YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi təşkilatıdır

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev

- Tahir müəllim, bildiyimiz kimi martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Bu gün partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümumiyyətlə, YAP-ın  keçdiyi yol haqqında fikirlərinizi bilmək istərdik...

- Bu gün Yeni Azərbaycan Partiyasının regionun ən güclü siyasi təşkilatı olduğu və ölkənin həyatında mühüm rol oynadığı bir vaxta keçmişə dönüb onun yarandığı dövrə nəzər salmamaq mümkün deyildir. Mən də o günləri yaxşı xatırlayıram və bilavasitə həmin hadisələrin içərisində olmuşam. AXC - Müsvat cütlüyünün yaratdığı anarxiya, xaos insanları cana gətirmişdi. Ərzaq çatışmırdı, çörək tapılmırdı, işıq yanmırdı, su gəlmirdi. Erməni təcavüzü güclənmişdi. Regionlarda isə qiyam baş alıb gedirdi. Cəbhəçilər hakimiyyət orqanlarını iflic etmişdilər. Onlar təhsilindən, təşkilatçılığından, hörmət və mədəniyyətdən asılı olmayaraq, istədikləri adamı rayonlara rəhbər təyin edir, onlara tabe olmayanları aşağılayir, hətta qətlə yetirirdirlər. Montyorlar, mağaza müdirləri, alverçilər bir andaca böyük bir rayonun rəhbərinə çevrilir, əhalini səfərbər etmək, erməni təcavüzünün qarşısını almaq əvəzinə soyğunçuluqla məşğul olurdular. Əli Kərimlinin, Arif Hacılının, Rəhim Qazıyevin, Pənah Hüseynovun və digərlərinin etimad göstərdikləri bu kadrlar beş nəfəri idarə etmək, daşı daş üstünə qoymaq, bir nəfərin dərdinə qalmaq qabiliyyətinə malik olmasalar da, vəzifəyə gəldikdən sonra özlərini hamıdan savadlı, çox bilən, bacarıqlı hesab edir və ziyalı insanları hörmətdən salır, səsini çıxardanın dilini “kəsirdilər”.

Ölkənin hər yerində - xüsusilə Qarabağ regionlarında bu hadisələr daha ciddi xarakter almışdı. Xankəndində torpaqlarımızı işğal etmək üçün planlar hazırlandığı, tədbirlər keçirildiyi bir vaxtda Ağdamda, Bərdədə, Ağcabədidə, Tərtərdə, Goranboyda, Yevlaxda və digər ətraf rayonlarda cəbhəçilər vəzifəyə gəlmək, kimisə işdən çıxarmaq, pullu yerlərə sahib olmaq uğrunda mübarizə aparırdılar. Vəzifəyə isə küçədə daha çox çığıranlar, adamları təhqir edənlər, soyğunçular, hətta ölülərin qızıl dişlərini çıxaran cinayətkar adamlar belə gətirilirdi. O vaxtlar ziyalı, vətənin və xalqın gələcək taleyini düşünən insanlar təqiblərə, təhqirlərə məruz qalsalar da ümidlərini üzmürdülər, inamlarını itirmirdilər, üzlərini Naxçıvana – Ulu Öndər Heydər Əliyevə tuturdular, ondan kömək gözləyirdilər. Prezident seçkilərinə getmək üçün yaş senzini götürmək, Heydər Əliyevin parlamentin iclaslarında fəal iştirakını təmin etmək üçün imzalar toplanılır, müdafiə komitələri yaradılır, Ulu Öndərə müraciətlər ünvanlanırdı.

