YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov

-Eldar müəllim, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz dünyaya Azərbaycanın gücünün, qüdrətinin, beynəlxalq hüquqa əsaslanan siyasətinin, ən əsası xalqımızın məğrurluğunun, yenilməzliyinin təqdimatı oldu. Zamanın yaratdığı imkanlara söykənərək arxada qalan bir ildən 44 günlük Vətən müharibəsinə nəzər saldıqda, hansı ümumiləşdirməni aparardınız?

- 44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyiilə əlaqədardır. Məhz bu iki amil Vətən müharibəsinin başlanmasını və cəmi 44 gün ərzində düşmənin diz çökərək məğlub olduğunu etiraf etməsini zəruri etdi. Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində ölkəmizin iqtisadi qüdrəti daim yüksəlmiş və regionun lider dövlətinə çevrilmişdir. İqtisadiyyatın əsasını təşkil edən neft gəlirlərinin məqsədyönlü və düzgün paylanması, ordu quruculuğunda aparılan nəhəng işlər, hərbi kadrların hazırlığı, ordunun ən müasir döyüş vasitələri ilə silahlanması, yeni döyüş taktikasının tətbiqi, habelə müharibə aparmaq üçün lazım olan digər tədbirlərin vaxtında və yüksək səviyyədə təşkili Qarabağ məsələsinin müharibə yolu ilə həllinə böyük zəmin yaratdı. Eyni zamanda bu problemin sülh yolu ilə həllində Ermənistanın pozuculuq fəaliyyəti və Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” deməsi Vətən müharibəsini qaçılmaz etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı isə Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanaraq dillərdə əzbər oldu və xalqımız bu fikrin reallaşdırılacağı günü səbirsizliklə gözləyirdi. Bütün bunlar ölkəmizin siyasi rəhbərliyinin, ordusunun və xalqının, xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində formalaşan gənclərin Vətən sevgisini və birliyini daha da möhkəmləndirdi və 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

- Qələbəni şərtləndirən əsas amillərdən biri iqtisadi müstəqilliyimiz və bu fonda Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardır. Müstəqilliyimizin bərpasından ötən 30 ildə 8 noyabr 2020-ci il tarixini necə xarakterizə edərdiniz?

- Ulu öndər Heydər Əliyev demişdir ki: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu həqiqətən də belədir və 30 illik müstəqilliyi dövründə Azərbaycanın timsalında öz təsdiqini tapmışdır. 90-cı illərin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanı siyasi böhran və xaos bürümüşdü, ölkə iqtisadiyyatının tənəzzülü isə günü-gündən dərinləşirdi. Belə bir qarışıq vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin edərək gələcək inkişafın əsasını təşkil edən iqtisadiyyat sahəsində islahatlara başlamağı qərara aldı. Müstəqilliyi təhlükə altında olan ölkənin yeganə çıxış yolunun iqtisadiyyatı dirçəltmək olduğunu yaxşı bilən Heydər Əliyev müxtəlif xarici təzyiqlərə baxmayaraq böyük qətiyyət və əzmkarlıq göstərib hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bununla da ölkəmizdə neft strategiyasına əsaslanan iqtisadi inkişafın Azərbaycan modelinin təməli qoyuldu. Bu strategiya artıq 18 ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən çox uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmiz heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yeritməklə yüksək iqtisadi göstəricilərə malik bir dövlət kimi başqa inkişaf etmiş ölkələrə nisbətən daha mükəmməl və etibarlı iqtisadi sistem formalaşdırmışdır. Hazırda Azərbaycan dünya ölkələri sırasında layiqli yer tutmaqla onun qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, regionda heç bir qlobal layihə respublikamızın iştirakı olmadan həyata keçirilmir. Bununla belə müstəqillik illərində Azərbaycanın əldə etdiyi bütün uğurların zirvəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dayanır. 8 noyabr 2020-ci il tarixi Azərbaycan Respublikasının və Azərbaycan xalqının yaddaşına əbədi olaraq qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Çünki, bu tarix xalqımızın vətənpərvərliyini və mətinliyini bütün dünyaya qazandığı möhtəşəm qələbə ilə göstərərək Azərbaycan xalqının tükənmək bilməyən və yenilməz qürurunu bərpa etdi, vətən sevgisinin qüdrətini sübut etdi. Ona görə də 8 noyabr 2020-ci il tarixiindiyə kimi qazandığımız bütün qələbələrdən ən möhtəşəmi olmaqla xalqımızı xarakterizə edən simvola şevrilib.

- Eldar müəllim, artıq bir ildir ki, ölkəmiz yeni inkişaf mərhələsini yaşayır. Bərpa və quruculuq işləri perspektivlər barədə hansı mənzərəni yaradır?

