MÜSAHİBƏLƏR
Prezident İlham Əliyev ötən 18 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir
- Sevinc xanım, cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsi xalqımızın ulu öndər Heydər Əliyevin siyasi kursuna alternativ görmədiyini bir daha təsdiq etdi. Ötən dövr ərzində Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər və nəhayət, tarixi Zəfərimiz müdrük xalqımızın doğru qərar qəbul etdiyini bir daha təsdiq etdi...
- Bu gün müstəqilliyinin bərpasının 30 illiyini yaşayan Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Heç şübhəsiz ki, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır. Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev ötən 18 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Yəni Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Və gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Məlumdur ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Bu islahatlar ölkənin inkişafında vacib rol oynayırdı. Amma islahatlar nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdi. Həyat sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı islahatlar qarşıya qoyulan hədəfə çatdı və 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi.
Beləliklə, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub.
- Yeni Azərbaycan Partiyasının tarixi VII Qurultayı qəbul etdiyi qərarları ilə partiyanın həyatında islahatlar dövrünün, yeni və möhtəşəm mərhələnin əsasını qoydu...
- Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Pandemiya şəraitində dövlət başçsı tərfindən həyata keçirilən çox geniş sosial layihələr də bu reallığı təsdiqləyir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Məlumdur ki, 2018-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. İslahatlar siyasi sferanı da əhatə edir. Bu istiqamətdə uğurlu islahatların nəticəsidir ki, Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan edib. Həmçinin müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının öz aralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. Həqiqətən də, Azərbaycanda siyasi münasibətlərin inkişafı, siyasi partiyalar arasında sağlam dialoq mühiti bu gün yüksək səviyyədədir.
Siyasi konfiqurasiyanın yeni modeli özünü təsdiq edib. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Belə ki, partiyalar birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək nümayiş etdirdi. Müharibənin davam etdiyi günlərdə və ondan sonra da bu tipli birgə bəyanatların şahidi olduq.
Ölkəmizdə siyasi münasibətlərin inkişafından söz düşərkən, burada hakim Yeni Azərbaycan Partiyasının rolu xüsusi vurğulanmalıdır. YAP fəaliyyət göstərdiyi dövr ərzində hər zaamn ölkədə siyasi qüvvələrin sağlam əlaqələrinin qurulması, ümummilli məsələlərdə vahid mövqedən çıxış edilməsinin təşəbbüskarı olmuşdur. Bütövlükdə, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük inkişaf yolu keçib. YAP ölkəmizdə çox ağır və mürəkkəb siyasi proseslər zamanı tarixi zərurətdən yaranmış bir partiya olaraq qısa zamanda xalq arasında böyük nüfuz qazanıb çünki hər zaman öz fəaliyyətində ümummilli maraqları öndə tutmuşdur.
Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratması Yeni Azərbaycan Partiyasının həyatında da öz sözünü dedi. 2020-ci il martın 5-də partiyanın növbədənkənar VII qurultayının keçirilməsi də məhz yeni reallıqlar ilə bağlı idi. Qurultay nəticəsində Yeni Azərbaycan Partiyasında bir sıra yeniliklər baş verdi. Yeniliklərdən biri o oldu ki, partiya daha mobil, daha fəal ictimai-siyasi həyata hazır olmalıdır və buna görə də partiyanın strukturunda müəyyən dəyişikliklər oldu, yeni nizamnaməsi qəbul edildi. Hazırda qarşıda duran əsas vəzifələrdən biri dövrə uyğun olaraq partiyanın yeni proqramının hazırlanmasıdır və bu istiqamətdə işlər davam edir. Eyni zamanda, qurultayda cənab Prezident ölkəmizin qarşısında duran hədəflər barədə fikirlər səsləndirdi, vəzifələr müəyyən etdi. Konseptual baxımdan Azərbaycanın gələcək inkişafı ilə bağlı dərin əsaslandırılmış proqramların olması bu hədəflərlə bağlı aydın baxışın olmasını göstərir.
Altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da ölkədə aparılan siyasi islahatların və Vətən müharibəsində əldə olunan şanlı qələbənin nəticəsidir. Yeni Azərbaycan Partiyası xalqın arzularını, maraqlarını, məqsədlərini həyata keçirən bir partiya olaraq ümumilli, ümumxalq partiyası olaraq ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib və bu cür tendensiya eyni zamanda iqtidara qarşı olan müsbət rəyin artmasından xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi zamanı hər zaman söylədiyi “biz birlikdə güclüyük” fikri artıq dövlət siyasətinin demək olar ki, əsas fəlsəfəsinə çevrilib və bu partiyaların YAP-a qoşulmaları onu göstərir ki, ölkəmizdə dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyası baş verir və altı siyasi partiyanın da YAP-a qoşulması bu inteqrasiyanın göstəricisidir.
Ümumiyyətlə, Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da böyük nailiyyətlərə imza atacaq. 2003-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin xalqımıza xitabən “Mən İlham Əliyevə özüm qədər inanıram”, “Mənim axıra çatdıra bilmədiyim işləri sizin dəstəyinizlə İlham Əliyev həyata keçirəcək” fikirlərinə Azərbaycan vətəndaşları sadiq qalaraq son 18 ildə dövlətimizin başçısının siyasətini birmənalı olaraq dəstəkləmişdir. Həyat sübut etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını ardıcıllıqla həyata keçirir. Prezident İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısının “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” fikrini qürurla səsləndirməsinə hər birimiz şahid olmuşuq.
Beləliklə, Azərbaycanın qarşısında yeni-yeni üfüqlər açılıb. İşğaldan azad olunmuş ərazilərimizin, doğma Qarabağın bərpası fonunda cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha xoşbəxt, daha firəvan gələcəyə doğru inamla irəliləyir.