Düzdür, o zamanlar cəbhəçilər bunun qarşısını almağa çalışsalar da, hər bir vasitəyə, zorakılığa əl atsalar da, ancaq istədiklərinə nail ola bilmirdilər. Ulu Öndər Heydər Əliyevə olan sonsuz məhəbbət bütün çətinliklərə qalib gəlir, ziyalı insanlar ölümdən belə çəkinməyərək Heydər Əliyevi müdafiə etmək uğrunda qətiyyətlə mübarizə aparırdılar. Yaxşı yadımdadır, o vaxtlar Bərdənin hörmətli ziyalılarından olan Azay Abdıyev Ağcabədiyə tez - tez gəlirdi. Biz  kəndlərə gedir yaş senzinin götürülməsi ilə əlaqədar deputatlardan, ziyalılardan imza alırdıq. Bir gün geri qayıdanda xəbər verdilər ki, cəbhəçilər Hindarx kəndində yolu kəsib bizi gözləyirlər. Başqa yolla gəlməli olduq. Ancaq çox keçmədi ki, özlərini demokrat adlandıran cəbhəçilərin qoçu dəstələri tərəfindən Azay müəllim avtomatdan açılan atəş nəticəsində qıçından ağır yaralandı. Bax, bu idi xalq cəbhəsinin demokratiyası. Ağcabədi sakinləri bu demokratiyanın - Leyla Yunusun, Rəhim Qazıyevin rayonda törətdikləri hərəkətlərin acısını bu gün də unutmayıblar. O vaxtlar silahlı yolla rayon partiya komitəsinin binasını bir andaca zəbt edən cəbhəçilər sonralar neçə - neçə insanın qətlinə, təhqir olunmasına, təsərrüfatların dağıdılmasına, evlərin qarət edilməsinə, insanların şəxsiyyətlərinin alçaldılmasına imkan yaratdılar, səbəbkar oldular.

Belə bir vaxta xalqı öz ətrafına toplaya bilən partiyanın yaradılması, xalqın etimadını qazanan bir insanın hakimiyyətə gətirilməsi dövrün tələbi idi, olduqca zəruri idi. Çünki torpaqlar parçalanırdı, ölkə böhran içərisində idi, xalq əzilirdi. Xalq cəbhəsi hakimiyyəti ölkədə özbaşınalığın, xaosun genişlənməsini, qarşıdurmaların ciddi xarakter almasını şüurlu şəkildə həyata keçirirdi. Çünki onlar ölkəni idarə edə bilmir, torpaqları qorumaq, insanları müdafiə etmək iqtidarında deyildi. Öz bacarıqsızlıqlarını, savadsızlıqlarını pərdələmək üçün onlara münaqişə, qarşıdurma yaratmaq sərf edirdi. Digər tərəfdən torpaqlarımızın düşmənlərə təslim edilməsi üçün qarşıdurmalar əlverişli şərait yaradırdı və cəbhə hakimiyyəti qəstdən insanları qarşı - qarşıya qoyur, ölkəni parçalamaq üçün vətəndaş müharibəsinə zəmin yaradırdılar. Ölkə və xalq uçuruma gedirdi... YAP məhz belə çətin bir dövrdə yarandı. YAP - ın yaradılması xalqın Heydər Əliyevə olan sonsuz ehtiram və inamının ifadəsi idi. Çünki Ulu Öndərimiz Azərbaycanda çalışdığı, hakimiyyətdə olduğu bütün illərdə, Moskvada yüksək vəzifə daşıdığı dövrdə, həmişə xalqla birlikdə olmuş, vətənə sədaqəti, xidməti ilə insanların böyük məhəbbətini qazanmışdı. O bütün çətinliklərə sinə gərərək xalqının mənafeyi və gələcəyi naminə inamla mübarizə aparmış və öz gərgin, düşünülmüş fəaliyyəti, nəcib əməlləri ilə Azərbaycana şöhrət qazandırmışdı. Azərbaycan xalqı bu xidmətləri görmüşdü, öz həyatında, ölkənin taleyində hiss etmişdi və Heydər Əliyevi dəstəkləməkdə haqlı idi. Vəzifədə olanda da, olmayanda da xalq Heydər Əliyevə inanırdı, onu sevirdi. Əgər 1992 - ci ilin Prezident seçkilərində xalq cəbhəsi hakimiyyəti demokratiyaya zidd addım atıb yaş senzi tətbiq etməsəydi Heydər Əliyev xalqın əksər səsini qazanıb Azərbaycan Prezidenti seçiləcəydi. Bu şübhəsiz idi. Çünki xalq Ulu Öndəri tələb edirdi, onun tərəfində idi. Yaxşı xatırlayıram. Həmin seçkidə mən azad müşahidəçi kimi iştirak edirdim və bir neçə seçki məntəqəsində oldum. Səsvermədə iştirak edənlərin çoxu Heydər Əliyevə səs verdiklərini bildirirdilər. Onlar bülletenlərin arxasına “Heydər Əliyevə səs verirəm” yazıb qutulara atır və bununla ona öz ehtiramlarını ifadə edirdilər. Xalq öz seçimində yanılmırdı. Sonrakı hadisələr bunu sübut etdi. YAP yarandı və Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi.

