YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi dünyada Azərbaycana və onun liderinə olan yüksək etimadın göstəricisidir

Müsahibimiz Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

-Sevinc xanım, BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Xüsusi Sessiyanın əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Dekabrın 3-də BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyası qlobal miqyasda çox mühüm hadisədir. Bu sessiyanın keçirilməsinin təşəbbüskarı özündə 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevdir. Təşkilata sədrliyi həyata keçirən Azərbaycanın Prezidenti cari ilin may ayında qurumun Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə belə bir təşəbbüslə çıxış etmişdi. Cənab Prezidentin bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzvü tərəfindən dəstəkləndi. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə etmişdi.

Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. İndiki həssas məqamda BMT Baş Assambleyasının xüsusi sessiyasından gözləntilərin böyük olduğuna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir.

Xüsusi sessiyada çıxış edən dünya ölkələrinin liderləri və digər nümayəndələr COVID-19 pandemiyası ilə mübarizənin önəmini vurğuladılar. Aparılan müzakirələr bir daha Azərbaycan Prezidentinin təşəbbüsünün nə qədər böyük əhəmiyyət kəsb etdiyini təsdiqlədi.

-Sizcə, Azərbaycanın bu təşəbbüsünün dünya ölkələri tərəfindən dəstəkləməsində əsas amillər nədən ibarətdir?

-Ümumiyyətlə, müstəqil Azərbaycanın özünün çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirməsinin, milli maraqlarını tərəfdaş dövlətlərin maraqları ilə məharətlə uzlaşdırmasının məntiqi nəticəsidir ki, ölkəmizin beynəlxalq miqyasda rolu və nüfuzu getdikcə artır. Bu gün respublikamız dünyada regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasında fəal iştirak edən, eyni zamanda, heç kimin köməyinə ehtiyacı olmayan, öz hesabına yaşayan ləyaqətli dövlət kimi tanınır. Hazırda Azərbaycan eyni vaxtda iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. O cümlədən ölkəmiz bəhs olunan təşkilatlarda sədrlik fəaliyyətini dünyadakı aktual çağırışlara adekvat quraraq qlobal təhlükələrə qarşı qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan yeni təşəbbüslər irəli sürür. Respublikamız Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksəksəviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Bütövlükdə, Azərbaycanın pandemiyanın başladığı ilk vaxtlardan qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrin miqyası kifayət qədər genişdir.

Bu baxımdan, respublikamızın Qoşulmama Hərəkatının sədri kimi, BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi də böyük aktuallıq daşıyır. Məlum olduğu kimi, hazırda yeni növ koronavirus pandemiyası bütün dünyanı ağuşuna alıb və ölkələr üçün ciddi təhdidlər yaratmaqdadır. Pandemiya səbəbindən dünya iqtisadiyyatına ciddi ziyan dəyib. Belə bir şəraitdə dünya ölkələrinin həmrəylik göstərmələri qaçılmaz zərurətə çevrilib. Yalnız birgə səylərlə qlobal təhlükənin qarşısını almaq mümkündür. Azərbaycanın irəli sürdüyü təşəbbüs də məhz bu məqsədə xidmət edir.

- Yalnız Ermənistan BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsinə qarşı çıxmışdı...

-Bəli, xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdu. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay edib. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi olub. Azərbaycanın ərazisinin 20 faizini üç onillik ərzində işğal altında saxlayan Ermənistan sentyabrın 27-də cəbhə xəttində növbəti genişmiqyaslı təxribat törətməklə pandemiya şəraitində qlobal həmrəyliyə növbəti zərbəsini vurdu. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə xüsusi sessiyada öz fikirlərini bildirib.

44 gün davam edən müharibə zamanı Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərləri intensiv raket zərbələrinə məruz qoyub. Nəticədə, 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilib, 400-dən artıq insan yaralanıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusu bunun layiqli cavabını verib. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək işğal olunmuş ərazilərin böyük bir hissəsini geri qaytarıb. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində respublikamızın işğal altında olan digər əraziləri döyüşsüz, qan tökülmədən geri qaytarılıb. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edildi.