MÜSAHİBƏLƏR
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir
- Bahar xanım, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Fəaliyyəti XX əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Heydər Əliyev dühasının Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər haqqında fikirlərinizi bilmək istərdik...
- Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir ki, Onun haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib.
Birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Bu xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb.
Heç şübhəsiz, qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. O, Öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında Ulu Öndərin özünəməxsus yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti, araşdırma və tədqiqat obyekti olacaq. Gələcək nəsillər, o cümlədən Heydər Əliyev irsinə müraciət edənlər bu irsin bütün calarlarını üzə çıxarmaqla yanaşı, həm də bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər. Ən nəhayət, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq.
- Azərbaycana rəhbərliyinin birinci dövründə mərkəzi hakimiyyətin bütün təzyiq və əngəllərinə rəğmən, Ulu Öndər Heydər Əliyevin xalqının gələcəyi naminə atdığı tarixi addımlar və gördüyü mühüm işlərdən, onların əhəmiyyətindən bəhs etməyinizi xahiş edirik...
- Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda mövcud imkanlarından maksimum yararlanaraq tarixi əhəmiyyətli və gələcəyə yönəlmiş addımlar atdı. Məsələn, Azərbaycan dilinin Azərbaycanın 1978-ci il Konstitusiyasında dövlət dili kimi rəsmiləşdirilməsi, təhsil və elm sahəsində ana dilimizdə nəşrlərin sayının artması bunlara misal ola bilər.
Digər tərəfdən, ittifaq dövlətinin bir sıra resurslarının respublikanın hərtərəfli inkişafı ücün yönəldilməsi barədə vacib qərarların qəbul edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Onun rəhbərlik etdiyi dövrdə Azərbaycan inkişaf etmiş sənaye potensialına malik respublikaya çevrildi. Bu zaman mərkəzi hakimiyyətin tələblərini yerinə yetirməklə yanaşı, ittifaqa göndərilən məhsulların çox hissəsinin Azərbaycana investisiya və maliyyə qismində geri qaytarılması, ayrı-ayrı sənaye sahələrinin yaradılması vasitəsilə xalqın bütün potensialını inkişafa yönəltməklə genişmiqyaslı tərəqqinin təməli atıldı.
Həmin dövrdə o vaxta qədər Azərbaycanda mövcud olmayan və çatışmayan kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsi gələcəyə hesablanmış addımlar idi. Eyni zamanda hərbi sahədə kadrların yetişdirilməsi üçün Ulu Öndər böyük işlər görüb. Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, ittifaqın hərbi kadrlar hazırlayan ali məktəblərinə azərbaycanlıların göndərilməsi də məhz həmin uzaqgörən siyasətin nəticəsi idi. Zaman da göstərdi ki, həmin hərbi kadr potensialı Qarabağ uğrunda gedən müharibədə Azərbaycanın zabit və komandirlərə olan ehtiyacını aradan qaldırdı. Ona görə də bu addımları birmənalı şəkildə müstəqilliyin bünövrəsi hesab etmək olar.
Digər bir məqam o idi ki, Azərbaycanda hakimiyyətinin birinci dövründə Heydər Əliyev mərkəzdən olan təzyiq və maneələrə baxmayaraq, xalqın yetişdirdiyi milli təfəkkürlü elm, təhsil və mədəniyyət xadimlərini, o cümlədən ziyalıları qoruyurdu. Bu da sübut edir ki, O, təkcə Azərbaycanın sərvətlərinin, iqtisadiyyatının inkişafına deyil, xalqın yetişdirdiyi ziyalılara da diqqət və qayğı göstərirdi. Məhz həmin ziyalılar da 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində mərkəzdənqaçma meyillərinin gücləndiyi vaxtda Azərbaycanda yeni ictimai-siyasi təfəkkürün formalaşmasında, ictimai şüurda dəyişikliyin yaranmasında yaxından iştirak edirdilər.
Təbii ki, həmin potensial olmasaydı, ermənilərin separatizm meyillərinə qarşı xalqın kütləvi müqavimətini təşkil etmək mümkün olmazdı. Yəni xalqın milli özünüdərk hissinin oyanmasının təməlində məhz Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə yürütdüyü siyasət dayanırdı. Sonradan bu özünüdərk Ümummilli Liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması və müstəqil dövlət qurmaq imkanı və bu yöndə məqsədlərin reallaşması üçün istifadə edildi.
- Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas edərək dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, həmin dövrdə olduqca təhlükəli vəziyyət yaranmışdı və doğrudan da Azərbaycan parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu. Xalqın xilası üçün yeganə istinadgah olan Heydər Əliyevin sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı.
Məlum olduğu kimi, təsadüfən hakimiyyətə yiyələnən, heç bir iqtisadi və siyasi konsepsiyası, proqramı olmayan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti dövlət quruculuğunda və dövlət idarəçiliyində, habelə xalqın müdafiə qabiliyyətini müharibə şəraitində olan Azərbaycanın təhlükəsizliyinə yönəltmək işində uğur qazanılmasını istisna edirdi. Son nəticədə müstəqillik əldə etdikdən qısa müddət sonra Azərbaycan nəinki müstəqilliyin itirilməsi, ümumiyyətlə, parçalanma təhükəsi ilə üz-üzə qaldı. Belə bir məqamda xalqın verdiyi düzgün qərar Heydər Əliyevə müraciət olunması və təkidlə hakimiyyətə qayıtması oldu.
Ulu Öndərin hakimiyyətdə kifayət qədər mühüm posta seçilməsi bu prosesi təhlükəsiz məcraya, vətəndaş müharibəsindən xilas yoluna yönəltməyə imkan verdi. Çünki Heydər Əliyevin gəlişi Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi, qısa müddətdə ölkədəki separatçı qüvvələrin fəaliyyətinə son qoyuldu. Tarix də göstərdi ki, həmin qərar Azərbaycan xalqının və dövlətinin sonrakı taleyinin həllində, dövlətçiliyinin bünövrəsinin qoyulmasında əsas amil kimi çxış edib.
Burada mühüm məqamı qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti seçildikdən sonra Ümummilli Liderin birbaşa xalqa müraciəti və bundan sonra könüllü olaraq kütləvi şəkildə cəbhəyə yollanan vətən övladlarının qəhrəmanlığı sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında həyata keçirdiyi Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi işğaldan azad olundu. Nəticədə düşmən atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə qədəm qoydu.
Bundan sonra ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi tənəzzüldən xilas edilməsi, daxili ictimai-siyasi sabitliyin təmin olunması və xarici siyasətinin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Bu da keçmiş iqtidarın fəaliyyəti nəticəsində ölkənin düşdüyü siyasi blokadadan, izolyasiyadan qurtulmaq üçün zəmin yaratdı. Ümummilli Lider keçmiş hakimiyyətin yanlış siyasəti nəticəsində münasibətlərin gərgin olduğu region dövlətləri ilə, habelə dünya siyasətində həlledici rola malik böyük güclərlə əməkdaşlığın mümkün olmasını sübut etdi.
Bütün bunlar da Azərbaycanın siyasi və iqtisadi potensialı yüksək olan bir dövlət kimi formalaşmasına, hətta dünyanın aparıcı dövlətləri ilə tərəfdaş qismində çıxış etməsinə imkan yaratdı. Azərbaycanın bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinə zənanət verən münasibətlərin qurulması, bu kontekstdə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində milli maraqların qətiyyətlə təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra qanunvericilik sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri keçirildi, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin hüquqlarının təminatçısı olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin qurulmasına zəmin yaratdı. O, həmçinin xaricdə yaşayan soydaşkarımızın təşkilatlanmasına, Azərbaycan diasporunun formalaşdırılmasına, dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə nail oldu.
Azərbaycan müstəqillik tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf edən həmin 10 illik dövrü Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyinin, eyni zamanda bu müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qalır.
Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycan Respublikası beynəlxalq təşkilatların bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycanın daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış etməsi, bəzilərinin həyata keçirilməsi və digərlərinin də əsasının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan nəinki öz təbii ehtiyatlarının, digər dövlətlərin də enerji ehtiyatlarını Azərbaycandan keçməklə dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli layihələrə imza atdı. Yeni neft və qaz yataqlarının işlənməsi üçün xarici dövlətlərin nüfuzlu şirkətləri ilə müqavilələr imzaladı. “Əsrin müqaviləsi” sazişinin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin nüfuzlu şirkətlərinin iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan daha genişmiqyaslı tərəfdaşlar əldə etmək dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara üzv olmuşdu. Avropa Şurası başda olmaqla digər nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində isə Azərbaycan insan hüquq və azadlıqlarının qorunduğu bir məkanın bərabərhüquqlu iştirakçısına çevrildi. Və biz bu vəzifənin hansı çətin və məsuliyyətli bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları bugünkü və gələcək nəslə çatdırmalıyıq ki, müstəqilliyin nəyin bahasına qorunub saxlandığını dərk etsinlər və unutmasınlar.
