YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qüdrətli Azərbaycan arzusu gerçək olan Ümummilli lider

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov

XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Müstəqillik dövründə Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bir sözlə, ölkəmizin bugünkü reallıqları Ümummilli liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.

İctimai-siyasi sabitliyin və təhlükəsizliyin təmin olunduğu Azərbaycan

İnkaredilməz həqiqətdir ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz xaos və anarxiyadan xilas edildi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin qarşısı alındı. Və bu gün Azərbaycan sabitlik və təhlükəsizlik adası kimi tanınır. Təbii ki, bu gerçəkliyi təmin edən amil Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. 

Müasir, hüquqi və demokratik dövlət

Bunlarla yanaşı, Ümummilli liderin rəhbərliyi ilə hüquqi, demokratik dövlət quruculuğuna xidmət edən tədbirlərin reallaşdırılması müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət edib. Bu baxımdan, ölkədə ilk parlament seçkilərinin keçirilməsi, ümumxalq səsverməsi – referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirib.  Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi Azərbaycanın müasir, hüquqi və demokratik dövlət kimi yeni nailiyyətlər qazanmasını təmin edib.

Dayanıqlı iqtisadi inkişaf Heydər Əliyev siyasi kursunun ən böyük uğurlarındandır

Ulu öndər Heydər Əliyev, eyni zamanda, ölkəmizin iqtisadi inkişafının əsasını qoyub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurla icra olunması Azərbaycanın iqtisadi inkişafına xidmət edib, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda qətiyyətlə addımlayır, tərəqqi bütün sahələri əhatə edir. Son 17 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalının, qeyri-neft sahəsində ÜDM-nin, sənaye məhsulu istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatı məhsulları istehsalının artması iqtisadi inkişafın Azərbaycan modelinin nümunəsidir. Heç şübhəsiz, müstəqil siyasət, güclü maliyyə imkanları və sürətli iqtisadi inkişaf bundan sonra da Azərbaycana yeni tarixi nailiyyətlər əldə edərək öz qüdrətini daha da artırmaq imkanı verir.

Vətəndaş məmnunluğunun və sosial ədalətin  təmin olunduğu Azərbaycan  

Ümummilli liderimizin həyata keçirdiyi inkişaf siyasətinin əsas istiqamətlərindən birini həm də insanların rifahının yüksəlməsini, əhalinin sosial müdafiəsinin güclənməsini təşkil edib. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə görülən işlər vətəndaş məmnunluğunu, sosial ədaləti təmin edib. Əməkhaqlarının, pensiyaların mütəmadi olaraq artırılması, işsizlik və yoxsulluq səviyyəsinin azalması, əhalinin məşğulluğunun artması, əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması və digər mühüm göstəricilər  ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyir.

Xalq-iqtidar birliyi və sarsılmaz milli həmrəylik

Qeyd etdiyimiz kimi, Azərbaycanda  Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Prezident İlham Əliyevin rəhbərlik etdiyi vahid komandanın uğurlu fəaliyyəti ölkəmizin sürətli inkişafını təmin edir. Həmçinin Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur. Ona görə də Azərbaycan xalqına və dövlətinə qarşı istənilən qarayaxma kampaniyası, təxribat cəhdi hər zaman iflasa məhkumdur.

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında

Ümummilli lider tərəfindən həyata keçirilən siyasətin çox əhəmiyyətli istiqamətlərindən birini ordu quruculuğu təşkil edib. Onun əsasını qoyduğu işlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan güclü orduya malikdir. Bununla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Bunlarla yanaşı, kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir.  Bir sözlə, Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr-mütəxəssis ehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir. Qürurverici haldır ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizi azad edib.

Torpaqlarımızın işğaldan azad edilməsi zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir

Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq-iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etdi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Bir sözlə, Ümummilli liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan Ali Baş Komandanımız İlham Əliyev tərəfindən başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir.