MÜSAHİBƏLƏR
Beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir
- Eldar müəllim, bu yaxınlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 29-cu ili tamam oldu. Ötən dövr ərzində müstəqil ölkəmizin keçdiyi inkişaf yolu haqqında fikirlərinizi bilmək istərdik...
- Müstəqilliyinin 29-cu ilini yaşayan Azərbaycan dövləti bir çox çətinlikliklərdən, ağır sınaqlardan keçərək, böyük inkişaf, tərəqqi yoluna qədəm qoyub. Bu gün Azərbaycan nəinki bölgənin ən güclü, ən qüdrətli dövlətidir, həm də dünyanın lider dövlətləri sırasında inamla addımlayır. Dünyanın enerji təhlükəsizliyinin ən önəmli iştirakçılarından və əsas aktorlarından birinə çevrilib. Azərbaycan bu gün dünyanın milli-dini tolerantlıq mərkəzi kimi tanınır, qəbul və etiraf edilir. Ölkəmiz dünya və regional miqyaslı tədbirlərin, toplantıların, forumların, yarışların keçirildiyi siyasi, iqtisadi, hərbi, mədəni, humanitar dialoq məkanıdır. Bu gün Azərbaycan dünyanın idman ölkəsi kimi də tanınmaqdadır.
Təbii ki, bunlar da elə-belə, özbaşına baş verməyib. Bunların arxasında illərin əməyi, zəhməti, fədakarlıqları dayanır. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev dühasından, Onun uzaqgörən daxili və xarici siyasət kursundan, neft strategiyasından, bu kursun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin balanslaşdırılmış siyasətindən qaynaqlanır. Bu uğurların müəllifləri Ulu Öndər və ölkə Prezidenti cənab İlham Əliyevdir. Eyni zamanda, bu nailiyyətlərdə ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu, xidmətləri misilsiz, əvəzsizdir.
Heç təsadüfi deyil ki, ölkəmizin sürətli inkişafı, xoşməramlı, sülhpərvər, barışcıl mövqeyi sayəsində Azərbaycan son illərdə dünyanın ən nüfuzlu idman yarışlarının keçirildiyi bir məkan rolunu oynamaqdadır. Statistikaya nəzər salsaq, deyilənlərin quru sözlərdən ibarət olmadığı bir daha üzə çıxmış olar. Belə ki, 2015-ci ildə ilk Avropa Oyunları keçirildi. Hansı ki, bu Oyunların baş tutmaması üçün bütün ermənipərəst anti-Azərbaycan qüvvələr var-gücləri ilə çalışır, ölkəmizə qarşı hər cür qarayaxma kampaniyası aparırdılar. Amma ölkəmiz bütün bu cəhdləri fiaskoya uğratdı və ilk Avropa Oyunlarının keçirilməsinə nail oludu. Bu yarışlarda da Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparmışdı.
Daha bir misal- 2017-ci ilin mayında nüfuzlu İslam Həmrəyliyi Oyunları, 4-cü “İslamiada” ölkəmizdə, Bakı şəhərində baş tutdu. Bu, çoxmillətli, multi-idman turniri idi. Özü də ilk dəfə idi ki, İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişdi. Bununla yanaşı, 2016-cı ildən başlayaraq ilk dəfə olaraq Bakı dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula 1″ə ev sahibliyi etdi.
Bakıda keçirilən “Formula 1” hər kəsə böyük sürət , həyəcan vəd etdiyindən və eyni zamanda trek ətrafında möhtəşəm əyləncə tədbirləri, konsert proqramları olduğundan, dünya azarkeşləri paytaxtımıza səfər edərək , yarışı burada izləməyə böyük maraq göstərirdilər. Ümumilikdə, yarışı Bakıda izləmək üçün 20 mindən çox insan bilet almışdı. Azarkeşlərin böyük hissəsi Rusiya, Türkiyə və Gürcüstan ilə yanaşı, Avropanın aparıcı ölkələrindən də çox sayda turist yarışı Bakıda canlı olaraq izləmək üçün Azərbaycana səfər etdi. 500 milyona yaxın azarkeş isə yarışı canlı olaraq televiziya vasitəsilə izlədi.
Həmçinin, 2019-cu ildə Bakı şəhəri futbol üzrə Avropa Liqasının final oyununa möhtəşəm evsahibliyi etdi. Həmin ərəfədə də bütün məkrli dairələr Azərbaycana qarşı sözün əsl mənasında hücuma keçmiş, cəbhə açmışdılar. Amma Azərbaycan yenə də səbrlə bu hücumları dəf edərək, bir daha özünün necə mədəni, tolerant, inkişaf etmiş, xoşməramlı bir ölkə olduğunu dünyaya nümayiş etdirdi. Bütövlükdə hər il respublikamız çoxsaylı müxtəlif idman yarışlarına ev sahibliyi edir və hələ bundan sonra da bu istiqamətdə böyük zəfərlər yazılacaq.
Eyni zamanda, Azərbaycan bu gün dünyanın ən multiculturalist ölkəsidir. Çünki multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb. Azərbaycanda xalqların, dini inancların dostluq və qonşuluq şəraitində fəaliyyətini, onların birgə yaşamasını təmin edən siyasət həyata keçirilir.