- Bahar xanım, Sizin də qeyd etdiyiniz kimi, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün mərhələləri göstərir ki, müasir müstəqil Azərbaycanın inkişafı məhz Onun yorulmaz, çoxşaxəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heç kimə sirr deyil ki, Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı və gələcək inkişafını necə dəyərləndirirsiniz?
- Bu bir faktdır ki, Ümummilli Liderin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətinin sonrakı dövr üçün inkişafını, xalqın bugünkü və gələcək rifahını, təhlükəsizlik, sabitlik və tərəqqi şəraitində yaşamasının dönməzliyini təmin edən siyasi xadimi yetişdirməsi oldu.
Təbii ki, Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişafı üçün fundamental əsas kimi çıxış edir. Lakin XXI əsrin əvvəlində dünyadakı proseslər də dəyişirdi. 2003-cü ilin ortalarında Ulu Öndərin qəbul etdiyi vacib qərarlardan biri cənab İlham Əliyevin sonrakı 5 illik dövr üçün prezidentliyə namizədliyinin irəli sürülməsi idi. Yeni Azərbaycan Partiyası da bu qərarı yekdilliklə dəstəklədi. Xalq böyük səs çoxluğu ilə cənab İlham Əliyevi dövlət başçısı seçməklə bu davamlı inkişafın təmin olunmasına böyük dəstək verdi.
Bundan sonra Azərbaycanda inkişaf dövrünün yeni mərhələsi başladı. Ötən 17 ildə Azərbaycanın rifahı, çiçəklənməsi, ölkəmizin regionda və dünyada nüfuzunun daha da artması, beynəlxalq hüququn ən mühüm aktorlarından birinə çevrilməsi, vətəndaşların, dövlətin təhlükəsizliyinin müdafiəsi yönündə çox mühüm addımlar atılıb. Azərbaycan dövlətinin hərtərəfli qüdrətli dövlətə çevrilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin bu illər ərzində atdığı addımlar beynəlxalq dairələr tərəfindən də dəstəklənir. Artıq etiraf edilir ki, Azərbaycan son 17 ildə olduğu qədər qüdrətli və qətiyyətli mövqeyə malik olmayıb.
Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olduq. Bu gün biz bu qələbənin sevincini, onun doğurduğu fəxarət hissini yaşayırıq. Bu illər ərzində birliyə, həmrəyliyə daha çox önəm verən xalqımızın, etnik mənsubiyyətindən, dini inancından asılı olmayaraq bu coğrafiyanın sakinlərinin dövlətimiz üçün çalışmaları öz müsbət nəticəsini verdi. Bu gün biz təkcə vahid Azərbaycan xalqından, dövlətindən və vahid azərbaycançılıq məfkurəsindən deyil, həm də bu əsasda əldə olunan nəticələrin doğurduğu böyük qürur və fəxarətlə müasir dünya tarixinin yenilməz xalqa, müzəffər orduya,Qalib Ali Baş Komandana malik Qüdrətli Azərbaycan Dövlətindən söhbət açırıq. Həmcinin ulu öndərimizin Dəmir yumruğunda xalqının gücünü və birliyini cəmləşdirməyi bacaran,müdrikliyi və qətiyyəti ilə hamını heyran qoyan Varisi haqqında danışırıq.
Bu gün əkbəttə ki, ən böyük minnətdarlığımız partiyamızın Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevədir. Çünki məhz Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində biz qələbəyə nail olduq.
Eyni zamanda, biz Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla yad edirik. Cünki məhz onun müəyyənləşdirdiyi yolla inamla irəliləyən xalqın iradəsi bizi öz ərazi bütövlüyümüzə qovuşdurdu. İnanıram ki, bu yol Azərbaycanın bundan sonra daha da qüdrətli ölkə olmasına öz töhfələrini verəcək.