YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib və qüdrətli ölkəyə çevrildi

Müsahibimiz Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, tarixi Zəfərimizin birinci ildönümünün ərəfəsindəyik. Zaman baş verən hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. Bu baxımdan 30 illik işğal dövrü hansı reallıqları nümayiş etdirdi və Qələbəmizə gedən yolu necə şərh edərdiniz?

- 44 günlük Vətən müharibəsində nail olduğumuz Qələbə Azərbaycanın mövcudluq tarixinin ən uca zirvəsidir.  Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında  hakimiyyətə qayıdışı ilə  bu gün  bir ilini qürurla və sevinclə qeyd etdiyimiz  tarixi  Qələbənin əsasları qoyulmuşdu. 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə yenicə formalaşdırılmış ordumuz əks hücuma keçərək Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə azğınlaşmış erməniləri geri oturdaraq  atəşkəsə nail olunmuşdur. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu ordumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənərək müasirləşdi. Təbii ki, ordunun gücləndirilməsi üçün ölkənin iqtisadi gücü formalaşmalı idi. Son 18 ildə Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində  Azərbaycan iqtisadi müstəqilliyinə nail oldu, dünyada öz sözünü deyən və  haqq səsini müdafiə edə bilən ölkəyə çevrildi. Cənab  İlham Əliyev yenidən müharibənin yaşanmasını, şəhidlərin verilməsini istəmirdi. Ona görə də hər dəfə  düşmən təxribatlarının qarşısı alınmaqla  münaqişənin ədalətli həllinə danışıqlar yolu ilə nail olmaq istəyirdi. Amma Ermənistanın xalqımızın hisslərinə toxunan və təhqiredici hərəkətləri ötən il  27 sentyabrda son qərarımızı verməyə vadar etdi. Əlbəttə ki, Azərbaycan xalqı və əsgəri öz torpağını erməni tapdağından azad etməyə hazır idi. Zaman da onu göstərdi ki, Azərbaycan dünya müharibə praktikasında yeniliyə imza atdı, ilk dəfə müasir texnoilogiyalardan istifadə etdi.  Ali Baş Komandanın seçdiyi çox düzgün döyüş taktikası sayəsində 44 günlük müharibənin hər  gününü addım-addım irəliləməklə   Qələbəyə yaxınlaşdıq. Nəhayət,  8 noyabrda Şuşanı işğaldan azad etməklə düşmən ordusunu tamamilə məhv  və masa arxasında  danışıqlardan imtina edən Paşinyanı  naməlum şəraitdə üçtərəfli Bəyanatı imzalamağa  məcbur etdik.

- Tarixi Qələbəmiz ölkəmizin həyatında yeni mərhələnin- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin əsasını qoydu. Görülən işlərin miqyası hər birimizin səbirsizliklə gözlədiyimiz Böyük Qayıdış barədə hansı təsəvvürü yaradır?

- Əslində Böyük Qayıdışımızın təməllərini 2016-cı ilin aprel döyüşlərində Lələtəpəni azad edib Cocuq Mərcanlıya həyat qaytarmaqla başlamışıq. İndi isə bütün torpaqlarımızı işğaldan azad etməklə Böyük Qayıdışı davam etdiririk. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir, şəhər və kəndlərin baş planları təsdiqlənir və yeni-yeni layijhələrin təməllləri qoyulur. Artıq Ağalı kəndlərinin  “ağıllı kənd” konsepsiyası əsasında  tikintisi davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastruktur və kommunikasiyalar müasir şəkildə bərpa olunaraq yenidən qurulur. Şuşa mədəniyyət paytaxtı elan olundu, özündə müasirliyi və qədimliyi əks etdirməklə şəhər yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanı 8 ay ərzində  ərsəyə gəldi və oktyabrın 26-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılışı oldu.  Zəngilan və Laçın hava limanlarının tikintisi davam etdirilir. Qısa olaraq qeyd etmək olar ki, düşmənimizin 30 ildə dağıtdığı və taladığı ərazilərimiz indi tikinti meydançasına çevrilmişdir. Düşünürəm ki, qısa bir zamanda müəyyən tikinti layihələri yekunlaşdırılmaqla bu ərazilərə də keçmiş qaçqınlarımızı mərhələli şəkildə qaytara biləcəyik. Ümumiyyətlə,  30 il erməni vandallığına məruz qalan torpaqlarımız  işğaldan azad olunaraq  Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa bir zamanda cənnətə çevriləcəkdir.

- Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri tarixi hadisə olmaqla işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla yadda qalır...

- Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri qarşı tərəflərə verdiyi mesajları ilə tarixə düşür. Bu səfərlər  qalib Prezidentin öz doğma torpaqlarına səfəridir. Bu, həm də müharibənin başa çatdığının göstəricisidir. Cənab Prezident hər səfəri çərçivəsində üçtərəfli Bəyanatın icrasının və Zəngəzur dəhlizinin alternativinin olmadığını, regiona davamlı sülhün gəlişinin vacibliyini ifadə edir. Bu,  həm də Azərbaycanın Qafqaz regionunun gələcəyinə olan baxışlarının ifadəsidir. Dövlət başçısı İlham Əliyev  hər səfəri çərçivəsində “Dəmir yumruğ”un gücünü xatırladır və düşmən  bizi  müharibəyə  vadar edərsə yenidən işə düşəcəyini bildirir. Əlbəttə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə  qalib və qüdrətli ölkəyə çevrildi. Zaman onu göstərdi  ki, ölkə  Prezidentinin  ifadə etdiyi hər bir söz real həyatda öz əksini tapır. Məhz işğaldan azad olunmuş torpaqlara səfərləri çərçivəsində  Prezidentin səsləndirdiyi mesajlar öz ünvanlarına daha tez çatır və düşmənlərimizi düşünməyə vadar edir.

- Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında hansı perspektivlər açılacaq?   

- Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bütövdür, ərazi bütövlüyü təmin edilib,  alnıaçıq və başı ucadır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən bərpa olunur, investisiyalar yatırılır, iqtisadi potensialı dirçəldilir. Yaxın gələcəkdə isə bu iqtisadi rayonlar öz sakinlərinə yenidən qovuşmaqla Azərbaycana yeni güc verəcəkdir. Təbii ki, bu rayonların böyük iqtisadi pöotensialı var. Bu iqtisadi potensialdan düzgün istifadə etməklə ölkəmizin iqtisadi imkanlarını  və gücünü artıracağıq.  İqtisadi cəhətdən güclü və asılı olmayan ölkələr müstəqil siyasət yürüdə bilirlər. Azərbaycan  müstəqil ölkədir.  Qarabağ və Şərqi Zəngəzura yenidən həyat və  ruh qaytarılmaqla Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi daha da möhkəmlənəcək.