YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün Şuşadan ucalan azan səsi bütün Qarabağa yayılmaqdadır!

Müsahibimiz Milli Məclisin deputatı Fatma Yıldırım

- Fatma xanım, bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış qələbəni böyük coşğu ilə qeyd edir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyanat bizim Qarabağda zəfərimizi təsdiqlədi. Düşmən öz imzası ilə məğlubiyyətini, kapitulyasiyasını bütün dünyaya “bəyan etdi”. Azərbaycan dövləti isə həm hərbi, həm də siyasi qalibiyyətini, gücünü nümayiş etdirdi. Azərbaycan Prezidentinin səsləndirdiyi “Qələbə bizimdir!”, “Qarabağ Azərbaycandır!" şüarları bu bəyanatla bir daha təsdiqləndi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında böyük ruh yüksəkliyi ilə irəliləyərək yüzlərlə kəndi işğalçılardan təmizlədi, əlçatmaz zirvələri fəth etdi. Biz 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza nəhayət ki, qədəm qoyduq. Bu, sözün əsl mənasında, şanlı Qələbədir. Bu gün Şuşadan ucalan azan səsi bütün Qarabağa yayılmaqdadır!

Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə illərdir aparılan danışıqlar prosesi səmərəsiz oldu, heç bir nəticə vermədi. Həmsədrlər münaqişənin həlli üçün vaxtında ciddi addım atmadı, düşmənin son aylarda ard-arda törətdiyi təxribatlara susaraq lazımi tədbirlər görmədi. Belə olan halda, dövlətimiz bu münaqişəni gələcək nəsillərə saxlamadı, Müzəffər Ali Baş Komandanın əmri ilə təxribatlara son qoymaq və düşmənin yeni ərazi iddialarının qarşısını almaq məqsədilə əks-həmlə əməliyyatlarına başladı. Qarabağı görməyən gənclərimiz misilsiz şücaət göstərərək düşmənin bütün niyyətlərini, məqsədlərini məhv edərək tarixi ədaləti bərpa etdi, dədə-baba torpaqlarımızı işğaldan qurtardı. Biz elə bir zəfər qazandıq ki, ermənilər türkün gücünü hələ uzun illər unutmayacaqlar. Prezident İlham Əliyev dediyi kimi, “bir də dönüb biz tərəfə baxa bilməyəcəklər”.

- İmzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Üçtərəfli bəyanatın əsas məqamlarından biri də odur ki, Dağlıq Qarabağın statusu artıq müzakirə mövzusu deyil. Bu, bizim tarixi uğurumuzdur. İllərdir danışıqlar masasında ən çox müzakirə olunan status məsələsinin birdəfəlik bağlanması çox böyük əhəmiyyət kəsb edir. Bu bəyanatla biz bir daha göstərdik ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Qarabağ bizim əzəli torpağımızdır və heç bir güc bu həqiqəti dəyişdirə bilməz. Eyni zamanda, dağlıq və keçilməsi çətin olan Kəlbəcər, Ağdam və Laçının qan tökülmədən geri qaytarılmasına düşməni məcbur etdik. Bununla da bu torpaqlarda ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin qarşısını aldıq. Biz onları dədə-baba torpaqlarımızdan həm də siyasi yolla çıxartmağa nail olduq. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik vəziyyət tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.

Naxçıvanın blokadadan azad olunması da çox müsbət haldır. Belə ki, Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılması böyük strateji əhəmiyyətə malikdir. Bu yol qonşu ölkələrlə iqtisadi əlaqələrimizi daha da gücləndirərək, Azərbaycanın daha da inkişaf etməsinə xidmət göstərəcək və gələcək bir çox regional layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

- Razılaşmalara əsasən Kəlbəcər və digər rayonları tərk edən ermənilər yenə də öz xislətlərini nümayiş etdirir, evləri və meşələri yanındırırlar. Buna münasibətiniz necədir?

- Ərazilərimizdə qeyri-qanuni məskunlaşmış ermənilər gedərkən evləri, meşələri yandırmaları, hər şeyi daşıyıb aparmaları ekologiyaya böyük ziyandır. Noyabrın 10-dan başlayaraq birgə bəyanat əsasında köç edən ermənilər zəbt etdikləri evləri talan edib yandırır, hətta meşələrimizə qarşı ekoloji terror törədirlər. Onlar ağacları kəsərək özləri ilə aparırlar. Hətta heyvanları belə qəddarlıqla tələf edirlər.

Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin üzvü kimi bu məsələdən çox narahatam və bunu şiddətlə qınayıram. Ermənilərin bu çirkin əməllərini təkcə Azərbaycana yox, həmçinin bəşəriyyətin ekoloji tarazlığına vurulan ziyan kimi qiymətləndirirəm. Beynəlxalq aləm və bilavasitə ekologiya sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlar niyə susurlar?! Niyə bu vandalizmin və barbarlığın qarşısını almaq üçün ciddi addımlar atmır, lazımi münasibət bildirmirlər?! Əminəm ki, vaxt gələcək, ekologiyamıza vurulan ziyana və torpaqlarımızda törətdikləri bu cinayətlərə görə ermənilər cavab verəcəklər.

- Bütün bunlar həm də o deməkdir ki, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılacaq…

- Azərbaycanın işğaldan azad olunan torpaqlarında yaşayışın təmin olunması üçün zamana ehtiyac var. Həmin ərazilər minadan təmizlənməli, orada infrastruktur qurulmalıdır. Dövlətimiz bu istiqamətdə bütün tədbirləri görəcək və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Birgə bəyanatla məsələnin hərbi yolla həlli mərhələsi artıq başa çatıb. Bundan sonrakı diplomatik həll mərhələsində də birliyimizi davam etdirməliyik. Bizim görüləcək hələ çox işlərimiz var. Dağıdılmış bütün şəhərlərimiz, kəndlərimiz yenidən tikiləcək və oraya yenidən həyat qayıdacaq. Biz bütün bunları birlikdə edəcəyik.