- Bu gün ölkəmizdə güclü həmrəylik və birlik mövcuddur...

- Azərbaycanın bugünkü inkişafı, beynəlxalq aləmdə qazanılan mövqe, düşmən üzərində tarixi qələbəmiz, ölkədə yaranmış ictimai - siyasi sabitlik göstərir ki, xalqın seçimi uğurlu olmuşdur, yol düzgün seçilmiş, reallıqlar düzgün qiymətləndirilmişdir. Çünki Heydər Əliyev ideyalarına, əməllərinə arxalanan xalqın yolu aydın, ömrü xoşbəxt, gələcəyi uğurludur və daha da uğurlu olacaqdır. Biz bunu Ulu Öndərimizin etibar etdiyi, özü qədər inandığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında, Yeni Azərbaycan Partiyasının fəaliyyətində, xalqımızın birlik və həmrəyliyində aydın görürük. Heydər Əliyev ideyalarından qaynaqlanan YAP cənab İlham Əliyevin rəhbərliyi sayəsində yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, xalqın çox böyük hörmətini və dəstəyini qazanan güclü siyasi təşkilata çevrilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayı bunu bir daha nümayiş etdirdi və həqiqətən də xalqın partiyası olduğunu sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, YAP - ın sədri İlham Əliyev qurultayda partiyanın yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan danışarkən demişdir: “ Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970 - 1980 - ci illərin əvvələrində gördüyü işlər önəmli rol oynayırdı”.

- Radikal müxalifət Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstərir. Buna münasibətiniz necədir?

- Ölkə rəhbəri İlham Əliyev keçmişi xatırlatmaqla həmin çətin anları unutmamağı, gələcək nəsillərə çatdırmağı, dünəni və bu günü lazımınca qiymətləndirməyi, tarixdən ibrət dərsi götürməyi, vətəni, torpağı vəzifəyə satanlara, ölkəmizin imicinə qara yaxmağa çalışanlara, xaricdən maliyyələşib xalqımızın əleyhinə işləyənlərə qarşı barışmaz olmağı tövsiyyə edir. O, bir vaxtlar torpaqlarımızı ermənilərə satan, xalqın başına müsibətlər açan, fəlakətlər törədən və çətin gündə qaçıb gizlənən AXC - Musavat qalıqlarının bu gün xalqın adından danışmalarını qəbul etmir, onlara kəskin nifrətini və etirazını bildirirərək deyir: “O vaxt hakimiyyətdə olan AXC - Musavat cütlüyü ancaq öz mövqelərini güdürdü. Hakimiyyətə gəlmiş təsadüfü adamlar eynən Ermənistanda 2018 - ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”.

Bir çox hallarda AXC - Musavat cütlüyünün nümayəndələri onların az müddətli hakimiyyətlərinin bu qədər tənqid edilməsini şişirtmə, yalan adlandırmaqla özlərinə bəraət qazandırmaq istəyirlər. Onlar özlərinin hakimiyyət dövrünü Ə.Elçibəyin Prezident olduğu 07.07.1992 - 01.09.1993 dövrlə eyniləşdirirlər ki, bu da əlbəttə səhv yanaşmadır. Xalq cəbhəsi əslində 1988 - ci ildən başlayaraq bu günə kimi xalqa xəyanət mövqeyindədir. Ölkənin imicinə ziyan vurmaq, insanları çaşdırmaq, yalan, şantaj yolunu tutmuşlar. Onlar xalqımızın və ordumuzun düşmən üzərindəki tarixi qələbəsinə belə sevinmirlər, əksinə öz çıxışları, bəyanatları ilə ermənipərəst mövqe tutduqlarını bir daha sübut edirlər. Əli Kərimlinin son çıxışlarının birində səsləndirdiyi fikirlər onun düşmən obrazını bir daha ortaya qoyur. O deyir: “İşğaldan azad edilmiş ərazilərlə bağlı hakimiyyətin prioriteti əhalini məskunlaşdırmaq yox, o ərazilərdə də təsərrüfat yaradıb, pul qazanmaqdır”.

