MÜSAHİBƏLƏR
Azərbaycanda uşaqların savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılıb
- Bahar xanım, uşaq hüquqlarının qorunması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Bildiyiniz kimi uşaqların sağlamlığının qorunması, keyfiyyətli təhsil alması, onların sağlam ailə mühitində böyüyüb tərbiyə olunması, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılır, savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan hələ 1992-ci ildə çətinliklərlə çarpışdığı bir dönəmdə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nı ratifikasiya etmişdir ki, bu Konvensiya dövlətimizin qəbul etdiyi ən əhəmiyyətli beynəlxalq sənədlər siyahısındadır. Bu Konvensiyanı ratifikasiya etməklə, dövlətimiz bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu sübut etmişdir.
Ulu öndər Heydər Əliyevin uşaqlara sevgi və qayğı dolu münasibət göstərdiyi, həssas yanaşdığı hər kəsə bəlli idi. Təsadüfi deyil ki, uşaq hüquqları ilə bağlı yaranan məsələləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə Ulu öndər tərəfindən 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlarla bağlı dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir.
Eyni zamanda Azərbaycan BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya”nın iki əlavə protokoluna, eləcə də “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına (Lanzarotte Konvensiyası) və digər Konvensiyalara da qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş sənədlərə əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmış və aparılmaqdadır.
Hazırda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Mən xüsusilə keçən il bu sahədə həyata keçirilən tədbirlər barədə danışmaq istərdim. Əminliklə deyə bilərik ki, 2020-ci il Dövlət Komitəsi üçün çox məhsuldar bir il kimi qiymətləndirilə bilər. Belə ki, keçən il Dövlət Komitəsi tərəfindən “2018-2030-cu illər üçün Azərbaycan Respublikasının “Milli Uşaq Strategiyası” layihəsi, Milli Fəaliyyət Planı tərtib edilmiş və iyunun 2-də Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq edilmişdir. Eyni zamanda tərəfimizdən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun da eyni ildə qüvvəyə mindi. Bundan əlavə “Uşaq Məcəlləsi” layihəsi hazırlanmışdır ki, hazırda sənəd aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri kimi BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü, Kapital Bankın dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramını (“Kidsafe”) qeyd etmək olar. Proqram təminatı uşaqların internet məkanda müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir.
Bundan əlavə, Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi icmada risk qrupuna aid olan ailələrə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər.
- Bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Hazırda bununla bağlı Komitə tərəfindən hansı tədbirlər keçirilir?
- Bu gün uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması aktual məsələlərdəndir. Qeyd etmək istərdim ki, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər yalnız bu günlə məhdudlaşmır. Dövlət Komitəsi il ərzində bu istiqamətində müxtəlif layihələr reallaşdırır. Bunlara Uşaq Forumları və Uşaq Səfirlər Məclisinin adını xüsusi vurğulamaq istərdim. Komitənin layihəsi kimi yaradılan Uşaq Səfirlər Məclisi uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması üçün stimul olmuşdur. Komitə tərəfindən mütəmadi olaraq uşaq səfirlərin Azərbaycanın tanınmış ziyalıları, elm adamları, ictimai həyatın müxtəlif sahələrində uğur qazanmış tanınmış simaları ilə görüşləri təşkil edilir, müxtəlif konfranslarda müzakirələrə qatılaraq sərbəst şəkildə fikirlərini söyləmələrinə şərait yaradılır. Səfir uşaqlar çox fəallıq nümayiş etdirir, hər hansı tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edir, təşkilatçılıq prosesində yaxından iştirak edirlər ki, bu da özlüyündə uşaqlara şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsində, təcrübə toplamalarında üstünlüklər qazandırır.
Bundan əlavə bu istiqamətdə 2009, 2011, 2014 və 2017-ci illərdə Dövlət Komitəsi ilə UNİCEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Ümumrespublika Uşaq Forumları keçirilib. Qeyd etməliyəm ki, cari ilin noyabr ayında Dövlət Komitəsinin UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun keçirilməsi planlaşdırılır və bu gün, yəni iyunun 1-i Forumun işinə start vermək məqsədilə “Mənim səsim-mənim hüquqlarım” adlı tədbir keçirilir. Dəyirmi masada respublikanın hər rayonunu təmsil edən, il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar karantin rejiminin qaydalarına uyğun olaraq bir qismi onlayn və bir qismi də əyani formatda iştirak edəcək, müxtəlif mövzularda məruzələri, təqdimatları olacaqdır.
