütün bunlarla yanaşı, şübhəsiz ki, dünyada gedən proseslər, təhlükəsizlik, sülh və sabitliklə bağlı ənənəvi təsəvvürlərin dəyişməkdə olduğunu da unutmamamlıyıq. Azərbyacan yeni dünya düzənində öz yerini qorumağa qadir bir dövlət kimi özünü təsdiq edib. Hesab edirəm ki, bir çox ekspertlərin vurğuladığı tarixin dəyişmə mərhələsində olduğu indiki dönəmdə bu xüsusilə vacibdir.