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin müasir tələblərə cavab verən yüksək kefiyyətdə və qısa müddətdə həyata keçirilməsidir. 30 ilə yaxın erməni işğalı altında olan ərazilərə baxış keçirilərkən dünyada tayı-bərabəri olmayan vandalizmin baş verdiyi məlum olmuşdur. Belə ki, həmin ərazilərdə dünyaya özünü “yazıq, əzilən xalq” kimi göstərən ermənilərin bir dənə də olsun binanı salamat saxlamadıqlarını, hər yerdə və hər şeyi darmadağın edərək məhv etdiklərini, ərazini başdan başa minaladıqlarını bütün dünya gördü. Onlar özlərinə xas olan bu barbarlıq xislətləri ilə həm də dünyaya onu sübut etdilər ki, işğal etdikləri və Qarabağ bölgəsində XIX əsrin əvvəllərində Çar Rusiyasının köməyi ilə məskunlaşdıqları ərazi onlara məxsus deyil. Əgər belə olmasaydı 30 ildə bütün ərazini viran qoymazdılar və quruculuq işləri ilə məşğul olardılar. Hazırda həmin ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi və gündəlik qayğısı nəticəsində xalqımız qısa müddət ərzində çox nəhəng bərpa və quruculuq işlərinə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Şuşa sən azadsan. Şuşa biz səni dirçəldəcəyik”çağrışı buna bariz nümunədir. Füzulidən Şuşaya çəkilən Zəfər yolu artıq istismara hazırdır, Şuşada bir çox dağıdılmış binalar bərpa edilib, küçələr və parklar əsaslı təmir edilib, şəhər daimi su və işıqla, binalar istiliklə təmin edilib. Hazırda Şuşada bir neçə müəssisə fəaliyyət göstərir, bərpa və quruculuq işləri sürətlə davam edir. Şuşa şəhərində beynəlxalq və yerli əhəmiyyətli tədbirlər keçirilir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladıqları Şuşa Bəyənnaməsi, Xarı bülbül festivalı, Vaqif poeziya günləri və digər tədbirlər. Füzulidə yeni beynəlxalq təyyarə limanı istifadəyə verilmiş və bu limanın ilk qonağı da çox fərəhləndirici haldır ki, Vətən müharibəsinin başlandığı gündən indiyə kimi Azərbaycanı dəstəkləyən, daim onun yanında olacağını bəyan edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan cənabları olmuşdur. Ərazinin digər bölgələrini birləşdirən yeni yolların tikintisi aparılır, ərazi minalardan təmizlənir. Bölgədə Ağdam şəhərinin Baş planı hazırlanaraq ictimaiyyətə təqdim edilmiş, digər şəhərlərin və kəndlərin Baş planları isə hazırlanır. Avropanın bir çox ölkələrində vüsət alan “Ağıllı kənd”modelinin işğaldan azad olunmuş ərazilərdə geniş tətbiqi də nəzərdə tutulur ki, nəticədə ərazinin siması kökündən dəyişəcək və daha cəlbedici olacaqdır. Bu məqsədlə Zəngilan rayonunun Ağalı kəndində Ağıllı kənd layihəsinin icrasına başlanılmış və bu günlərdə onun gedişi ilə Azərbaycan və Türkiyə Prezidentləri tanış olmuşlar. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikası erməni işğalından azad etdiyi ərazilərdə bərpa və quruculuq işlərini sürətlə davam etdirərək ən müasir tələblərə uyğun infrastruktur layihələri həyata keçirməklə orada məskunlaşacaq insanların həyat və fəaliyyətinə yüksək dərəcədə cavab verən şəhərlər və kəndlər inşa ediləcəkdir. Beləliklə, işğaldan azad edilmiş Qarabağ bölgəsi yaxın vaxtlarda 30 ilə yaxın qacqınlıq həyatı yaşayan sakinlərini daha rahat və təhlükəsiz şəraitdə yaşayıb fəaliyyət göstərmək üçün qəbul edəcək, ölkəmizin dilbər guşələrindən biri kimi böyük turizm mərkəzinə çevriləcəkdir.

- Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın yeni iqtisadi inkişaf modelini necə təqdim edərdiniz?

- Rəşadətli ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın 30 ilə yaxın bir müddətdə işğalda saxladığı ərazilərimizi azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdikdən sonra bölgədə yeni reallıqlar yarandı. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü haqqında Fərman imzaladı. Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur adlı yeni iqtisadi rayonlar yaradıldı. Bu iqtisadi rayonların yaradılması həm strateji, həm iqtisadi və həm də tarixi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Belə ki, işğala son qoyulması və bu iqtisadi rayonların yaradılması Azərbaycanın bütövlüyünün təmin edilməsini təsdiq edir və tarixi ədalətin bərqərar olmasını göstərir. Digər tərəfdən Qarabağ iqtisadi rayonun əhatə etdiyi ərazilərdə xammal və təbii ehtiyatların, məhsuldar torpaq sahələrinin mövcudluğu, habelə turizmin inkişafı imkanları onun çox geniş potensiala malik olduğunu subut edir. Həmin bölgədə hazırda aparılan bərpa və quruculuq işlərindən sonra bu iqtisadi rayonda sənaye və kənd təsərrüfatı məhsullarının artımına nail olunacaqdır. Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması isə strateji və tarixi əhəmiyyət daşıması ilə yanaşı həm də onun böyük iqtisadi potensialının olması baxımından da əhəmiyyətlidir. Bu bölgədə Zəngəzur dəhlizinin reallaşması Azərbaycanla Naxçıvanı dəmir yolu və avtomobil yolu ilə birləşdirməyə imkan verəcəkdir. Eyni zamanda region ölkələrinin bu dəhlizdən istifadə imkanlarının yaranması onların iqtisadi inkişafına təkan verəcək və istehsal etdikləri məhsulları çox asanlıqla və təhlükəsiz halda dünyanın çox böyük hissəsinə çıxara biləcəklər. Bundan başqa bu layihənin həyata keçirilməsi türk dünyası ölkələrini birləşdirən körpü rolunu oynamaqla qədim “İpək yolu”nun bərpası istiqamətində mühüm əhəmiyyətə malik olacaqdır. Bununla da bu dəhlizin açılması həm bölgənin və həm də bir çox digər ölkələrin iqtisadi və digər sahələrdə əlaqələrinin genişlənməsinə güclü təkan verəcəkdir.