YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Həmsədrlərin uğursuz fəaliyyətlərindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin 12 noyabr tarixli açıqlamasını şərh edib.

Hikmət Hacıyev deyib ki, açıqlamada həmsədrlər münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia edir və münaqişə tərəfi olan Azərbaycan və Ermənistanın mövqeyi üzrə hakim və ya vəkil olmadıqlarını deyirlər.

Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk qrupunun həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasının müvafiq hesabatına və qətnaməsinə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə əlaqədar fundamental sənədlərinə münasibəti əslində onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə “hazırlığı”nı bir daha göstərdi.

Həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələri tələb olunur.

Bu sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri münaqişənin həllinin hüquqi-siyasi əsaslarını təşkil edir.

XİN-in sözçüsü deyib: “Xatırlatmaq istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ATƏT-in Budapeşt Sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, işğal və təcavüz faktı mövcud olduğu halda, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar tərəflərin qərar qəbul etməli olması haqqında bəyanatla çıxış etmək məsuliyyətdən qaçmaq və beynəlxalq ictimaiyyətin verdiyi mandat və etimada xilaf çıxmaqdan başqa bir şey deyil. ATƏT-in Minsk qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edərək, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsini və həmsədr ölkələrin dövlət başçılarının müvafiq bəyanatlarında qəbuledilməz və qeyri-davamlı hesab etdikləri mövcud status-kvonun saxlanmasını təmin edir.

Minsk qrupunun həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadlarını itirmələrindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib.

Azərbaycan Respublikası münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək.