MÜSAHİBƏLƏR
Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir
-Ziyafət müəllim, Azərbaycan Silahlı Qüvvələri 104 yaşını qeyd edir. 104 ili ümumiləşdirilmiş şəkildə necə xarakterizə edərdiniz?
-Ulu Öndər Heydər Əliyevin dediyi ki, ordu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür. Əslində 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdi. Silahlı Qüvvələri Günü kimi 26 iyun tarixinin seçilməsi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması ideyasına sadiq qalan və əvvəlki dövlət rəhbərliyindən fərqli olaraq bu varislik ideyanın möhkəmləndirilməsinin və qorunmasının xalqımız üçün mənəvi, siyasi-hüquqi əhəmiyyətini dərindən dərk edən dahi Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsəlman Korpusunun adının dəyişdirildiyi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırıldığı tarixin - 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə fərman verib.
Çar Rusiyası dövründə azərbaycanlılar hərbi xidmətə çağırılmırdı, çünki azərbaycanlıların hərb sənətinin sirlərinə yiyələnməsini istəmirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyd etdiyimiz kimi Əlahiddə Azərbaycan Korpusunun, həmçinin Hərbi Nazirliyin yaradılması, ilk dəfə səfərbərliyin elan edilməsi Azərbaycan Ordusunun yaradılması istiqamətində atılmış addımlar olsa da, Cümhuriyyətin süqutu ilə bu işlər yarımçıq qaldı. Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar əsasən döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, köməkçi batalyonlarda xidmət edirdilər. Məqsəd yenə aydın idi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə rəhbərliyə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə ordu quruculuğu prosesinə başlanıldı. Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir. Onun xalqımız qarşısındakı tarixi xidmətlərindən biri də məhz Azərbaycan Ordusunun memarı olmasıdır. Azərbaycanın yenidən müstəqillik qazanacağına və bu zaman hərbi kadrlara ehtiyac duyacağına əmin olan Ümummilli Lider sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli hərbi kadr hazırlığı, hərb sənətinin güclənməsi, hərbi kadrların hazırlanması, zəngin hərb tarixinin öyrənilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi məsələlərini hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırılıb, bu istiqamətdə əməli-təşkilati işlərə rəvac verilib, Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına dair yeni tələblər irəli sürülüb. Sovet dövründə Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini milli zabit kadrlarının hazırlanması təşkil edib ki, onun da zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması olub. Ümummilli lider müstəqil Azərbaycana rəhbərliyi dövründə də kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdırıb, Azərbaycan Ordusunu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirib. Ulu Öndərin 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərmanı isə hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini yeni inkişaf mərhələsinə yüksəldib. Ulu Öndərin rəhbərliyi dövründə ordu quruculuğunda atılmış mühüm addımlardan biri də bu sahədə ölkəmizin xarici dövlətlər və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının formalaşdırılması olub. Başda dost və qardaş ölkələr Türkiyə, Pakistan olmaqla, bir çox dövlətlərlə hərbi sahədə strateji əməkdaşlıq haqqında sazişlər imzalanıb, xüsusilə NATO ilə sıx və səmərəli əməkdaşlıq Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb olub. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulub. Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yeniliklərə yiyələnib və NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Ordusu modern orduya çevrilib.
-Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövrünün reallıqları fonunda səsləndirdiyi və qarşıya qoyduğu əsas hədəflərdən biri ordu quruculuğuna diqqətin daha da artırılması, bu sahədə əlaqələrin genişləndirilməsidir. Bu çağırış hansı məqamlarıözündə ehtiva edir?
-Azərbaycan Ordusunun inkişafı, modernləşdirilməsi, döyüş qabliyyətinin artırılması Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilib, ümumiyyətlə, ordu quruculuğu dövlət quruculuğunun prioriet istiqamətinə çevrilib. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənib, müasir infrastruktur yaradılıb, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Prezidentin rəhbərliyi illərində xüsusilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət öz bəhrəsini verib və biz hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bütün dünyaya göstərib. Həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri başda olmaqla, hərbi analitiklər Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə olunan döyüş taktikasını dünya hərb tarixində yenilik hesab etməklə onun öyrənilməsinin vacibliyində həmfikirdirlər. Bu qüdrətli ordunu təşkil edən isə əlbəttə, vətənpərvər Azərbaycan əsgərləridir. Müzəffər Ali Baş Komandanın dəfələrlə fəxrlə vurğuladığı kimi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Dövlət də öz növbəsində hər zaman, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını qurban vermiş müharibə veteranlarına diqqət və qayğını ən yüksək səviyyədə həyata keçirir. Onların sağlamlığının bərpası, maddi təminatlarının yaxşılaşdırılması, mənzillə, avtomobillə təmin olunmaları, məşğulluq səviyyələrinin yüksəldilməsi Prezident başda olmaqla, hər bir dövlət məmurunun diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir. Müharibənin bitməsindən dərhal sonra Prezidentin təşəbbüsü ilə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edilərək Vətən müharibəsi iştirakçılarının təltif edilməsi üçün yeni orden və medalların təsis edilməsi də dövlətimizin müharibə iştirakçılarına verdiyi böyük dəyərin sübutudur.
- Ziyafət müəllim, tarixi Zəfərimiz Azərbaycan Ordusunun təqdimatına hansı əlavələri, yenilikləri etdi?
-Tarixi Zəfərdən sonra bizim ordu quruculuğu sahəsində fəaliyyətimiz daha da intensivləşib. Qələbəni qoruyub saxlamaq zərurəti, erməni faşizminin təzahürlərinin hələ də zaman-zaman özünü göstərməsi, müasir dünyada baş verən hadisələr, dövlətlərin hərbi büdcələrini artırmaları, hərbi ittifaqlara qoşulmaq meyllərin güclənməsi, hərb sənayesinə diqqətin artırılması sübut edir ki, ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olan orduya ehtiyacları var. İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılması, cənab Prezidentin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması, Silahlı Qüvvələrin büdcə vəsaitinin artırılması, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universitetinin yaradılması, ordunun ən müasir hərbi-texniki vasitələrlə təmin edilməsi, hərbçilərimizin mütəmadi olaraq beynəlxalq hərbi təlimlərdə iştirakı ordumuzun gücünə güc qatıbr. Keçən ilin sentyabr ayında “Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!” şüarı ilə Bakıda ilk dəfə olaraq keçirilən Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş-2021” birgə beynəlxalq təliminin rolunu xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə hazırda hərbi sənayesində inkişafa görə dünya liderlərindən birinə çevrilən qardaş Türkiyə ilə bu sahədə son zamanlarda artan əməkdaşlığımız ordumuzun inkişafı üçün ən əsas təkanverici qüvvələrdən birinə çevrilib. Mən Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün hərbçilərimizi və xalqımızı təbrik edirəm. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz əldə etdiyi Zəfəri daim qoruyub saxlayacaq, dövlətimizin ərazi bütövlüyünü hər zaman təmin edəcək. Bizim əsas gücümüz və qüdrətimiz Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə zəfər qazanmaq əzmindədirlər.