YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Müsahibimiz Milli Məclisin deputatı Ceyhun Məmmədov

- Ceyhun müəllim, məlum olduğu kimi Ermənistanın təxribatları nəticəsində hazırda Dağlıq Qarabağ münaqişəsi yenidən gərginləşib. Bu barədə nə deyə bilərsiniz?

- Hazırda cəbhə xəttində baş verən gərginliyə və təxribatlara görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistanın son aylar təxribatı intensiv xarakter alıb. Düşmən gah Tovuzda təxribatlar törədir, gah Qarabağda “seçkilər” keçirir, gah da dünyanın müxtəlif yerlərindən erməniləri Qarabağa köçürərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Eyni zamanda evləri, mülki vətəndaşları atəşə tutur.

İşğal altındakı bütün dini abidələrimizi dağıdır, kənd və rayonların adlarını dəyişdirirlər. Bu yaxınlarda isə qondarma rejimin Şuşaya keçirilməsi barədə qərar qəbul etdilər. Ermənistan baş naziri "Qarabağ Ermənistandır" deyərək Azərbaycana meydan oxumağa davam etdi. Bu açıq-aydın təxribat əməli idi. Bu təxribatlar cavabını almalı idi. Azərbaycan bunu cavabsız qoymamalı idi.

Beynəlxalq təşkilatların işğala adekvat reaksiya verməməsi, işğala göz yumması Ermənistanın təxribatlara davam etməsinə şərait yaradırdı. Ermənistan bütün beynəlxalq təşkilatlara meydan oxuyur, aşkar şəkildə beynəlxalq hüququn normalarını pozur. Azərbaycan isə beynəlxalq hüququn normalarına tam əməl edir, münaqişənin sülh yolu ilə həllinə çalışdı.

- Bu təxribatların sonu yenə də hərbi xarakter aldı..

- Bəli, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə Azərbaycan ordusu əks-hücuma keçdi, düşmənin cavabını layiqincə verdi. Ermənsitan bu hadisələrdən ciddi nəticə çıxarmalıdır. Çıxarmasa, daha ciddi itkilərə məruz qalacaq. Necə ki, qalır.

Bu gün cəbhədə baş verən bütün hadisələrə görə erməni tərəfi məsuliyyət daşıyır. Azərbaycan dəfələrlə qeyd etdiyi kimi işğalla heç zaman barışmayacaq. Bütün torpaqları işğaldan azad edəcək. Qələbə yaxındadır. Azərbaycan xalqının döyüş əzmi yüksəkdir.

- Ermənistanın işğalçı ordusu dinc əhalini, yaşayış məntəqələrini və mülki infrastrukuru hədəfə alır. Buna münasibətiniz necədir?

- Ermənilərin  Azərbaycanın mülki əhalisini atəşə tutması yeni məsələ deyil. Amma bu dəfə fərq ondadır ki, işğalçı ordu cəbhə zonasından xeyli uzaqda yerləşən şəhərləri və kəndləri ağır silahlardan atəşə məruz qoyur. Buna nümunə olaraq  Gəncəni, Mingəçevi və s. yerləri göstərmək olar. Bütün bunlar beynəlxalq hüquqa, humanitar normalara ziddir. Bütövlükdə isə hərbi cinayətdir.  Ermənistanın belə bir addım atması təxribat xarakteri daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparır və Azərbaycanın bir şərti var ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ermənistan isə əvəzində mülki əhaliyə atəş açır, bizim müxtəlif şəhərləri tez-tez top və raket atəşinə tutur.

Burada da əsas məqsəd ondan ibarətdir ki, əhali arasında təşviş yaratsın, insanları qorxutsun. Ermənistanın digər məqsədi də ondan ibarətdir ki, beynəlxalq qurumların diqqətini bura çəksin. Yəni cavab olaraq Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən dırnağarası “uğurlara” nail olsun. Məqsədlərdən biri də budur ki, ermənilər  xarici dövlətlərə nümayiş etdirsin ki, Azərbaycan müharibəni Ermənistanla aparır. Bununla da digər dövlətləri münaqişəyə cəlb etmək istəyirlər.

Azərbaycan öz ərazisindən işğalçıları çıxarmaq üçün zəruri tədbirləri həyata keçirir. Ermənistan isə təcavüzkardır və təxribatçıdır. Bu məsələdə maksimum soyuqqanlı olmalıyıq. Əsas diqqəti, gücü yönləndirməliyik işğaldan azad olan torpaqlarımızın azad olunmasına. Biz inanırıq ki, tez bir zamanda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu torpaqların işğaldan azad edilməsinə nail olacaq.

Ermənistan bu gün artıq çökmüş vəziyyətdədir. Çoxlu canlı qüvvə və hərbi texnika itirilib, əsgər və zabitləri həlak olub. İndi onlar könüllüləri, veteranları orduya cəlb edirlər. Onların çoxunun təminatı yaxşı səviyyədə deyil. Baxırsan ki, hərbi geyimləri belə yoxdur. Ermənistanın gücü, imkanları tükənib. Son nəfəslərini alırlar. Vəziyyətdən çıxmaq üçün hər yola gedirlər. Amma Azərbaycan öz qərarını beynəlxalq qurumlara və eyni zamanda ayrı-ayrı dövlətlərə çatdırıb. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan müvafiq qrafiq üzrə işğal etdiyi torpaqları tərk etməlidir. Yalnız bundan sonra atəşkəsdən söhbət gedə bilər. İnanırıq ki, biz qısa bir zaman ərzində öz torpaqlarımızı işğaldan azad edəcəyik.