YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanda dəmir yolunun inkişafında yeni mərhələnin əsasını qoymuşdur

Müsahibimiz «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov

- Arif müəllim, Azərbaycan dinamik inkişaf baxımından dünyanın ən öndə gedən dövlətləri sırasındadır. Ölkəmizin ümumi inkişafı tendensiyası çərçivəsində tərəqqi edən sahələrdən biri də dəmir yolu sektorudur. Azərbaycanda bu sahənin inkişafının təməlini yaradan əsas amillər nədən ibarətdir? 

- Müstəqil Azərbaycanın indi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi, beynəlxalq və regional layihələrdə  aktiv iştirak etməsi Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, Ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olmuşdur. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda Onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həm birinci dövr, həm də ikinci dövrü Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi səyləri sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodu tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər, bilavasitə, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-87-ci illər ərzində, ölkə dəmir yolunun müasir, xaricdə istehsal olunan texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilməsinə səy göstərmişdir. O illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da Ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.  Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ümummilli liderin  zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir. 

- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bu gün davamı haqqında nə deyə bilərsiniz? Hazırda dövlət səviyyəsində dəmir yolu sektorunun inkişafına göstərilən diqqət və onun nəticələri haqqında fikirlərinizi bilmək istərdik... 

- Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.  
“Azərbaycan Dəmir Yolları”” QSC müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə,  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Hazırda ümumi uzunluğu 4,4 km olan və Gürcüstanla Türkiyə Respublikasını birləşdirəcək tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi başa çatdırılmışdır. Gürcüstan ərazisində tunelin uzunluğu 2070 metrdir. Tunelin Gürcüstan ərazisində olan hissəsinin tikintisi davam edir. Qeyd edək ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir, 2015-ci ildən isə dəmir yolunun tam istismara verilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir yolu nəqliyyatında həyata keçirilən islahatlarla və yenidənqurma işlərinə şəxsən nəzarət edir, onlarla yerində tanış olmaq imkanı da tapır. 13 aprel 20014-cü ildə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:  “Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq göstərişlər verilibdir. Əlbəttə ki, dəmir yolumuzun inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir”.”
Dövlətimizin başçısı daim yenidənqurma işləri ilə maraqlanır, bir sıra açılışlarda şəxsən iştirak edir. Belə ki, Prezident İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə, 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuş, 2014-cü il mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının, 18 oktyabr  2014-cü ildə  Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak etmişdir.
Son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq stansdartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu ildə  «Azərbaycan Dəmir Yolları» QSC-nin yaradılması haqqında» Sərəncam imzalaması, əslində, yeni bir mərhələnin başlanğıcı idi.   15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən  «Azərbaycan Dəmir Yolları» QSC-nin Nizamnaməsi və strukturu təsdiq olundu və bu sahənin inkişafı istiqamətində işlər sürətləndi. Bununla da, gələcəkdə Azərbaycanın  dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.

- "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrasının səviyyəsi necədir? Proqramın həyata keçirilməsi  nəticəsində hansı yeniliklər əldə olunmuşdur?

- Görülən işlərin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir. 
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”” çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən Azərbaycan “Dəmir yolu nəqliyyatı haqqında” Qanun layihəsinə Ədliyyə Nazirliyinin rəy və təklifləri nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenidən baxılmış və Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.
Qeyd edək ki, görülən işlər çərçivəsində 5 vaqondan ibarət olan ekspress” qatarının vaqonları bağlanmış müqaviləyə əsasən 2009-cu ilin fevralında əsaslı-bərpa təmiri üçün Slovakiya Respublikasının "Sazvrudki" zavoduna göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilmişdir. Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti saatda 160 km olmaqla 2039-cu ilə qədər nəzərdə tutulmuşdur. 
Ümumiyyətlə, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə  bir sıra tədbirlər həyata keçirilir. İstifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonu, eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqon  təmir olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov,  Bakı-Ağstafa-Qazax və Bakı-Balakən  istiqamətlərində xəttə buraxılmışdır.
Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunmuş və  800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir. Əsaslı təmir işləri davam edir. 
Dövlət Proqramının icrası ilə bağlı layihələrin həyata keçirilməsində, Texniki İqtisadi Əsaslandırmaların və texniki sənədlərin işlənməsində, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın hazırlanması barədə Sərəncamının icrası olaraq Dəmir yolunun 2020-ci ilədək İnkişaf Konsepsiyasının hazırlanmasında “Əsaslı Tikinti və Texniki Nəzarət”” MMC tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.
Onu da qeyd edim ki, Dövlət Proqramında nəzərdə tutulan işlərin həyata keçməsi nəticəsində qatarların hərəkətnin  təhlükəsizliyi təmin ediləcək və   hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır.

