YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümummilli lider Heydər Əliyev bütün ömrünü doğma xalqına həsr etdi

Müsahibimiz AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov

- Yaqub müəllim, dekabrın 12-i Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Ulu öndərlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik...

- Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və Qurtuluş mübarizəsinin qalibidir. Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib. Mən ilk olaraq, Ulu öndərimizin hakimiyyətinin birinci dövrü haqqında fikirlərimi bildirmək istəyirəm. Azərbaycan xalqının qurub yaratmaq dühası nəticəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblərdən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərirdi. Respublikanın inkişafı gedikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə təsir göstərməyə başladı. Azərbaycan hər cəhətdən ittifaqda geri qalırdı. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. 
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Azərbaycanın XX əsr tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğu hələ XX əsrin 50-ci illərindən başlayıb.
Faktlara diqqət yetirək. XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin  yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb  həyata keçirmiş DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə-hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başladı. Bu gün bütün azərbaycanlılar, xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin mart soyqırımından sonra 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin «qurucuları» cildinə girərək qırdılar. DTK-da və NKVD-də əsas mövqeləri ələ keçirərək Azərbaycan ziyalılarını, şəxsiyyətlərini məhv etdilər. Bu baxımdan Heydər Əliyevin DTK-nı azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil. Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhval ruhiyyəli Vətən övladlarını DTK-ya işə cəlb etməklə əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı. 

- Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsini respublikamızın həyatında dönüş nöqtəsi hesab etmək olarmı? 

- 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi ilə respublikanın tarixində böyük dönüş dövrünün əsası qoyuldu. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Xalq ilk addımlardanca Heydər Əliyevi rəğbətlə qarşıladı, Onu sevdi və arxasınca getdi. Beləliklə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı və bütün ömrünü doğma xalqına həsr etdi. 1970-1985-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məkəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Eyni zamanda, hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. Naxçıvanski adına hərbi məktəbin  yaradılması buna sübutdur. Azərbaycanı özü –özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək Heydər Əliyevin planlarının başında gəlirdi. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev  şəxsən özü başçılıq edirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gedən yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.   Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. 

- Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci mərhələsi haqqında nə deyə bilərsiniz? Bu dövrün müasir  tariximizdə əhəmiyyəti nədən ibarətdir? 

- Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəridir. Qarabağ problemi, hakimiyyəti ələ keçirmək xatirinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi və digər ağır problemlər var idi. 1993-cü ilin iyun ayına qədər Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məzlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Respublikada sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst xalqın sərvətlərini talamaqla məşğul idilər. Belə bir şəraitdə xalqımız ümidsizlik və təlaş içində idi. 
Bu ağır şəraitdə Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək düzgün addım atdı-dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da, Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman-1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi məhv etmək planları puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddaratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Ulu öndər Heydər Əliyevin qədirbilən xalqımız, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, Qurtuluş deməkdir. 
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə ədaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib. 
Çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalıb. Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin caynağından həmişəlik xilas edilib. Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün biz ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

- Yaqub müəllim,  Ulu öndərin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan bu dövlətin inkişaf siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?

- Çağdaş dünyamızda böyük siyasətlə məşğul olmaq hər kəsə nəsib olan iş deyil. Müasir dünyada son dərəcə dərin, hərtərəfli və eyni zamanda, mürəkkəb inteqrasiya prosesləri gedir. Qloballaşma müasir dünyada qarşısıalınmaz amilə çevrilib. Belə bir şəratdə Azərbaycana Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev rəhbərlik edir. 
Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Xalqımızın güzəranı günü-gündən yaxşılaşmaqda, yoxsulluğun səviyyəsi daha da azalmaqdadır. Az vaxt içərisində əldə edilən böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Bu siyasətin gerçəkliyə çevrilməsində Heydər Əliyev yolunun layiqli davamçısı, Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevlə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır. Cənab İlham Əliyev qətiyyətli və cəsarətli siyasətçidir. Fikrimcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır, yurdumuzu gözlənilməz və gözlənilən  risklərdən uğurla qoruyur. Ölkə başçısı müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlaya bilir, öz Vətənini həyatın bütün sahələrində qələbədən qələbə qovuşdurur. Beləliklə də, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Bu siyasəti həyata keçirən siyasi varisin zəfər yürüşü davam edir.