MÜSAHİBƏLƏR
Regionda və dünyada cərəyan edən proseslər türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir
- Müşfiq müəllim, bir neçə gün öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Ümumiyyətlə, türkdilli dövlətlər arasında birliyin daha da gücləndirilməsini zəruri edən amillər nədən ibarətdir?
- Dövlətimiz bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onları vahid məqsəd və ideyalar ətrafında birləşdirmək əzmi nümayiş etdirir. Cənab Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətimizdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, milli dəyərlərinə, mental xüsusiyyətlərinə güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.
Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olaraq, dünyanın qarşısına daha üstün sivilizasiya ilə çıxmaq zərurətini əsas məqsəd hesab edir. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Regionda və dünyada cərəyan edən bütün siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Ölkə başçısı İlham Əliyev türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda türk dilli dövlətlərin mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atıb. Düşünürəm ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, türk dünyasına düşmənçilik nümayiş etdirən erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparması əsas məsələlərdəndir. Türkdilli dövlətlər arasında münasibətlər yüksələn xətlə inkişaf edərək regionda bütün əhəmiyyətli sahələrdə Azərbaycanın və türk dünyasının nailiyyətlərinin daha da artmasına şərait yaradacaq. İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, türk dünyasının birliyi vacibdir. Müharibə zamanı Türkiyənin haqlı mövqeyimizə olan qətiyyətli dəstəyi bütün türkdilli ölkələrə nümunə olmalıdır. Düşünürəm ki, bütün türk dünyası bir-birinə bu münasibəti göstərməlidir.
- Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır...
- 2021-ci il qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il ölkəmizin tarixinə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaq. İnanıram ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.
Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin əsas istiqaməti məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.
İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev çıxışlarında böyük quruculuq işləri ilə bağlı fikirlərini bildirib. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolları ilə bağlı konkret planlar var. Artıq ilin başlanğıcından cənab Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərlər edərək orada gedən quruculuq işləri ilə yaxından tanış olub və bir sıra müəssisələrin təməlinin qoyulmasında iştirak ediblər. Bütün bu faktlar işğaldan azad edilən dədə-baba torpaqlarımızda tez bir zamanda irimiqyaslı quruculuq işlərinin aparılması sayəsində insanların oz doğma yurd-yuvalarına qayıdacaqlarını və həmin rayonların dirçəldilməsində yaxından iştirak edəcəklərini aydın şəkildə göstərir.
- Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm aktları törədib. Eyni zamanda, tarixi, mədəni və dini abidələrimiz dağıdılıb. Bu barədə nə deyə bilərsiniz?
- Ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silməklə xalqımızın tarixini məhv etmək istəyirlər. Bunun üçün maddi və mənəvi abidələrimizi dağıtmağa can atırlar. Həyata keçirdikləri “mədəniyyət soyqırımı” da Azərbaycan xalqının tarixi yaddaşını oğurlamaq arzusudur. Bu abidələr, təkcə yaddaş obyektləri deyil, həmçinin maddi və mənəvi abidələr tarixi və mədəni yaddaşın canlı laboratoriyasıdır. Ümumiyyətlə, mədəni irsin məhv edilməsi bəşəriyyətə qarşı yönələn qəsddir və Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vandallıq heç bir insanlığa sığmır.
Müharibənin öz qanunları var. Bütün beynəlxalq sənədlər mədəni irs obyektlərinin, tarix və arxeologiya abidələrinin müharibə hədəfi kimi istifadə olunmasına qarşıdır. Ancaq erməni barbarları heç bir qaydaya məhəl qoymurlar. Halbuki, beynəlxalq humanitar hüquq silahlı münaqişədə tərəfləri mədəniyyət abidələrini qorumağa və onlara hörmət etməyə məcbur olduğunu bildirir.
Müharibə qanunlarına əsasən, münaqişə iştirakçılarına mədəni irs obyektlərinə hücum etmək və onlardan hərbi məqsədlər üçün yararlanmaq qadağandır. Lakin ermənilər uzun illər işğal altında olan torpaqlarımızda abidələri hərbi obyekt kimi istifadə ediblər. Bundan başqa, münaqişə tərəfləri maddi və mənəvi abidələrin oğurlanmasının və ya talan edilməsinin qarşısını almalıdırlar. Ancaq ermənilər bütün beynəlxalq qanunları heçə sayaraq Azərbaycanın işğal olunmuş torpaqlarında mədəniyyət dəyərlərimizə qarşı vəhşilik edib və İrəvana daşıyıblar. Azərbaycan erməni vandallığı haqqında hazırlanan sanballı elmi araşdırmaları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Mənfur qonşularımız hazırda yaşadıqları türk-müsəlman torpaqlarında da Azərbaycanın mədəniyyət izlərini yox etməyə çalışırlar. Təkcə İrəvan xanlığının mirasının məhv edilməsini qeyd etmək yetər. Ermənistan ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində türk-İslam dünyasına məxsus dəyərli nümunələr aşkarlandığı dünya tədqiqatçıları tərəfindən dəfələrlə qeyd olunub. Avropadan və Rusiyadan gələn bir çox tədqiqatçıların əsərlərində Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hamamları türk-müsəlman abidələri kimi təsvir ediblər.
XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesi başlanıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidə tədricən erməni vandalları tərəfindən dağıdılıb. Lakin mövcud olan mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərindən də görünür ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, onları öz adlarına çıxmağa cəhd etsələr də, tarixin yaddaşından onları silmək mümkün deyildir. Erməni vandalları bu sahədə istəklərinə nail ola bilmədilər. Biz öz torpaqlarımızı azad etdik və bütün tarixi abidələrin qədimliyini qoruyaraq bərpa edirik. O torpaqların əsl sahiblərinə aid olduğunu bütün dünya da gördü.