- Arif müəllim, beynəlxalq maliyyə qurumları ilə müəyyən layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq edilir. Bu baxımdan, Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi haqqında nə deyə bilərsiniz? 

- «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində Maliyyə Nazirliyi və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsinin bir hissəsini maliyyələşdirmək məqsədilə kredit sazişi imzalanmışdır. Layihənin əsas məqsədi Bakı-Böyük Kəsik dəhlizi boyu Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək və «ADY» QSC-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat-iqtisadi effektivliyini və potensialını gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində, Dövlət Proqramına uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi uzun müddətdir ki, müzakirə olunurdu. Bu məqsədlə 2010-cu ilin may ayında mətbuatda tender elanı  verilmişdir.
Enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunmuş və ATEF şirkətlər Qrupu (Podratçı) ilə Dəmir Yolları” QSC arasında 03.08.2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-21CB nömrəli müqavilə imzalanmışdır.
Bu müqavilənin icra qrafikinə əsasən, podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə, Dəmir Yolları” QSC ilə razılaşdıraraq start vermişdir. Eyni zamanda, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər özünün yeni mərhələsinə qədəm qoyub. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması  da gündəmdədir. 
Dünya Bankının layihəsi çərçivəsində dəyişən cərəyanla işləyən 50 ədəd yeni yük lokomotivlərinin alınması üzrə işlər  müvafiq prosedurlara uyğun olaraq davam etdirilir.
Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmişdir.  

- Dəmir yolu nəqliyyatı işçilərinin sosial müdafiəsi istiqamətində hansı tədbirlər  həyata keçirilir? 

- Azərbaycanın nəqliyyat sisteminin əsas tərkib hissələrindən sayılan dəmir yolu nəqliyyatında həyata keçirilən yeniləşmə və islahatların aparılmasında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rolu əvəzsizdir. Dəmiryolçuların hüquqlarının qorunmasında, onların sosial qayğılarının həllində, sağlam iş və istirahət şəraitinin yaradılmasında və əməyin mühafizəsinin təşkilində MHİRK fədakarlıq göstərir. “Azərbaycan Dəmir Yolları”” QSC ilə DMHİRK arasında imzalanmış 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə sahə “Saziş”i də bu məqsədə xidmət edir. Bu “Saziş”in yerinə yetirilməsi həm Cəmiyyət rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarətdə saxlanılır.
Dəmiryolçuların fədakar əməklərinə yüksək qiymət vermək məqsədilə 1997-ci ildən başlayaraq Müstəqil HİRK-nın Rəyasət Heyəti “Firidun Ağayev” adına mükafat təsis etmiş, “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi”, “İlin ən yaxşı müəssisəsi” fəxri adların verilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan dəmiryolçularının sosial problemlərinin həlli və maddi rifahlarının yaxşılaşdırılması Nəqliyyat Nazirliyinin, “ADY” QSC-nin rəhbərliyi və MHİRK-ın daim diqqət mərkəzindədir. Nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təşəbbüsü ilə Nabranın Seyidbəyli kəndində “Lokomotiv” İstirahət Mərkəzi tikilib dəmiryolçuların istifadəsinə verilib. Son illər bu sahədə aparılan genişmiqyaslı islahatlar son nəticədə dəmir yolunun fəaliyyətinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına, gəlirlərin artırılmasına, əməkçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmışdır. Dəmiryolçuların məhsuldar və şərəfli əməyinin nəticəsi və Dövlət Proqramına müvafiq qaydada yeniləşmə prosesi polad magistralımızın parlaq gələcəyindən xəbər verir. 
Mən bir daha qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”” dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.