Heç təsadüfi deyil ki, bir neçə il öncə ölkə Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı, 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edildi.
Həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edildi ki, bu Mərkəz Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyətidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdır. Onu da qeyd etmək lazımdır ki, bugünlərdə bu qurumun Beynəlxalq İdarə Heyəti Azərbaycanın apardığı haqq savaşına öz dəstəyini açıq ifadə etdi, Qarabağ məsələsinin həllində Azərbaycanın bütün addımlarını dəstəklədiyini ortaya qoydu.
- Azərbaycan beynəlxalq müstəvidə də etibarlı tərəfdaş kimi tanınır. Ötən illər ərzində ölkəmizin beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişlənib…
- Azərbaycan müstəqillik əldə etdikdən, dünyanın ən nüfuzlu təşkilatına-BMT-yə üzv qəbul edildikdən bu yana bütün beynəlxalq və regional qurumlarla səmimi, konstruktiv əməkdaşlığa üstünlük və onların işinə töhfələrə verir. Belə nüfuzlu təşkilarlardan biri də BMT-dən sonra dünyanın ikinci beynəlxalq qurumu olan Qoşulmama Hərəkatıdır. Qeyd edim ki, bu təşkilat özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandonq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.
Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.
- Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyini necə dəyərləndirirsiniz?
- Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəkləndi. Belə ki, 2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi. Növbəti üç ildə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edir.
Bildiyiniz kimi, Azərbaycan bu quruma rəhbərlik etməyə başladıqdan bir müddət sonra dünya koranvirus adlı bəla, gizli düşmənlə üz-üzə qaldı və bu düşmənlə mübarizə hələ də davam etməkdədir. Azərbaycan bu məsuliyyətli və həssas dönəmdə də öz sözünü deməkdə, Qoşulmama Hərəkatına layiqincə rəhbərlik etməkdədir. Heç təsadüfi deyil ki, bir neçə ay öncə məhz ölkə Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans formatında möhtəşəm Zirvə görüşü keçirildi və Azərbaycan bir daha öz əməli addımları ilə bu qurumun işinə töhfələrini verdi.
Azərbaycan koronavirusla mübarizədə dünyanın bir neçə qurumuna, ölkəsinə, o cümlədən, Qoşulmama Hərəkatının üzvü olan ölkələlərə maddi dəstək göstərdi, yardım əlini uzatdı. Bir daha göstərdi ki, o, hansısa qurumun formal üzvü deyil və ya ona formal sədrlik etmir, həm də əməli addımları ilə töhfələr verməyə çalışır, bu istiqamətdə əlindən gələni əsirgəmir.
Bu yerdə onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan bu qurumla əməkdaşlığa başlayarkən, bəzi diletant şəxslər, beynəlxalq, xarici siyasətin nə demək olduğunu anlamayanlar çox əsassız fikirlər və iddialarla çıxış edirdilər. Az qala bu qurumun lazımsız olduğunu sübut etməyə çalışırdılar. Amma elə bugünlərdə BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi ilə bağlı aparılan müzakirələr və Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin qətiyyətli mövqe həmin iddiaların nə qədər boş və puç olduğunu göstərdi. Bir neçə gün öncə Azərbaycan xalqına növbəti müraciətində də ölkə başçısı həmin dövlətlərin Azərbaycana dəstəyini kişilik kimi qiymətləndirdi və dedi: “Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir?
Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək…Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi…”.
Bəli, ölkə Prezidentinin qeyd etdiyi kimi, çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuza davam edəcəyik. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik.
- Ermənilər öz işğalçı siyasətinə haqq qazandırmaq üçün Qarabağın tarixini saxtalaşdırmağa çalışırlar. Buna münasibətiniz necədir?
- Azərbaycan xalqı qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi özünü təsdiqləyib. Heç bir təzyiq bizə təsir edə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Ali Baş Komandanın bildirdiyi kimi, biz düşməni torpaqlarımızdan sona qədər qovacağıq.
Qarabağın Azərbaycana məxsus, onun ayrılmaz tərkib hissəsi olması heç kim üçün sirr deyil və bu yöndə ikinci bir fikir də ola bilməz. Düşmənlərimiz, onlara havadarlıq edənlər nə qədər Qarabağın Azərbaycana aid olmadığını iddia etməyə çalışsalar da, bunlar sabun köpüyündən başqa bir şey deyil. 1921-ci ilin iyul ayının-Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir.
Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Ölkə Prezidentinin bildirdiyi kimi, bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana verib.
“Yalandır! Açın, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi”-deyən ölkə Prezidenti onu da bildirdi ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. Bütün bunlar bir daha onu göstərir ki, mənfur və murdar qonşularımızın xəstə təxəyyüllərinin məhsulu olan “Qarabağ Ermənistana məxsusdur” fikirləri başdan-ayağa yalan, iftira, tarixin qəsdən saxtalaşdırılması cəhdləridir. Bütün bunlara baxmayaraq, Ali Baş Komandanımızın dediyi kimi “Biz zəfər çalacağıq, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.