- Bahar xanım, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulan vətəndaşlar, xüsusilə uşaqlarla bağlı fikirlərinizi bölüşməyinizi istərdik
- İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqlı mübarizədə döyüş meydanında qəhrəman Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan hərbi siyasi rəhbərliyi hərbi təxribatlara əl atdı, dinc Azərbaycan əhalisini hədəfə alaraq onların sıx məskunlaşdığı əraziləri qadağan olunmuş silahlarla atəşə tutdu.
Ermənistan tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir, Xızı, Abşeron, Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına edilən hücumlar zamanı mülki əhaliyə qarşı terror aktları törədilmişdir ki, bu da insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Terror hadisələri zamanı 12 uşaq, 27 qadın olmaqla 100 nəfər mülki vətəndaş həlak olmuş, 50 uşaq və 101 qadın olmaqla 416 nəfər yaralanmışdır. Terror nəticəsində bütün bir ailənin məhv edilməsi, eyni zamanda bu hadisələr nəticəsində uşaqların hər iki valideynini itirməsi ermənilər tərəfindən tarixən törədilən qətliamların və insanlığa sığmayan antihumanist əməllərin bu gün də davam etdirilməsinin təzahürüdür. İnsanlar yatarkən gecə vaxtı baş verən mərmi və raket partlayışları, artilleriya atəşləri dinc əhalidə, xüsusilə də dünyanı hələ yeni-yeni dərk etməyə başlayan uşaqlarda psixoloji narahatlıqların yaşanmasına səbəb olmuşdur.
Bütün bu cinayətləri törətməklə yanaşı Ermənistan tərəfi həm də uşaqları Ermənistan ordusuna cəlb etməklə də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair” Fakültativ Protokolunun, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının, BMT-nin "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının müddəalarını kobud şəkildə pozaraq beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını bir daha nümayiş etdirmişdir.
Bu proseslərin baş verdiyi bir zamanda Ermənistanın terror cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlər, eyni zamanda Dövlət Komitəsinin qadın və uşaqların müharibədə hədəf seçilməsinin qəbuledilməz olduğunu vurğulayan bir sıra bəyanatları yayıldı, o cümlədən, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransları keçirildi Təəssüflər olsun ki, bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirdilər.
Beynəlxalq aləmin erməni terrorizminə göz yumması, uşaq və qadınların qətlinə biganə qalması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə insan hüquq və azadlıqlarına qarşı ən böyük hörmətsizlikdir. Bütün bu yaşananlara baxmayaraq, insanların dünyada haqq-ədalətin bərqərar olacağına inamını itirdiyi bir vaxtda Azərbaycan öz gücü hesabına qələbə çaldı və tarixi ədaləti bərpa etdiyini dünyaya nümayiş etdirdi. Biz bu 44 gündə xalqın hər bir nümayəndəsinin “Qarabağ Azərbaycandır!” şüarı altında müqəddəs savaşa qalxan igid Azərbaycan oğullarından ibarət Ordumuza, onun Ali Baş Komandanına dəstək verdiyinə şahid olduq və tariximizin ən parlaq səhifəsini yazdıq.
Bu gün ölkədə gedən nəhəng quruculuq işlərinin davamında ölkəmizdə çiçəklənmə, inkişaf və sülh dolu günlərin yaşanacağı, işğaldan azad olunan hər bir qarış torpağımızda xoşbəxt Azərbaycan ailələrinin yaşayacağı, evlərdən xoşbəxt uşaq sədalarının, gülüşlərinin gələcəyi, günahsız insanların, qadın, uşaq, qoca demədən qanına qəltan edildiyi uçurulmuş şəhərlərimizdə əmin-amanlığın bərqərar olacağı günlər uzaq deyil. Bu gün hər birimizin yalnız bir qayəsi, istəyi var: sülh və əmin-amanlıq mühitində bütün uşaqların, o cümlədən xalqımızın hər bir fərdinin xoşbəxt, sağlam və bərabər imkanlar daxilində yaşaması.