YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan və Aİ arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır

Azərbaycan Avropa İttifaqından (Aİ) ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə təkliflər gözləyir, eyni zamanda rəsmi Bakıya Brüsselin ölkənin müstəqil milli siyasətinə hörmət etməsi lazımdır. Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “New Europe” nəşrinə müsahibəsində deyib. /Trend/

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa üçün Xəzərin enerji resurslarına çıxış imkanı verir, enerji layihələrinin reallaşdırılmasına başlayıb.

Prezident Administrasiyasının (PA) rəsmisi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri daxil olmaqla, bir çox layihələrin müvəffəqiyyətlə reallaşdırılması ilə başa çatan 20 illik uğurlu enerji tərəfdaşlığını qeyd edib.

Ə.Həsənov “Cənub Qaz Dəhlizi”, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri layihələrini xüsusilə vurğulayıb.

Azərbaycanın nəqliyyat sahəsində də vacib rol oynadığını bildirən Prezidentin köməkçisi Azərbaycan, Türkiyə və Gürcüstanı birbaşa birləşdirən, altı aydan sonra işə salınacaq və malları Çindən Avropaya və əks istiqamətdə daşımağa imkan verəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini qeyd edib: “Azərbaycan müəyyən mənada Avropa kimi demokratiya, insan haqları və cəmiyyətdə siyasi plüralizmə doğru eyni yol tutub. Biz iqtisadiyyatın liberallaşmasına xüsusi diqqət yetirdik. Avropadan ala biləcəyimiz bütün təcrübəyə diqqət ayırmağa çalışırıq”.

PA rəsmisi təəssüflə qeyd edib ki, Avropada bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə, ölkəyə nə etməli olduğunu diktə etməyə cəhd edirlər: “Bizim Aİ-yə üzv olan müxtəlif ölkələrlə yaxşı münasibətlərimiz var və bu yaxşı münasibətləri qorumağa davam edirik. Lakin Avropa Parlamentində bəzi qüvvələr Azərbaycana bir sıra qəbuledilməz qaydaları diktə etmək məqsədilə parlament üzvlərinə təzyiq etməyə çalışırlar. Əlbəttə ki, müstəqil ölkə kimi bundan narazıyıq və buna qarşı dayanmağa çalışacağıq. Azərbaycan öz müstəqil siyasətini həyata keçirir və biz hər hansı ölkədən asılı olmaq niyyətində deyilik".

Ə.Həsənov qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərə çağırıb: "Biz seçkiləri (parlament - red.) Avropa qayda və normalarına uyğun olaraq keçirdik. Avropanın təzyiq altında olan bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini keçirməkdən imtina etdi. Lakin seçkiləri müşahidə etmək üçün gələn Avropa İttifaqı və Avropa Parlamentinin bəzi üzvləri seçkilərin demokratik keçdiyini gördülər. Hesab edirik ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin xeyrinə deyil".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan enerji sahəsində əvvəlki siyasətə sadiq qalacaq: “Azərbaycan və Aİ arasında enerji daşıyıcıları və enerji təhlükəsizliyi sahəsində razılaşma var. Biz gələcəkdə ikitərəfli tərəfdaşlığa əsaslanan yeni müqavilələr imzlaya bilərik. Həmçinin Avropadan yeni təşəbbüslər gözləyirik və bizim yeni təşəbbüslərimiz var”.

Ə.Həsənov diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya Avropa bazarı uğrunda rəqib deyillər: “Biz rəqib olduğumuzu düşünmürük. Bu sahədə həmkar olduğumuzu düşünürük. Avropanı alternativ qazla təmin edirik. Bizim öz bazarımız var, Rusiyanın öz bazarı. Avropaya həm Rusiya, həm də Azərbaycan qazı lazımdır. Biz, həmçinin Türkiyənin qaz bazarına və bəzi yeni bazarlara istiqamətlənmişik”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan PA rəsmisi deyib ki, bu, bütün dünya üçün təhdiddir, xüsusilə də Avropa üçün problemdir: “Bir çox yeni münaqişələrin səbəbi etnik separatçılıqdır. Hesab edirəm ki, Aİ və BMT Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün ciddi addımlar atmalıdır".

Ə.Həsənovun sözlərinə görə, radikal islamçılıq Azərbaycana xas deyil: “Azərbaycana radikal islamı gətirmək üçün ölkənin hüdudlarından kənarda müəyyən səylər göstərilir, lakin bu cəhdlərin qarşısını uğurla alırıq. Azərbaycan tarixən radikal ölkə deyil”.

Neftin qiymətinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışan Ə.Həsənov bildirib ki, Azərbaycanın neft gəlirləri iki dəfə azalıb: “Lakin Azərbaycan ötən illər ərzində qeyri-neft sektorunu inkişaf etdirə bilib. Hazırda ölkə ÜDM-nin 70 faizi qeyri-neft sektorunun payına düşür. İqtisadiyyatın şaxələndirilməsi müsbət nəticələrini verməyə başlayıb”.

 

DİGƏR Xəbərlər Arxiv