Əli Kərimli özü başa düşmək istəməsə də də xalq yaxşı bilir ki, 30 il işğal altında qalan torpaqları onlar ermənilərə satmışdılar və erməni qardaş - bacılarının o torpaqları əkib - becərmələri, talan etmələri bu bədxahları heç vaxt narahat etmirdi. Ancaq indi azərbaycanlıların həmin əraziləri abadlaşdırması, həmin torpaqlarda əkin aparması cəbhəçiləri narahat etməyə başlamışdır. Bax budur radikal müxalifətin iç üzü, onların vətən, torpaq sevgisi, demokratiyası, xalqa xidməti. Bu nadanların keçmişdə və indi törətdikləri hadisələr, kütləvi mitinqlərə çağırışlar, yalanlar, iftiralar sözsüz ki, unudula bilməz və unudulmamalıdır. Əlbəttə ki, yaşlı nəsildən fərqli olaraq gənclər 1990 - 1993 - cü illərin çətinliklərini, AXC - Musavat hakimiyyətinin özbaşınalıqlarını gözləri ilə görməmişlər və təəssüflər olsun ki, bəziləri bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi dönüklərin vədlərinə inanırlar. Prezident tarixi faktlara əsaslanaraq bildirir ki, o dövrdə hakimiyyətdə olanların çoxunun əli Azərbaycan xalqının qanına batmışdır. Torpaqların erməni təcavüzkarlarına verilməsində cəbhəçilər böyük rol oynamış, işğalı reallaşdırmaqla hakimiyyətə gəlmələrini təmin etmişlər. Ölkə rəhbəri onu da qeyd edir ki, “Biz 1990 - cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra da yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları bir kənara qoymalıyıq... Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzun müddətli, dayanıqlı inkişaf təmin edilsin”.

- Tahir müəllim, sizcə, YAP-ın VII qurultayında səslənən fikirlər, qəbul edilən qərarların gələcək perspektivlər baxımından əhəmiyyəti nədən ibarətdir?

- YAP - ın VII qurultayında səslənən fikirlər, təkliflər əlbəttə ki, ölkənin gələcək inkişafına, ictimai - siyasi sabitliyin təmin olunmasına, dövlətin qüdrətinin artırılmasına, müstəqilliyinin əbədi olmasına, vətəndaş həmrəyliyinə, siyasi dialoqun genişləndirilməsinə demokratiya və aşkarlığın təmin edilməsinə, xalqımıza və ölkəmizə qarşı radikal mövqeydə duranlara, uğurlarımıza kölgə salanlara, qara yaxanlara qarşı birgə mübarizə aparılmasına istiqamətləndirilmişdir.

Cənab İlham Əliyevin qurultaydakı geniş məzmunlu çıxışı nəinki ölkəmizin bu gününə və sabahına, eləcə də dünya ölkələrinin birliyinə, əməkdaşlığına, sülhün əmin - amanlığın təmin edilməsinə, bəşəriyyətin xoşbəxtliyinə hesablanıb və elmin, düşüncənin, insanlığın inkişafına xidmət edir. Çünki Azərbaycan xalqının başı müharibələrdən, hakimiyyətsizliklərdən, iddia və qarşıdurmalardan, yalançı, saxta vətənpərvərlikdən çox bəlalar çəkib. O, bəlaları xalqımız uzun müddət unutmayacaq və unuda bilməz. Ona görə ki, o bir xalqın faciəsinin, qara günlərinin tarixidir. Xalqımız yeni tarix yazıb yaradırsa, yeni reallıqlar dövrünə qədəm qoyursa keçmişi tez - tez xatırlamalı, həqiqətləri dərk etməli, dünənlə bu günü qarşılaşdırmalı, qiymətləndirməli və düzgün nəticə çıxarmalıdır. Məhz belə olan halda biz azad olunmuş torpaqlarımızı cənnətə çevirəcək, ölkəmizi daha da şöhrətləndirəcək və xalqımızın tarixinə yeni, unudulmaz səhifələr yaza biləcəyik.